İnternetdə fərdi məlumatlar 

 

Azərbaycanda şəxsi informasiyaların mühafizəsi necə həyata keçirilir?

 

Avropa əhalisinin internetdə olan fərdi məlumatları xüsusi qanunla qorunacaq. Belə ki, Avropa Parlamenti Avropa İttifaqı (Aİ) sakinlərinin fərdi məlumatlarının mühafizəsinə yönələn yeni qanunlar paketinə səs verib. Qəbul edilən qanunlar mayda keçiriləcək seçkilərdən sonra parlamentin yeni tərkibi tərəfindən təsdiq edildikdən və Avropa Şurası tərəfindən bəyənildikdən sonra qüvvəyə minəcək.

Yeni qanunvericilik Aİ vətəndaşları ilə işləyən xarici servislərə də şamil olunacaq. Qəbul edilən qanunlar arasında Aİ-də fərdi məlumatların mühafizəsi qaydalarının pozulmasına görə cərimənin (100 milyon avroyadək) artırılması, toplanan məlumatlardan Aİ-dən kənarda istifadə etmək imkanına qoyulan məhdudiyyətlər, ABŞ hakimiyyətinə Avropa vətəndaşlarının maliyyə məlumatlarına çıxışı təmin edən “Terrorist Finance Tracking Programqanununun ləğvi yer alıb. Bundan başqa, vətəndaşlar öz məlumatlarının emalına mütləq razılıq verməli və toplanan məlumatın elektron nüsxəsini əldə etmək, eləcə də bütün toplanan məlumatların (ictimai maraq doğuran hallar – jurnalistləri qoruyan düzəliş istisna olmaqla) ləğv edilməsi hüququna malik olmalıdırlar.

Aİ-nın ədliyyə, fundamental hüquq və vətəndaşlıq üzrə komissarı Vivyen Redinq qeyd edib ki, bütün bunlar ABŞ şirkətlərinin Aİ-dəki fəaliyyətini çətinləşdirə bilər: «Məlumatların güclü mühafizəsi Avropanın şüarına çevrilməlidir. Məlumatların mühafizəsi Avropada hazırlanıb. ABŞ-da baş verən casus qalmaqallarından sonra məlumatların mühafizəsi əvvəlkindən daha çox əhəmiyyət kəsb edir”.

Bəs görəsən, Azərbaycanda internetdə fərdi məlumatların müafizəsi necə həyata keçirilir? Ümumiyyətlə, fərdi məlumatlarda hansı informasiyalar öz əksini tapır?

Məlumat üçün bildirək ki, hələ 28 yanvar 1981-ci ildə Avropa Şurası tərəfindən "Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işləməsi ilə əlaqədar şəxslərin qorunması haqqında" Konvensiya qəbul edilib. Azərbaycan isə 2009-cu ildən etibarən bu Konvensiyaya qoşulub.

Təxminən 1 il sonra yəni, 2010-cu ilin may ayında ölkəmizdə “Fərdi məlumatlar haqqında” qanun olunub. Bu sənədin qəbulunda əsas məqsəd Azərbaycanda fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi ilə bağlı münasibətlərin nizamlanması olur. Qanun həmçinin milli informasiya məkanının fərdi məlumatlar bölümünün formalaşdırılması, habelə fərdi məlumatların transsərhəd ötürülməsi ilə əlaqədar məsələlərin tənzimlənməsi, bu sahədə fəaliyyət göstərən dövlət və yerli özünüidarə orqanlarının, hüquqifiziki şəxslərin hüquq və vəzifələrini müəyyən edir.

 

İnformasiya sistemlərinin

Dövlət Reyestri mövcuddur

 

Ölkə prezidentinin 4 oktyabr 2010-cu il tarixli fərmanı ilə “Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması qaydaları” təsdiq olunub. Həmin sənədə əsasən, fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (RYTN) tapşırılıb. Bununla yanaşı, fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi üzrə fəaliyyətin həyata keçirilməsi RYTN-ə həvalə edilib.

Nazirlər Kabinetinin 2010-cu il 17 avqust tarixli, 149 nömrəli qərarı ilə təsdiq edilmiş “Fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq informasiya sistemlərini dövlət qeydiyyatından keçirdikdən sonra onlarda fərdi məlumatların toplanılmasına və işlənilməsinə yol verilir.

