Dərbənddən
yazılan xatirələr
…Azərbaycanın tarixi sərhədi Dəmir Qapı Dərbənddə qaldı
(Əvvəli ötən sayımızda)
… Yolumuz
tarixən Dəmir Qapı Dərbənd kimi
tanınan, qədim dövrlərdən üzü
bəri Azərbaycanın şimal
qapısı sayılan Dərbənd şəhərinədir.
Avadandan bura təxminən
10 kilometr yol olar. Yenicə təmirdən
çıxmış, şüşə kimi
asfalt yolun hər iki tərəfində müasir
kənd və qəsəbələr yerləşir. Yeri gəlmişkən, kəndlərin adı
əks olunan lövhələr kiril hərfləri ilə
yazılmışıdı deyə, bir az nostaljiyə qapanırdıq. Çünki yaxın keçmişdə bu əlifba həm də bizim
idi…
Dərbəndə qaladan baxaq
Avtomobil şəhərə yaxınlaşdıqca Qafqaz dağlarının şərq hissəsi
olan Çalqan silsiləsinin
ətəyində – Xəzər sahilində, şimaldan
cənuba doğru uzunsov
şəkildə yerləşən böyük
Dərbənd şəhərinin mənzərəsi
canlanırdı. Şəhərin tarixi çox qədimdir, bəzi mənbələrdə eramızdan əvvəl 7-ci əsrdə
burada yaşayış məntəqəsinin
olması barədə xəbərlər var.
Ona görə də şəhərin daha qədim hissəsində yerləşən
bir-iki qatlı yaşayış evləri
olduğu kimi
saxlanılıb, yeni tikililər isə adətən
ətraf ərazilərdə tikilir. Məsələn,
şəhərin cənub və şimal ətraflarında
çox sayda 9-12 mərtəbəli
yeni binalar
ucaldılıb və proses davam etdirilir.
Bizi öz
maşını ilə Dərbəndi gəzməyə aparan Rəşid adlı yerli,
əslində özü avtobus
sürücüsüdür və Dərbənddən
Rusiyanın iri şəhərlərinə
və əksinə sərnişin daşıyır. Haranı
görmək istədiyimizi soruşdu, cavab verdik ki,
«əgər bura Dəmir Qapı Dərbənddirsə,
elə onun qalasından başlayaq».
Rəşid də bu cavabı gözləyirmiş
kimi, «qala çox yüksəkdədir, oradan
baxanda bütün
şəhəri görəcəksiniz» deyib
maşının səmtini çevirdi birbaşa qalaya.
Əzəmətli Narınqala
Əsl adı
Narınqala olan, amma el arasında daha çox Dərbənd qalası kimi tanınan müdafiə-istehkam tikilisi şəhərin
günçıxanında - xeyli yüksək
olan dağın zirvəsində yerləşirdi.
Hazırda üç tərəfdən
şəhərlə əhatə olunan
yüksəkliyə qalxan yol
isə xeyli yoxuş idi. Üstəlik, qalanın dağın ətəyindən
start götürən «pilləkənlərlə
qalxmaq çətin olar»
deyən Rəşid maşını birbaşa
cənub darvazasının qarşısına sürdü.
Saysız-hesabsız turistlərin arasından keçərək
bayır darvazadan geniş
həyətə girdik.
Girişdə bir neçə nəfər vardı: biri qalanın tarixini əks
etdirən kitablar, suvenerlər
satırdı, digərləri isə qollarının
üstündə ağ göyərçin
oturdaraq turistləri şəkil çəkdirməyə
həvəsləndirirdilər. Maraqlıdır, bizim tərəflərdə tarixən şahin quşları bu cür qol üzərində
gəzdirilərdi. Amma orada
məlum oldu ki,
göyərçinlər sülh rəmzi
olduqları üçün qalanın məqsəd-məramlarına
uyğun seçilib.
Geniş həyət günçıxan tərəfdə
hündür divarla əhatələnmişdi.
Günbatan tərəfdə isə böyük saray kompleksi və onun
altında daxili həyətə
açılan qədim, dəmirlə işlənmiş
qalın və ağır darvazası olan
əzəmətli «arka» yerləşirdi. «Arka»nın içinə gün
işığı düşmədiyi üçün
divarların, ayaq altına döşənmiş
daşların rəngi və forması adama
qədim dövrdə yaşadığını
xatırladırdı. Divarlara vurulan böyük lövhədə
Qalanın tarixindən, tikilməsinin məqsədindən və
sair söz açılırdı.
Yanda isə divarın içinə
açılan kiçik otaq
kassa kimi fəaliyyət
göstərirdi və burada turistlərə
bilet satılır, eləcə də
qalanı gəzdirmək üçün
bələdçi təklif olunurdu.
