Pirallahıda səhiyyə xidmətləri yaxşılaşır

 

Bakının ən gənc rayonundakı xəstəxana Avropa standartlarına uyğun yenidən qurulub

 

Bakının sayca 12-ci rayonu olan Pirallahı yeni yaradılan icra strukturu kimi formalaşmaqda və genişlənməkdədir. Belə ki, 2012-ci ilin dekabrında yaradılan bu rayonda təhsil və səhiyyə, mədəniyyət ocaqları və digər xidmət sahələri öz fəaliyyətlərini tədricən gücləndirir. Həmçinin əvvəllər fəaliyyət imkanları xeyli dərəcədə məhdud olan sosial xidmət müəssisələri də yenidən qurulur.

“Həftə içi”nin məlumatına görə, 10 saylı Birləşmiş Şəhər Xəstəxanası da uzun illər baxımsız qalmışdı. Belə ki, tibb müəssisəsinin yerləşdiyi binada texniki təchizat aşağı səviyyədə olduğundan burada xəstələrin qəbulu və müalicəsi üçün normal şərait yox idi. Artıq Pirallahı rayon statusu alandan sonra qəsəbədə böyük abalıq, tikinti və quruculuq işlərinə başlanıldı. Digər sahələrdə olduğu kimi, tibb sahəsinə də ciddi fikir verilib. Artıq xəstəxana binası dövlət səviyyəsində müasir standartlara uyğun əsaslı təmir edildikdən sonra bu ilin fevralında sakinlərin ixtiyarına verilib.

“Həftə içi”nin əməkdaşı olaraq həmin xəstəxanaya üz tutduq. Təxminən 5 hektara yaxın olan səhiyyə müəssisəsinin həyətində təmizlik işləri aparılıb, ərazidə böyük bir park salınıb. Həyətin daxili yolları asfalt örtüklə örtülüb, səkilərə tamet daşlar döşənib. Yaşıllığa qərq olmuş həyət sanki çiçəklərə bələnmiş çölləri xatırladır. Əkilən bəzəkli gül, kol və ağacları, eləcə də yaşıl otlar göz oxşayırdı. Belə bir yaraşıqlı mənzərə hər tərəfi dənizlə əhatə olunmuş Pirallahı qəsəbəsinə xüsusi gözəllik verir. Xəstəxananın həyətində küçə işıqları quraşdırılıb, ərazisi qara dəmir barmaqlıqlarla əhatələnilib. Hasarın çöl tərəfində sıra ilə yolboyu sərv ağacları əkilib. Üç korpusdan ibarət olan üçmərtəbəli xəstəxana binasının xarici divarları aqlay üzlüklərlə üzlənilib. Binanın foyesi və pilləkənlərə də mərmər daşlar döşənilib. Bir sözlə, kənardan xəstəxananın həyətinə tamaşa edən hər kəs bu ərazini yaşıl adaya bənzədir.

 

“Xəstəxana Avropa standartlarına uyğundur”

 

10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimin müavini Həsən Quliyev “Həftə içi”nin əməkdaşı ilə söhbətində bu tibb müəssisəsinin mövcud durumundan danışıb. Onun sözlərinə görə, Avropa standartlarına uyğun təmir olunmuş 60 çarpayılıq xəstəxanada terapiya, doğum, cərrahiyyə, onkologiya və uşaq şöbələri, eləcə də poliklinika şöbəsi fəaliyyət göstərir. Hazırda 22 min əhaliyə xidmət göstərən müəssisə müasir tibb avadanlıqları və dərman preparatları ilə təchiz olunub. Rentgen, ulturasəs, elektrokardioqramma, fizoterepiya aparatları, eləcə də laboratoriyada olan aparatlar, stansionarda olan aparatların hamısı xarici ölkələrdən gətirilib: “Xəstəxanamızda həkimlərin fəaliyyəti, xəstələrin müayinəsi və müalicəsi üçün hər cür şərait yaradılıb. Hazırda bu tibb ocağında 290 nəfət işçi çalışır. Bunlardan 30 nəfəri həkim, 114-ü orta tibb bacısı və yerdə qalanlar isə texniki işçilərdir. Bu personal xəstələrə yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün tam yetərlidir”.

