Laçından ən sonuncu çıxan, 54 gün

mühasirədə qalan 19 nəfərdən biri

 

1992-ci il mayın 18-i ermənilər Laçını işğal edib. Bu cümlə bizə bir tarix kimi çatdırılıb. Lakin qeyd olunan gündən sonra altı ay Laçında yaşayan, artıq sakinsiz qalan kəndlərin qoyun-quzularına, toyuq-cücələrinə, mal-qaralarına sahiblik edən, eyni zamanda, ermənilərlə bir neçə dəfə göz-gözə gələn 19 nəfər bu tarixi təsdiqləmir.

 

Hafta.az-ın müsahibi 54 gün erməni mühasirəsində qalan həmin 19 nəfərdən biri Əli Əliyevdir. Onların 54 gün ermənilərlə bir neçə addım məsafədən sağ çıxmalarının mücərrəd və ya real səbəblərini axtarmırıq. Bəlkə də həmin 19 nəfər şəxs digər insanlar kimi ermənilər tərəfindən öldürülsəydilər, bu gün biz bəzi tarixi məlumatları bilməzdik.

Müsahibimizi öz dili ilə təqdim edirik:

- Əli Əliyev 1946-cı ildə Laçının Oğuldərə kəndində anadan olmuşam. 1967-ci ildə Moskva Qorki adına Ədəbiyyat İnstitutuna daxil oldum. İki il sonra təhsilimi hazırkı Bakı Dövlət Universitetinin filologiya fakültəsində davam etdirdim. Ali məktəbi bitirdikdən sonra Ermənistanın Gümrü şəhərində iki il hərbi xidmətdə olmuşam.

- Gümrüdə xidmət zamanı ermənilərlə münasibətləriniz necə idi?

- Erməniləri mən iki yerə ayırardım. Bir qismi Qafqazda dostluq tərəfdarı olanlar, hansıki onlar bu regionda düşmənçilik salanlara nifrət edirdilər. Digərləri isə bizə türk deyən və azərbaycanlıları görməyə gözləri olmayan ermənilər idi. Gümrüdə əsgərlərə münasibət yaxşı idi. Əhali deyirdi ki, qaçın bu ordudan. SSRİ-ni dağıdın. Bizə SSRİ-i lazım deyil. Halbuki bunu Azərbaycanda kimsə desə idi, o zamankı dövrdə ona xalq düşməni adı verib, güllələyərdilər. Ancaq ermənilərə heç kim heç nə demirdi.

- Uzun müddət Laçın və digər işğal altında olan ərazilərdə ermənilərlə azərbaycanlılar yaxın yaşayıb. Sizcə bunlar nə vaxt düşmənə çevrildilər?

- Azərbaycanlıların ağıllarına gəlməzdi ki, ermənilər bir gün bizlərə güllə atacaq və torpaqlarımızı işğal edəcəklər. Ancaq tarix göstərdi ki, azərbaycanlılardan fərqli olaraq ermənilər bunu daima düşünüb, Azərbaycan torpaqlarına olan qəsbkarlıq siyasətlərinin üzərində işləyib, bu siyasəti kamilləşdirdikdən sonra torpaqlarımızı işğal ediblər. Dağlıq Qarabağda ermənilərlə birgə qoyun otaran naxırçı çobanlar Laçına gələndə bizə deyirdilər ki, ermənilər deyirlər müharibə olacaq. Bu müharibəyə hazırsınızmı? Fikirləşirdik ki, bu sadəcə təxribat xarakterli məlumatlardır. Əslində isə hətta erməni çobanı belə bilirmiş ki, müharibə başlayacaq. Ancaq biz bu barədə düşünmürdük.

- Mərhum jurnalist Çingiz Mustafayevin çəkdiyi kadrlarda qeyd olunub ki, laçınlılar rayonu qoyub qaçıblar, ermənilər isə boş rayona sakit halda girib, möhkəmləniblər. Bu faktlar nə dərəcədə doğrudur?

