Qaraçuxurda park və
xiyabanlar müasirləşir
İxtiyar
Nəcəfov: “Qısa vaxtda bələdiyyənin vəsaiti
hesabına
bir
abidə və iki xiyabanda əsaslı təmir işləri
aparmışıq”
Paytaxtın
ən böyük yaşayış massivlərindən biri
olan Qaraçuxur qəsəbəsində abadlıq, tikinti-bərpa
işləri geniş vüsət alıb. Təkcə son iki
ay ərzində qəsəbə ərazisində yerləşən
“Şəhidlər unudulmur” abidə kompleksi, “Veteranlar
xiyabanı” və “Vətən şəhidləri unudulmur”
abidəsində böyük abadlıq və bərpa işləri
aparılıb.
“Həftə içi”nin əməkdaşı
olaraq bu yenidənqurma
işləri ilə yaxından tanış olmaq
məqsədilə həmin qəsəbəyə baş çəkdik. Əvvəlcə yolumuzu Cəlal Qurbanov
küçəsindəki “Şəhidlər unudulmur”
abidə kompleksindən saldıq. Sakinlərlə söhbətdən
məlum olur ki, bu kompleks uzun
illər baxımsız qalıb. Bu
yaxınlarda isə yerli bələdiyyənin
vəsaiti hesabına həmin kompleksdə əsaslı təmir
və bərpa işləri aparılıb. Təmir-tikinti
işləri zamanı burada çoxlu sayda bəzək
ağacları, kol və güllər əkilib.
Növbəti
ünvanımız isə uzunluğu 2 kilometrdən
çox olan “Veteranlar xiyabanı”dır. Şəhidlər
kompleksində olduğu kimi,
burada da böyük işlər aparılıb və milli üslubda qurulub. Gözəlliyi ilə seçilən bir xiyaban artıq sakinlərin
ixtiyarına verilib. Artıq səhər
saatlarından gecəyə qədər çoxlu
sayda sakin bu abad ərazidə gəzintiyə
çıxıb dincəlir.
Təmizliyə nəzarət güclənib
Yaxınlıqdakı
binada yaşayan Tahir Əhmədov adlı sakin
bildirir ki, hər gün gəlib burada dincəlir,
dostları ilə gəzib əylənirlər. Onun sözlərinə görə, xiyaban uzun müddət idi ki, baxımsız
qaldığından sakinlərin üzünə
bağlanmışdı: “Səkilləri və yolları
sınıb dağılmışdı, yaşıllıqlar
sulanılmadığından tələf olmuşdu.
Küçə işıqları, yox idi. Su xətti
olmadığından ağacları sulanılmırdı. Oturacaqlar sınıq-salxaq idi.
Artıq xiyaban yeniləşib. Aparılan
əsaslı təmir və bərpa işləri xiyabanı daha da gözəlləşdirib”.
Xatırladaq ki, buradakı piyada səkilərinin
bütün daşları dəyişdirilərək
aqlay üzlüklər vurulub.
Xiyabanın daxili yollarına tamet daşlar döşənilib,
küçə işıqları quraşdırılıb.
Sınan oturacaqlar yenisi
ilə əvəzlənib və bütün
skamyalar rənglənib. Xiyabana
gələn mərkəzi yol da asfaltlanıb. Burada həmçinin
Avropa standartlarına uyğun
“söhbətgah”lar quraşdırılıb, su
xətləri çəkilib. Xiyabanda
yaşıllıqlara qulluq göstərilməsi
və təmizliyin qorunması üçün
yeni işçilər, bağban
işə götürülüb. Həmin
işçilər Qaraçuxur bələdiyyənin
vəsaiti hesabına əməkhaqqı alırlar. Bu səbəbdən də parkda
səliqə-sahman özünü
göstərir, lazım olan yerlərə
zibil qutuları qoyulub.
Zibillik meydançası abad xiyabana necə çevrildi?
