Sürücülər
üçün sms məlumatlar
Yaxın vaxtlarda bu istiqamətdə xidmətlərin sayının artırılması nəzərdə tutulub
Azərbaycanda İKT-nin sürətlə
inkişafı yavaş-yavaş sürücülərin də
işini asanlaşdırır. Məsələn, artıq
Bakıda yollarda tıxac probleminin aradan qaldırılması
məqsədilə 7 “Park-manat" terminal
quraşdırılıb. Bakı Şəhər İcra
Hakimiyyətindən «Həftə içi»nə verilən məlumata
görə, artıq terminallar paytaxtın mərkəzi
küçələrində qurulub. İlin sonuna kimi isə
Bakıya daha 1000 terminal gətiriləcək, bununla da paytaxtda
tıxac problemi aradan qaldırılacaq:
«Burada maraqlı məqam həm də ondan ibarətdir
ki, parka radar quraşdırılan yerlərdə qanunsuz
avtomobil saxlamaq mümkün olmayacaq. Bu qurğular günəş enerjisi ilə işləyəcək.
Yəni, artıq elektrik enerjisinə ehtiyac qalmayacaq. Yerləşdirilən
"Park-manat"lardan sürücülər 1 saatı 1
manatdan nağd və ya eyni məbləği SMS vasitəsi ilə
ödəyə bilərlər. Sürücülər
“Park-manat”dan istifadə etmədiklərinə görə cərimələndikləri
məbləği 1 saat ərzində ödəməzlərsə,
onda cərimə ikiqat artacaq. Belə ki, “Park-manat”lar bir qədər
kənar küçələrdə quraşdırılacaq.
Orada xüsusi geyimli oğlan və qızlar xidmət edəcək.
“Park-manat”lar pulla və kartla işləyəcək, yarım
saatı 50 qəpik olacaq".
Bəs, görəsən, Azərbaycanda sürücülər üçün daha hansı sms xidmətləri nəzərdə tuturlur?
Qeyd edək ki, Azərbaycanda
sürücülərin yol cərimələrinin ödənilməsinin
asanlaşdırılması üçün də əlavə
tədbirlər görüləcək. "Komtec" şirkətindən
«Həftə içi»nə bildiriblər ki, bu ilin
ortalarında Azərbaycanda yol hərəkəti
qaydalarının pozulmasına görə cərimələri
MilliÖn ödəniş terminalları vasitəsilə
ödəmək mümkün olacaq.
Şirkətdən
vurğulanıb ki, kommersiya tərkibli razılaşma
artıq əldə olunub və hazırda layihənin texniki
aspektlərinin həlli üzrə işlər
aparılır.
MilliÖN ödəniş
terminallarında, həmçinin bank kartlarından istifadə
mümkün olacaq ki, bu da xidmətə görə ödəniş
etmək üçün pulları avtomatik köçürməyə
imkan yaradacaq.
Tıxaclar barədə məlumat
almaq mümkün olacaq
Yaxın aylarda həm
də sürücülərin tıxacda qalmaq kimi probleminin
olmayacağı gözlənilir. Belə ki, sürücülər
təmirə görə bağlı və ya nəqliyyat vasitələrinin
məhdudlaşdırıldığı yollar haqqında məlumatı
mobil telefonlarına gələn SMS-lər vasitəsilə əldə
edə biləcəklər. Yəni, sükan arxasında olan
sürücü mobil telefonuna gələn bir SMS-lə
bağlı yola üz tutmayıb, alternativ yollarla hərəkət
etməli olacaq. Tətbiqi bir neçə aya
planlaşdırılan bu sistem sürücülərə həm
vaxt, həm də benzin baxımından qənaət etmək
imkanı verəcək.
Onu da qeyd edək ki,
yaradılan bu sistem sürücülərə yalnız
yolların bağlı olması haqda məlumat verməyəcək.
Sürücələrə onlara gələn SMS-lər vasitəsilə
hansı yol hərəkəti qaydalarını pozduqları
haqda məlumatı da əldə edə biləcəklər.
Respublika Baş
Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri
Kamran Əliyev yeni sistemin sürücülərin xeyrinə
hesablandığı qənaətindədir. O, qəzetimizə
açıqlamasında bildirib ki, bu addım
sürücülərin məsuliyyətini daha da artıracaq.
Onun sözlərinə görə, hətta mobil telefonu olmayan
sürücülər də bu məlumatlardan xəbərdar
olmaq üçün mobil telefon almalı olacaq: «Bu sistemin
işə düşməsi həm sürücülərin
işini asanlaşdıracaq, həm də məsuliyyətini
artıracaq ».
Cərimə protokolu elektron
qaydada tərtib olunacaq
Azərbaycanda yol
polisi və sürücü təmaslarının minimuma endirilməsində
də texnoloji yeniliklər köməyə çatacaq.
