Sığorta-pensiya
sistemində elektron
xidmətlər şəffaflığın
əsas vasitəsidir
İnformasiyanın əldə edilməsi, məlumata
çıxışın təmin olunması müasir
cəmiyyətimizdə ən vacib və mühüm əhəmiyyət kəsb edən
məsələlərdən biridir. Digər tərəfdən, informasiya-kommunikasiya
texnologiyaları (İKT) əsri olan XXI əsrdə
müasir texnologiyalar
həyatımızın bütün sahələrinə
sürətlə daxil olduğundan
və İKT cəmiyyətin inkişafına təsir göstərən
amillərdən biri
sayıldığından müasir
dövrdə innovativ inkişafa nail olmaq üçün İKT-nin tətbiqi başlıca şərtlərdəndir.
Ona görə də müasir standartlara
uyğun avtomatlaşdırılmış pensiya təyinatı,
sığorta-pensiya sisteminin fəaliyyətində müasir
İKT-nin geniş tətbiqinə nail olunması ölkə
prezidenti İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli sərəncamı
ilə təsdiq edilmiş “2009-2015-ci illərdə Azərbaycan
Respublikasında sıgorta-pensiya sisteminin inkişafına dair
Dövlət Proqramı”nın əsas vəzifələri
sırasına daxil edilib. Bu baxımdan həmin proqramın
2.31-ci bəndinə əsasən, Dövlət Sosial Müdafiə
Fondunun (DSMF) aparatı və yerli orqanları arasında
elektron məlumat mübadiləsini təmin edən korporativ
şəbəkənin qurulması, adıçəkilən
fondun fəaliyyətinin avtomatlaşdırılması istiqamətində
görülən işlər təqdirəlayiqdir.
Çünki bu proses DSMF üzrə
kargüzarlığın elektron variantının tətbiqinə
imkan verib. Başqa sözlə, vətəndaşlardan
kağız formasında daxil olmuş müraciətlər də
elektron formata keçirilməklə vətəndaşların
müraciətləri üzrə DSMF-nin aparatı ilə yerli
orqanları arasındakı kağız formada poçt və
ya faks vasitəsilə həyata keçirilən
kargüzarlığın aradan qaldırılmasına və
həmin müraciətlərin daha operativ qaydada
cavablandırılmasına şərait yaradıb. Üstəlik,
sığorta-pensiya sahəsində qəbul olunmuş
normativ-hüquqi aktların icrası əksər hallarda vətəndaşlarla
münasibətdə həyata keçirildiyindən, icra
intizamının daha da möhkəmləndirilməsi
üçün vətəndaşların birbaşa
müraciət imkanlarının genişləndirilməsi
xüsusi diqqət mərkəzində saxlanılır ki, bu məsələdə
sığorta-pensiya sistemi üzrə yaradılmış
elektron xidmətlər mühüm rol oynayır.
Çünki sözügedən xidmətlərin istifadəyə
verilməsi vaxt itkisinin və əlavə xərclərin
qarşısının alınması ilə nəticələnir.
Kürdəmir rayon sakini Rəşad Məmmədov deyir ki,
yaşadığı kənd İmişli rayonunun
yaxınlığında yerləşir. Həmin kənddən
Kürdəmir rayon mərkəzinə avtobus marşrutu
olmadığından yerli sakinlər taksilərin xidmətlərindən
istifadə etmək məcburiyyətində qalırlar: «Kəndimizdən
rayon mərkəzinə 1,5 - 2 saatlıq yoldur. Üstəlik,
bir nəfər üçün gediş haqqı 2
manatdır. Məsafənin uzaqlığı və
gedişhaqqının bahalığı kənd sakinlərinin
həm vaxt itkisi üzləşməsinə, həm də əlavə
xərcə düşməsinə gətirib
çıxarırdı. Amma elektron xidmətlərin istifadəyə
verilməsi sığorta və pensiya məsələləri
ilə əlaqədar rayon mərkəzinə gedənlərin
sayını azaldıb, onların əlavə xərcə
düşməsinin qarşısını alıb, yerli sakinlərin
işlərini xeyli asanlaşdırıb. Əvvəllər kəndimizin
bəzi sakinləri sığorta və pensiya məsələləri
ilə əlaqədar suallara cavab almaq üçün DSMF-nin
Kürdəmir rayon şöbəsinə gedirdilər. Amma “190” nömrəli «Mərkəzləşdirilmiş
Çağrı Sistemi» - müasir
tipli telefon məlumat
xidməti istifadəyə verildikdən sonra
DSMF-nin yerli
şöbəsinə getmədən sığorta-pensiya sistemi ilə bağlı istənilən suala operativ cavab ala bilirik».