Xiyabanda istirahət edən bir qrup sakin belə bir şəraitin yaradılmasına görə
Suraxanı Rayon İcra
Hakimiyyətinin başçısı İlqar
Abbasova və Qaraçuxur
bələdiyyəsinin rəhbərliyinə minnətdarlıq
edir, bu qurumların ərazilərin
abadlaşdırılması istiqamətindəki fəaliyyətindən
razılıqlarını ifadə edirlər. Sakinlərdən biri,
80 yaşlı Gülməmməd Qurbanov indi abad xiyabana
çevrilən bu parkın uzun müddət zibillik və
məişət tullantıları meydançasına çevrildiyini xatırladır: “Vaxtilə burada üfunət və natəmizlikdən oturmaq olmurdu. İstirahət
guşəsi tamamilə dağılaraq sıradan
çıxmışdı. Artıq bələdiyyənin vəsaiti
hesabına iki aydan çoxdur ki, burada təmir və bərpa işləri
aparılıb. Xiyaban yenidən qurularaq sakinlərin ixtiyarına verilib. Camaatın istirahəti üçün
hər cür şərait
yaradılıb. Ən başlıcası odur
ki, istirahət guşəsi daim nəzarət altında saxlanılır”.
Əhməd
Mehbalıyev küçəsindəki Böyük
Vətən Müharibəsində həlak olanların xatirəsinə
ucaldılmış və sonradan bütün şəhidlərin adını
daşıyan “Vətən şəhidləri unudulmur”
abidəsinə də baş çəkdik.
Həqiqətən də abidə yerləşən parkda böyük
abalıq və quruculuq işləri
aparılıb. Yaşıl çəmənliklər və əkilən
bəzək ağacları parkı daha da gözəl, füsünkar
edib. “Söhbətgah”lar tamamilə təmir
edilib, oturacaqlar rənglənib.
Daxili yollara mərmər daşlar
döşənilib, səkilər dəyişdirilərək aqlay üzlüklər vurulub,
küçə işıqları quraşdırılıb,
su xətləri çəkilib, abidənin
önündəki çarhovuzun
uçub-dağılan üzlükləri tamamilə dəyişdirilib.
Hər şey Vətən üçün...
Böyük Vətən müharibəsi iştirakçısı,
Bakıdan Berlinədək döyüş
yolu keçmiş 85
yaşlı Müseyib Bağırov
adlı sakin bu
parkın yenidən qurulmasına, abidənin əsaslı
şəkildə təmir olunmasına görə sevindiyini söyləyir. Onun sözlərinə
görə, Qaraçuxurda yaşayan Böyük Vətən
müharibəsi veteranları hər gün
bura toplaşıb birlikdə istirahət edir, müharibə xatirələrindən,
qayğılarından danışırlar: “Parkda
hər cür şərait
yaradılıb. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı
İlqar Abbasov 10
gündən bir bu parka gəlib biz veteranlarla görüşür,
problemlərimizlə maraqlanır. Başçı şəxsən
özü qəsəbəni gəzir mövcud vəziyyətlə tanış olur”.
Qaraçuxur bələdiyyəsinin sədr müavini İxtiyar Nəcəfovla
elə ərazidə iş başında görüşdük. Bələdiyyə sədrinin
müavini Qaraçuxur
qəsəbəsində görülən işlər barədə
“Həftə içi”nin
suallarını da cavablandırıb. O qeyd edir ki,
qəsəbə ərazisində aparılan bütün
abadlıq və tikinti işləri rayon icra hakimiyyətinin
başçısı İlqar Abbasovun tapşırıq və göstərişləri
əsasında baş tutub:
“Qısa vaxtda bələdiyyənin vəsaiti
hesabına bir abidə və iki xiyabanda əsaslı təmir
işləri aparmışıq. Bu ərazilərin
hər birində köhnə komplekslər sökülərək
yerində müasir tələblərə
cavab verən yeni
komplekslər qurulub. Qaraçuxur qəsəbəsindəki
Hacıniski-102 ünvanda yerləşən
məcburi köçkünlər yaşayan
9 mərtəbəli binaların həyətində tikilmiş “Mərasim evi”nin təmir işlərini də bələdiyyənin
vəsaiti hesabına başa
çardırmışıq. Yaxın zamanda
isə Yeni Günəşli qəsəbəsində
“Depark” adlanan istirahət
guşəsində təmir və bərpa işlərinə
başlayacağıq”.
Qələndər Xaçınçaylı
Həftə içi.- 2014.- 7 may.- S.8.