Kəlbəcərin müdafiəsi üçün nə etdiniz?

 

İllər keçir. Torpaqlarımız işğal altında... Bizimsə gücümüz yalnız hansısa bölgənin gözəlliklərini tərifləməyə və onun işğalında öz aramızdan günahkarlar axtarmağa çatır. Nə etməli? Ən azı, o yerlərin bizim olduğunu bir daha xatırlatmaq, günahlarımızı, səhvlərimizi bir daha təftiş edərək qaranlıq məqamlara işıq salmaq və heç olmasa, o torpaqlar uğrunda şəhid olmuş, yaralanmış oğul-qızlarımızı yad edərək o yurdlara qayıtmaq əzmini yaşatmaq xatirinə yenə də yazmalıyıq...

 

Beləliklə, "7 oğul istərəm..." rubrikasında ikinci "səfərimiz" 21 il əvvəl işğal edilmiş Kəlbəcər dağlarınadır. Yoldaşımız olan "7 oğul"la bu sual ətrafında söhbət edəcəyik:"Kəlbəcərin işğalı ərəfəsində siz hansı hadisələrin şahidi oldunuz və bir siyasətçi, dövlət məmuru, yaxud hərbçi kimi işğalın qarşısının alınması üçün hansı konkret tədbirləri görə bildiniz?".

 

O günlərdə dövlət katibi olmuş

sabiq baş nazir Pənah Hüseyn:

 

- Kəlbəcərin işğalında bizim hakimiyyətin məsuliyyətini heç bir halda kənara qoymuruq. Çünki nə olursa-olsun, iqtidarda olan qüvvənin birinci dərəcəli vəzifəsi torpaqların müdafiəsini təşkil etməkdir. Və mənim daxil oduğum hakimiyyət komandasının bu istiqamətdə yetərincə işlər görə bilmədiyi də bir faktdır.

Kəlbəcərin işğalı çox ciddi bir məğlubiyyət və fəlakət idi. Ancaq buna rəğmən Azərbaycan hakimiyyəti və ordusu daha böyük faciələrin qarşısını almağa müvəffəq oldu. Çünki sonradan məlum oldu ki, artıq 1993-cü ilin martında çəkilişi barədə müqavilə imzalanmış Bakı-Ceyhan kəməri layihəsinin qarşısını almaq üçün Rusiyanın Gəncə də daxil olmaqla Kür çayına qədər ərazilərin işğalı planları mövcud imiş. İkincisi, işğaldan əvvəl Kəlbəcər-Murov yolunun çəkilişi əhalinin minimal itkilərlə mühasirədən çıxmasına şərait yaratdı. Burada həm hərbi nizami qüvvələrin, həm də xaricdə oxuyan tələbələr də daxil olmaqla könüllülərin təxminən bir həftə ərzində Murovun müəyyən yüksəkliklərinin müdafiəsi üçün göstərdiyi fədakarlığın da böyük əhəmiyyəti oldu. Və ordumuzun əks hücumu nəticəsində Gəncə üçün təhlükə törədən Ömər aşırımı və digər yüksəkliklər azad edildi. Eyni zamanda həmin dövrdə Füzuli istiqamətində də ermənilərin hücumunun qarşısı alınmışdı.

Mən Dövlət Müdafiə Komitəsinin nümayəndəsi kimi 1993-cü il martın 29-dan 3 gün Kəlbəcərdə oldum. Və orada mümkün müdafiə tədbirlərinin görülməsi, əhalinin itkisiz çıxarılması, ordu və əhali arasında təxribatların qarşısını almaq üçün əlimdən gələni etdim. Bundan başqa, vəziyyətdən çıxış üçün xarici beynəlxalq diplomatik tədbirlərə də əl atdıq. Prezidentin tapşırığına əsasən 1993-cü il aprelin 5-9-da mənim rəhbərliyimlə Rusiya, İran və Türkiyənin həm siyasi, həm də hərbi rəhbərliyi ilə danışıqlar aparıldı. Nəticədə erməni-rus hücumunun dayandırılması üçün xüsusilə, Türkiyənin həm diplomatik, həm də hərbi sahədə yardım göstərməsinə nail olundu. O vaxtkı prezident mərhum Turqut Ozal Orta Asiya səfəri zamanı torpaqlarımızın işğalı ilə bağlı çox ciddi bəyanat səsləndirdi və hətta türk qoşunlarının bu işə müdaxilə edəcəyi anonsunu da verdi. Naxçıvan sərhəddində Türkiyə qoşunlarının geniş təlimləri başlandı.