- Öncəliklə bütün şəhidlərimizə, o cümlədən, Çingiz Mustafayevə Allahdan rəhmət diləyirəm. Hazırda hər kəs Çingiz Mustafayevin çəkdiklərindən danışdıqları halda onu kimin çəkdiyi barəsində söhbət edilmir. Əhaliyə gəlincə, Laçın camaatı rayondan bir addım belə kənara çıxmırdı. Rayonda belə bir şayiə yaydılar ki, ermənilərə iriçaplı silahlar vasitəsilə güclü zərbə endiriləcək. Buna görə də camaata bildirdilər ki, 5-7 gün müddətində hər kəs evini tərk etməlidir. Artıq may ayında Bakıdan gətirilən maşınlar düzüldü ki, bütün camaat Laçını bir həftəlik tərk etməlidir. Biz çıxmaq istəmədik. Uzun müzakirələrdən sonra qərara gəldik ki, qocaları, qadın və uşaqları maşınlarla rayondan çıxaraq, özümüz kəndləri tərk etməyək. Belə də oldu.

- Bəs siz necə oldu 54 gün mühasirədə qaldınız?

- Mən həmin vaxt mühasirəyə düşmədim. Biz bu hadisələrdən bir il sonra daha dəqiq 1993-cü ilin martın 31-dən mayın 23-nə qədər Laçında mühasirədə qalmışıq. Laçın işğal edildikdən sonra hərə bir rayona getdi. Biz isə Murovdağda qaldıq. Avqust ayında isə oğlum İmdadla (İmdad Əlizadə – mediaforum.az saytının əməkdaşı –red.) kəndə getdim. Gördüm ki, Laçında heç bir müharibə getmir. Azərbaycan Ordusu hücum edib, erməniləri Laçından tamamilə kənara sıxışdırıblar. Ona görə də Murovdağdan bir neçə şəxs mənimlə birlikdə Laçına qayıdaraq, öz evimizdə yaşamağa başladıq. 31 mart 1993-cü ildə bizə qəfil polislər xəbər verdilər ki, hər kəs çıxıb, dünyadan xəbəriniz yoxdur, ermənilər hər tərəfi tutublar.

- Laçının işğalı tarixi mənbələrdə rəsmi olaraq 17 may 1992-ci il kimi qeyd olunur. Lakin siz deyirsiniz ki, 1993-cü ilə kimi Laçında heç bir erməni olmayıb?

- Bəli, biz altı ay Laçında qalmışıq. Əhalini Laçından dövlət köçürüb. Bizim köçmə planımızı yuxarıda qeyd etdiyim kimi Bakı hazırlayıb. Heç bir laçınlı özbaşına rayonu tərk etməyib. Eləcə də Kəlbəcəri və digər rayonları heç kim özbaşına tərk etmirdi. Qarabağı qarabağlılar verməyib. Bu xarici, daxili regional siyasətin nəticəsidir. Laçını ermənilərə verən qüvvələr bəlkə də daha böyük qırğınların qarşısını almaq üçün bu addımları atıblar. Lakin faktiki olaraq bu barədə konkret heç bir məlumat yoxdur. İşğalla bağlı o dövrün səlahiyyətli məmurlarından heç kim həbs edilməyib. Mən Qarabağda yüzlərlə döyüşçünün arasında olub, həmin zaman onların dediklərini çatdırıram sizə. Onlar bildirirdilər ki, biz ölməyə, öldürməyə razıyıq. Düşməni öldürdülər də, sonda özləri də şəhid oldular, ancaq vətən azad olmadı.

- Mühasirədə qaldığınız zaman başınıza nələr gəldi?

