Şuşanın
işğalına səbəb olmuş
ilginc faktlar - 7
şahidin dili ilə
... Şuşanın
işğalından 22 il ötsə də, hələ əsasən
könüllü döyüşçülər tərəfindən
4 ilə yaxın müdafiə olunmuş bu qala şəhərin
bircə gündə düşmənə təhvil verilməsinin
səbəbləri tam aydınlaşmayıb.
”Şuşanın işğalı ərəfəsində
nələrin şahidi oldunuz və şəhərin müdafiəsi
üçün bir vəzifə sahibi, komandir, zabit, yaxud
sıravi döyüşçü kimi nə edə bildiniz”
sualını da Azərbaycana sağalmaz yara vurmuş həmin
işğalın 7 şahidinə bir sıra qaranlıq məqamlara
işıq salmaq üçün ünvanladıq...
1992-ci il martın 6-dan mayın 18-dək prezident səlahiyyətlərini icra etmiş Yaqub Məmmədov:
”Nizami Bəhmənov
A.Mütəllibova dedi ki, Şuşanı Yaqub Məmmədovu
yıxmaq üçün qəsdən verdilər...”
-1992-ci
ilin mart-may aylarında Azərbaycanda dövlət büdcəsində
kifayət qədər vəsait, nizami ordu və vahid
komandanlıq və s. olmasa da, bütün imkanlarımdan
istifadə edərək var gücümlə
Şuşanın və digər ərazilərimizin
işğalının qarşısını almağa çalışmışam. Mayın
4-də Müdafiə Şurasının iclasını
çağırıb torpaqlarımızın müdafiəsi
üçün mümkün tədbirləri görmək istiqamətində
ciddi tapşırıqlar verdim... Belə gərgin bir şəraitdə
münaqişəni siyasi yolla həll etmək və heç
olmasa, vaxt udmaq üçün İranın vasitəçilik
təklifini qəbul etdim. Biz Türkiyə və Rusiyanın
da bu prosesdə iştirakına çalışsaq da, onlar
buna maraq göstərmədilər. Mayın 6-7-də Tehran
danışıqlarında Rusiyanın xarici işlər naziri
Kozırev də iştirak etməyə söz versə də,
gəlmədi...
Xülasə, Levon
Ter-Petrosyanla münaqişənin sülh yolu ilə həlli
ilə bağlı sənəd imzalanandan sonra mayın 8-i səhər
biz Tehran hava limanına gələndə xəbər verdilər
ki, ermənilər Şuşaya hücum edib. Dərhal İran
prezidenti Rəfsəncaniyə xəbər göndərdim ki,
belə bir məlumat veriblər, bu nə deməkdir. O da
bildirdi ki, bu ola bilməz, danışıqlar indicə bitib,
siz narahat olmayın, Ter- Petrosyanla məsələni
aydınlaşdırıb sizə məlumat verəcəm və
ondan təcili tədbir görməsini tələb edəcəm.
Mayın 8-i gündüz saat 2-3 radələrində Bakıya
gəlib təkrar Rəfsəncani ilə danışdım. O dedi,
Petrosyanla danışmışam, and-aman edir ki, bu hücum
planından xəbəri olmayıb. Tehran bəyanat verdi və Petrosyanı qınadı. Sonra
Buşa, Yeltsinə və Dəmirələ də zəng edib
etirazımı bildirdim, ermənilərə qarşı sərt
tədbirlər görülməsini tələb etdim...