“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmətlərin göstərilməsi sahəsində fəaliyyət yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir.

Yeri gəlmişkən, ölkə prezidentinin 13 dekabr 2010-cu il tarixli 361 nömrəli fərmanı ilə “fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmətlərin göstərilməsi” lisenziyalaşdırılan fəaliyyət növlərinin siyahısına daxil edilibbu sahədə fəaliyyətin lisenziyalaşdırılması Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə olunub.

 

Fərdi məlumatlara həssas yanaşılır

 

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, fərdi məlumat dedikdə şəxsin kimliyini birbaşaya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat başa düşülür. Bu məlumatlar şəxsin özü və ailə həyatı ilə bağlı fərdi informasiyalar olmaqla iki qrupa bölünür. Onun sözlərinə görə, şəxsin özü ilə bağlı fərdi məlumatlara milliya etnik mənsubiyyət, səhhəti, bacarıqları, ünsiyyətdə olduğu şəxslərlə və ətraf aləmlə qarşılıqlı münasibət və təsirləri, siyasi baxışları, qeyri-hökumət təşkilatlarına üzvlüyü, dini və ya digər etiqad və inamları, sosial təminatı və maliyyə-iqtisadi vəziyyəti, o cümlədən, mülkiyyəti, gəlirləri və xərcləri və s. aiddir. Ailə həyatı ilə bağlı fərdi məlumatlara valideyn, nikah, ailə həyatının ayrı-ayrı məqamları haqqında məlumatlar, insanın biometrik identifikasiya məlumatları, o cümlədən, əl-barmaq və ovuc izləri, üz təsviri, səsi və onun akustik parametrləri, DNT məlumatları analizinin nəticələri, xüsusi əlamət və qüsurlarının təsviri və s. aid edilir.

Ekspert qeyd edib ki, bəzi fərdi məlumatlar insanlar üçün həssas sayılır və onların yayılması hətta ciddi narazılığa yol aça bilər: «Bu baxımdan fərdi məlumatların mühafizəsi vacib məsələyə çevrilir. Fərdi məlumatların qorunması zərurəti sadəcə, insan hüquqlarının qorunması ilə bağlı deyil. Eyni zamanda, cinayətkar qrupların fəaliyyətini məhdudlaşdırmaq üçün fərdi məlumatların qorunması əhəmiyyətlidir. Çünki bəlli məsələdir ki, adətən məqsədli cinayət törədilməzdən əvvəl obyekt barədə məlumatlar toplanılır. Fərdi məlumatların konfidensiallığının pozulması, icazəsiz yayılması bir sıra fəsadlara və hətta cinayətkarlığa səbəb olur.

Mütəxəssis vurğulayıb ki, ölkəmizdə informasiya təhlükəsizliyinin təmin edilməsinin qanunvericilik bazasının formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm qanunlar, normativ-hüquqi aktlar qəbul edilir: «Bunlara misal olaraq 2007-ci ildə qəbul olunmuş «Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası»nı, eləcə də «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında», «Dövlət sirri haqqında», «Elektron sənəd və elektron imza haqqında», «Elektron ticarət haqqında», «İnformasiya əldə etmək haqqında», «Telekommunikasiya haqqında» qanunları və s. göstərmək olar. Amma bir sıra ölkələrdə İnsan Hüquqları Haqqında Bəyənnamənin 19-cu və 21-ci maddələrinin həyata keçirilmə vəziyyətinin monitorinqi məqsədilə «informasiya ombudsmanı», «informasiya telekommunikasiya ombudsmanı» kimi institutlar fəaliyyət göstərir. Başqa sözlə, informasiya ombudsmanları, bir tərəfdən informasiya azadlığının, digər tərəfdən isə fərdi məlumatların mühafizə vəziyyətinin monitorinqini həyata keçirir. Lakin Azərbaycanda bu məsələ yubandığından virtual məkanda problemlər tam olaraq həllini tapmır».

 

Sevinc

 

Yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitlərinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Həftə içi.- 2014.- 15-17 may.- S.6.