Elektron kitabxana
Azərbaycanda
yaradılacaq elektron kitabxana mərkəzi Cənubi Qafqazda ən
böyük şəbəkə hesab olunur
Son illər
Azərbaycanda müxtəlif sahələr üzrə yeni
texnologiyalardan geniş şəkildə istifadə olunur. Bunun
nəticəsidir ki, artıq əksər sahələrdə
mövcud sistem tam olaraq elektronlaşıb, bəzi sahələrdə
isə bu yöndə işlər davam etdirilir. Yeri gəlmişkən
vurğulayaq ki, Milli Elmlər Akademiyasının İnformasiya
Texnologiyaları İnstitutu yaxın vaxtlarda oxucuların
işini asanlaşdıracaq yeniliyə imza atmağı
planlaşdırır. Belə ki, sözügedən qurumun nəzdində
Elektron kitabxana fəaliyyətə başlayacaq. Bunun
üçün hazırlıq işləri artıq
yekunlaşmaq üzrədir.
Xatırladaq ki, ölkə başçısı tərəfindən
“Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü
illərdə inkişafı üzrə Dövlət
Proqramı”nın təsdiqi bu sahədə köklü dəyişikliklərin
həyata keçirilməsinə səbəb olub. Proqramın
reallaşdırılması üzrə Tədbirlər
Planının 2.2. «Kitabxanaların kompyuter və
informasiya-proqram təminatı, respublika üzrə kompyuterləşdirilmiş
kitabxana-informasiya şəbəkəsinin yaradılması və
inkişafı" bölməsinə uyğun olaraq
kitabxanaların informasiyalaşdırılması,
kitabxana-biblioqrafiya proseslərinin
avtomatlaşdırılması işi uğurla həyata
keçirilir.
Qeyd edək ki, Kitabxana-biblioqrafiya proseslərinin
avtomatlaşdırılması işinin daha effektiv həyata
keçirilməsində Milli Kitabxana-İnformasiya Mərkəzinin
(AZLİBNET) xüsusi xidmətləri vardır. AZLİBNET -
qeyri-kommersiya təşkilatı kimi Mədəniyyət və
Turizm Nazirliyinin himayəsi və dəstəyi ilə
C.Cabbarlı adına Cənclər Kitabxanasının nəzdində
yaradılıb. AZLİBNET-in məqsədi Azərbaycan
kitabxanalarının birgə Milli Kataloqlaşdırma Sistemini
yaratmaqdan ibarətdir. Sistemin başlıca vəzifəsi Mədəniyyət
və Turizm Nazirliyinin tabeliyində olan respublika əhəmiyyətli
böyük kitabxanalar, habelə şəhər (rayon) MKS-lərinin
elektron resurslarının vahid mərkəzdən idarə
olunması, təhlükəsizliyinin təmin edilməsi,
elektron resurslarının istifadəçilərə fasiləsiz
və operativ olaraq təqdim edilməsi, kataloqlaşdırma
zamanı əlavə vaxt, zaman, vəsait itkisinin, habelə
biblioqrafik yazıların tərtibində nöqsan və təkrarçılığın
aradan qaldırılmasına nail olmaqdır.
AZLİBNET Mərkəzi vasitəsilə respublikada
mövcud olan elektron resursların fasiləsiz və uzaq məsafədən
idarə edilməsi sistemi yaradılmışdır. Mərkəz
ölkənin bütün kitabxanaları ilə (sahəvi,
elmi, kütləvi) əlaqələr qurur. Toplu kataloqdan
AZLİBNET Mərkəzinin www.azlibnet.az və ya C.Cabbarlı
adına Gənclər Kitabxanasının www.ryl.az
ünvanlı veb saytları vasitəsilə istifadə etmək
olar.
AZLİBNET Mərkəzinin veb-saytında layihədə
iştirak edəcək kitabxanaların resurslarına, habelə
mərkəzin resurslarından yararlanacaq kitabxanaların
veb-saytlarına keçid linki yerləşdirilib. Saytda
interaktiv xəritə də verilib ki, onun vasitəsilə Mədəniyyət
və Turizm Nazirliyi nəzdində fəaliyyət göstərən
şəhər və rayonlar üzrə Mərkəzləşdirilmiş
Kitabxana Sistemlərinin Elektron Kataloquna giriş təmin olunur.
AZLİBNET Mərkəzinə qoşulan kitabxanaların
mütəmadi olaraq yaratdıqları biblioqrafik
yazıların vahid mərkəzə göndərilməsi təmin
ediləcəkdir. Həmçinin layihənin icrası çərçivəsində
məlumat bülletenlərinin,biblioqrafik göstəricilərin,
soraq-məlumat biblioqrafiyasının, milli retrokataloq fondunun,
milli biblioqrafik uçotu, biblioqrafik yazıların qəbulu və
şəbəkə istifadəsinə verilməsi sisteminin
yaradılması və müasir tələblər səviyyəsində,
davamlı olaraq həyata keçirilməsi nəzərdə
tutulur.
Bəs, görəsən, Elektron kitabxanada nə qədər
nəşrin toplanması nəzərdə tutulur? Bu sistemin
formalaşması üçün şərait varmı?
