Səhiyyədə elektron xidmətlər 

 

İndiyədək bu sahədə 30 xidmət istifadəyə verilib

 

Hazırda Azərbaycanda İKT sektorunun inkişaf etməsi ayrı-ayrı sahələrin yeni texnologiyalara inteqrasiyasına şərait yaradıb. Demək olar ki, artıq bu gün əksər sahələrin elektronlaşması başa çatmaq üzrədir, bəzi sektorlarda isə elektronlaşmanın 60-70 faizi həyata keçirilib. Qeyd edək ki, indi ölkəmizdə elektronlaşmanın sürətlə aparıldığı sahələrdən biri də səhiyyə sektorudur. Məsələn, səhiyyənin təşkilində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində daha bir addım atılıb. Bundan sonra Azərbaycanda profilaktik peyvəndlərin vaxtı barədə SMS vasitəsilə xəbərdarlıq ediləcək.

Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən verilən məlumata görə, xidmətin məqsədi nazirlik tərəfindən tətbiq olunan “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi”ndən uşaqların növbəti profilaktik peyvəndlərin adı və vaxtı barədə məlumatların mobil telefon rabitəsinin qısa mesaj (SMS) xidməti vasitəsilə özləri və ya onların qanuni nümayəndələri tərəfindən əldə olunmasıdır.

Xidmətdən istifadə etmək üçün mobil telefon vasitəsilə 9103 nömrəsinə PEYVEND sözü və uşağın “Elektron Sağlamlıq Kartı”ndakı 12 rəqəmli Unikal kodu qısa mesaj (SMS) göndərilməlidir. Qısa müddət ərzində sistem növbəti peyvənd barədə məlumatları abonentə göndərir. Əgər immunoprofilaktika təqviminə görə peyvənd nəzərdə tutulmayıbsa, müvafiq məlumat verilir. Xidmətdən bütün mobil operatorun istifadəçiləri yararlana bilərlər.

Bəs, görəsən, hazırda bu sektorda daha hansı elektron xidmətlər təklif olunur? Gələcəkdə bu istiqamətdə elektron xidmətlərin genişləndirilməsi nəzərdə tutulurmu?

Məsələyə münasibət açıqlayan Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin rəhbəri Cəbrayıl Əsədzadə bildirib ki, bu gün Azərbaycanın səhiyyə sistemində bir sıra elektron layihələr həyata keçirilir. Onun sözlərinə görə, artıq Nazirlər Kabinetinin təsdiq etdiyi 38 elektron xidmətdən 30-u istifadəyə verilib: «“Kadrların işinin avtomatlaşdırılması və təkmilləşdirilməsi” layihəsi çərçivəsində “Tibb İşçilərinin Vahid Registri”, “Elektron əmr”, “Vakansiyalar”, “Tibb işçilərinin sertifikasiyası” sistemləri yaradılıb. Qeyd olunan sistemlər vahid bazada toplanıb, bir-biri ilə əlaqəli şəkildə işləyir və Səhiyyə Nazirliyinin kadr işini avtomatlaşdırır. Sistemə daxil olmaq daha öncədən Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi (SİM) tərəfindən təyin edilmiş şifrə ilə mümkündür».

 

Tibb işçilərinin vahid bazası yaradılıb

 

Mütəxəssis həmçinin deyib ki, “Tibb İşçilərinin Vahid Registri” - Vahid Elektron Registr vasitəsilə Səhiyyə Nazirliyinə birbaşa və bilavasitə tabe olan tibb müəssisələrinin tibb işçi heyəti (həkim və orta tibb işçiləri) vahid bazada toplanıb. Registrdə tibb işçiləri - həkim və orta tibb işçilərinə görə ayrılıb. Daxil edilən məlumatlara müəssisədə mövcud olan ştat vahidləri, həmin ştat vahidlərindən rüblük çıxarış, tibb işçisinin şəxsi məlumatları, təhsili haqqında məlumatlar, təcrübəsi (həmçinin daxil edilən müəssisədə fəaliyyəti), bu vaxta qədər keçdiyi kursları və sertifikatları, bildiyi dilləri qeyd olunur. Həmçinin kadrların şəxsi uçot vərəqəsini də buradan çap etmək olar.

Qurum rəsmisi qeyd edib ki, daxil edilən hər bir tibb işçisinə sistem tərəfindən reyestr kodu verilirbu kod unikallıq daşıyır: “İşçi müəssisəsini dəyişdikdə, sertifikasiyadan keçdikdə, Səhiyyə Nazirliyinin Mərkəzləşdirilmiş imtahanlarında iştirak etdikdə bu kodun olması vacibdir. Bundan əlavə, sistemin əhəmiyyəti ondan ibarətdir ki, Səhiyyə Nazirliyi tibb müəssisələrinin kadr prosesinə birbaşa özü elektron şəkildə nəzarət edir. Bundan başqa digər bir xidmət “Elektron Əmr” adlanır ki, bu tibb müəssisəsinin tibb heyəti üçün verilən əmrlərin avtomatlaşdırılmasına xidmət edir. Sistemin yaradılmasına qədər qeyri-elektron üsulla verilən əmrlər hazırda sadə informasiyaları daxil etməklə standart əmr formasında yaradılır və həmin əmrləri çap edib sənəd formasına gətirməyə kömək edir. Kadr mütəxəssisi E-əmr verdikdə işçi haqda məlumatlar avtomatik registrdə öz əksini tapır. Məsələn, həkim işə qəbul olunduqdaya həmçinin işdən azad olunduqdas. reyestrə avtomatik düşür».

