Fidan Hacıyeva Londonda solo konsert verdi
“Yazın səsi”
konsert proqramının
iştirakçısı olaraq
yaz ətirli ifaları dinləmək hər kəsə nəsib olan xoşbəxtlik deyil. Onun könülləri oxşayan,
bənzərsiz və
məlahətli səsinin
sorağı bu dəfə uzaq Londondan gəldi. Həmişə olduğu
kimi, yenə də onu dinləməyə
gələnlərin sayı
nəzərdə tutulduğundan
qat-qat çox idi. Hamı səbirsizliklə ecazkar səsə malik bu vokalçının səhnəyə çıxacağı
anı gözləyirdi...
Xəbər verdiyimiz
kimi, Novruz bayramı ərəfəsində
Mədəniyyət və
Turizm Nazirliyinin və Azərbaycanın Böyük Britaniyadakı
səfirliyinin birgə
dəstəyi ilə Londondakı “King`s Place” incəsənət
mərkəzində Azərbaycan
Dövlət Akademik
Opera və Balet Teatrının solisti, Əməkdar Artist Fidan Hacıyevanın “Yazın
səsi” adlı ilk
solo konserti təşkil
olunmuşdur.
Böyük
Britaniyanın paytaxtındakı
400 nəfərlik zalda
geniş konsert proqramı ilə çıxış edən
Fidan Hacıyeva ifası ilə könülləri fəth
etmişdir.
Konsertdə
Fidan Hacıyevanı pianoçu Zülfiyyə
Sadıqova müşayiət
etmişdir.
Həmişəki
kimi, o, bu dəfə də səhnəyə böyük
ürəklə çıxdı. Elə ilk ifadan tamaşaçı sevgisinin
tükənməzliyini ona
ünvanlanan alqışlardan
duyub hiss etdi. Bu dəfə də
F.Hacıyeva ifaları
ilə əsl vətənpərvər Azərbaycan
qızı olmasını
bir daha nümayiş etdirməyi bacardı.
Yüksək
səviyyədə təşkil
edilmiş konsertə təşrif buyurmuş insanların çoxu klassik musiqi vurğunları olan ingilislər idi. İki saatlıq konsert proqramında Fidan Hacıyeva böyük bəstəkarlarımız
Müslüm Maqomayevin ”Azərbaycan”, Rauf Hacıyevin “Sevgilim”, Üzeyir Hacıbəylinin
“Arşın mal alan” operettasından hissələri
üç dildə -
Azərbaycan, rus və ingilis dillərində ifa etdi. Bununla yanaşı, onun
ifasında Üzeyir Hacıbəyli, Cövdət
Hacıyev, Tomas Arne, Friderik
Şopen kimi dünya şöhrətli
bəstəkarların repertuarından
musiqilər səsləndirildi.
Azərbaycan
klassik musiqisini müxtəlif dillərdə,
yüksək peşəkarlıq
və ustalıqla ifa edən müğənni
izləyicilər tərəfindən
dəfələrlə ayaq
üstə alqışlandı. O, bununla bir daha
musiqimizi təntənəli
formada təqdim və təbliğ etməyi bacardı.
Fidan
oxuyanda sanki göylər oxuyur, səma musiqisi səslənir, insan qəlbinin telləri onun səsi ilə həmahəng titrəməyə başlayır. Çünki Fidan bütün
qəlbi, varlığı
ilə oxuyur, səs çalarlarının
özəlliyini, tələffüz
etdiyi hər bir sözün mənasını, hər
bir ahəngi dinləyiciyə çatdırmağa
çalışır.
Məsuliyyətli
olduğu qədər
də çətin bir işin öhdəsindən
uğurla, yorulmadan gəlməyi bacaran Azərbaycanın vokal ifaçısını ayaq
üstə qarşılayan
tamaşaçılar yenidən
onu səhnəyə dəvət etdilər. İkihissəli gərgin konsert
proqramından sonra, səsində zərrə
qədər də olsun yorğunluq hiss olunmayan Fidan Hacıyeva yenidən onu sevənlər üçün oxudu.
Yuxularından birinin
də gerçəkləşdiyini
söyləyən Fidan
Hacıyeva deyir: “Bu, təkcə mənim deyil, bütünlükdə
Azərbaycanın uğurudur.
Bu gün dünyanın
hansı səhnəsində
çıxış edirəmsə,
ilk olaraq Vətənimi
düşünür və
onun musiqisini təbliğ etməyimlə
qürur duyuram. Əgər az da olsa
mənsub olduğum xalqı tanıda bilirəmsə, bu mənim üçün böyük fəxrdir”.
Konsertdə iştirak
edən Azərbaycanın
Böyük Britaniyadakı
səfiri Fəxrəddin
Qurbanov ölkəmizin
musiqi mədəniyyətinin
dərin tarixi köklərindən, yüksək
peşəkarlığı ilə həmişə dinləyici qəlbinə yol tapan, istedadlı
vokalist Fidan Hacıyevanın yaradıcılıq
uğurlarından geniş
söz açmışdır.