Xatırladaq
ki, pensiya yaşı
çatmış vətəndaşlarla və
sığortaedənlərlə DSMF orqanları arasında
münasibətlərin sadələşdirilməsi,
kağız daşıyıcılarından istifadənin, həmçinin
əlavə xərcin və vaxt itkisinin aradan
qaldırılması, sığorta-pensiya sistemində şəffaflığın
təmin olunması və bu şəffaflığın daha da artırılması üçün
DSMF tərəfindən mühüm və
əhəmiyyətli sahələr üzrə tam
elektronlaşdırılma prosesləri həyata keçirilib. Həmin fondun
rəsmi internet səhifəsində
(http://www.sspf.gov.az/eservices və http://www.dsmf.gov.az/eservices) interaktiv və informativ
xidmətlərdən ibarət elektron xidmətlər
bölməsi yaradılıb. Məsələn,
hər bir sığortaolunan
“Pensiyaçı tərəfindən məlumatların əldə
edilməsi” adlı elektron xidmətdən
istifadə etməklə, sosial
sığorta stajı və məcburi dövlət sosial sığortasına cəlb edilən əməkhaqqı
barədə müvafiq məlumatları daxil etməklə pensiya kalkulyatoru vasitəsilə öz pensiyasının məbləği barədə
məlumat ala bilər.
Adıçəkilən
fondun elektron hesabat xidməti də mühüm
əhəmiyyətə malikdir. Həmin
xidmətdən istifadə qaydaları və xüsusi
proqram təminatı DSMF-nin
www.sspf.gov.az və www.e-sspf.gov.az
saytında yerləşdirilib. “Məcburi
dövlət sosial sığortası
üzrə hesabatların (B1, B2) və məcburi dövlət
sosial sığorta haqqı üzrə
sığortaolunanlar haqqında məlumatın (B3) elektron formada qəbulu”
adlı proqramda sığortaedənlərə
təklif olunan elektron
xidmətlər, onlardan istifadə
qaydaları öz əksini tapıb.
Bundan əlavə,
kiçik ödəniş edən,
mühasibatlığı avtomatlaşdırılmamış
torpaq pay mülkiyyətçiləri,
fərdi sahibkarıq fəaliyyəti ilə məşğul olan şəxslərin DSMF-nin
yerli şöbələrində
yaradılmış “Yardım masaları”nın xidmətindən
yararlanmaqla öz
hesabatlarını elektron formada
təqdim etmək imkanı qazanıblar. “Yardım
masaları”nın fəaliyyətinin genişləndirilməsi
isə kiçik ödəniş edən
sığorta edənlər tərəfindən təqdim edilən
elektron hesabatlarının sayını daha da artıracaq.
«Sığortaolunanlar
tərəfindən məlumatların əldə edilməsi”
adlı digər elektron xidmət vasitəsilə
sığortaolunanlar DSMF tərəfindən
açılmış fərdi şəxsi hesablarında əks
olunan pensiya
kapitalı barədə məlumatları əldə edə
bilərlər. Bu xidmət vasitəsilə sığortaolunanın özünün pensiya
kapitalına, yəni özü üçün sosial
sığorta haqlarının vaxtında və tam məbləğdə
köçürülməsinə nəzarət etmək və
gələcəkdə etibarlı pensiya təminatı
əldə etmək imkanını qazanması isə
sığorta-pensiya sistemində şəffaflığın
daha da artmasına gətirib
çıxaracaq. Bu proses
həmçinin işəgötürənlər üzərində
ictimai nəzarətin təşkilinə,
eləcə də yaxın gələcəkdə
avtomatlaşdırılmış pensiya təyinatına
imkan verəcək.