 

Xəstələrin qeydiyyatı elektron qaydada aparılır

 

Qeyd edək ki, səhiyyə sahəsində digər elektron layihə “Stasionarların Fəaliyyətinə Elektron Nəzarət Sistemi (SFENS)” “Jurnal/Qeydiyyat modulu” və “AZS Forma 066 modulukimi 2 moduldan ibarətdir. İlk modul stasionar xəstəxanalara müraciət edən xəstələrin qeydiyyata alınması (xəstəlik tarixinin açılması) üçün yaradılıb. Sistemin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, xəstələrin bütün respublika üzrə stasionarlara daxilolma müraciətləri vahid bazada toplanır və prosesə nəzarət edilir. Qeydiyyat modulunda xəstə qeydə alınan zaman onun bir sıra məlumatları daxil edilir. Buraya xəstənin şəxsi məlumatları, daxilolma tarixi və saatı, müraciət etmə növü (hansı xəstəxanadan göndərilib, xəstə özü müraciət edib, qəza nəticəsində müraciət və s.), daxilolma diaqnozu, hansı şöbəyə köçürülməsi kimi məlumatlar daxildir. Müraciət edən xəstəyə SFENS kodu verilir, hansı ki, bu kod vasitəsilə xəstənin bütün sonrakı xəstəlik tarixçəsi sistemə daxil edilir.

Onu da vurğulayaq ki, “Forma AZS 066 modulustasionara daxil olan xəstənin “Jurnal/Qeydiyyat modulunda daxil edilməsindən sonra xəstənin adına açılan tarixçəni sonadək bitirmək və 066 adlı stasionardan çıxış haqqında sənədi çap etmək üçündür. Bundan əlavə, bu modul vasitəsilə 14 saylı hesabat formasının da çapı həyata keçirilir. Bununla da bütün respublika üzrə vətəndaşların hansı stasionar xəstəxanaya müraciət etməsindən asılı olmayaraq onların bütün tibbi məlumatları Səhiyyə Nazirliyinin vahid bazasında öz əksini tapır. Bu isə bütün xəstələrin xəstəlik tarixçələri ilə birlikdə bütünlüklə qeydiyyatı deməkdir.

Nazirlikdə yaradılan “İmtiyazlı apteklər” altsisteminə gəlincə, bu sistem dövlət tərəfindən dərman vasitələri ilə təmin olunan xəstələrin (şəkərli diabet, 1-ci qrup əlil, 2-ci qrup əlil və s.) qeydiyyatı və dərman vasitələrinin paylanması prosesinə nəzarətin gücləndirilməsi məqsədilə Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tərəfindən Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemində yaradılıb.

Altsistemə Bakı şəhərində 24 imtiyazlı aptekonlara nəzarət edən Bakı şəhəri Baş Səhiyyə İdarəsi, Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi, İnnovasiya və Təchizat Mərkəzi qoşulub. Hal-hazırda Bakı şəhərində hər bir imtiyazlı qrup xəstəyə “Elektron Kart” hazırlanıb verilib. İnformasiya sisteminə və karta həmin xəstələrin şəxsi, dispanser qeydiyyatı və aldığı dərmanlar barədə məlumatlar qeyd edilir. Bu məlumatları əldə etmək məqsədilə e-xidmət yaradılıb.

 

Yaxın gələcəkdə daha 8 xidmət istifadəyə veriləcək

 

Yeri gəlmişkən vurğulayaq ki, qurumun elektron layihələrindən biri də “Nümunəvi tibbi-informasiya sistemidir. Prezidentin 2005-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı”nın (Elektron Azərbaycan)” yerinə yetirilməsi üzrə “Tədbirlər planı”nın müvafiq bəndinə əsasən, səhiyyə müəssisələrinin fəaliyyətini təmin edən nümunəvi tibbi-informasiya sisteminin hazırlanması və tətbiqinə 2007-ci ildən başlanılıb. Səhiyyə müəssisələrinin fəaliyyətini təmin edən nümunəvi tibbi-informasiya sisteminin (NTİS) tətbiqi məqsədilə müxtəlif xəstəxana informasiya sistemləri təhlil edilib.

Cəbrayıl Əsədzadənin dediyinə görə, yaxın gələcəkdə daha 8 xidmətin istifadəyə verilməsi nəzərdə tutulub: «Yəqin ki,ilin sonunadək elektron xidmətlərlə bağlı tamamilə yekunlaşacaq».

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Həftə içi.- 2014.- 18 mart.- S.6.