Azərbaycanla bağlı məlumatların

elektron kataloqu yaradılacaq 

 

Osman Gündüz: «Həmin kataloqlara məxfi sənədlərin siyahısının da daxil edilməsi məqsədəuyğundur»

 

İki gün əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Kitabxanasında Rəyasət Heyətinin geniş iclası keçirilib.

«Həftə içi»nin məlumatına görə, AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxışında bildirib ki, Azərbaycanda fəaliyyət göstərən kitabxana, fond, muzey, təhsil ocaqları, elmi tədqiqat müəssisələri, media qurumları, arxivlər, şəxsi kolleksiyalar, dövlət foto arxivi, həmçinin dünya muzeyləri və sərgi salonlarının ölkəmizə aid məlumatlarının elektron kataloqu yaradılacaq və onlar «Milli rəqəmsal yaddaş» bazasına daxil ediləcək.

 

Qeyd edək ki, dünyanın bir çox inkişaf etmiş ölkələrində elektron kataloqlar yaradılıb və ictimaiyyətə təqdim edilib. Amma sözügedən kataloqların yaradılması Azərbaycan üçün yeni layihədir. Bu layihənin hansı formada icra edilməsi, onun respublikamız üçün gələcək perspektivləri və bizi maraqlandıran digər suallara cavab tapmaq üçün ekspertlərə müraciət etdik.

Muzeyşünas Təranə Xudabaxşiyeva «Həftə içi»nə açıqlamasında bildirir ki, elektron kataloqlar yaradılarkən təkcə muzeylər deyil, Azərbaycanın gəzməli-görməli yerləri, ölkə və beynəlxalq əhəmiyyətli tarixi və mədəniyyət abidələri, qədim əraziləri və sair barədə məlumatlar da mütləq kataloqlaşdırılmalıdır. Onun dediyinə görə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ermənilər təkcə torpaqlarımıza deyil, işğal olunmuş ərazilərimizlə bağlı tariximizə və mədəniyyətimizə sahib çıxmağa çalışıblar. Sözügedən hərbi təcavüz və ermənilərin saxtakarlıqları hələ də davam etdiyindən elektron kataloqların yaradılması ölkəmizlə bağlı gerçəklərin beynəlxalq ictimaiyyətdə təbliğatına böyük töhfə verə bilər: «Ona görə də mədəniyyətimizlə, irsimizlə, tariximizlə bağlı məlumatlardan ibarət elektron kataloqların yaradılması mütləq vacibdir. Digər tərəfdən, Azərbaycan barədə heç bir məlumatı olmayan əcnəbi vətəndaşlar elektron kataloqlardan istifadə etməklə, müəyyən informasiya əldə edə bilərlər. Üstəlik, zəngin mədəniyyətimiz, tariximiz və irsimizlə bağlı məlumatlarla təkmilləşdirilmiş belə kataloqlar xarici ölkələrdə yaşayan vətəndaşların dövlətimizə, xüsusilə də regionlarımıza maraqlarını artıra və onların Azərbaycana səfər etmələri ilə nəticələnə bilər. Bütün bunlar da sonucda ölkəmizdə turizmin sürətli inkişafına təkan verər və turizmin inkişafı ilə kifayət qədər qazanc əldə edə bilərik. Turizmin inkişafı isə birbaşa ölkə iqtisadiyyatının inkişafında öz yerini möhkəmlədər. Ona görə də elektron kataloqların yaradılmasını Azərbaycanın gələcəyi üçün çox uğurluperspektivli sayıram».

 

Elektron kataloqlar dövlət

qurumlarının məsuliyyətini artıracaq

 

Təranə Xudabaxşiyeva onu da əlavə edir ki, elektron kataloqların hazırlanması müvafiq dövlət orqanlarının üzərinə müəyyən məsuliyyət yüküqoyacaq. Onun dediyinə görə, elektron kataloqlardan istifadə edən və oradakı məlumatları oxuyan yerlixarici turistlər təkcə Bakı şəhərindəki deyil, bölgələrimizdəki yerli və beynəlxalq əhəmiyyətli tarixi və mədəniyyət abidələrini, eləcə də qədim məkanlarımızı və digər yerləri ziyarət etmək istəyəcəklər. Amma təəssüf ki, bu bölgələrdəki gün bəzi abidələr bərbad vəziyyətdədir, yaxud onların yerləşdikləri ərazilərdə, qədim məkanlarda və digər yerlərdə yol və nəqliyyat problemi mövcuddur: «Əsaslı, yaxud cari təmirinə ehtiyac yaranmış tarixi və mədəniyyət abidələri haqqında məlumatların və fotoşəkillərin elektron kataloqlarda yerləşdirilməsinin yerlixarici turistlərdə xoş ovqat yaradacağına inanmıram. Ona görə də Mədəniyyət və Turizm Nazirliyi bu məsələyə xüsusi diqqət ayırmalıdır. Digər tərəfdən, yol və nəqliyyatla bağlı problemlər də mövcuddur. Əgər biz yerlixarici turistləri cəlb etmək istəyiriksə, bu zaman sözügedən abidələrin yerləşdiyi ərazilərdə, qədim məkanlarımızda yolların yüksək keyfiyyətli olmasına, nəqliyyat vasitələrinin xidmətlərindən sərbəst və rahatlıqla istifadəsinə şərait yaratmalıyıq. Bunun üçün Nəqliyyat Nazirliyiöz üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Sadaladığım problemlərin həlli isə elektron kataloqların tarixi əhəmiyyətini daha da artıracaq».