- Ailəmizi maşınla kənddən yola saldıq. Həmin an çox dəhşətli idi. Qadınlar, uşaqlar ağlayırdılar. Mən də 3 azyaşlı övladımı 14 yaşlı qızıma tapşırıb, onları maşına mindirib, yola saldım. Bir neçə nəfər isə rayonda qaldıq ki, mal-qaraya baxaq. Çünki düşünürdük ki, Kəlbəcərin alınması ən azı iki həftə çəkəcək. O vaxta kimi isə rayonumuzdan çıxmayaq. Hesab edirdik ki, Kəlbəcərin alınması ilə bağlı xəbərlər ümumiyyətlə, şayiələrdir. Kəlbəcərə adamlarımızı göndərdik ki, vəziyyəti öyrənsinlər. Onlar gəlib dedilər ki, Kəlbəcərdə bir neçə sakindən başqa kənddə heç kim qalmayıb. Düşündük ki, gedək oradakı camaata deyək ki, biz də burdayıq, rayonu tərk etməyin. Mötəbər, Ədalət adlı laçınlılarla gəldik Kəlbəcərə. Gəldik gördük ki, çaynik dəmdə qalıb, qapılar açıq, toyuq-cücə çöldə bir sözlə, kənddə heç kim yoxdur. Kəlbəcərdə bir az dincəldikdən sonra Laçına geri qayıtdıq. Gördüm ki, hər kəs bizi gözləyir. Eyni zamanda, biz gəldikdən sonra dəstəmizə 4 nəfər də rus əsgəri qoşuldu. Görüşüb kövrəldik ki, kənddən çıxmaq lazımdır. Rus əsgərləri dedi ki, artıq Kəlbəcərdə heç kim qalmayıb, biz də sizə görə geri qayıtmışıq. Gedib qoyun-quzunu çölə çıxartdım, iti açıb buraxdım ki, bizdən sonra bağlı qalıb, acından ölməsinlər. Evimin qapılarından, daşlarından öpdüm. Pilləkənimizdən düşüb, dizimi qoydum yerə. Özümdən asılı olmayaraq, hönkürtü ilə daşlarla danışdım ki, bağışla məni ata ocağım. Mən səni qorumaq gücündə deyiləm. Orada ən yaşlımız olan Temur əmi Laçından çıxmaq istəmirdi. Uzun müzakirədən sonra onu bir təhər razı salıb, özümüzlə apardıq. Böyük çətinliklə gəldik Kəlbəcərin Əsrlik kəndinə. Axşamı orada qaldıq. Ordu isə bizdən qabaq çıxdı. Bizə dedilər gəlin bizimlə gedək. Lakin həmin gün üç dəfə Kəlbəcərdən Laçına və əksinə gəldiyimiz üçün onlarla gedə bilmədik.

- Demək qoşun sizdən öncə çıxdı. Bəs siz Kəlbəcərdən nə vaxt yola düşdünüz?

- Bəli, Laçından ən sonuncu çıxanlar biz olduq. Səhər saat 5-də yola düşdük. Yolda içərisi yeməklə, xalça-palazla dolu maşınları gördük. Bataqlıqda batdığı üçün sahibləri malları orda qoyub, ayaqla yollarına davam etmişdilər. Ona görə də dağlara istiqamət alıb, yolumuza davam etdik. Dağda gördük ki, bizdən öncə çıxan dəstə gəlib, çatmayıb. Ancaq onlar dərənin içərisi ilə gəlib bizdən qabağa keçiblərmiş. Kəlbəcərdə bizə yolu Qalib Abdullayev adlı hərbçi başa saldı. Beləliklə, gecəni Kəlbəcərin bir kəndində keçirdik. Səhər irəlilədik. Bizdən qarşıda gedən dəstə getdikdən sonra gördük ki, atəş səsləri başladı. Ancaq həmin dəstədən geriyə heç kim qayıtmadı. Biz də qərara gəldi ki, bir neçə yerə bölünək. Dörd nəfər - mən, Arif, Təvəkgül, Muxtar bir qaldıq. Mən təklif etdim ki, siz burada qalın, mən gedim döyüş yerinə baxım, görüm azərbaycanlılardan yaralı varsa, kömək edim və ümumi vəziyyəti öyrənim. Onlar razı olmadılar. Muxtar və mən qaldım, digər ikisi döyüş ərazisinə baxmaq üçün getdilər. Şərtimiz də bu oldu ki, əgər qayıtmasaq, bilin ki, bizi öldürdülər.

- Siz Kəlbəcərdə olarkən erməni ordusu rayona daxil olmuşdu?