Həmin gün MN Baş Qərargah rəisi Şahin
Musayev dedi ki, Şuşanın işğalından söhbət
gedə bilməz, bu məlumatlar tam yalandır və əhali
arasında təşviş yaratmaq üçün
yayılır, ancaq ağır döyüşlər gedir. R.Qazıyevi tapmadım, dedilər, cəbhə
bölgəsinə gedib. Daha dəqiq məlumat almaq
üçün MTN Şuşa şöbəsinin
Quliyev soyadlı rəisi ilə danışdım. Cavab verdi ki, “kolxozstroy” və “benzinkalonka”
yaxınlığında döyüşlər gedir, amma
Şuşada ağır texnika-zad qalmayıb,
hamısını çıxarıblar. Nizami Bəhmənovun
rayonda olub-olmadığını soruşdum, dedi ki, neçə
gün idi ki, harasa getmişdi, indi qayıdıb gəlib. Nizamini
tapdılar və o da dedi ki, ağır döyüşlər
gedir, ermənilər Şuşanın bir hissəsini ələ
keçiriblər, amma şəhər tam işğal
olunmayıb. Gecə saat 2-də isə Afiyəddin Cəlilov zəng
etdi ki, artıq Şuşa işğal
olunub. Təcili Müdafiə
Şurasının iclasını çağırdım.
R. Qazıyev gəlib çıxmadı. Ş.Musayev isə
yenə də dedi ki, Şuşanın işğal
olunmasıyla bağlı informasiyalar yalandır... Gecə saat
4 radələrində birtəhər Rəhimi tapdım, o da mənə
dedi, yalan deyirlər, Şuşa bizdədir,
bu dəqiqə Yevlaxa gedirəm və ordan da Ağdama gedib bir
saat sonra sizə dəqiq məlumat verəcəm. Dedim, onda gəl Yevlaxa, bir yerdə gedək
Ağdama. Saat 5-də özüm təyyarə
ilə Yevlaxa getdim. Şahin Musayev deyirdi
ki, aviasiyanı qaldırmışıq, gedib erməni
mövqelərini bombardman edirlər. Gördüm ki,
vertolyotlar da , təyyarələr də
yerindədi, heç birini qaldırmayıblar havaya. Dedilər ki, biz heç bir əmr
almamışıq. Rəhimi soruşdum.
Dedilər, burda idi, Ağdama getdi. Getdim
Ağdama, məlum oldu ki, Rəhim gedib Gəncəyə.
Ağdamda bütün batalyon komandirlərini toplayıb müşavirə
keçirdim...
O vaxt R.Qazıyevin adını çəkən yox idi.
Hamı Elburus Orucovu qınayırdı ki,
komandir o idi, texnikanı və canlı qüvvəni də məhz
o çıxararaq Şuşanı köməksiz qoyub.
E.Orucov isə istintaqda dedi ki, batalyonların heç biri mənə
tabe olmurdu, hərə öz bildiyin edirdi. Onu da qeyd edim ki, birmənalı
şəkildə deyirəm, Şuşanın
işğalında o zaman MN Baş Qərargah rəisi olan
Şahin Musayevin də böyük günahı var. Ən
azı, ona görə ki, o, ölkə rəhbərliyinə
yalan məlumatlar vermişdi...
Mayın 12-də elə şərait
yarandı ki, Ali Sovetdə Ayaz Mütəllibov və Nizami Bəhmənovla
birlikdə söhbət etdim. Nizami Bəhmənov
qayıtdı ki, Ayaz müəllim, Xocalı faciəsini
törətdilər, səni yıxmaq üçün,
Şuşanı da Yaqub Məmmədovu yıxmaq
üçün qəsdən verdilər. Sonra A.Mütəllibov
çıxıb getdi, ancaq Nizami Bəhmənov qaldı və
Şuşanın işğalı barədə əhatəli
məlumat verdi. O dəqiqə baş
prokuror Murad Babayevə zəng elədim ki, Nizami Bəhmənovun
ifadəsini al və dərhal cinayət işi
qaldırılsın. M.Babayev elə də edib cinayət
işi başlatmışdı, amma iki gün sonra hakimiyyət
dəyişdi və AXC bu işləri açmağa imkan vermədi…Yəni,
aləm qarışdı və Şuşa
yaddan çıxdı...
1992-ci
ilin martından 1993-cü ilin fevralınadək müdafiə
naziri olmuş Rəhim Qazıyev:
“Səfər Əbiyev 12 tankı və 100-ə
yaxın əsgəri Zəngilan-Qubadlı yolunda qoyub
qaçmışdı...”
