İnzibati cərimələr mobil
qurğularla ödəniləcək
Fazil Talıblı: «Elektron standartlaşdırma və metrologiya»
layihəsi üzərində işlərə başlanıb»
Azərbaycanda rabitə və informasiya-kommunikasiya
texnologiyaları (İKT) sahəsi yüksək templə inkişaf etdikcə, informasiya
texnologiyalarına əsaslan müasir
dövrdə vətəndaşların müəyyən xidmətlərdən
rahat və operativ
şəkildə yararlanması artıq ehtiyac
yox, zərurətdir. Bu
baxımdan da İKT-nin
potensial imkanlarından istifadə etməklə
ölkəmizdə iqtisadiyyatın hər bir
sahəsinin elektronlaşdırılması zamanın tələbinə
çevrilib. Artıq sözügedən
istiqamətdə proses sürətlə
aparılmaqdadır.
Təbii ki, bütün bu işlər
müasir beynəlxalq standartların tətbiqindən və
onların icrasının səviyyəsindən
asılıdır. Standartlaşdırma, Metrologiya və Patent
üzrə Dövlət Komitəsinin (SMPDK) İnformasiya
texnologiyaları və ictimaiyyətlə əlaqələr
şöbəsinin müdiri Fazil Talıblı «Həftə
içi»nə müsahibəsində adıçəkilən
komitənin fəaliyyətində İKT-nin imkanlarından
istifadə, elektron xidmətlər, informasiya texnologiyaları
sahəsində qəbul olunmuş standartlar və digər məsələlərlə
bağlı sualları cavablandırıb.
- Təmsilçisi olduğunuz komitədə «Elektron hökumət» quruculuğu çərçivəsində hansı işlər görülüb?
- Ölkə prezidenti İlham Əliyev
tərəfindən qeyri-neft sektorunun aparıcı sahəsi olan İKT sektorunun inkişaf etdirilməsi ölkə
iqtisadiyyatının inkişafına öz
töhfəsini verməkdədir. Hər birimiz
ölkəmizin kosmik ölkə olduğunu qeyd etməkdən
qürur duyuruq. Amma nəzərə almaq
lazımdır ki, informasiya
texnologiyaları infrastrukturun
inkişafını şərtləndirən əsas amillərdən
biri də məhz bu
sahədə yeni standartların təsdiqi
və tətbiqidir. Dövlət Komitəsi 2011-ci ildən Beynəlxalq
Elektrotexnika Komissiyasının
proqramında təmsil olunmaqdadır. Son 5
ildə həm informasiya təhlükəsizliyinə,
DVB - T yerüstü rəqəmsal
yayımın tənzimlənməsinə, biometriya
verilənləri ilə bağlı onlarla
dövlət standartı qəbul edilib. Bu proseslərdə Rabitə və Yüksək
Texnologiyaları Nazirliyi ilə birgə
yaradılmış «Standartlaşdırma üzrə» İnformasiya-kommunikasiya Texnologiyaları» Texniki Komitəsinin rolunu xüsusi vurğulamaq
lazımdır. Komitə sədrinin 09.10.12-ci il tarixli,105 nömrəli əmri ilə
«Açıq Hökümətin təşviqinə dair 2012-2015-ci illər üçün
Milli Fəaliyyət Planı»nda nəzərdə
tutulan tədbirlərin Azərbaycan
Respublikasının Standartlaşdırma, Metrologiya
və Patent üzrə Dövlət Komitəsində
icrası üzrə illik iş planı» təsdiq edilib.
Həmin planda bir
sıra tədbirlərin həyata keçirilməsi nəzərdə
tutulub. Sözügedən tədbirlər
arasında İKT-nin imkanlarından istifadə
ilə əlaqəli məsələlər də öz əksini tapıb. Məsələn,
dövlət orqanlarının öz fəaliyyəti
barədə məlumatları mütəmadi, yenilənmiş
əsaslarla internet səhifələrində
yerləşdirilməsi, dövlət orqanlarının öz fəaliyyəti barədə illik məruzələr tərtib etməsi və
internet səhifələrində açıqlanması,
dövlət orqanlarının öz səlahiyyətlərinə
uyğun olaraq həyata
keçirdikləri elektron xidmətlər
barədə ildə bir dəfədən
az olmayaraq ictimai təqdimatlar keçirməsi həmin tədbirlərə
aiddir. Yaxud, rüsumların, vergilərin, inzibati
cərimələrin, kommunal xərclərin
və digər inzibati ödənişlərin
elektron qaydada ödənilməsinin
təkmilləşdirilməsi, regionlarda əhalinin
elektron xidmətlərdən istifadə
imkanlarının artırılması üzrə tədbirlərin
həyata keçirilməsi də reallaşdırılacaq
tədbirlər arasındadır. Bundan əlavə, dövlət
proqramlarının əhatə etdiyi sahələr
üzrə internet portallarının
yaradılması, ictimai maraq
kəsb edən qərarların qəbul edilməsi prosesində
ictimaiyyətin iştirakını genişləndirmək
vasitəsi kimi internet
səhifələrindən istifadə edilməsi də
planlaşdırılıb. Sonuncu məsələdə
vətəndaşların təklif və rəylərinin qəbul
edilməsi, müzakirələrin təşkil edilməsi, interaktiv sual-cavab bölmələrinin
yaradılması və sair məsələlərin
həyata keçirilməsində internetin
xidmətlərindən maksimum yararlanmaq qarşıya qoyulan
vəzifələrdən biridir. Bu da komitəmizin İKT-nin imkanlarından yetərincə istifadə
etməkdə maraqlı olduğunu bir daha göstərir.