Bütün bu səylərimizin nəticəsi olaraq may ayında BMT-nin konkret Kəlbəcər və digər işğal edilmiş ərazilərimizdən erməni qoşunlarının çıxarılması barədə iki qətnaməsi qəbul olundu. 1993-cü il mayın 27-də isə erməni qoşunlarının bir həftə ərzində Kəlbəcərdən çıxarılması barədə mənim də imzamla müqavilə bağlandı.

Və iyunun 14-də artıq məlum iyun hadusələrinin başlanmasına baxmayaraq Ermənistan prezidenti L.Ter-Petrosyanın iştirakı ilə qondarma "DQR" parlamenti də Kəlbəcərin azad edilməsi haqqında müqaviləni təsdiqlədi. Və bir həftə ərzində Kəlbəcərin azad edilməsi, 40 gün ərzində isə bütün işğal edilmiş Azərbaycan ərazilərindən erməni qoşunlarının çıxarılması və sülh yaranması barədə tam razılıq əldə olundu. Təəssüf ki, həmin günlər ölkədəki siyasi böhran "Azərbaycanda bu müqavilənin təminatçısı olacaq dövlət yoxdur" bəhanəsi ilə Ermənistan və "DQR" tərəfindən pozuldu.

 

Sabiq daxili işlər naziri İsgəndər Həmidov:

 

- Az-çox hərbdən xəbəri olan adam da bilirdi ki, düşmən Şuşa və Laçından sonra Kəlbəcəri də işğal etməyə çalışacaq. Təəssüf ki, biz hakimiyyətdə olan vaxt mənim təhkimliyim Tərtərə idi. Və bircə şeyə peşimanam ki, mən niyə sağ qalmışam... Kəlbəcərin müdafiəsi üçün əlimizdən gələni etdik. Görünür burda kimlərinsə səriştəsizliyi, qorxaqlığı və s. də öz rolunu oynadı.

Aprelin 1-də Kəlbəcərlə çətinliklə əlaqə saxladım. Məlum oldu ki, Qaraqaya, Güzgü, Narınclar və s. yüksəkliklər ermənilərdədi. Artıq aydın oldu ki, Kəlbəcər tam mühasirədədir. Bu vaxt da televizoru açdım ki, dövlət katibi Pənah Hüseynov, rəhmətlik Vaqif Kərimov və Mübariz Qurbanovun iştirakı ilə canlı debat gedir. Pənah bəyə sual verdilər ki, deyə bilərsinizmi, hazırda neçə kənd ermənilərin əlindədi, neçəsi sizin. "Bizim" demədi ha, "sizin" dedi. Getdim studiyaya və onlara dedim ki, oturub burda yastı-yastı danışırsız, Kəlbəcər isə artıq tam işğal ərəfəsindədir. Sizin hakimiyyət də belə, müxalifət də belə! Torpaq gedir, Kəlbəcər gedir!..

O zaman Kəlbəcərdə döyüşən alay komandiri Tahir Süleymanov sonradan mənə demişdi ki, əgər sizin televiziya ilə o çıxışınız olmasaydı, Kəlbəcərin taleyi Xocalıdan da pis olacaqdı. O günlər Rusiya mənim istefa verməyimi də hakimiyyətdən tələb etməyə başlamışdı. Rusiya müdafiə naziri P.Qraçov deyirdi ki, İsgəndər istefa versin Kəlbəcəri qaytaraq. Sizi inandırım ki, əgər desəydilər ki, nəinki Kəlbəcəri, iki kəndi, iki evi qaytarırıq, yenə mən istefa verərdim. Amma aprelin 16-da istefa verəndə də dedim ki, onlar Kəlbəcəri qaytaran deyil.