Elektron
kitabxanada
5100 adda nəşr
toplanacaq
Milli Elmlər Akademiyasının İnformasiya
Texnologiyaları İnstitutunun sektor müdiri Nigar
İsmayılova deyib ki, Azərbaycanda bir sıra təşkilatlarda
– ali məktəblərdə, dövlət qurumlarında,
özəl tədris mərkəzlərində və s.elektron
kitabxanalar fəaliyyət göstərir. Onun sözlərinə
görə, burada həm təşkilatların xüsusi
rezpozitoriləri vasitəsilə, həm də müxtəlif
elektron resurs bazalarının imkanlarından istifadə etməklə
oxuculara xidmət təklif olunur: «AMEA İnformasiya
Texnologiyaları İnstitutunda yeni yaradılacaq elektron
kitabxanada da 5000-ə yaxın fizik kitabı, təxminən 100
adda dövrü jurnallar yerləşdiriləcək. Gələcəkdə
isə sistemə 10 min ədəbiyyatın yerləşdirilməsi
nəzərdə tutulub».
Mütəxəssis qeyd edib ki, elektron kitabxana mərkəzinin
yaradılması Azərbaycanda bu sahədə olan
boşluqları aradan qaldıracaq. Onun fikrincə,
sözügedən mərkəzdə elektron kitabxananın fəaliyyət
göstərməsi üçün lazım olan hər bir
resurs var: “Burada hər cür şərait mövcuddur. Həm
informasiya təminatı baxımından, həm texniki təminat
baxımından hüquqi normalar baxımından nəzərə
alınır. Və bizim artıq kataloqumuz var,
resurlarımız var. Elektron resurslar üçün institutun
Data Mərkəzi vasitəsilə kifayət qədər
böyük imkanlar yaradılıb. Bunların daha da
artırılması və zənginləşdirilməsi
gözlənilir”.
Kitabxana-biblioqrafiya proseslərinin
avtomatlaşdırılması işinin daha effektiv həyata
keçirilməsində Milli Kitabxana-İnformasiya Mərkəzinin
xüsusi xidmətlərinə də toxunan Nigar
İsmayılova vurğulayıb ki, gələcəkdə bu
sistemin effektiv həyata keçirilməsində, o cümlədən
istifadəçilərə xidmət baxımından Milli
Kitabxana-İnformasiya Mərkəzində informasiya
resurslarının toplanması, onların təsnifləndirilməsi,
istifadəçilərə çatdırılması,
informasiya axtarışı, müxtəlif xarakterli
hesabatların hazırlanması, və s. kimi xidmətlərin
göstərilməsi planlaşdırılır.
Qeyd edək ki, Azərbaycanda yaradılacaq elektron
kitabxana mərkəzi Cənubi Qafqazda ən böyüyü
hesab olunur.
«Külli
miqdarda vəsaitə ehtiyac yoxdur»
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının
direktoru Kərim Tahirov isə bildirib ki, əslində
e-kitabxana resurslarını yaratmaq üçün geniş
texniki imkanlara, külli miqdarda vəsaitə ehtiyac yoxdur. O, bu
sahədə yaranan problemlərin əsas səbəbini
ümumi prosesin gec başlaması ilə əlaqələndirir:
“Biz 2012-2013-cü illərdə Mədəniyyət və
Turizm Nazirliyi ilə birgə layihə həyata keçirdik. Həmin
layihəyə uyğun olaraq kitabxanada bütün proseslərin
avtomatlaşdırılması baş tutdu. Mədəniyyət
və Turizm Nazirliyinin regionlardakı kitabxanalarını vahid
sistemə qoşacağıq. Rayon kitabxanaları bu sistem vasitəsilə
istədiyi kitabı götürüb oxuculara təqdim edəcəklər.
Bu ildən etibarən işə başlanacaq.
Düşünmürəm ki, Azərbaycanda elektron kitabxana
sistemini yaratmaq üçün külli miqdarda vəsait
lazımdır. Sadəcə, ixtisaslı kadrlara ehtiyac var.
Hesab edirəm, Bakı Dövlət Universitetinin
“Kitabxanaçılıq-İnformasiya” fakültəsi də
kadr hazırlığını bu istiqamətə yönəltməlidir».
Kərim Tahirov deyib
ki, hazırda ixtisaslı kitabxanaçı kadrların əksəriyyəti
bu işləri bilmirlər: «Fakültəni bitirən tələbələr
gəlib bizim kitabxanada təcrübə keçir, öyrənirlər.
İki-üç ildən sonra onlar püxtələşir və
bu işləri həmin kadrların köməkliyi ilə həyata
keçiririk. Kimsə deyirsə ki, biz elektron kitabxana məsələsində
qonşu ölkələrdən geri qalırıq, belə
deyil. Sadəcə, biz bu işlərə gec
başlamışıq. Azərbaycanda “Kitabxana.az” və
“Kitab.az” saytları var. Amma onların bazaları qənaətbəxş
deyil. Vahid baza olmalıdır və bu işi biz görməliyik.
Özəl təşkilatların elektron kitabxana yaradıb
kitab satmaqla ondan gəlir mənbəyi kimi istifadə etməsi
bizim təcrübəmizdə yoxdur. Daha doğrusu, bizim
oxucularımız buna hələlik psixoloji hazır deyillər”.
Sevinc
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.
Həftə içi.- 2014.- 28
mart.- S.7.