- Bəs SMPDK-nin ictimaiyyətin istifadəsinə verdiyi elektron xidmətləri barədə nə deyə bilərsiniz?
- «Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli 429 nömrəli fərmanının icrası ilə bağlı komitəmiz tərəfindən həyata keçirilən xidmətlərin elektron formada göstərilməsi və onların elektron hökümət portalına - «www.e-gov.az»a qoşulması, həmçinin Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli, 191 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda olan xidmətlərin SMPDK-nin internet səhifəsində göstərilməsi tam təmin edilib. Komitənin «www.azstand.gov.az» internet saytı vasitəsilə göstərilən 13 adda elektron xidmətin hər biri elektron hökümət portalına inteqrasiya olunub. SMPDK-nin elektron xidmətlərinin 3-ü akkreditasiya, 6-sı patent, 2-si standartlaşdırma, 1-i metrologiya sahələrinə, 1-i isə cərimələrin onlayn ödənişinə aiddir. Belə ki, artıq sahibkarlıq fəaliyyəti göstərən hüquqi və fiziki şəxslər laboratoriyaların və sertifikatlaşdırma orqanlarının akkreditasiyası, həmçinin sənaye mülkiyyəti obyektlərinin mühafizəsi ilə bağlı işləri, ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikatların alınması və sair ilə bağlı müraciət və sənədləri elektron formada lomitənin elektron xidmətlər sisteminə, yəni «www.e-xidmet.azstand.gov.az»a və ya «Elektron Hökumət» portalına- «www.e-gov.az»a daxil olmaqla göndərə, həmçinin dövlət rüsumlarını, inzibati cərimələri real vaxt rejimində onlayn ödəyə bilərlər. Bunlardan əlavə, komitəmiz «Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi haqqında» 21 fevral 2013-cü il tarixli 004 nömrəli qərarı qəbul edib. Eyni zamanda inzibati reqlamentlər Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyata alınıb.
- SPMDK-nin fəaliyyət sahələrinin daha da optimallaşdırılması və İKT-nın köməkliyi ilə daha çevik mexanizmin yaradılır. Bu barədə nə deyə bilərsiniz?
-
Dövlət Komitəsində standartlaşdırma və metrologiya sahələri üzrə məlumatların
elektronlaşdırılması və aidiyyəti informasiya ehtiyatlarının yaradılması,
Nazirlər Kabinetinin 2011-ci il
24 noyabr tarixli 191
nömrəli qərarı ilə təsdiq edilmiş
«Elektron xidmət növlərinin
Siyahısı» ilə müəyyən edilmiş elektron xidmətlərin göstərilməsinin
optimallaşdırılması və keyfiyyətinin yüksəldilməsi
üçün tədbirlərin
görülməsi üçün layihə
hazırlanıb. Həmin layihədə daxili elektron sənəd
dövriyyəsinin qurulması, göstərilən xidmətlərə
görə nəzərdə tutulan ödənişlərin,
inzibati cərimələrin və digər
icbari ödənişlərin elektron hökumət portalı və digər internet ehtiyatları, protativ
(mobil) qurğular vasitəsilə
həyata keçirilməsi üçün
tədbirlərin görülməsi məsələləri də
öz əksini tapıb. Bundan
başqa, yeni layihədə
komitəmizin elektron xidmətlərlə
bağlı olan informasiya
ehtiyatlarının və informasiya sistemlərinin
elektron hökümət portalına
inteqrasiyasının təmin edilməsi məqsədi də güdülüb. Bu, çox böyük bir layihə olacaq. «Elektron standartlaşdırma və metrologiya» adlı layihənin uğurla
nəticələnəcəyinə şübhəmiz də yoxdur. Çünki bizim təcrübəmizdə belə layihə
bir dəfə həyata keçirilib.
Yeri gəlmişkən, Azərbaycanda «Elektron patent xidməti» uğurla göstərilməkdədir.
Ümumilikdə patent sisteminin
idarəolunmasının avtomatlaşdırılması
işləri başa çatıb. Bu layihənin
köməkliyi ilə ölkəmizdə «E-Azərbaycan»
Dövlət Proqramı çərçivəsində patent sisteminin tam elektronlaşdırılması, e-idarəetmənin
tətbiqi, əqli mülkiyyət hüquqlarının
qeydiyyatı və mühafizəsi sahəsində e-xidmətlərin
göstərilməsi və sair mühüm istiqamətlər əhatə
olunub. Digər tərəfdən,
Koreyanın tanınmış «Siriussoft corp.» şirkəti tərəfindən əqli
mülkiyyət hüquqlarının
avtomatlaşdırılmış məlumat axtarış sistemi, elektron sənəd
dövriyyəsi, elektron nəşrlər,
tədris mərkəzi və sair
yaradılıb. Ümid edirik
ki, SMPDK bu sahədə
daha böyük uğurlara imza atacaq və «Elektron
Hökumət»” quruculuğuna öz layiqli tövhəsini
verəcək.
Təbriz Vəfalı
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.
Həftə içi.- 2014.- 14
mart.- S.6.