- 1992-ci il martın 18-dən Yaqub Məmmədovun
fərmanı ilə müdafiə naziri təyin olunmuşam.
1992-ci il aprelin 22-də hazırda general
olan Elbrus Orucovu briqada komandiri təyin edib təxminən 120 əsgərlə
Şuşaya göndərdim. Aprelin 29-30-da isə
mən Şəkidə Rusiya müdafiə naziri
P.Qraçovla keçmiş sovet qoşunlarının Azərbaycandan
çıxarılması barədə ilk protokolu
imzaladım. Həmin günlər briqada
komandiri Elbrus Orucov icazəsiz döyüş mövqelərini
tərk edərək Naxçıvana gedib. Bunu hazırda
“Bakı-Xəbər” qəzetinin baş redaktoru, o dövrdə
Naxçıvan Ali Soveti aparatında
çalışmış Aydın Quliyev təsdiqləyə
bilər... Mayın əvvəlində Şuşa
və Laçın ərazisindən müxtəlif siyasi
qruplara məxsus 4000-dən çox əlisilahlı hakimiyyətə
gəlmək məqsədilə Bakıya
çağırıldı. Bütün bunlara rəğmən
mən əlimdən gələni edərək
işğalın qarşısını almağa
çalışırdım... Mayın 7-də axşam saat
8-də E.Orucov mənə zəng etdi ki, kəşfiyyat məlumatı
almışıq: ermənilər ayın 8-də hücuma
keçəcək. Həmin günlər Y.Məmmədov
Tehranda ermənilərlə sülh danışıqları
aparırdı. Ona görə də E.Orucova cavab verdim
ki, ola bilər, bu,
danışıqları pozmaq üçün
dezinformasiyadır, kəşfiyyat məlumatını dəqiqləşdir,
ancaq bütün müdafiə tədbirlərini gör. O dedi
ki, icazə verin, qabaqlayıcı zərbələr vurum. Mən
bir daha dedim ki, dəqiqləşdir, sonra... Bundan
sonra mayın 8-i səhər saat 5-ədək bizim rabitəmiz
kəsilib. E.Orucov həmin cavabımı bəhanə
edib məhkəmədə ifadə verib ki, Rəhim Qazıyev
mənə düşmənə qabaqlayıcı zərbə
vurmağa imkan verməyib. Amma E.Orucov özü
Şuşanın müdafiəsini möhkəmləndirmək
üçün tabeliyində olan zabitlərə heç bir
döyüş tapşırığı verməyib. Xankəndi-Şuşa yolunun minadan təmizlənməsi
haqqında isə ona demişəm ki, ATƏT-in nümayəndələrinin
gəlişi gözlənilir, gəlsələr, mən sizə
xəbər verəcəm. Mən deməmişəm
ki, minaları təmizləyin. Amma E.Orucov
mənim əmrim olmadan Şuşa-Xankəndi yolundan
minaları təmizlədib və sonra da əmrsiz
döyüş bölgəsini tərk edib. Çox
suallar ortaya çıxır: Necə olur ki, erməni
hücumuna 1 saat yarım qalmış komandirin icazəsi ilə
777 saylı h/h-dən 25 nəfər Bakıya məzuniyyətə
göndərilir? Cinayət işində 777 saylı hh-nin
baş çavuşu Sədirzadə Rövşənin ifadəsində
deyilir ki, mayın 7-də qumbaratanları anbara
yığdılar və heç kəsə vermədilər,
texnikanı azaltmışdılar, avtomatların nişangahını
çıxarmışdılar... Əlvan Kərimovun ifadəsinə
görə, mayın 8-i gecə - Şuşaya hücum
başlandığı vaxt 777 saylı h/h-nin komandiri
Elçin Məmmmədov o dərəcədə sərxoş
olub ki, onu səhər saat 6-dək yuxudan oyada bilməyiblər...