- Kəlbəcərdə biz güclü erməni ordusu görmədik. Ancaq bütün keçidlərdə, çay kənarında əli silahlı ermənilər dayanırdılar. Biz Kəlbəcərin kəndlərinin birində gizlənəndə gördük ki, burada da əhalidən qalanlar var. Gündüzlər ermənilər görməsin deyə kənddə çıxmırlar. Ancaq torpaqlarını tərk etməyiblər. Kəlbəcərdə biz 72 yaşlı Teymur əmini tapa bilmədik. Həmin zaman mən də daxil olmaqla, bir neçə nəfər düşündük ki, yenidən Laçına qayıdıb, evimizi görək. Beləliklə 19 nəfər laçınlı digər kəlbəcərli yoldaşlardan ayrıldıq. Gecəni Kəlbəcərin Əsirli kəndində keçirdik. Həmin ev çox böyük idi. Ancaq hər şeyi necə var, elə də qoyub getmişdilər. Səhər gördük ki, gəldiyimiz yerləri artıq ermənilər gecə tutublar. Yenidən dağlara üz tutduq. Gəldik Kəlbəcərin Çovdar kəndinə. Orda da gecə atışmaya düşdük. Silahdan başqa bütün əşyalarımızı qoyub çox böyük çətinliklə dağlarda gizlənə bildik. Sonradan əmimoğlu Ariflə, Şakir yenidən atışma olan kəndə qayıdıb atları, əşyaların bir hissəsini gətirdilər.

“Yenidən Laçına qayıtdıq gördük ki, ermənilər gəlib əsas nefti aparıblar”

Ermənilər hətta çıraqda olan neftləri də süzüb aparmışdılar. Dağlarda bir ayağı əzilən, yaralananlar oldu, özümüz ot-alafla, mal dərisi ilə sarıyıb sağaltdıq. Artıq dağda bir neçə gün idi qalırdıq. Dağlarda qoyun-quzu çox olduğu üçün qida baxımdan korluq çəkmirdik. Ancaq bir gün gördük ki, iki erməni atlarımızın izinə düşüb, gəliblər. Yuxarı qalxan ermənilər 2 nəfər idi, ancaq aşağıda da 3 nəfər erməni dayanmışdı. Onlar da hər beş dəqiqədən bir havaya üç güllə atırdılar. Ermənilər atı qovanda at gəldi gizləndiyimiz yerə. Sonra bizim evə yaxınlaşarkən qəfildən atı qoyub qaçdılar. Biz də başqa dağda yerimizi dəyişdik. Bir balaca dağın arxasında oturan zaman gördüm ermənilər gəldi. Onlar məndən 20 metr aralıda dayanmışdılar. Ermənilər üzü günə dayandıqları üçün hesab edirdim ki, məni görməzlər. Ona görə tərpənmirdim. Daşa deyirdim ki, daş başına dolanaram başımı qorusan. Çox çətin vəziyyət idi. Ermənilər məni görsəydilər, güllələyəcəkdilər. Ancaq onlar 15-20 metr məsafədə dayansalar da, məni görmədilər. Ermənilər bir-biriləri ilə söhbətə başlayanda dağı qalxdım. Gördüm Şakirgil getməyiblər. Məni gözləyirlər. Orada yenidən digər yoldaşlarla bir-birimizi itirdik. Çox böyük çətinliklə 1993-cü il mayın 15-dən 16-na keçən gecə saat 2-də toplandıq bir yerə. Atların da üzündən öpüb, başlarını açıb buraxdıq. Dağdan kəndimizə son dəfə baxdıq, gördük ki, artıq kənddə evlər yanır. Həmin günü susuz, ac keçirdik. Artıq ermənilər bir neçə metrliyimizə qədər torpaqları işğal etmişdilər. Düşünürdük ki, yəqin yarım saat ömrümüz qalıb. Əlimizdə radio olduğu üçün bilirdik ki, Laçının Güləbird kəndi hələ ki, ermənilər tərəfindən işğal edilməyib. Ancaq artıq hər tərəfimiz erməni olduğu üçün buradan çıxacağımızı güman etmirdik. İtburnu kolunun dibində 19 nəfər gizləndik. Ora o qədər dar idi ki, sol qoluma yer tapa bilmirdim. 16-17 saat daşların üzərində uzanıqlı vəziyyətdə qaldıq. İnsan ölüm yaxınlaşanda dünyanın hər saniyəsini sevir.

