Azərbaycanda elektron
ticarət dövriyyəsi
artıb
Vətəndaşlar internet vasitəsilə daha çox qeyri-ərzaq malları sifariş edirlər
Dövlət Statistika Komitəsi ölkədə aparılan elektron pərakəndə ticarət dövriyyəsinin həcmini açıqlayıb. Komitədən verilən məlumata görə, bu ilin ilk dörd ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-aprel aylarına nisbətən 25,5 faiz artaraq 901,4 min manat təşkil edib. Əhali real vaxt rejimi vasitəsilə sifariş verdikləri istehlak mallarının 80,5 faizini hüquqi, 19,5 faizini fiziki şəxslərin ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 91,1 faizini qeyri-ərzaq malları təşkil edib.
Bəs görəsən,
Azərbaycanda onlayn alış-veriş sərfəlidirmi?
Əgər onlayn alış-veriş
zamanı mübahisəli bir məsələ
yaranarsa, bu necə tənzimlənir?
Əvvəlcə ondan başlayaq ki, onlayn ticarət
anlayışı ilk dəfə
1990-cı ildə meydana
çıxıb. Belə ki, internetin inkişafı ilə online
ticarət anlamı da təbliğ olunmağa başlayır. Dünyada
ilk onlayn mağazalardan biri olan amazon.com bu sahədə
ciddi addım ataraq onlayn alış-verişi
populyarlaşdırır. Artıq adıçəkilən portal indi nəhəng elektron ticarət məkanı və hərracına
çevrilib. Məsələn, hazırda
bu internet mağazada kitab, mətbəx
əşyaları, mobil telefonlar,
kosmetik vasitələrdən tutmuş, hər növ
geyimlərə qədər sifariş etmək
mümkündür. Hətta amazon.som internet
mağazası onlayn kitab
satışı ilə məşğul olan
ən böyük mağaza
sayılır.
Onlayn alış-veriş edənlərin çoxu təyyarə bileti alır
Hazırda
elektron ticarətin dörd forması mövcuddur. Bunlardan biri
şirkətlərarası elektron ticarətdir ki, bu, e-ticarətin
ən məşhur növü sayılır.
Şirkətdaxili və ya şirkətlərarası edilən
bu cür ticarət 1960-cı illərin
əvvəllərindən bəri
istifadə edilməkdədir
və elektron məlumat mübadiləsi
də adlandırılır.
Firmaların elektron formada qurulan iş sifarişləri verməsi, fakturalarını
təmin etməsi və əvəzindən ödəməsi bura aiddir.
Elektron
ticarətin ən çox tanınan növü şirkət-istehlakçı
arası elektron ticarət hesab olunur. Virtual mağaza
proqramları ilə elektron formada bir çox məhsulun birbaşa istehlakçıya satışını
həyata keçirmək
olur. Başqa bir elektron ticarət modeli şirkət-cəmiyyət idarəsi
arası elektron ticarətdir. Cəmiyyətlə şirkətlər arasındakı
lokal şəbəkələr
üzərində edilən
ticarət, rabitə və digər bütün fəaliyyətləri
bu sahəyə aid etmək olar. Müqavilələrin internetdə nəşr
olunması və firmaların elektron formada təklif vermələri ilk nümunələri
meydana gətirir.
E-ticarətin yayılmasını dəstəkləmək
məqsədilə cəmiyyətin
vergi ödənişləri,
gömrük işləri
də virtual dünyaya
daşınmaqdadır. Digər onlayn ticarət növünə isə istehlakçı-dövlət idarəsi
arası elektron ticarət daxildir. E-dövlət vasitəsilə
inkişaf edən bu kateqoriyada səlahiyyət, pasport müraciətləri, ictimai
təhlükəsizlik mükafatları
ilə vergi ödənişləri və
digər xidmətlər
insanlara təqdim edilməkdədir.
Yeri
gəlmişkən, aparılan
araşdırmalara görə,
onlayn alış-veriş
edənlərin ən
çox satın aldığı məhsul
qrupu 31.2 faizlə təyyarə biletləri,
tətil səyahətləri
və otel rezervasiyalarıdır. Onlayn alış-verişdə ikinci
yeri isə elektronik avadanlıqlar, eləcə də kompüter və digər texnoloji avadanlıqlar tutur. Üçüncü yerdə isə
geyim aksessuarları, kitab və kosmetika
məhsulları qərarlaşıb.
Amma internet üzərindən
maşın, motosiklet
və ev
bəyənənlər də
az deyil. Bizdə o qədər də inkişaf etməsə də, inkişaf etmiş ölkələrdə
kirayə evlər belə internetlə tutulur.
Azərbaycanda
isə onlayn alış-veriş o qədər
dəbdə olmasa da, ixtisaslaşmış mağazalar mövcuddur. Məsələn, yerli veb-məkanda
alış-veriş saytları
arasında yalnız kişilər üçün
(trendy.az), yalnız qadınlar
üçün (9ay.az) və
yaxud da yalnız uşaqlar
(tutu.az) üçün fəaliyyət
göstərən onlayn
alış-veriş saytları
da mövcuddur. Tezbazar.az, bazarlıq.com, bazarolsun.com, bizimmarket.com,
ekskluziv.az, quqqu.com, eniqma.az, torg.az, florist.az, shop.az, topshop.az,
aromat.az və bu kimi onlarla saytların
səhifələrində isə
müxtəlif növdə
mallar təklif olunur. Bu saytlarda təklif olunan mallar əsasən geyimlər, elektronika malları, ev əşyaları, mətbəx
avadanlıqları, aksessuarlar,
gəlinliklər, qızıl
və gümüş
əşyalar, şirniyyat,
bəzi növ dərmanlar, məlhəmlər,
ətirlər, kosmetika,
kitablar, disklər, ev, maşın və daşınmaz əmlak, uşaq əşyaları, musiqi alətləri, velosiped və bu tipdən
bir çox əşyalardır.