Daxili həyətə açılan yolun
başlanğıcında buz kimi soyuq suyu
olan qədim bulaq, onun yanında isə üzəri dəmir
barmaqlıqla bağlanmış dar, amma çox dərin quyu vardı. Yeri gəlmişkən,
quyu da öz
dərinliyində maraqlı inanc gizlədir. Belə ki, ora gələn turistlər ürəklərində
arzu tutur və quyuya istədikləri qədər pul atırlar (daha çox dəmir pullar –
V.T.). Həyətin bir qədər
yuxarısında ikinci etiqad
yeri də var.
Buradakı böyük bir
ağacın bütün budaqlarına əski
parçaları ilə bağlanıb. Deyirlər, insanlar ürəklərində arzu tutub bu
addımı atırlar…
Bir az aralıda isə
küncdə günbəzvari damı olan kiçik tikili vardı.
Üzərinə vurulan lövhədə
yazılanlara görə, bu, qalanı
içməli su ilə təmin edən
anbardır. Bir vaxtlar qala yadellilərin mühasirəsinə
düşəndə məhz həmin anbara
toplanmış su adamların köməyinə
çatırmış.
Dədə Qorqudun uyuduğu məkan
Bu yerdə bir qədər
qalanın tarixindən söz açaq. Yazılı mənbələrə
əsasən, ərazidə hələ eramızdan əvvəl
3-sü minillikdə yaşayış olub.
2600 il əvvəl isə Midiya
dövlətinin "Kaspi
qapısı" kimi qeyd
edilən şimal sərhəd məntəqəsi
rolunu oynayıb. Sonralar
ayrı-ayrı qaynaqlarda "Xəzər
qapısı", "Alban
qapısı", "Hun keçidi",
"Qafqaz qapısı", "Dərbənd
qapısı" kimi adlar
daşımış bu keçidin
qədim dövrdə və orta əsrlərdə
böyük hərbi-strateji əhəmiyyəti
olub.
Hunların
Avropanın yarısını fəth etdikləri V əsrdə
onlara qarşı yaradılan Dərbənd
səddi Dərbənd qalası və Dağbarıdan ibarətdir.
Narınqalanın cənub-şərq
bucağından başlayan Dağbarı
meşəlik və yarğanlı keçilməz dağlarla qərbə – Qafqaz
dağlarının zirvə, düz və
keçidlərinə doğru
uzanırdı. Bu nəhəng
istehkamın qalıqlarının uzunluğu
hazırda 40 kilometrdən çoxdur.
Onun quruluşu az qüvvə ilə böyük
qoşun hissələrinin
hücumlarının qarşısını kəsməyə
imkan verirdi.
Dərbənd
qalası ilkin orta əsrlərin
Azərbaycan istehkam tikintisinin
şah əsəri sayılır. İnşaat texnikasının yüksək səviyyəsinə,
rəngarəng relyefə uyğun
planlaşma-məkan quruluşuna,
memarlıq kütlələri, biçimlərinin emosional təsir gücünə görə Dərbənd şəhəri tikinti
və şəhərsalma sənətimizin uğuru
olub. Dəmirqapı Dərbənd – el içində bu adla tanınmağın bir
səbəbi onun hərbi-strateji
baxımdan çox məsuliyyətli bir yerdə keçidi qapayan iki paralel
divar arasında yaranmış möhkəm
qapı şəhər olması idi. El yaddaşında, eləcə də səyyahların
yol yazılarında Dərbənd Dədə
Qorqudun basdırıldığı
müqəddəs yer kimi
də anılır.
Gizli dəfinə
1971-ci ildən etibarən
Dərbənd ərazisində aparılan arxeoloji
qazıntılar bu qədim şəhərin
iqtisadi həyatına dair
mənbələrin məlumatlarını tamamlayır.
Qazıntılar nəticəsində iki
hissədən – içqala (indiki Narınqala – V.T.) və şəhərin
özündən ibarət olan orta əsrlər Dərbəndinin strukturu müəyyən edilib.
Dərbəndin müdafıə istehkamları
kompleksində Narınqala içqalası xüsusi
yer tutub
İçqalanın mədəni təbəqələrinin ümumi qalınlığı 10 metrə
çatır. İçqalanın şimal-qərb hissəsində
orta əsr xan
sarayı kompleksinə aid ümumi
sahəsi 85 kvadratmetr olan
4 bina aşkarlanıb. Çoxlu
ocaq və təndirlər, daş özüllər üzərində
yaxşı qalmış buruqvarı oyma
naxışlarla bəzədilmiş ağac
sütunlar, bişmiş
kərpicdən dekorativ oymalı kvadrat sütun üzə
çıxarılıb. Beşinci komplekslə bağlı təbəqədən
XI-XII əsrlərə aid çoxlu
şirli və şirsiz
keramika, memarlıq detalları,
şüşə və metal məmulat, o cümlədən şüşə bilərziklər,
gözəl naxışlanmış xırda sümük
məmulatlar, bəzək şeyləri və silahlar,
içərisində bəzi hallarda Çin möhürlərinə oxşar möhürləri olan
yüksək keyfiyyətli çini fincan və piyalələr seçilən gətirilmə
mallar tapılıb.
Böyük istehkam
Qalanın daxili həyəti çox
böyük əraziyə malikdir.