“Dörd silahlı erməni qarda izimizə düşüb, gizləndiyimiz yerin 5-6 metrliyinə qədər gəldi”

Düşünürdüm ki, laçınlılar bilərdilər ki, bizi Kəlbəcərdə düşdüyümüz mühasirədə deyil, dağın başında, Gorusda qırdılar. Bir də ara-sıra uşaqlarımı düşünürdüm ki, görəsən onlar sağdırlar, yoxsa ermənilərin əlinə keçdilər. Ancaq əsas düşündüyüm Laçın idi. Kəndimizi itirdiyimizi, əlacsız vəziyyətdə bu yerlərdən çıxmağımızı qəbul edə bilmirdim. Silahı hazırladım ki, ermənilər bizi görsə heç olmasa birini vurub, qanımızı alaram. Erməni qumbaraatanı düz üzərimizə tuşladı. Ancaq hiss etdim ki, görməyib. Kolun dibində olduğumuz üçün ağlına gəlmir ki, arxadan gəlib burada gizlənək. Beləcə burada da erməni bizi görmədi. Artıq daşın üzərində o qədər uzanmışdım ki, belim yara olmuşdu. Gecə ilə erməninin postlarından keçdik.

Ermənilərlə üzbəüz olanda bizimlə birlikdə 72 yaşlı Bahatur kişinin qızı da vardı. Uşaqlar dedi ki, neyləyək? Ermənilər bu qızı əsir apara bilər. Qardaşı da bizimlə idi. Onunla danışdım, dedi ki, narahat olmayın əgər döyüş başlasa, bacımı özüm öldürəcəyəm. Razı olmaram ki, bacım əsir düşsün... Orada Bahatur dayını, oğlunu və qızını itirdik.

- 19 nəfərin yaşları nə qədər idi?

- Orada ən yaşlımız 72 yaşlı Bahatur dayı idi, sonra mən idim 48 yaşım vardı. Qalanlarının yaşı az idi. Radiodan eşitdik ki, kəşfiyyat deyib ki, erməninin biz olduğumuz ərazidə 450 nəfər canlı qüvvəsi var. Gecə ilə ərazilərdən keçdik. Gördük ki, bir postdan əks istiqamətdə atəş açılır. Bildik ki, bura Azərbaycan postudur. Posta yaxınlaşdıq. Bizdən sənəd istədilər. Sənədi göstərdim, gördülər Laçındanıq bizi qucaqlayıb, öpdülər. Elə bir hər kəsin doğma qardaşı qayıtmışdı. Sonradan məlum oldu ki, biz dağda posta yaxınlaşan zaman yuxarı, sonra isə aşağı hərəkət etməklə azərbaycanlılar tərəfindən minalanmış əraziyə düşmə təhlükəsindən uzaqlaşmışıq. Bu da görünür Allahın qisməti idi ki, bu məlumatları gəlib digər insanlara çatdıra bilək.

- Siz torpağa olan sevginiz uğrunda bu qədər əziyyətlərdən keçmisiniz. Hazırkı şəraitinizdən razısınızmı?

- Laçından gəldikdən sonra bir müddət qardaşım, xalqımızın böyük yazarı Ağa Laçınlının evində qaldım. Sonra isə hazırda gördüyünüz Köhnə Günəşli ərazisində olan uşaq bağçasına yerləşdik. Elə o vaxtdan da burada qalırıq. Millət vəkili Qənirə Paşayevanın maddi dəstəyi ilə kitabım işıq üzü gördü. O kitabda bu günlər barəsində daha geniş məlumatları yazmışam. Ancaq digər məsələlər barəsində nə deyə bilərəm ki? Hər şey gördüyünüz kimidir. Bu gün Laçının necə işğal edilməsi barəsində, kimlərin bu torpaqları verməsi barəsində heç bir fikir səslənmir. Əksinə deyirlər ki, camaat torpaqları atıb, qaçdı. İndi danışdıqlarımdan əmin olun ki, heç bir laçınlı, kəlbəcərli, qarabağlı öz torpağını qoyub qaçmayıb. Biz sonuna qədər o torpaqlarda qaldıq, daşında süründük. Ölümün gözünə dik baxdıq. Ancaq bizdən asılı olmayan səbəblərdən torpaqlarımızı itirdik. Bu gün də Laçın alınsa, ilk mən gedərəm ora. Laçın uğrunda döyüşlər başlasa, o döyüşlərə də qatılaram.

 

Əli Rais

 

Həftə içi.- 2014.- 16 may.- S.4.