Torpaq kadastr məlumatları
da elektronlaşır
Bu məlumatların onlayn qaydada verilməsinə hazırlıqlar iyulda başa çatacaq
Bu gün Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) cəmiyyətin prioritet fəaliyyət sahəsinə çevrilib. Bu sahənin prioritet istiqamət kimi önə çəkilməsi torpaqlardan istifadə, geodeziya, xəritəçəkmə sahəsində yaranmış imkanlardan da səmərəli yararlanmağa təkan verib.
Bəs, görəsən,
Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi tərəfindən indiyədək hansı elektron islahatlar həyata keçirilib? Hazırda sözügedən qurum "Elektron hökumət"
portalı vasitəsilə hansı xidmətləri təklif edir?
Dövlət
Torpaq və Xəritəçəkmə
Komitəsinin şöbə müdiri Cavid Abdullayev məsələyə
münasibət bildirərkən deyib ki, həm qurumun
özündə, həm də onun tabeliyindəki
orqanlarda istər İKT
avadanlığının, istərsə də proqram təminatının ən son texnologiyalara uyğun yenilənməsi prosesi
tamamilə yekunlaşıb. Şəbə müdiri
“Həftə içi”nə açıqlamasında yüksək
keyfiyyətli elektron xidmətlərin
göstərilməsinin təmin olunması məqsədilə
Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin və tabeliyində olan
qurumların müasir tələblərə
tam cavab verən
lokal şəbəkələrinin
qurulması işlərinin də başa çatmaq üzrə olduğunu
deyib. Onun sözlərinə
görə, şəbəkənin qurulması zamanı ən
yüksək ötürücülüyə malik
kabellərdən və bütün son texnologiyaları dəstəkləyən
şəbəkə avadanlıqlarından istifadə olunub: “Komitənin rayon
(şəhər) şöbələrinin və tabelikdə olan qurumların regional
bölmələrinin fiber-optik xətt
vasitəsilə vahid internet
şəbəkəsinə qoşulması prosesinə
başlanıb. ESRİ, Bentley və digər
tanınmış brendlərin proqram vasitələrinin
son versiyaları əldə olunub. Şübhəsiz ki,
bu işlərin həyata keçirilməsində
ölkə prezidentinin "Dövlət
orqanlarının elektron xidmətlər
göstərməsinin təşkili sahəsində bəzi tədbirlər
haqqında" fərmanı da mühüm rol oynayıb.
Eyni zaman, komitənin rəsmi internet
informasiya ehtiyatı olan
www.dtxk.gov.az portalında elektron
xidmət bölməsi yaradılıb və göstərilən
xidmətin adı, bu xidmətin göstərilməsi
üçün tələb olunan sənədlərin dəqiq
siyahısı, müvafiq sənədlərin
elektron forması yerləşdirilib.
Hazırda vətəndaşların bu
bölmədən maneəsiz istifadəsi təmin edilib».
9 elektron xidmət vətəndaşların istifadəsinə verilib
Şöbə
müdiri deyib ki, "Mərkəzi icra
hakimiyyəti orqanları tərəfindən konkret
sahələr üzrə elektron xidmətlər
göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin
siyahısı"nın təsdiq edilməsi haqqında"
Nazirlər Kabinetinin 24 noyabr
2011-ci il tarixli qərarına
müvafiq olaraq sözügedən qurumun portalında doqquz
xidmət və həmçinin ayrıca olaraq
komitəyə müraciət forması yerləşdirilib. Cavid Abdullayevin sözlərinə
görə, təmsil etdiyi qurum Nazirlər Kabineti tərəfindən
təsdiqlənən 9 elektron xidmətin
hamısını istifadəyə verib: “Bu xidmətlərin hər biri
«Elektron Hökumət» portalına inteqrasiya edib. Xidmətlərdən
həm fiziki, həm hüquqi
şəxslər, həm də dövlət orqanları yararlana bilərlər. Hər bir
xidmət üzrə inzibati reqlamentlər
hazırlanıb, geniş ictimai
müzakirələrdən sonra təsdiq olunub. Komitənin təqdim etdiyi elektron xidmətlərə
elektron müraciət forması, torpaq kadastr məlumatları
barədə arayışların verilməsi, torpaq
kadastr məlumatlarının
hazırlanması və kadastr xidmətlərinin
göstərilməsi üçün elektron müraciət, geodeziya,
qravimetriya, fotoqrammetriya,
topoqrafiya, mühəndis-geodeziya işləri,
müxtəlif təyinatlı xəritə
və atlasların tərtibatı və nəşri, yerquruluşu işləri, torpaq
tədqiqatı, geobotaniki tədqiqatların
aparılması, bonitirovka xəritələrinin
hazırlanması, torpaq kadastr
xəritələrinin, CİS xəritələrin tərtibi,
ərazi vahidlərinin və inzibati ərazi
dairələrinin xəritələrinin
hazırlanması, bələdiyyələrin xəritələrinin
hazırlanması aiddir. Hazırda komitənin
bir xidməti «ASAN xidmət» mərkəzləri
vasitəsilə də həyata keçirilir.
Bu xidmət torpaq
kadastrı məlumatları barədə arayışların
verilməsidir.
Milli Məkan Məlumatları
infrastrukturu yaradılacaq
Cavid Abdullayev vurğulayıb ki, hazırda komitənin mütəxəssisləri
əlavə xidmətlərin istifadəyə verilməsi
istiqamətində iş aparırlar.