Hətta belə demək mümkündürsə, dövrünün Azərbaycana aid ən iri müdafiə-istehkam
məqsədli tikilisidir. Bütün
həyət istirahət parkını xatırladır. Hər
tərəf yaşıllıqlara bürünüb.
Amma turistlərin gəzməsi asan olsun deyən
yaşıllıqlar arasında daş
plitələr döşənmiş dar yollar salınıb.
Bizə
bələdçilik edən Nübar və
onun həyat yoldaşı Əli ilə
qalının hər tərfini gəzə bildik.
Şərq divarlarındakı bürclərdə bir nqeçə yerdə iri
durbinlər quraşdırılmışdı ki,ö turistlər onunla Dərbənd
şəhərinin gözəl mənzərəsini seyr edə
bilsinlər. Yeri gəlmişkən,
qalanın şərq divarlarından başlayaraq
dənizə uzanan iki
hündür və möhkəm sədd mövcud olub ki, indi də onun bir hissəsi Dərbənd
şəhərinin evləri arasında
varlığını qoruyub saxlayıb.
Qərb divarlarının arxası isə yaşıl meşələrlə
örtülmüş dağları qaladan ayıran çox dərin
dərədən ibarətdir. Divarın
yaxınlığında – həyətdə isə üzəri
böyük günbəzlə
örtülən təxminən 10-15 metr
dərinliyi olan bir
neçə zaldan ibarət yeraltı tikili mövcuddur. Bir-birinə
keçidi olan
zalların dövrünün həbsxanası
və ya əsgər kazarması olduğu düşünülür.
Eksponatlar
qorunur
Qalada zəngin
eksponatlarla dolu iki muzey var. Muzeylərdən biri bağlı olsa da, qarşısına qoyulmuş iki top turistlərin marağını
çəkir. Digər muzey
isə qalanın şərqində – içqalaya
əsas giriş darvazasının üzərində
yerləşir. İki
qatdan ibarət qədim otaqlarda yaradılmış muzeydə
təxminən 3-4 min il yaşı olan gil qablar,
müxtəlif dövrlərə
aid silahlar, geyim əşyaları, zinət
nümunələri, hətta
18-19-cu əsrlərə aid portretlər, fortopiano və digər çalğı alətləri
nümayiş etdirilir.
Narınqalanı
tamamilə gəzəndən
sonra payi-piyada yol aldın enişli küçəylə
şəhərə. Hələ də sovet nişanələrinin
saxlanıldığı Dərbənddə
Leninin, Karl Marksın,
Engelsin adına küçələr var. Üstəlik,
onların abidələrinə
də rast gəlmək mümkündür.
Təsadüfən şəhərin mərkəzinə hərəkət
etdiyimiz küçə
məhz Leninin adını daşıyırdı.
Əslində, şəhər zahiri görünüşünə
və infrastrukturuna görə tipik Azərbaycan şəhərlərinə
çox bənzəyirdi.
Mərkəzdə kolxozbazarı vardı
– dörd bir tərəfdən ətrafını
da satlıq mallarını səkilərədək
sərgiləyən kiçik
dükanlar. Bakıda
addımbaşı nəzərəçarpan
valyutadəyişmə məntəqələrinə
rast gəlinmir, əvəzində isə
10-15 il əvvəl
bizdə olduğu kimi, əllərində bəzi ölkələrinin
əsginazlarını tutan
bir neçə işbaz camaatın qarşısında ora-bura
qaçırdı. Bəzən isə
bizi təmiz Azərbaycan dilində danışan satıcılar
sevindirirdi. Nə
qədər olmasa da, tarixi şəhərimizdə
hələ də mövcud olmağımız
bizi qürurlandırırdı…
Şəhər
mədəniyyət evinin
həyətində salınmış
kiçik, köhnə
və nisbətən baxımsız, əsl sovet dövrünü xatırladan parka yollandıq. Hər tərəfdə gənclər
qaynaşırdı. Birtəhər boş oturacaq tapıb oturduq. Təmizliyə fikir verilmirdi
deyə. Zibil qabları
aşıb-daşırdı, oturacaqların qarşısında
isə tum qabıqları qalaqlanmışdı.
Bu da gün
ərzində yerin süpürülmədiyini göstərirdi.
Buna baxmayaraq, şəhər
də, onun park və bağları da, insanları kimi doğma təsir bağışlayırdı…
Vüsal
Tağıbəyli
Bakı-Avadan-Dərbənd-Bakı
P.S. … Dağıstanı tərk edib Azərbycana qayıdarkən elektrik qatarında çox düşündüm: sərhədə
doğru gedirəm, amma əsl sərhədimiz
şimalda, bir neçə gündür
qarış-qarış gəzdiyim
Dərbənddə qaldı.
Nə yaxşı ki, mənəvi dünyamızda tikanlı
məftillərə yer
yoxdur, yoxsa qalada qalan soydaşlarımızı
birdəfəlik itirərdik…
Vüsal
Tağıbəyli
Həftə içi.- 2014.-
15 may.- S.4.