Şuşanın
işğalından sonra şəhəri yenidən geri almaq məqsədilə
bacardığımız qədər texnika və silah əldə
etdik. Mayın 8-də Bərdədə olan Şuşanın
sabiq rəisi Vahid Bayramov mənə zəng edib ki, yanımda
208 nəfər var, silahımız yoxdur. Mən də
böyük çətinliklə Rusiyanın Gəncədəki
23-cü diviziyasından pulla 208 avtomat və pulemyot
aldırıb göndərmişəm. Ancaq V.Bayramov həmin
208 nəfərlə Laçından o tərəfə
keçməyib. Etibar Məmmədovun Qəbələdən
gətirdiyi 165 nəfərlik könüllü tələbə
dəstəsini də silahla təmin etmişik, nəticəsi
olmayıb. Rusiyanın Cəlilabad
yaxınlığındakı Göytəpə bazasından
tam saz vəziyyətdə 10 tank və 10 PDM almışam.
Onlar öz “xod”u ilə dəmiryoladək gəlib. Sonra da qatar
vasitəsilə sabiq nazir polkovnik Səfər Əbiyevin rəhbərliyi
və 100 əsgərin müşayiəti ilə Zəngilana
gətirilib. Orada məlum olub ki, həmin maşınların
8-də elektrik naqilləri kəsildiyindən işə
düşmürlər. Onda əmr verdim ki, qalan 12 texnikanı
aparın Şuşa-Laçın istqamətinə. Mayın
12-də Səfər Əbiyev həmin əsgər və
texnikaları Qubadlı-Zəngilan yolunda qoyub qaçıb. Onun haqqında cinayət işi açılıb,
yarımçıq qalıb... Şuşa və
Laçının işğalı barədə hadisələri
dəqiq öyrənmək üçün 1994-2000-ci illərdə
həmin işğalla bağlı mənim müttəhim kimi
iştirakımla keçirilmiş məhkəmə prosesində
araşdırılmış 11 min səhifəlik cinayət
işinə və yotube-də yerləşdirilmiş 100
seriyalıq videoyazıya baxmaq lazımdır...
Şuşa Ərazi Özünümüdafiə
taborunun komandiri olmuş Fəxrəddin Səfərov:
”Bizi Şuşadan şayiə və panika
gücünə aldadıb çıxardılar...”
-1992-ci ilin aprelində Elbrus Orucovun briqada
komandiri təyin edilərək Şuşaya göndərilməsindən
sonra Şuşanı müdafiə edən qüvvələr
arasında bir çaşqınlıq yarandı. Müdafiə nazirinin əmri ilə
Şuşa ərazi özünümüdafiə batalyonunun və
digər hh-lərin ləğv edilərək briqada tabeliyinə
verilməsini döyüşçülər qəbul edə
bilmirdi. Aprelin 22-də Şuşada MN əməkdaşı
polkovnik-leytenant Məhərrəm Cahangirov E.Orucovu briqada
komandiri kimi döyüşçülərə təqdim
etdi. Elçin Məmmədovun komandiri olduğu 777 saylı
h/h-nin döyüşçüləri E.Orucova tabe olmaqdan
imtina etdilər. Və demək olar ki, 777 saylı hh
Şuşa işğal olunanadək E.Orucova tabe olmadı...
Aprelin 29-da ermənilər
müxtəlif istiqamətlərdən Şuşanın kəndlərinə
hücuma keçdilər. O döyüşdə rəhmətlik
Milli Qəhrəman Ramiz Qənbərov da bizə köməyə
gəldi və o da ağır yaralandı. Yanındakı
üç əsgərimiz və bizim batalyondan Kamil Bəşirov
isə şəhid oldu. Biz isə 11 erməni quldurunu məhv
etdik. Aprelin 30-da Ramiz Qənbərov xəstəxanada həlak
olduqdan sonra onun ətrafındakı bir çox
döyüşçülər bir növ ruhdan düşərək
Şuşanı tərk etdilər...