 

701 saylı I motoatıcı briqadanın

(MAB) komandiri Əzizağa Qənizadə:

 

- 6 noyabr 1992-ci il tarixdə Laçın rayonunun şimal-qərb hissəsini qoruyan I MAB-ın komandiri təyin olundum. I MAB 1992-ci ilin martına qədər 6 ay müddətində fasiləsiz olaraq döyüş əməliyyatları aparmış, əlverişli yüksəklikləri ələ keçirmiş, "Laçın dəhlizi"nin azad edilməsi üçün şərait yaratmışdı. Lakin düşmənin Ağdərəni tutması, briqadanın faktiki mühasirəyə düşməsi təhlükısi yaradır və artıq "Laçın dəhlizi" uğrunda döyüşləri mənasız edirdi.

Komandir kimi şahidi olduğum hadisələr və görə bildiyim tədbirlər saysız-hesabsızdır. Öz gündəliyimdə geniş təsvir etdiyim bəzi epizodları qısa şəkildə nəzərinizə çatdırıram. Biz hələ 1993-cü il fevralın ortalarından hiss edirdik ki, Ali Baş Komandan Əbülfəz Əliyev və müdafiə naziri Rəhim Qazıyev yaranmış vəziyyəti vaxtında və düzgün qiymətləndirərək reaksiya vermək gücündə deyillər. Fevralın 11-12-də Kəlbəcərin müdafiəsiz qalması ilə əlaqədar vəziyyəti və buna görə də I MAB-ın Laçından Kəlbəcərə göndərilməsi haqda təklifim barədə MN-ə dəfələrlə məruzə etsəm də, vaxtında zəruri tədbirlər görülmədi. Bu şəraitdə mən və digər zabitlər düşmənin Kəlbəcəri zəbt etmək və on minlərlə dinc sakini girov götürmək niyyətinin qarşısını almağı özümüzə borc bilirdik. Odur ki, Kəlbəcərli təcrübəli zabitləri həmin bölgəyə göndərir və müdafiəni təşkil etmək üçün onlara tapşırıqlar verirdim. Özüm isə növbə ilə iki gün Laçın, iki gün Kəlbəcər ərazisində işləyir və vaxta qənaət etmək üçün yol gedə-gedə "UAZ"ın arxasında mürgüləyirdim. Martın 5-dən MN BQ-nin 5 saylı direktivinə əsasən I MAB-ın Laçının şimal-qərb hissəsindən ibarət müdafiə zolağı 3 dəfə artırılaraq Kəlbəcərin dörddə bir hissəsini əhatə etməli idi. Ermənistanla sərhəddin Kəlbəcərdəki hissəsi buraya daxil edilməmişdi. Belə müdafiə zolağı heç bir dünya ordusunun döyüş nizamnaməsində olmayıb. MN briqadaya Laçının şimal-qərb hissəsini tərk edərək "Kəlbəcər rayonunun dairəvi müdafiəsi" əmrinu verməli idi. Ancaq belə bir əmr yox idi. Niyə? Sonra mən müdafiə nazirinə məruzə etdim ki, düşmən cəmi bir taborun olduğu 120 km-lik dövlət sərhəddini pozaraq Kəlbəcərə soxula bilər. Bu bölgəni müdafiə etmək üçün azı bir gücləndirilmiş motoatıcı alay lazımdır. Müdafiə naziri Dadaş Rzayevin 26.02.1993 tarixli cavabında deyilirdi:"Ermənilər Kəlbəcər rayonuna, xüsusilə, sərhəd tərəfdən heç vaxt gəlməzlər, bu, beynəlxalq qalmaqala səbəb olar." 1993-cü il martın 29-dan 30-a keçən gecə artıq Kəlbəcər üçün böhranlı vəziyyətin son həddində I MAB Laçından çıxıb Kəlbəcərə gəlmək barədə müdafiə naziri D.Rzayevin şifahi əmrini aldı. Lakin çox gec idi. Bu əmri düşmən hücuma başlamamışdan əvvəl vermək lazım idi. Artıq düşmən hakim yüksəklikləri, Murov aşırımına gedən yolu, tuneli tutmuşdu. Eyni zamanda Ermənistan ərazisindən hücuma keçməklə 2-ci cəbhə açmışdı. Mühasirədə qalan briqada və könüllülər heç bir ciddi tədbir görmək iqtidarında deyildi. Əhali təxliyə edilirdi. Könüllülərdən ibarət Kəlbəcər taboru isə darmadağın edilmişdi. 