Azərbaycan
musiqisinin hazırda bütün dünyada özünəməxsusluğu ilə seçildiyini söyləyən diplomat Şərqdə
ilk operanı məhz azərbaycanlı sənətkarın
yazdığını xüsusi
vurğulamışdır.
Konsertlə bağlı
təəssüratlarını bölüşən “Azərbaycan
Evi”nin nümayəndəsi
Fəridə Pənahova
bu konsertə ötən ilin sentyabrından hazırlıq
işləri görüldüyünü
bildirmişdir. Onun sözlərinə
görə, konsertin əsas məqsədi Azərbaycan musiqisini və musiqiçilərimizi
ingilis auditoriyasına
tanıtmaqdır. F.Pənahova
demişdir: “Düşünürəm
ki, biz məqsədimizə
çox yüksək
səviyyədə nail olduq.
Konsertdə sənətsevərlərlə
yanaşı, çoxsaylı
səfirliklərdən nümayəndələr
də iştirak etmişlər. Eyni zamanda,
konsertə xüsusi olaraq musiqi tənqidçiləri
də dəvət edilmişlər. Müvəffəqiyyətlə baş tutan
konsertdə iştirak
edən hər bir tamaşaçı bu gecədən çox razı qaldı. Tamaşaçılar
hətta Fidan xanımın bir də nə zaman İngiltərədə
konsert verəcəyini xəbər alırdılar. Həqiqətən də həmin gün Londonda Azərbaycan
klassik musiqisinin təntənəsi yaşandı və bu, hər
bir azərbaycanlının ürəyindən xəbər
verirdi. Qonaqlar Fidan Hacıyevanı
“qızıl səsli” sənətkar adlandırdılar.
Azərbaycanlı pianoçu Zülfiyyə
Sadıqova haqqında isə dedilər ki, onun əlləri
sanki dəniz dalğasıdır.”
Səfər müddətində Fidan
Hacıyeva ingilislər tərəfindən eyni proqramla
2014-cü ilin iyununda “Royal Opera House”da çıxış
etmək təklifi almışdır. Eyni zamanda, bir sıra
təkliflər alan azərbaycanlı
ifaçı vaxtı gəldikcə bu təklifləri dəyərləndirəcəkdir.
Qeyd edək ki, Fidan Hacıyeva opera
teatrının solisti olanda cəmi 19 yaşı vardı. O vaxt o, Jorj
Bizenin eyniadlı operasında Karmenin rəfiqəsi Mersedesin
partiyasını ifa etmişdir. Cəmi iki il
sonra isə ona artıq Karmenin çox mürəkkəb
partiyasını etibar etdilər və Fidan Hacıyeva bu rolun ən
gənc ifaçısı oldu. Karmen rolu gənc
müğənni üçün bir növ vizit vərəqəsinə
çevrilmişdir. Məsələn, Türkiyənin
Mersin Opera və Balet Teatrının dəvəti ilə o,
Mersində, həmçinin İstanbul, İzmir, Ankara
teatrlarının səhnələrində Karmen rolunu ifa
etmişdir.
Onun ən yaddaqalan
çıxışı isə Türkiyədəki
“Aspendos” antik teatrının səhnəsində,
açıq səma altında, opera sənətinin biliciləri
və həvəskarları olan ən incə zövqlü 15
min tamaşaçının toplaşdığı günlə
bağlıdır.
O, Azərbaycan opera səhnəsində “Aida”da Amneris,
“Trubadur”da Azuçena, “Riqoletto”da Maddalena, Cüzeppe Verdinin
“Traviata”sında Flora, Cakomo Rossininin “Seviliya bərbəri”ndə
Rozina, Maskanyinin “Kənd namusu” əsərində Santuttsi,
Üzeyir Hacıbəylinin “Arşın mal alan”
operettasında Asya, Fikrət Əmirovun “Sevil” operasında
Gülüş obrazlarını yaratmışdır.
Azərbaycan musiqisinin təbliğini
özünün ömür kredosuna çevirən Fidan
Hacıyeva hər bir çıxışı ilə tarix
yazır. O, bu tarixi ürəklə, sevgi ilə,
Tanrının ona bəxş etdiyi istedadın bütün
çılpaqlığını göstərməklə
yazır. Məhz bu səbəbdən də
harada çıxış etməsindən asılı
olmayaraq, onun ifası sonsuz sevgi ilə qarşılanır.
İnanırıq ki, Londonda olduğu kimi, digər
şəhərlərdə də Fidan Hacıyevanın bənzərsiz
ifalarını dinləyib, bu qeyri-adi istedadı ayaq üstə
alqışlayanların sayı yetərincə olacaqdır.
Bir sözlə, Əməkdar Artist Fidan
Hacıyeva hələ neçə-neçə yaz ətirli,
bahar müjdəli uğurları ilə xalqımızı
sevindirəcəkdir.
Həftə
içi.- 2014.- 15-17 mart.- S.8.