Əmək müqaviləsi:
gələcəyin təminatı
Ölkəmizdə «Əmək Məcəlləsi»nin
və əməklə bağlı qanunvericilyin
təkmilləşdirilməsi, eləcə də özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafına xüsusi diqqətin ayrılması və
sözügedən iqtisadi sahələrə
dövlət tərəfindən lazmi dəstəyin
göstərilməsi hesabına hər il
çoxsaylı istehsal və emal müəssisələrinin
yaradılması, yeni iş
yerlərinin açılması və daimi
iş yerlərinin çoxalması
iqtisadiyyatın davamlı inkişafında, əhalinin məşğulluq
imkanlarının artmasında mühüm
rol oynayıb. Ancaq bununla
belə, ölkə ərazisində qeyri-leqal
məşğulluq hallarına, əmək müqavilələrinin
bağlanmaması ucbatından əməyin hərraca
çıxarılması, əməyin istismarı və vətəndaşların
əmək hüquqlarının pozulması, həmçinin
əməyin təhlükəsizliyi və istifadəsi ilə
bağlı problemlərə hələ də rast gəlinir. Bu istiqamətdə
apardığımız
araşdırmalar nəticəsində əldə etdiyimiz nəticələri təqdim edirik.
Araşdırmalarımıza
görə, təkcə Bakı şəhərində deyil, respublikamızın ayrı-ayrı
bölgələrində də vətəndaşların qul kimi işlədilməsi
və bunun müqabilində cüzi məbləğdə pul
verilməsi halları mövcuddur. Məsələn,
azyaşlılar küçələrdə və digər
yerlərdə nəqliyyat vasitələrini ya
tamamilə yuyur, ya da onların təkərlərini və
şüşələrini silir, əvəzində
isə 20-50 qəpik, nadir hallarda
1 manat alırlar. Bundan
əlavə, bəzi rayonlarda və
paytaxtın əksər kəndlərində ucuz
işçi qüvvəsindən istifadə
daha geniş
yayılıb. Məsələn, Bakı kəndlərində
bağbançılıqda, bəzi obyektlərin mühafizəsində,
bostan məhsullarının yığımasında, Balakən,
Zaqatala, Şəki və digər rayonlarda qoz-fındıq, badam-püstə və
digər ləpəli meyvələrin toplanmasında, bölgələrdə
əkin sahələrinin suvarılmasında və digər
ağır işlərdə kişilərin əməyindən
istifadə olunur. Günəmuzd işlərdə,
xüsusilə xadiməçilik və xidmətçilik sahəsində,
pambıq, üzüm və digər məhsulların
yığımında isə qadınların xidmətlərindən
istifadə edilir. Bakıda və bölgələrdə
qeydiyyatsız fəaliyyət göstərən mağaza, salon, sex və digərlərində kişilərin
və qadınların xidmətlərindən bəhrələnənlər
çoxdur. Amma əmək
müqaviləsi bağlanmadığından sözügedən
qadınlar və kişilər cüzi məbləğdə
pul alırlar. Qeyd edək ki,
bağlarda, bostan sahələrində
və tarlalarda bəzi məhsulların
yığımı daha çox
yay aylarına təsadüf edir ki, həmin ərəfədə
bəzi bölgələrdə vətəndaşları ilan və əqrəb, Bakının kəndlərində
isə ilan və əqrəblə yanaşı,
qaraqurd adlı hörümçək də
sancır. Bundan başqa, «qul
bazarları» adlanan yerlərdə özlərinə
iş axtaranlar günəmuzd
işləməklə pul qazanmaq
istədikləri üçün onlar daha çox
karxanalarda, tikinti və
xidmət sektorunda
çalışırlar və yay
aylarında onlardan bəziləri də
ilansancmalarına məruz qalırlar. Ancaq əmək müqaviləsi
olmadığından məhsul yığımında iştirak edənlər, eləcə də
tikintidə və karxanada işləmək
üçün «qul
bazarı»ndan gətirilənlər və digər
işçilər ilan, əqrəb və
qaraqurd sancmalarına məruz qalanda, onlara dəyən maddi və mənəvi zərər
ödənilmir. Hətta ölüm
halları baş verdikdə, əmək
müqaviləsi bağlanmadığı üçün
işəgötürən məsuliyyəti öz
üzərinə götürmür. Nəticədə
ilan, əqrəb və qaraqurdun
sancmasından dünyasını dəyişənlərin ailələrinə
kompensasiyaların ödənilməsi mümkünləşmir.