Artıq bir sıra yeniliklərin tətbiq olunduğu bu sahədə
2014-cü ilin mart ayında İnzibati Xətalar Məcəlləsinə
edilən dəyişikliklərlə daha bir neçə
yenilik əlavə olunub. Burada mühüm yeniliklərdən
biri ondan ibarətdir ki, qayda pozuntusunun nəzarət
kamerası və ya radar vasitəsilə aşkar edilməsindən
sonra həmin qayda pozuntusuna görə protokol yalnız elektron
qaydada sürücünün iştirakı olmadan tərtib
ediləcək. Yəni belə halda protokolun tərtib
olunması üçün sürücünün DYP
orqanına dəvət olunması, eləcə də
sürücünün qaydanı pozduğu ərazidə
saxlanılaraq bilavasitə DYP əməkdaşı tərəfindən
protokol tərtib olunması birmənalı olaraq qadağan
olunur. Bu yenilikdən sonra inzibati xətaların nəzarət
kameraları və radarlar vasitəsilə aşkarlanaraq rəsmiləşdirilməsi
yalnız mərkəzləşdirilmiş qaydada həyata
keçiriləcək. Başqa sözlə, hətta DYP əməkdaşları
müəyyən yol sahəsində mobil radarlar vasitəsilə
hərəkət sürətini ölçsələr də,
həmin yerdə sürücünü dayandıraraq onun barəsində
protokol tərtib etmək qadağan olunur. Çünki yeni dəyişikliyə
əsasən, bütün nəzarət kameraları və
radar qurğuları Baş Dövlət Yol Polisi İdarəsinin
Mərkəzi İnformasiya Sisteminə inteqrasiya
olunmalıdır.
Məsələni mətbuata
şərh edən yol hərəkəti üzrə ekspert
Ərşad Hüseynov deyib ki, bu yeniliyin həm müsbət,
həm də mənfi mənada maraqlı təcrübi nəticələri
ola bilər: «Müsbət mənada onu gözləmək olar
ki, sürücülərin yerində saxlanılması və
DYP orqanına dəvət edilməsi qadağan ediləndən
sonra sürücü və DYP əməkdaşı
arasında sövdələşmələr minimuma endiriləcək.
Yəni qayda pozuntusu avtomatik rejimdə aşkarlanacaq, daha sonra
sürücünün iştirakı olmadan elektron protokol tərtib
olunaraq rəsmiləşdiriləcək və
sürücünün ünvanına göndəriləcək.
Bu halda qayda pozuntusu rəsmi qeydiyyata düşdüyündən
onun sonrakı gedişi, yəni cərimə tətbiqi
haqqında qərar çıxarılması, müvafiq cərimə
balının tətbiqi qaçılmaz olacaq. Başqa
sözlə, sürücünün «Həsən əminin
qohumu» olması, yaxud DYP əməkdaşına
görüm-baxım etməsi işə yaramayacaq. Yeniliyin mənfi
tərəflərinə gəlincə, nəzarət
kameralarının və radarların faktiki işləmədiyi
hallarda (məsələn, elektrik enerjisi kəsildikdə),
yaxud informasiyanın qəbulu, ötürülməsi və
emalı prosesində problemlər olduqda qayda pozuntuları diqqətdən
kənarda qalacaq. Onu da qeyd edim ki, qayda pozuntusunun avtomatik qeydə
alınması və elektron protokol tərtib olunması hələ
cərimə tətbiqi barədə qərarın
çıxarılması demək deyildir. Elektron protokollar
İnzibati Xətalar Məcəlləsinin 410-1-ci maddəsində
göstərilən qaydada və müddətlərdə
sürücüyə göndəriləcək.
Sürücü həmin protokolu və bildirişi aldıqdan
sonra müvafiq DYP orqanına gələrək inzibati cərimənin
tətbiqi barədə qərarın
çıxarılması prosesində iştirak edə bilər.
Lakin o, üzrlü səbəblər olmadan gəlmədikdə
onun barəsində iştirakı olmadan cərimə tətbiqinə
dair qərar çıxarılacaqdır. Həmin qərar
çıxarıldıqdan sonra tanış olmaq, etirazlar
olduqda şikayət vermək, etirazlar olmadıqda isə icra
edilməsi (cərimənin ödənilməsi)
üçün sürücüyə göndəriləcək».
Ekspert onu da vurğulayıb ki, bu dəyişikliyin gətirdiyi yeniliklərdən biri sürücülərin həm törətdikləri qayda pozuntuları barədə, həm də yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS vasitəsilə məlumatlandırılmasının nəzərdə tutulmasıdır: «Bu işin həyata keçirilməsi 3 orqana- DYP-yə; ASAN xidmətə və Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə həvalə olunub. Son yenilik eyni zamanda, ölkə prezidentinin 11 fevral 2014-cü il tarixli Fərmanı ilə ASAN xidmət mərkəzlərinin səlahiyyətinin genişləndirilməsinə dair göstərişinin icrasını da reallaşdıracaq. Həmin Fərmanda «ASAN ödəniş» sisteminin yaradılması nəzərdə tutulur. Bu sistem inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərarların və xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunan yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinin foto və ya video görüntülərinin vətəndaşların elektron ünvanlarına, mobil telefon nömrələrinə elektron qaydada göndərilməsini; inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra müddətinə nəzarət edilməsini və müddətlərin bitməsi barədə məlumatlandırılmasını; inzibati cərimələrin mobil telefon aparatları vasitəsilə elektron qaydada ödənilməsini təmin etməlidir».
Sevinc
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.
Həftə içi.- 2014.- 13 may.-
S.6.