«Elektron Xidmətlər Portalı»nda (www.e-gov.az) DSMF tərəfindən təqdim olunan elektron xidmətlərin
siyahısındakı “Məcburi dövlət sosial
sığorta vəsaitlərinin onlayn
ödənilməsi” xidməti vasitəsilə
sığortaedənlərin məcburi dövlət sosial sığorta vəsaitlərini onlayn ödəmələrinə hər cür
şərait yaradılıb. 2013-cü ildə ‹‹Məcburi
dövlət sosial sığorta
haqlarının onlayn ödənişi››
vasitəsilə 324 min 302 sığortaedən
tərəfindən 560 min 976 ödənişin
həyata keçirilməsi və 31 milyon
manata yaxın məcburi dövlət sosial haqqının
ödənilməsi, həmçinin bu ilin birinci rübü
ərzində bu xidmətdən 131 min 653 nəfərin istifadə etməsi də
məhz sözügedən elektron xidmət
vasitəsilə sığortaedənlər üçün
rahatlığın təmin olunmasının nəticəsidir.
“Sığortaolunanın
onlayn uçota
alınması” adlı elektron xidmət
vasitəsilə sosial sığorta şəhadətnaməsinin
rəsmiləşdirilməsi prosesinin elektron qaydada həyata
keçirilməsi sığorta-pensiya sistemində aparılan
davamlı islahat tədbirlərinin məntiqi
nəticəsidir. Çünki bu xidmət vasitəsilə hər bir sığorta edən öz ofisində kənara
çıxmadan birbaşa elektron
qaydada müraciət etməklə
sığortaolunan üçün sosial sığorta şəhadətnaməsinin
rəsmiləşdirilməsi imkanına malikdir.
Məhz bu sahədə
yüksək keyfiyyətli xidmətin təşkilinin nəticəsidir
ki, təkcə bu il onlayn şəkildə
təqdim olunmuş elektron
müraciət əsasında 12 min 390 fərdi
şəxsi hesab açılaraq sosial sığorta şəhadətnaməsi
rəsmiləşdirilib.
Ümumiyyətlə,
DSMF tərəfindən həyata keçirilən məqsədyönlü
fəaliyyətin nəticəsidir ki, bu gün Azərbaycanın
sığorta-pensiya sistemi müasir
avtomatlaşdırılmış əsaslarla fəaliyyət
göstərir, bu sistem
ölkə əhalisinin 40 faizdən çoxunu
əhatə edir və DSMF-nin
mərkəzi məlumat
bazasında 1 milyon 277 min
nəfər pensiyaçı və 2 milyon
750 min nəfər sığortaolunan barədə
müvafiq məlumatlar toplanıb.
Ancaq qazanılan uğurlara
baxmayaraq, pensiya-sığorta sisteminin daha yüksək templi inkişafını əngəlləyən
bəzi problemlər hələ də mövcuddur.
Söhbət respublikanın əksər kənd
yerlərində, xüsusilə də ucqar
yaşayış massivlərində əhalinin DSMF-nin sığorta-pensiya sistemi
üzrə yaratdığı elektron xidmətlərdən
yararlana bilməməsindən gedir. Çünki
sözügedən yaşayış məntəqələrinin
internetlə təmin edilməsi sahəsində durum qənaətbəxş deyil. Həmin kəndlərdə böyük ərazini əhatə edən
yüksək sürətli WI-FI simsiz internet xidməti yoxdur. Məsələn,
Tərtər rayonunun Seydimli
kəndində 690 ev təsərrüfatı
olsa da, cəmisi 4 evdə
internet var. Həmin evin sakinləri isə internetdən yalnız
müxtəlif video və
aduiomaterialları izləmək, yaxınları ilə
söhbətləşmək və yazışmaq, eləcə
də əyləncə materiallarına baxmaq
üçün istifadə edirlər. Seydimli kənd sakinlərinin 80 faizi
mobil telefon işlətsə
də, mobil internetdən istifadə edən
yaşlı nəslin nümayəndələri demək olar ki yoxdur.
Gənclər isə yalnız sosial şəbəkələrdən
istifadə etmək, musiqilər dinləmək, kliplərə
baxmaq və digər məqsədlər üçün mobil
internetdən yararlanırlar. Bir sözlə, Seydimli kəndində
internetlə təchiz edilmənin aşağı səviyyədə
olması, mobil internetdən və kompüter sistemindən istifadə etməyi və
yeni metodlarla işləməyi
bacaran insanların sayının
azlığı DSMF-nin elektron
xidmətlərindən lazımi səviyyədə istifadə
edilməsinə süni maneə yaradır.