Araşdırmalarımız
zamanı müəyyənləşdirmişik ki, əmək müqavilələrinin
bağlanmasında maraqlı olmayan işəgötürənlər
arasında paytaxtın nəqliyyat sektorunda
sərnişindaşıma xidmətinin yerinə yetirildiyi marşrutları özəlləşdirmiş
sahibkarlar da var. Bir çox marşrutlar üzrə avtobusların
sürücüləri ilə söhbət zamanı öyrənmişik
ki, sahibkarlarla
yalnız işə düzəlmək üçün
müqavilə bağlayan
sürücülərə əməkhaqqları təyin edilməyib.
Onlar marşrutlarda
olduqları müddətdə əldə etdikləri puldan gündəlik planı ödəyirlər.
Gündəlik planı ödədikdən sonra
sürücülərin gündəlik qazancları 10-15 manatdan çox olmur. Ona görə də sürücülər adətən
səhər saat 6:00 radələrindən
gecə 24:00, bəzən də 24:30 radələrinədək
marşrutlarda olduqlarından 5-6 saat yuxu yatırlar. Üstəlik,
nahar və şam
vaxtları ayrılmadığından onlar
bəzən ac qalır, yaxud avtobuslarda yüngülvari yemək yeyirlər. Qrafiklər
üzrə müəyyənləşdirilimiş
avtobuslararası intervalların azlığı üzündən
sürücülər istirahət etməkdən də məhrumdurlar.
Onlar əmək müqavilələrinin
olmaması ücbatından məzuniyyət götürə
bilmirlər. Gündəlik qazanclarından və
iş yerlərindən məhrum olmamaq üçün əmək
və istirahət hüquqlarının pozulması ilə
bağlı marşrutları özəlləşdirlmiş sahibkarlara etiraz və müvafiq dövlət qurumlarına şikayət
edə bilməyən sürücülər yorğunluq,
yuxusuzluq və aclıq üzündən
stressli və əsəbi olurlar.
Ona
görə də günəmuzd əməyə görə əldə
edəcək qazancın ümidinə qalan
sürücülər nəninki özlərinin, hətta sərnişinlərin
təhlükəsizliyi və sağlamlığı barədə
düşünmür, bəzən yol-nəqliyyat
qəzaları törədirlər. Amma zərərçəkmiş
sürücülərə dəyən maddi
və mənəvi zərərə görə təzminatın
ödənilməsi mümkünləşmir. Çünki
əmək müqaviləsi bağlanmadığı üçün onlar hər
hansı bir hüquqi instansiyaya şikayət edə bilmədiklərindən
marşrutları özəlləşdirmiş sahibkarlar məsuliyyətdən kənarda
qalırlar. Xatırladaq ki, «Əmək Məcəlləsi»nin
müvafiq maddələrinə istinadən,
hər kəs həftə ərzində 40 saat
işləyə bilər. Bundan sonra mütləq ən azı 42 saat istirahət etməlidir. Hər iş günündən sonra
isə növbəti iş gününə
qədər ona 12 saat
istirahət verilməlidir. Eyni zamanda vətəndaş ildə 1 dəfə
21 gündən az olmayaraq
ödənişli məzuniyyət götürə bilər. Ancaq əmək müqaviləsi
olmadığından sürücülər və digər
işçilər qanunvericiliyin onlara verdiyi istirahət
hüquqlarından məhrum edilirlər. Bu istiqamətdə
apardığımız araşdırmalara görə, bu günədək əmək müqaviləsinin
olmaması və təhlükəsiz əmək şəraitinin
yaradılmaması üzündən xeyli
müəssisə, idarə və təşkilat cərimələnsə
də, işçinin istirahət hüququnun pozulması ilə bağlı cəzalandırılan
hər hansı bir qurum
olmayıb.