Üstəlik Dövlət Komitəsi bir
sıra təşkilatlarla bərabər Milli
Məkan Məlumatları infrastrukturunun
yaradılması yönündə tədbirlər həyata keçirir: “Milli Məkan Məlumatları infrastukturu - vətəndaşların, təsərrüfat
subyektlərinin, dövlət və bələdiyyə
orqanlarının məkan məlumatlarının
ehtiyatlarına əlçatanlığını, həmçinin
məlumatların istehsalı və istifadəsinin səmərəliliyinin
artırılması məqsədilə onların
ümumistifadəli qlobal informasiya
şəbəkəsində yayımını və
mübadiləsini təmin edən informasiya-telekommunikasiya
sistemidir. Komitə Milli Məkan Məlumatları infrastrukturunun
yaradılması ilə əlaqədar bir
sıra qanunvericilik və institusional
təşəbbüslər hazırlayıb, vahid
elektron kartoqrafik əsas,
zəruri standartlar və geoportalların
hazırlanmasında, yeni nəsil geoxidmətlərin
təqdim olunmasında önəmli addımlar atıb. Yəni,
bu sistem istifadəyə
veriləndən sonra ölkə vətəndaşları
istənilən ərazidə torpaqlarla
bağlı vahid məlumat əldə edə
biləcəklər».
Komitə rəsmisi qeyd edib ki,
hazırda texnoloji imkanlar
məkan məlumatlarının yığılması və
emalının yeni vasitələrinə əsaslanır.
Cavid Abdullayevin sözlərinə görə, ərazidəki
nöqtələrin vəziyyətinin təyini metodları son illərdə peyk
texnologiyaları, lazer skanlaşdırma və
rəqəmli metodlardan istifadə edən
məsafədən zondlamanın tətbiqi ilə əlaqədar
yeni keyfiyyət səviyyəsinə
yüksəlib: «Ərazi geodeziya məlumatlar
bankında geoməkan məlumatlarının
yığılması, yenilənməsi və istifadəsinin
yeni kompyuter
texnologiyaları meydana gəlib. Bu mənada Coğrafi informasiya sistemlərindən (CİS) geniş istifadə olunmağa
başlanıb. Coğrafi informasiya
sistemləri vahid toplu
halına gətirilmiş cədvəl, mətn kartoqrafik xidməti məlumatların, demoqrafik, statistik, torpaq, bələdiyyə, ünvan
və digər informasiyaların analizi üçün nəzərdə tutulmuş çoxfunksiyalı vasitələrdir.
Müxtəlif istiqamətli və təyinatlı CİS-lər
real dünyanın məkan obyektlərinin
xəritələşdirilməsi və analizi
üçün müasir
kompyuter texnologiyalarıdır. Bu texnologiya özündə
verilənlər bazası ilə işləmək üçün sorğu
və statistik analiz kimi ənənəvi əməliyyatlarla xəritənin
təklif etdiyi tam vizualizasiya və məkan analizinin
üstünlüklərini birləşdirir. Hazırda
dövlət ehtiyatlarının iqtisadi
qiymətləndirilməsi və onlardan
istifadənin uçotunun əsasını
təşkil edən torpaq və digər kadastr növlərinin yaradılması və
aparılması problemi kəskinliyi ilə
seçilir. Məlumdur ki,
bu qəbildən olan
işlərin yerinə yetirilməsində CİS-texnologiyalardan
istifadə ən yaxşı vasitədir».
Xatırladaq
ki, Dövlət Torpaq
və Xəritəçəkmə Komitəsi tərəfindən
Avropa İttifaqının maliyyələşdirdiyi
tivninq layihəsi çərçivəsində
dövlət torpaq kadastrı məlumatlarının
qeydiyyatı və kənd/şəhər dövlət torpaq kadastrı məlumat sistemi
sahəsində ilkin olaraq
torpaqların qeydiyyatı
prosesi öyrənilib. Sistemin
Avropa standartlarına uyğun
olaraq texniki
tapşırıq hazırlanıb. Hazırlanmış texniki tapşırıq əsasında
hazırda onlayn rejimində torpaqların
qeydiyyatı işləri Dövlət Torpaq
Kadastr və Monitorinqi
Elm-İstehsalat Mərkəzinin baş ofisində və onun
6 Regional Torpaq
Kadastrı Mərkəzlərində həyata keçirilir.
Sistemin bütün regionlarda tətbiq olunması 2014-cü ilin iyul ayına qədər
başa çatdırılması nəzərdə
tutulub. Bu komponent çərçivəsində
torpaqların qeydiyyatının aparılması üçün yaradılmış 10 moduldan ibarət olan sistemin artıq 6 modulu fəaliyyət
göstərir. Digər modullar isə test rejimində yoxlandıqdan sonra
fəaliyyət göstərəcək. Bu sistem
vasitəsilə gələcəkdə ölkəmizdə fəaliyyət
göstərən elektron hökumət
portalı ilə onlayn əlaqə
yaradılması nəzərdə tutulur ki, bu da
vətəndaşların internet vasitəsi
ilə sözügedən sistemə daxil olmaqla torpaq sahələri
barədə tələb olunan torpaq kadastr məlumatlarını
əldə etmək imkanına şərait yaradılacaq.
Sevinc
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.
Həftə
içi.- 2014.- 2 may.- S.6.