Mayın
7-i gecə saat 02.20-də ermənilərin aramsız artilleriya
atəşi başladı. Kazarmamız vurulmuş, divarın
bir tərəfi uçub tokülmüşdü. Təxminən
120 nəfərə yaxın əsgər silahlandı. Saat
05.05-də briqada komandirinin müavini rəhmətlik Tofiq
Oğuz zəng edib dedi
ki, təcili “tar sexi” sahəsinə gedin. Tar sexinə 5 dəqiqə
gec çatsaydıq, ermənilər oranı tutub
hamımızı məhv edəcəkdi. Saat yarımdan
çox ağır döyüş getdi. Əvvəlcə
erməniləri geri otuzdurduq. Bu zaman onlar havaya siqnal
şarları buraxdılar və tanklar bizim mövqeləri
vurmağa başladı. Xeyli əsgərimiz şəhid oldu.
Özüm də ayağımdan yüngül yaralandım.
Mayın 8-də saat 10-11 arası E.Orucov bizim mövqelərə
gəldi. Onunla birgə “qrad” qurğusunu axtarmağa getdik, tapa
bilmədik. Onu da deyim ki, batalyon qərargahının
vurulmasına baxmayaraq, mayın 8-i səhər bizim aşpazlar
gündəlik menyuya uyğun mannı sıyığı,
günorta isə borş və bozbaş bişirmişdi. Yəni,
bizim Şuşanı tərk etmək fikrimiz yox idi. Sadəcə, axşam saat 6-7-də,
döyüşün qızğın çağında icra
hakimiyyətinin bir nümayəndəsi gəlib dedi ki, əmr
gəlib, şəhəri müvəqqəti tərk etmək
lazımdı. Azərbaycan təyyarələri,
yandırıcı bombalar atacaq ki, erməni qüvvələri
geri çəkilsin. Biz çıxmaq istəmədik...
“Zastav” deyilən yerə gəlib başçı Nizami Bəhmənovu
gördüm, ayağım yaralı olduğu
üçün o, məni təkidlə maşına əyləşdirdi.
Ancaq sonra dözə bilməyib, yenidən tar sexinə
qayıtdım. Oraya çatmağıma 40-50 m qalmış
vertolyotlarımız gəlib öz mövqelərimizi, o
cümlədən tar sexini bombaladı. Buna səbəb isə
E.Orucovun Bakıya səhv məlumat verməsi idi. O, yanımda
böyük çətinliklə Bakı ilə əlaqə
yaradaraq dedi ki, Şuşanın kənarındakı
mövqelər vurulsun. Dərhal ona başa saldım ki, şəhərdən
kənar mövqelər bizim mövqelərdir. Təəssüf
ki, o yenidən MN ilə əlaqə yarada bilmədi. Və
vertolyotlar gəlib özümüzü bombaladı. Nəticədə
mənim də 16 əsgərim yaralandı və şəhid
oldu.... Təyyarəmiz isə Vaqifin məqbərəsinin və
Türmənin yanına iki adi bomba atıb uçub getdi. Bu
minvalla batalyon axşam saat 8-ə 10 dəqiqə qalanadək
vuruşdu. Bizə dedilər ki, Zarıslı kəndinə
yığışıb, orada Bakıdan gələn köməklə
birgə yenidən Şuşaya hücum edəcəyik. Ancaq
artıq gec idi...
Birincisi, əslində
biz ermənilərlə yox, Rusiya ordusu ilə
döyüşürdük. Deyərdim ki,
Şuşada bizimlə döyüşənlər arasında
erməni görmədim, əksəriyyəti indiki Amerika əsgərlərinin
formasına oxşar forma geyinmiş rus əsgərləri idi.
İkincisi də, mən bunu əminliklə deyirəm: bizi
Şuşadan təxribat və şayiələr gücünə,
aldadıb şıxardılar...
Müharibə dövründə Şuşa
türməsinin rəisi olmuş Aydın Abbasov:
“Əmr gəldi ki, təyyarələrimiz
Şuşaya yandırıcı bomba atacaq, şəhərdən
müvəqqəti çıxmaq lazımdı...”