Araşdırmalarımız
zamanı məlum olub ki,
hər il məhkəmələrdə qanunsuz işdən çıxarılma, əməkhaqqının
verilməməsi və ya düzgün
hesablanmaması, qanunsuz işlədilmə
və digər məsələlərlə əlaqədar
yaranmış əmək mübahisələri ilə bağlı yüzlərlə məhkəmə
prosesi keçirilir. Amma əmək müqavilələri bağlamadan işləyənlərin
adlarına əmək kitabçaları
açılmadığından və orada
əmrlər qeyd olunmadığından,
həmin şəxslər məhkəmə proseslərində
pozulmuş hüquqlarını müdafiə
edə bilmirlər.
Araşdırmalarımıza
görə, Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi yanında Dövlət
Əmək Müfəttişliyi Xidməti (DƏMX)
mülkiyyət və təşkilati-hüquqi formasından
asılı olmayaraq idarə, müəssisə
və təşkilatlarda işəgötürənlərin əmək
qanunvericiliyinə əməl edib-etməməsini müəyyənləşdirmək
üçün dövlət nəzarəti
həyata keçirir. Həmin
tədbirlər zamanı aşkarlanan qanun pozuntularının böyük
əksəriyyətini əmək müqavilələrinin
bağlanmaması, yaxud onun
şərtlərinin yerinə yetirilməməsi, əməkhaqqının
hesablanmasındakı və ödənilməsindəki nöqsanlar, işdən qanunsuz
azad edilmə halları təşkil edir. Təkcə bu ilin 1-ci rübündə
ayrı-ayrı müəssisələrdə əmək qanunvericiliyinin pozulması ilə bağlı
3277 fakt aşkar edilib və işəgötürənlər İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun
olaraq müəyyən məbləğlərdə
cərimələniblər. Ayrı-ayrı müəssisələr
üzrə 2951 nəfər işçi
ilə əmək münasibətlərinin əmək
müqaviləsi əsasında rəsmiləşdirilməsi təmin
olunub. Amma görülən tədbirlərə baxmayaraq, işəgötürənlərin
işçilərlə əmək münasibətlərinin
rəsmiləşdirilməsinə biganə münasibətini
dəyişmək hələ də mümkün
olmayıb. Çünki ölkə ərazisində
fəaliyyət göstərən 400 mindən çox
işəgötürənin hamısını yoxlamaq həm vaxt qıtlığı
üzündən mümkün deyil, həm də bunun üçün müfəttiş
çatışmır. Bu gün DƏMX və onun yerli orqanlarında 407 nəfər
çalışır. Ona görə də
sayı kifayət qədər az olan müfəttişlə yalnız 5-6 min müəssisədə dövlət nəzarəti
həyata keçirilir. Bundan
əlavə, Ədliyyə Nazirliyində yaradılmış vahid reyestr xidməti ilə
bağlı əsasnamədə qeyd olunub ki, sahibkarlıq fəaliyyəti
ilə məşğul olan obyektlərdə
il ərzində yalnız bir
dəfə yoxlama aparıla bilər.