Baş həkimin müavini onu da deyib ki, hazırda xəstəxananın qeydiyyatında 550 nəfər şəkər diabetli xəstələr, 10 nəfər vərəm və 21 nəfər Qarabağ əlilləri, eləcə də 1-ci qrup əlil var. Onun sözlərinə görə, bu xəstələrin hamısı pulsuz dərmanla təmin olunurlar. Üstəlik həmin xəstələr vaxtlı-vaxtında həkim müayinəsindən keçərək müalicə alırlar: “Xəstəxanada dərman təchizatı yaxşıdır. Gündə 3 dəfə xəstələrə yüksək keyfiyyətli isti xörəklər verilir. Xəstəxananın bütün şöbələrinə gün ərzində fasiləsiz olaraq isti və soyuq su verilir”.

 

“On iki min beş yüz adam tibbi müayinədən keçib”

 

Həsən Quliyev sakinlərin pulsuz müayinəsinin bu gün başa çatacağını deyib. Onun sözlərinə görə, indiyədək kampaniya çərçivəsində 10 saylı Birləşmiş Şəhər Xəstəxanasında 12 min 500 nəfər tibb müayinədən keçib. 1244 nəfərdə xəstəlik aşkarlanıb, 1028 nəfər ambulatoriyaya, 216 nəfəri isə stasionar müalicəyə göndərilib: “Ümumilikdə bu ilin 3 ayı ərzində 11624 nəfər xəstə həkimlərimizin qəbulunda olub. 1038 nəfər səhhəti ağır olan xəstələr sahə həkimləri tərəfindən ev şəraitində müayinədən keçərək müalicə edilir, 2966 nəfər 18 yaşına qədər uşaqlar xəstəxanada tibb müayinəsindən keçərək həkimlərimiz tərəfindən müalicə olunurlar. Hazırda 35 xəstə uşaq ev şəraitində həkimlərin nəzarəti altında müalicə alır”.

 

“1007 uşaq peyvənd olunub”

 

Baş həkimin müavini onu da vurğulayıb ki, bu ilin 3 ayı ərzində xəstəxananın doğum şöbəsində 109 nəfət körpə dünyaya gəlib. Onun sözlərinə görə, həmin uşaqlar həkimlər tərəfindən vaxtlı-vaxtında müayinədən keçir və onların sağlamlıqları sahə həkimlərinin ciddi nəzarəti altındadır: “Bu günədək rayonumuzda doğuş zamanı uşaq ölümü hadisəsi qeydə alınmayıb. Çünki azyaşlı uşaqlar vaxtlı-vaxtında peyvənd olunur. Məhz bunun nəticəsidir ki, indiyədək rayonda 1007 uşaq peyvənd edilib. Peyvənd işləri bu gün də mərhələli şəkildə aparılır. Əsas vəzifəmiz pasiyentləri müayinədən keçirmək və onlara tibbi xidmət göstərməkdir”.

Səhiyyə naziri Oqtay Şirəliyevin də dəfələrlə xəstəxanaya baş çəkdiyini, bu sahəyə məsul şəxs kimi öz köməkliyini əsirgəmədiyini deyən baş həkimin müavini Pirallahı rayon rəhbərliyindən də razılıqla danışır. Onun sözlərinə görə, Pirallahı Rayon İcra Hakimiyyəti aparatı yeni formalaşdırılmasına baxmayaraq, səhiyyə xidmətlərinin təşkili sahəsinə xüsusi diqqət və qayğı göstərir.

Xəstəxanada müalicə alan və müayinədən keçən xəstələr də onlara göstərilən tibbi xidmətdən razı qaldıqlarını bildirirlər. Qarabağ müharibəsi veteranı Rəhbər Həsənov adlı xəstə bildirir ki, indiyədək Pirallahıda belə müasir səhiyyə ocağı olmayıb. Onun sözlərinə görə, burada aztəminatlı ailələrə, o cümlədən, Qarabağ əlillərinə yüksək səviyyədə tibbi xidmət göstərilir: “Xəstəxana beynəlxalq tələblərə cavab verən hər cür tibbi aparatları ilə təmin olunub. Analoqu olmayan bir xəstəxanadır. Biz vaxtlı-vaxtında burada müalicə alırıq. Xəstəxananın baş həkimi Ələddin Muxtarov başda olmaqla, bütün tibb işçilərinə öz təşəkkürümüzü bildiririk. Bu həkimlər bizim sağlamlığımızın keşiyində əsl hipokratçı kimi dayanıblar”.

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2014.- 1 may.- S.7.