-Mayın 7-si gecə artilleriya
Şuşanı vurmağa başladı. Saat 5-də artıq avtomat
atışması başladı. İş yerimə gəldim.
Türmənin 3,5-4 m hündürlüyündə 2 m-ə
yaxın qalınlığı olan hasarının bir hissəsini
tank mərmiləri dağıtmışdı. Biz orada
müdafiə tədbirlərini əvvəlcədən
görmüşdük. ...Artıq məhbuslar da
qapıları döyürdülər. Onlara da dedim ki, zərurət
olsa, biz sizi buraxacağıq. Müəssisə növbətçisinin
köməkçisini əvəz edən Gündüz Səmədov
hasara qalxıb, durbinlə müşahidə aparan zaman səhlənkarlığından
snayper onu başından vurdu, xəstəxanaya
çatmamış həlak oldu. Buna baxmayaraq
qalan əməkdaşlar müəssisəni cəsarətlə
müdafiə etməyə başladılar . Ermənilərin
hasarın çölündən içərisinə
atdığı qumbaralardan birinin qəlpələri baş əməliyyat
müvəkkili Qasımov Qənbəri qarın nahiyəsindən
ağır yaraladı və o da xəstəxanaya
çatmamış həlak oldu. Vəziyyətin getdikcə gərginləşdiyini
görüb türmədəki 36 dustağı buraxdım.
Onları sıraya düzüb dedim ki, sizə inanıb sizi
buraxırıq... Düşməndən müdafiə
üçün türmə əməkdaşlarına
kömək edin, biz sonadək döyüşməliyik.
Dustaqlar da fəal şəkildə ermənilərdən
müdafiə olunmağa kömək etməyə
başladılar. Bu zaman türmənin damı mərmi
zərbələrindən yanmağa başladı.
Ukraynalı 60 yaşlı dustaq İqor Melnik digər
yoldaşları ilə birgə cəld dama qalxıb
yanğını söndürdü. Sonra isə həmin
İ.Melnik damda pulemyot quraraq xeyli ermənini məhv etdi.
Döyüş gedə-gedə mən bir neçə dəfə
icra hakimiyyətindəki Müdafiə Qərargahına və
briqada qərargahına baş çəkdim. Briqadada heç
kəsi tapa bilmədim. İcra başçısı Nizami Bəhmənovla
görüşüb türmədəki vəziyyəti məruzə
etdim. Sonra Şuşa prokuroru Nadir Quliyevə dustaqları
buraxmağım barədə məlumat verdim. Türmənin
əməkdaşıarı və dustaqların düşmənlə
ölüm-dirim savaşında xeyli ermənini məhv
etdiyimiz bir vaxtda əmr gəldi ki, bizim təyyarələr
qalxıb Şuşa yaxınlığındakı erməni
qüvvələrinə yandırıcıı bombalar atacaq,
ona görə də biz bir az geri çəkilməliyik.
Biz də vuruşa-vuruşa geri çəkildik. Beləliklə,
panika şəraitində silahlı qüvvələr və əhali
şəhəri tərk etdi...
Şuşa Ərazi Özünümüdafiə
taborunun sıravi döyüşçüsü Cahid Ələkbərov:
”Elbrus Orucov yalandan dedi ki, ermənilər
Kosaları tutub...”
-Mayın 6-dan Şuşada əsgərləri
kütləvi şəkildə məzuniyyətə
buraxmağa başladılar. Mayın
7-si evdə idim, postdan qayıdıb dincəlirdim. Gecə
atışmanı eşidib türmə ətrafına getdim,
döyüşə girdik. Laçın alayından
“Cümü” ləqəbli Cümşüd də 7-8
döyüşçü ilə köməyə gəldi.