DƏMX isə 2-ci dövlət nəzarətini aparmaq üçün
mütləq sözügedən reyestrdən
çıxarış sənədi almalıdır. Əks halda 2-ci yoxlamanı aparmaq
mümkün deyil. Ona görə
də bütün işəgötürənlərə
daimi nəzarət etmək imkanı məhdud
olduğundan aidiyyəti dövlət
qurumlarının həyata keçirdiyi tədbirlər
əmək bazarındakı münasibətlərin tənzimlənməsi,
xüsusilə də əmək müqavilələrinin
bağlanılması, qeyri-leqal məşğulluğun
ləğvi və vətəndaşların əmək
hüquqlarının qorunması üçün
kifayət etmir. Bu səbəbdən də
işəgötürənlər vergilərdən və
DSMF-yə ödəmələrdən yayınmaq, rəhbərlik
etdikləri müəssisələrdə baş
verə biləcək peşə xəstəliklərinə və
istehsalat qəzalarına görə
özlərini məsuliyyətdən azad
etmək və sığortalamaq üçün
hələ də əmək müqaviləsi bağlamaqdan
imtina edirlər. Bəzi hallarda da həm işəgötürənlər,
həm də bəzi işçilər, xüsusilə də
rayonlardan Bakıya işləməyə
gələrək günəmuzd işlərlə məşğul
olanlar vergilərdən və sosial ödəmələrdən yayınmaq üçün əmək müqaviləsi
bağlamırlar.
Araşdırmamamız
nəticəsində məlum olub ki, işçilərin, yaxud
işləməyə hazırlaşanların böyük
əksəriyyəti əmək müqavilələrinin mahiyyəti,
əmək hüquqları barədə ətraflı məlumata
malik deyillər, yaxud
məlumatlanmada maraqlı olmurlar. Bu səbəbdən
də işəgötürənlər işçilərin hüquqi savadsızlığından və məlumatsızlığından
sui-istifadə edirlər. Ona görə də
bu istiqamətdə geniş
təbliğat-təşviqat tədbirlərin həyata
keçirilməsi vacibdir. Bunun üçün
KİV-lər vasitəsilə hüquqi
maarifləndirilmə işləri aparılmalı, müxtəlif
reklam çarxları hazırlanmalı və
telekanallarda yayımlanmalı, qeyri-leqal məşğulluğun fəsadları,
əmək müqavilələri bağlamadan
çalışan işçiləri hansı təhlükələrin
gözləməsi və sair məsələlərlə bağlı ətraflı və hüquqi cəhətdən əsaslandırılmış
tövsiyə xarakterli məlumatları
özündə əks etdirən kitabçalar
və broşuralar hazırlanaraq çap edilməli və onlar
vətəndaşlara paylanılmalıdır. Əhaliyə başa salınmalıdır ki,
hər bir vətəndaşın sosial təminatının gələcəyi
onun öz əlindədir
və bu prosesdə fəal iştirak etmək gələcəkdə sosial hüquqların tam təmin
olunması ilə nəticələnir. Əmək müqaviləsinin
bağlanılması, əməkhaqının
leqallaşdırılması, məcburi dövlət sosial sığorta
haqının vaxtında ödənilməsi hər bir işçinin gələcəkdə
pensiya-müavinət təminatında mühüm
rol oynayır. Çünki
Azərbaycanda əmək pensiyaları vətəndaşın
ödədiyi sosial sığorta
haqları əsasında hesablanır. Amma
əmək müqaviləsi olmayan, leqallaşdırılmış
əməkhaqı almayan və məcburi
dövlət sosial sığorta haqqı
ödəməyən vətəndaşlar gələcəkdə
pensiya təminatı ilə bağlı ciddi problemlər yaşayacaqlar.
Ona görə də qeyri-leqal
əmək fəaliyyəti göstərən işçilərin
öz məşğulluqlarını
leqallaşdırmaları və vergilərə cəlb
olunmaları geniş təbliğ edilməlidir.
Bunlardan əlavə, işçilərlə
qeyri-leqal əmək münasibətləri
həyata keçirən işəgötürənlər barədə
inzibati tədbirlər, həmçinin onlara qarşı cəzalar və cərimələr
sərtləşdiriliməlidir. Eyni zamanda qeyri-formal məşğulluğun
aradan qaldırılması üçün milli qanunvericilik təkmilləşdirilməli, bütün iş yerlərində
həmkarlar ittifaqları yaradılmalıdır.
Təbriz VƏFALI
Vergilər Nazirliyinin “Vergilər”
qəzetinin və Azərbaycan Mətbuat
Şurasının keçirdiyi müsabiqəyə təqdim etmək üçün
Həftə içi.- 2014.- 13 may.-
S.7.