 

Kataloqlar bir neçə dildə təqdim edilməlidir

 

Rabitə Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov «Həftə içi»nə açıqlamasında qeyd edir ki, elektron kataloqların yaradılması bütün dünyada aktual məsələ olduğundan Azərbaycanın da belə bir addımı atmağa hazırlaşması məqsədəuyğundur. Onun dediyinə görə, inzibati sənədlərin arxivləşdirilməsi, elektronlaşdırılması, arxiv bazanın yaradılması onların ictimaiyyətə təqdim edilməsi çox vacib mühümdür: «Həmin məlumatların yerləşdirilməsi avtomatik elan olunması insanların biliklənməsində intellektual səviyyəsinin yüksəlməsində mühüm rol oynayacaq. Çünki yaşından, cinsindən cəmiyyətin hansı təbəqəsini təmsil etməsindən asılı olmayaraq, hər bir vətəndaşın elektron kataloqlarından istifadə etməsinə şəraitin yaradılması vaxt itkisinin əlavə xərclərin çəkilməsinin qarşısını alacaq».

Mərkəz direktoru vurğulayır ki, elektron kataloqların təkcə Azərbaycan dilində deyil, bir çox xarici dillərdə təqdim edilməsinə ehtiyac yaranacaq. Onun sözlərinə görə, bu kataloqlar yalnız azərbaycanlılar üçün deyil, xarici ölkələrin vətəndaşları üçün çox önəmli ola bilər: «Ona görə ilk əvvəl elektron kataloqlar Azərbaycan dilində yaradılmalı, onun bazası təkmilləşdirilməli, daha sonra oradakı məlumatların ingilis, rus digər dillərə tərcüməsi məsələsinə baxılmalıdır. Çünki əcnəbilərin bu kataloqlardan istifadəsi ölkəmizlə bağlı məlumatların xarici dövlətlərdə təbliğatının genişləndirilməsinə böyük köməklik göstərəcək».

Nail Mərdanov onu da əlavə edir ki, dövlət üçün xüsusi əhəmiyyətə malik olduğundan elektron kataloqların yüksək keyfiyyətlə hazırlanması üçün savadlı peşəkar mütəxəssislərə ehtiyac var. Onun dediyinə görə, Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları üzrə kadr çatışmazlığı mövcuddur: «Amma bununla belə son illərdə kadr hazırlığı üzrə müəyyən işlər görülür. Bakı Dövlət Universitetində, Qafqaz Universitetində, ADA Universitetində, Azərbaycan Dövlət Neft Akademiyasında digər təhsil ocaqlarında gənc mütəxəssislərin yetişdirilməsi prosesi gedir. Ona görə elektron kataloqların yaradılması digər məsələlərdə bu gənclərin digər mütəxəssislərin xidmətlərindən istifadə etmək olar».

 

Elektron kataloqlar xarici

mütəxəssislərlə birgə hazırlanmalıdır

 

Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz «Həftə içi»nə açıqlamasında vurğulayır ki, gələcəkdə hazırlanacaq elektron kataloqlar bir çox funksiyalarına görə kağız kataloqlardan fərqlənəcək. Onun dediyinə görə, elektron kataloqlar hazırlanarkən kağız kataloqlardakı materialların kserosurətləri qoyulmayacaq: «Kağız kataloqlardan fərqli olaraq elektron kataloqlarda kitabxana, fond, muzey, təhsil ocaqları, elmi tədqiqat müəssisələri media qurumları ilə yanaşı, onların bazaları barədə geniş məzmunlu informasiyalar yerləşdiriləcək. Elektron kataloqlar hər hansı bir qurumun arxivlərinə çıxışı daha da asanlaşdıracaq. Bütün bunlar da Azərbaycanda informasiya cəmiyyətinin qurulması işini xeyli sürətləndirəcək».

AİF prezidentinin fikrincə, elektron kataloqlarda ölkəmizdə istifadəsi qadağan olunan məlumatların yerləşdirilməsi mümkün olmasa da, obyektivlik baxımından bəzi informasiyalara yer ayrılması məqsədəuyğundur: «Məsələn, məxfi sənədlərdəki məlumatların açıqlanmasına icazə verilmədiyi üçün heç olmasa, həmin sənədlərin siyahısı elektron kataloqlara daxil edilə bilər. Başqa sözlə, məxfi sənədin adı verilməli və orada əlavə informasiya kimi yazılmalıdır ki, bu sənəddəki məlumatların oxunması və yayılması Azərbaycan Respublikasının filan qanunu ilə qadağan edilib, yaxud məhdudlaşdırılıb. Məncə, belə bir təklifin reallaşdırılması da elektron kataloqların əhəmiyyətini artırar».

Osman Gündüz onu da əlavə edir ki, elektron kataloqların yaradılması üçün xarici ölkələrin təcrübəsindən və əcnəbi mütəxəssislərin xidmətlərindən mütləq istifadə edilməlidir: «Çünki belə kataloqların yaradılması Azərbaycanda yeni layihə olduğundan bu işdə təcrübəsi olan yerli kadrlarımız və müətəxəssislərimiz azdır».

 

Təbriz Vəfalı

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

  Həftə içi.- 2014.- 16 may.- S.6.