1 tank, 2 PDM və 15 əsgərdən ibarət bircə zirehli dəstə qalmışdı. Nəyin bahasına olursa-olsun, Qamışlı körpüsünü saxlamaq lazım idi. Həmin körpüdən əhali və Laçından gələn briqada da keçməli idi. "Çiçəkli" yüksəkliyini tutmaq barədə baş leytenant M.Quliyevə əmr verdim. Özüm isə leytenantlar Z.Yaqnəliyev və A.Həsənovla, 1 tank, 2 PDM və 30 əsgərlə düşmənin qarşısını alaraq körpünün müdafiəsini təşkil etdim. Aprelin 1-də saat 2-də düşmən üstün qüvvələrlə "Çiçəkli" yüksəkliyini tutsa da, biz əks-hücumla onu geri oturtduq. Həmin gün saat 17.00-da general Zaur Rzayev "Niva"da mənim yanıma gəldi, vəziyyəti soruşdu, müəyyən məsləhətlər verdi. Dövlət katibi Pənah Hüseynov da onun yanında əyləşmişdi. Aprelin 2-də saat 10.30-da düşmən səsucaldan və radiodalğa vasitəsilə bizə təslim olmaq üçün saat 14-dək vaxt verməkləri barədə ultimatum çatdırdı. Mən zabit və əsgərləri son gülləyədək döyüşməyə çağırdım. Həmin gün 14.30-da düşmən "Çiçəkli" yüksəkliyini almağa nail oldu. Nəticədə bizim aşağıda yolda yerləşən qüvvələr mühasirədə qaldı. Yanımda cəmi 10 əsgərlə leytenant Z.Yaqnəliyev və gizir Q.Rəhimov qalmışdı. Leytenant A.Həsənov bir tank, 1 PDM və 10 əsgərlə körpünün o biri tərəfində idi. Biz artıq ya öldürülmək, ya da əsir düşmək təhlükəsində idik . Həmin mühasirədən sonda yalnız bir tapançanın ümidinə qalmaqla çıxmağım, yolda 8 erməni kəşfiyyatçısından necə qurtulmağım əsl bir döyüş hekayəsidir ki, bunu gündəlikdən oxuya bilərsiz. Aprelin 3-ü axşam böyük çətinliklə özümü Toğanaya çatdıraraq orada komanda məntəqəsi təşkil etdim. ...Aprelin 4-ü saat 11-də müdafiə naziri D.Rzayev mənə Laçından salamat çıxmış briqada döyüşçülərindən könüllüləri götürüb düşmən hələ Gəncəni "qrad"dan atəşə tutmamış, şəhərdə və ətraf qəsəbələrdə panika başlanmamış Murov aşırımını ələ keçirmək əmri verdi. Beləliklə, 100 nəfər zabit-əsgər heyəti ilə aprelin 5-də gecə saat 3-də Murov aşırımını düşməndən azad edə bildik. 26 nəfər şəhid oldu, 20 nəfər yaralandı və Gəncə şəhəri erməni təhlükəsindən xilas edildi.

 

İşğal günləri Kəlbəcər İH başçısı və könüllülərdən

ibarət alayın komandiri olmuş İlham Həsənov:

 

- Şahidi olduğum hadisələr çox olduğundan hamısını söyləmək mümkün deyil. Gördüyüm işlərə gəldikdə, əgər Kəlbəcərin xilası üçün bir nəticə verməyibsə, onlardan danışmağa dəyərmi? Ancaq bu gün də vəzifədə oturan bəzi "generalları"mızın məni döyüş bölgəsində qoyub qaçmalarını və əsgərlərinə mövqelərini tərk etmək barədə əmr verən komandirlərin xəyanətini heç unutmadım... Görə biləcəyim tədbir könüllülərdən ibarət keçmiş alayımın bir qrup döyüşçüsü ilə ermənilərə sona qədər müqavimət göstərərək mülki əhalinin mümkün qədər az itki verməsinə çalışmağım olmuşdu.