Əgər məhsul ünvana
çatmazsa…
Məsələyə
münasibət açıqlayan
Azərbaycan İnternet
Forumunun prezidenti Osman Gündüz «Həftə içi»nə
bildirib ki, digər ölkələrlə
müqayisədə ölkəmizdə
elektron ticarət ilkin inkişaf dövrünü yaşayır. Onun sözlərinə görə, bu sahədə müəyyən
qanunvericilik bazası yaradılsa da, malların çatdırılması
ilə bağlı infrastruktur sistemi hələ tam formalaşmayıb:
“Azərbaycanda bu gün elektron ticarət üçün
tələbat var. Çünki
biz dünyaya inteqrasiya
edirik, insanlar dünyaya çıxırlar
və inkişaf edən iqtisadiyyat yeni xidmətlər tələb edir. Amma burada bir məsələ
var ki, informasiya
mədəniyyəti onlayn
ticarətə mane olur.
Yəni etiraf edək ki, bizim insanlar
nağdı görüb
almağa üstünlük
verirlər. Əslində Azərbaycanda elektron ticarət sürətli inkişaf edə bilər. Avropadakı sanballı mağazalar
artıq Bakıda da var. Onlayn ticarətə də ehtiyac var. Şəxsən
mən istəyirəm
ki, mağazadan bir şey alım,
poçtla mənə
gətirsinlər. Amma infrastrukturla
bağlı tələblər,
informasiya mədəniyyəti,
vergi məsələsi
bu sahənin ciddi inkişafını bir qədər ləngidir”.
Ekspert
onu da vurğulayıb
ki, Azərbaycanda banklar elektron ticarət zəncirində
öz yerlərini tam tutmaq üçün
“internet bankinq” sistemini
genişləndirməlidirlər. Osman Gündüzün fikrincə, bu prosesdə internet resursu,
bank hesabı və
real şirkət əsas
özüllərdir: “Çünki
kimsə saytda ödəniş edəndə
bankda haqq-hesab çürüdülməlidir. “İnternet bankinq” sistemi müştəriyə öz
hesabına tez nəzarət etməyə
imkan yaradır, bankda hesabı olan şirkət də rahatca hesabına yatmış məbləği görə
bilir. Ona görə də
bu sistemin genişləndirilməsinə zərurət
var”.
Osman
Gündüz həmçinin
ölkədə ixtisaslaşmış
müəyyən internet mağazaların
olması ilə yanaşı, Azərbaycandan
kənarda da məhz azərbaycanlıların
yaratdığı internet mağazaların
olduğunu söyləyib. O hesab edir ki,
bu mağazalarda dil menyusu tərkibinə
Azərbaycan dili də daxildir. Lakin ölkə daxilində internet mağazalar
şəbəkəsi hələ
ki, kifayət qədər inkişaf etməyib: “Təbii ki, bunun üçün
zamana ehtiyac var. Yəni qanunvericilik bazası təkmilləşdirilməklə
yanaşı, həm də insanların düşüncə tərzi
dəyişməlidir».
Ekspert
onu da qeyd
edib ki, hazırda mövcud qanun bu sahədə
fəaliyyət göstərən
sahibkarın və bu xidmətdən yararlanan insanların hüququnu müəyyən
qədər müdafiə
edir. Osman Gündüzün
sözlərinə görə,
10 may 2005-ci il tarixində qəbul olunmuş “Elektron ticarət haqqında" qanunda elektron ticarətin təşkilindən,
həyata keçirilməsindən,
qanunvericiliyin şərtlərindən
və bu şərtlərin pozulduğu
halda sahibkarın daşıdığı məsuliyyətdən
bəhs edilir. Onun fikrincə, onlayn alış-veriş zamanı
mübahisəli bir məsələ yaranarsa, ödəmədə və
malın keyfiyyətində
bir narazılıq olarsa, bu qanunla
tənzimlənir. Məsələn,
elektron ticarət barədə qanunun 11-ci və 13-cü maddələrində
bildirilir ki, sahibkar alıcıya və səlahiyyətli orqanlara yanlış məlumat verdiyinə görə qanunda nəzərdə tutulduğu
formada məsuliyyət
daşıyır: “Yəni
veb alış-veriş
deyib istədiyini edə bilməzsən, bu sahədə fəaliyyət göstərmək
istəyirsənsə qanunlara
əməl etməlisən.
Məhsulun ünvana çatdırılması
zamanı yaranan hər hansı problemə görə də məsuliyyəti sahibkar daşıyır.
Əgər məhsul ünvana
çatmazsa, alıcının
məhsul üçün
öncədən ödədiyi
məbləği sahibkar
ödəyir».
Sevinc
Bu yazı Azərbaycan
Respublikası Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.
Həftə içi.- 2014.-
14 may.- S.6.