Bunun özü bizə xeyli ruh verdi. Orada bir neçə saat
döyüşdən sonra xəbər gəldi ki, tar sexi ərazisinə
kömək lazımdı. Bir qrup döyüşçü ilə
oraya getdik. Onu deyim ki, Şuşaya hücum edənlərin əksəriyyəti
rus idi. Biz eşidirdik ki, öz aralarında rusca
danışır və bizi söyürlər. Elə bil ki,
1000 rusun qabağında 3-4 erməni bələdçi kimi gəlirdi...
Gündüz saat 2-3 radələrində mən tank mərmisinin
qəlpələri ilə ağır yaralandım.
Yadımdadır ki, məni tar sexindən çıxaranda
“zapravka”-nın yanında briqada komandiri E.Orucovu gördük.
O dedi ki, Kosalar işğal olundu. Halbuki, orada
döyüşmüş Mehman və Ziyəddin adlı
döyüşçülər deyir ki, Kosalar hələ
mayın 9-u da bizdə olub. Və mayın 8-i
düşmən Şuşanı tutandan sonra Kosalara hücuma
keçib. Deməli, E.Orucov kimilər döyüşənlərin
ruhunu qırmaq üçün qəsdən panika
yayırmışlar...
Mayın
8-də Şuşada olmuş üç tankdan birinin
sürücü-mexaniki Ədalət Əhmədov:
“T-72 tankını Kirs
dağından aşağı yuvarladım...”
-1992-ci il martın 8-də əlahiddə
tank batalyonundan bir vzvod cəmi 3 T-72 tankla Şuşaya gəldik.
Rəhmətlik Albert Araqunov da bizimlə idi.
Elə həmin gün Xankəndindəki 366-cı alaydan
Şuşanı atəşə tutdular, biz cavab atəşi
açaraq onları susdurduq... Mayın 7-də mən
öz tankımla Kiçik Kirs zirvəsində idim. Yanımda bir “qrad” qurğusu da var idi. Şuşa polis dəstəsi və müxtəlif
bölgələrdən polislər də orada idi.
Axşama yaxın artıq ermənilərin fəallığı
hiss olunurdu. Kirsdən hər şey aydın
görünürdü. Onlar Daşaltı
tərəfdən Laçına gedən yolu tam nəzarətə
götürüb bizim qüvvələri mühasirəyə
salmaq istəyirdilər. Biz buna imkan vermədik.
Düşmənlər Şuşa ətrafında
böyük itki verdilər. Səhər saat
10-da bizə xəbər gəldi ki, ermənilər bizdən təxm.
1 km yuxarıda Nail Kazımovun dəstəsi olan
mövqeyə hücum edirlər. Mən
tankı yuxarı qaldırdım. Ordan erməniləri
qovduq. Amma bizdən də çox həlak
olan və yaralanan oldu. Artıq tankımda
atəş açan İsmayıl da, yanımızdakı
“qrad” atanlar da yaralanmışdı. Məcbur
olub oradakı polislər arasında bir neçə tankdan atəş
aça bilənini tapdım. Komandir E.Orucov ratsiya ilə
dedi ki, nə qədər mərmi varsa, atın ermənilərə
tərəf. Saat 4-5 olardı, ermənilərin
iki vertolyotu gəldi, biz onları zenit pulemyotu ilə atdıq,
uçub getdilər. Həmin vaxt Albertin tankının
komandiri Ağababa ratsiya ilə dedi ki, Alberti vurdular. Ondan sonra da biz xeyli vuruşduq. Və
bütün slah-sursatımız bitəndən sonra əmr
verildi ki, çıxın. Artıq Böyük Kirs ermənilərdə , yolların çoxu
onların nəzarətində idi. Ona görə biz məcbur
olub “qrad”ı da, T-72 tankını da sıradan
çıxarıb dağdan yuvarladıq ki, düşmən əlinə
keçməsin... Rəhmətlik Rövşən Cavadovun dəstəsi
Turşsu tərəfdən ermənilərin
qarşısını kəsərək bizim mühasirəyə
düşməyimizə imkan vermədi və məndən
başqa polis və könüllülərdən ibarət 10
nəfər piyada Turşsuya gəldik...