Ağdərəni qorumağa məsul olan hazırkı MN baş qərargah rəisi general Nəcməddin Sadıqovun başçılıq etdiyi Tərtər briqadası heç bir müqavimət göstərmədən Ağdərəni erməni-rus birləşmələrinə təhvil verməklə Kəlbəcəri yenidən mühasirəyə saldı. Xankəndini və Şuşanı azad etmək üçün ağır itkilərlə ələ keçirdiyimiz yüksəklikləri isə Surət Hüseynovun komandanı olduğu Gəncə korpusunun tabeliyindəki Laçın briqadası cəmi bir-iki gecədə düşmənə təslim etdi. Mövqeləri qoyub qaçmaqla kifayətlənməyən həmin briqada Kəlbəcər ərazisindən Gəncəyə doğru çəkilərkən boş-boşuna atəş açaraq əhali arasında panika yaradırdı. Ancaq onu da deyim ki, bu, Laçın kəndlərini azad etmiş briqada deyildi. O briqadanı dislokasiya adı ilə döyüş bölgəsindən uzaqlaşdırıb yerinə Gəncədən başqa briqada göndərmişdilər. Briqada komandiri Ə.Qənizadə isə hərbi birləşməni başsız qoyaraq aradan çıxmışdı. Köməkçisi isə ona geri çəkilmək əmri verildiyini deyirdi. Mən öz döyüşçülərimlə Qənizadənin briqadasının qarşısını kəsib qaçmamalarını, bizə yardım etməyə borclu olduqlarını tələb etsəm də, onlar dedilər ki, biz öz komandirimizin əmrinə tabeyik.

Bərdə batalyonunun komandiri rəhmətlik Tahir Cəfərov briqadadan ayrılaraq Kəlbəcərin müdafiəsində bizə kömək etmək qərarına gəldi və bizimlə bərabər döyüşə girdi. Nə yazıqlar ki, bu qəhrəman vətən övladı bir neçə əsgəri ilə birlikdə həmin döyüşdə şəhid oldu.

Yadda qalan bir hadisə də o ağır günlərdə baş nazir Pənah Hüseynin(əslində o vaxt P.Hüseyn hələ Dövlət katibi idi-S.L.) bir neçə nazirlə birgə vertolyotla Kəlbəcərə gəlməsi idi.

 

701 saylı I MAB tərkibində tabor

komandiri olmuş Gəray Əsədov:

 

- Kəlbəcərin işğalı birbaşa hakimiyyətin günahı idi. Çünki bu bölgəni müdafiə etmək üçün ən azı iki motoatıcı briqada lazım idi. 701 saylı briqada Laçının şimalında müdafiə mövqeyində dayanırdı. Və artıq Kəlbəcər işğal olunan günlərdə həmin briqadanı Kəlbəcərə dislokasiya etmək ağılsızlıq idi. Birincisi, yollar bərbad vəziyyətdə idi. İkincisi, bütün şəxsi heyət və texnikanı buraya gətirmək uzun vaxt tələb edirdi...

Yadımdadır ki, təxminən 1993-cü ilin fevralında 701 saylı briqadanın komandiri Ə.Qənizadə Tərtərdə yerləşən korpus qərargahına gəldi və korpus komandiri general Nəcməddin Sadıqovdan kömək istədi. General N.Sadıqov üç gün briqada komandirini qəbul etmədi. Nəhayət, üçüncü gün qəbul etdi. Amma polkovnik Ə.Qənizadə qərargahdan çox pərişan çıxdı və dedi ki, o, çox təkəbbürlüdür, onunla danışmaq mümkün deyil. Beləcə korpus komandiri N.Sadıqov Kəlbəcərin müdafiəsi üçün heç bir kömək vermədən briqada komandirini qovmuşdu... Laçın və Kəlbəcərin birlikdə müdafiə xətti 252 km idi. Belə böyük ərazini bir briqada müdafiə edə bilməzdi. Lakin bütün çətinliklərə baxmayaraq briqadamız mümkün qədər az itki ilə Kəlbəcər əhalisinin təxliyəsini təşkil edə bildi...