Analoji
acınacaqlı durumun ölkəmizin əksər
kəndlərində yaşanmasına baxmayaraq,
Azərbaycan Respublikası Dövlət Neft
Fondunun maliyyə dəstəyi ilə həyata
keçirilən və ölkəmizdə optik
infrastrukturun genişləndirilməsini nəzərdə
tutan Fiber to Home («evə optika») layihəsi tam icra olunduqdan sonra ucqar kənd yaşayış məntəqələri daxil olmaqla bütün
ölkə ərazisi 10-100 Mbit/saniyə sürətində yüksəksürətli
internetlə təmin ediləcək və genişzolaqlı internet istifadəçilərinin sayı 85
faizə çatacaq ki,
bu da kəndlərdə
DSMF-nin elektron xidmətlərindən,
xüsusilə də sığorta-pensiya sistemində
yaradılmış elektron xidimətlərdən
maksimum səviyyədə istifadə edilməsinə
imkan verəcək.
Qeyd edək ki, elektron
xidmətlərin keyfiyyətinin artırılması və əhatə
dairəsinin genişləndirilməsi istiqamətində
görülən ardıcıl işlərdən biri də əhalinin sığorta-pensiya sistemi və bu sistem üzrə yaradılmış elektron xidmətlər barədə məlumatlandırılmasıdır. Bunun üçün DSMF təkcə
Bakı şəhərində deyil, regionlarda da tədbirlər
həyata keçirir. Əhalinin maarifləndirilməsi
baxımından “DSMF-nin elektron
xidmətləri” adlı regional təqdimat
mərasimləri çox böyük
əhəmiyyətə malikdir. Çünki həmin tədbirlər nəticəsində
ayrı-ayrı rayonlarından olan sığorta
ödəyicilərinə və pensiyaçılara
sığorta-pensiya sistemi, eləcə də
elektron xidmətlər barədə ətraflı
və geniş məlumatlar verilir. Ancaq bütün bunlar
regionların, xüsusilə də kənd sakinlərinin
sığorta-pensiya sistemi və bu sistem üzrə
yaradılmış elektron xidmətlər
barədə tam məlumatlandırılması
üçün yetərli deyil. Söhbət ondan gedir ki, hər hansı bir bölgədə regional
tədbiri il ərzində ən azı
5-6 dəfə keçirmək və yerli
əhalinin böyük əksəriyyətini
həmin tədbirlərə cəlb etmək qeyri-mümkündür.
Ona görə də sığorta-pensiya sistemi, həm bu sistem üzrə yaradılmış, həm də
DSMF-nin digər elektron
xidmətləri barədə ətraflı və
dolğun məlumatların əks olunduğu, eləcə də elektron
xidmətlərdən istifadə qaydalarını öyrədən
əyani vəsaitlərin, məsələn, kitabça
və bukletlərin çap olunması, elektron xidmətlərlə bağlı
videomaterialların yerləşdirildiyi disklərin
hazırlanması, həmçinin onların vətəndaşlara
paylanılması əhalinin maariflənməsində mühüm rol oynayar. Bundan əlavə, regionlarda elektron xidmətlərlə bağlı maarifləndirmənin
əhatə dairəsini genişləndirmək və əhalinin
sözügedən elektron xidmətlər
barədə məlumatlandırılması səviyyəsini
yüksəltmək üçün DSMF
tərəfindən kənd yerlərində mobil
ofislərin, yaxud xüsusi
qrupların yaradılması da məqsədəuyğundur.
İnanırıq
ki, sadalanan problemlərin
həlli, DSMF tərəfindən sığorta-pensiya istiqamətində
görülən işlər və həyata keçiriləcək
ardıcıl və məqsədyönlü tədbirlər
sığorta-pensiya sistemində daha böyük uğurların əldə
olunmasına, qazanılan nailiyyətlər isə dövlətimizin qüdrətlənməsinə,
Azərbaycanın iqtisadi, siyasi
və sosial gücünün
artmasına gətirib çıxaracaq.
Təbriz VƏFALI
Yazı Dövlət Sosial Müdafiə Fondunun “Sığorta-pensiya sistemində elektron xidmətlər şəffaflığın əsas vasitəsidir” mövzusunda elan etdiyi müsabiqəyə təqdim edilir
Həftə içi.- 2014.- 6 may.-
S.7.