Şuşa
Ərazi Özünümüdafiə Taborunun qərargah rəisi
olmuş Yavər Hüseyn:
”Şuşadan çıxmaq barədə heç bir əmr
eşitməmişəm...”
- Səhv etmirəmsə, aprelin 30-da briqada komandiri
E.Orucov hərbi komandirlərin iştirakı ilə
Şuşada müşavirə keçirdi. E.Orucovla aramızda mübahisə
yarandı. Dedim ki, düşmən Xocalını ətraf kəndləri
alıb və Şuşanı tutmağı
planlaşdırır. Odur ki, vaxtında qabaqlayıcı tədbirlər
görmək lazımdır. Belə tədbirlər isə
gözə görünmür. Briqada komandiri isə cavab verdi
ki, mən yenicə gəlmişəm, tədbirlər
görüləcək... Hadisələr isə göstərdi
ki, Şuşanın müdafiəsi üçün
güclü qabaqlayıcı tədbirlər görülmədi.
Amma belə tədbirlərin görülməsi
üçün kifayət qədər canlı qüvvə,
texnika, silah-sursat da yox idi. Texnikalar nasaz vəziyyətdə
idi. Hər bir döyüşçünün özünə
məxsus silahı yox idi. 200-dən çox
döyüşçüsü olan batalyonda cəmi 80 avtomat
var idi. Silah əldə etmək üçün bir dəfə
internat məktəbdəki qərargaha getdim. Cəmi 3 ədəd
sandıqçası olan avtomat tapa bildim, qalanların
sandıqçası yox idi. Döyüşən qüvvələr
pərən-pərən düşmüşdü. Kim nə
vaxt istəyir, onda gəlirdi. Yəni, ermənilərin
rusların köməyi ilə Xankəndində
topladığı qüvvənin qarşısını
Şuşadakı mövcud qüvvələrlə almaq
praktiki olaraq qeyri-mümkün idi. Nəticədə mayın
7-dən 8-ə keçən gecə düşmən
hücuma başlayanda biz, demək olar ki, hazırlıqsız
vəziyyətdə idik. Yalnız işğaldan sonra bildim ki,
mayın 7-də briqada rəhbərliyi Şuşaya hücum
olacağı barədə kəşfiyyat məlumatına
malik olub, ancaq heç bir qabaqlayıcı tədbir görməyib.
Bütün bunlara rəğmən Şuşada
döyüşən oğullarımız bir sutkaya yaxın
duruş gıtirə bildi. Hətta türmə istiqamətində
düşmən geri oturduldu. Mən də tar sexi və
türmə tərəfdə vuruşurdum. Şəxsən
batalyonun qərargah rəisi kimi şəhərdən
çıxmaq barədə rəhbərlik tərəfindən
heç bir rəsmi əmr görməmişəm və
eşitməmişəm. Bizə, sadəcə, deyiblər ki,
axşamadək kömək gələcək. Kömək də
gəlmədi. Xeyli şəhid olanımız,
yaralananımız var idi. Salamat qalanlar isə
susuzluq və aclıqdan ayaq üstdə dayana bilmirdi. Əvəzedici
qüvvə olmalıydı. Çox təəssüflər
olsun ki, sonradan bildik ki, Bakıdan xeyli kömək gəlib,
ancaq şəhərə daxil olmayıb. Əminliklə deyirəm
ki, həmin qüvvələr vaxtında şəhərə
daxil olsaydı, biz Şuşanı xeyli müddət
qoruyub saxlaya bilərdik. Mən də
başımdan yaralandığı üçün
döyüş qabiliyyətimi itirmişdim və məcbur
olub evdə tək qalmış atamla birgə
Şuşanı tərk etdik... Şuşasız 22-ci ili
yaşamaq dözülməzdir. Ötən hər gün isə
bizim zərərimizə işləyir...
Sultan Laçın
Həftə
içi.- 2014.- 15 may.- S.3.