 

Kəlbəcər taborunun qərargah

rəisi olmuş Balay Nəsibov:

 

- Taborumuz cəmi 470 nəfərlə Ermənistanla sərhəddin Kəlbəcərdəki 120 km-lik hissəsini qorumalı idi. 1993-cü il martın 26-dan ermənilərin aramsız hücumlarına məruz qalırdıq. 25-30 nəfərlik bir zastavamıza düşmənin bütöv bir taboru soxulmuşdu. Say və texnika cəhətdən güclü düşmən qarşısında itki verərək geri çəkilməyə məcbur olduq. Buna rəğmən əhalinin az itki ilə çıxmasına mümkün qədər şərait yaratmağa çalışdıq. 2 zastavamız isə mühasirədə qalaraq yalnız aprelin 7-də böyük çətinliklə düşmən mühasirəsindən çıxa bilmişdi. Beləliklə, 701 saylı briqada təxminən 450, Kəlbəcər taboru isə təxm. 29 şəhid verməklə Kəlbəcər əhalisinin mühasirədə qalaraq Xocalının gününə düşməməsinə nail ola bildik. Akif Kamalın "Əfsanəvi alay və Kəlbəcər batlayonu" kitabında bütün bunlar barədə ətraflı məlumat verilib.

Kəlbəcər döyüşlərndə kəşfiyyat tağımının komandiri olmuş Allahverdi Dönməz (Zamanlı):

- Kəlbəcərin işğalına 2-3 ay qalmış Kəlbəcərdə yerləşən 701 saylı briqadadakı, eyni zamanda həmin briqadanın tərkibindəki 712 saylı batalyondakı təcrübəli döyüşçüləri o vaxtkı Ali Baş Komandan Elçibəydən xəbərsiz, müdafiə naziri R.Qazıyevin əmri ilə ordudan uzaqlaşdırdılar. Həmin vaxt qorxmaz general Zaur Rzayev də komandirlikdən kənarlaşdırıldı. Halbuki Z.Rzayevin əmri ilə biz Xankəndinədək gedib çıxmışdıq...

Kəlbəcərin işğalı günlərində könüllü kimi rəsmi olaraq ordudan uzaqlaşdırılmağıma baxmayaraq bir qrup silahdaşımla birgə əhalinin təxliyə olunduğu Qamışlı körpüsünün qorunması üçün əlimizdən gələni etdik...

Şahidi olduğum bir proses Kəlbəcərin və digər bölgələrimizin işğalına şərait yaradan əsas amillərdən biri oldu. Cəbhə boyu rus təhsilli və rus qafalı zabitlərlə digər könüllülər arasında münasibət sanki qəsdən qızışdırılırdı. Onlara təlqin edilirdi ki, könüllülər sizə mane olur, nizam-intizamı pozur və buna görə də uzaqlaşdırılmalıdırlar. Ordu artıq düşmənin döyüş planlarının qarşısını almaq barədə düşünə bilmir, bu təxribatın içində çabalayırdı. Bu minvalla Kəlbəcərin özünümüdafiə taboru da tam tərksilah edilmişdi. Laçının kəndlərinin yenidən işğal edilməsi və Ağdərədəki təxribatlar Kəlbəcəri tam arxasız qoymuşdu. Sərhəddə isə rus-erməni birləşmələri əmr gözləyirdilər. Kəlbəcər üç tərəfdən mühasirədə idi. Hakimiyyətə can atan qüvvələrin "baş qəhrəmanı" Surət Hüseynovun da fəaliyyəti Kəlbəcərin işğalını tezləşdirdi.

 

Sultan Laçın

 

Həftə içi.- 2014.- 29-31 mart.- S.4.