Laçının
işğalını yetişdirən gizli
və açıq təxribatlar
– Arif Paşa
…Kənardan baxana döyüş asan gəlir… Bu gün bölgələrimizin işğalı barədə əksəriyyət “satdılar”, “qoyub qaçdılar” ifadələrini işlədir. Amma əsl həqiqəti o döyüşlərin iştirakçısı olmuş hərbçilər bilir. “1992-ci ilin mayında - Şuşanın işğalından sonra Laçın hansı səbəblərdən müdafiə oluna bilmədi” söhbətini “üyütmək” üçün bu dəfə “dəyirmançı”mız hərbçi oldu – 1988-ci ildən o torpaqların müdafiəsinin fəal təşkilatçı və iştirakçısı, keçmiş Laçın alayının komandiri Arif Paşa
- Arif bəy, 1988-ci ildən bəri Laçın ərazisində sonradan sizin başçılığınızla alay şəklində formalaşmış özünümüdafiə qüvvələri və yerli polis erməni təxribat və hücumlarının qarşısını alırdı. Lakin 1992-ci il aprelin sonunda komandiri olduğunuz 811 saylı alay ləğv edildikdən sonra bölgədə şübhəli proseslər baş verməyə başladı. O dönəmi bir az geniş təsvir edin...
- 1992-ci
il aprelin 22-də
Laçına Müdafiə Nazirliyindən “4-cü” istiqamət
adlanan Şuşa,
Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan üzrə
guya rəhbər qurum
yaradacaq MN zabitləri Elbrus
Orucov, Məhərrəm Cahangirov
və Nadir Bəxtiyarovdan ibarət bir qrup gəldi. Amma maraqlıdır
ki, yaradılacaq qurumun
siyahısında E.Orucovun adı yox idi. Səhv etmirəmsə,
ayın 24-də E.Orucov mənə dedi ki, Azərbaycan Ordusu bütün cəbhə
boyu hücuma keçəcək,
Laçın alayı da Cəbrayılın
Ziyarət dağı istiqamətindən zərbə endirməlidir.
Dedim ki, bu barədə yazılı əmr göstərin.
Ancaq o, əmri
göstərə bilmədi. - Bir gün sonra MN-dən Abil Hüseynov gəldi. O da eyni məsələni şifahi şəkildə təsdiqlədi. Sonra onlar Şuşaya
getdi. Müdafiə naziri
Rəhim Qazıyevlə danışdım, məlum oldu ki, Azərbaycan Ordusunun belə bir hücum planı yoxdur...
- Rəhim Qazıyev demədi ki, həmin zabitləri hansı məqsədlə göndərmişəm?
- Yox.
Amma hiss etdim ki, nə isə E.Orucovun qrupu
özbaşına hərəkət edir.
Və bunların məqsədi Ermənistan tərəfdən
2500 hərbçi və 55 zirehli texnikaya malik Davud Sasun adına erməni
alayı ilə üzbəüz olan
Laçın alayını hansı yollasa
dövlət sərhəddindən uzaqlaşdırmaqdır. Bu, bir təxribat idi. Aprelin 26-da MN-in daha bir
nümayəndəsi gəldi və məndən 30 ZTR-in Bakıya göndərilməsini tələb
etdi. Mən də tələb etdim ki, paytaxtdan
Laçına kömək gəlməli olduğu
halda buradan paytaxta zirehli texnika aparılmasının məntiqini izah etsin və
yazılı əmr göstərsin. O, heç
bir əmr göstərmədi və üzr istədi ki,
rayonları səhv salıb. Hiss etdim ki, bu
da nə isə bir təxribat
cəhdidir. Bu cür
şübhəli proseslər gedirdi. Aprelin sonunda alayın bir nümayəndəsini artilleriya
qurğularının müəyyən ehtiyat
hissələrini əldə etmək məqsədilə MN Baş Qərargahına göndərdim. Lakin BQ rəisi Şahin Musayev bu məsələlərin
həllinə kömək etmədi. Bunun özü də şübhəli məqam idi.
- Bildiyimə görə, E.Orucov o günlər Xankəndiyə hücum hazırlayıbmış, bəs həmin plan niyə baş tutmadı?
- E.Orucovla gəlmiş 146 əsgər bizim kazarmada yerləşdirilmişdi.
Və onlar özlərini çox
intizamsız aparırdı. Hətta bir dəfə
yaşayış binalarını və yanacaq
çənlərini atəşə tutmuşdular.
Ümumiyyətlə, həmin qrup gələndən
Laçında şübhəli və təxribat xarakterli hadisələr baş
verirdi... Səhv etmirəmsə, aprelin 29-da E.Orucov Şuşadan Laçına gəldi, Ramiz Qənbərovun vurulması haqda xəbər verdi və
xəritə açıb göstərdi ki,
Xankəndiyə hücuma
hazırlaşırıq. Ona izah etdim ki,
mövcud şəraiti, düşmənin
gücünü, Şuşadakı
qüvvələrimizi nəzərə alsaq,
bu hücum əslində
əsgərlərimizi mənasız qırğına göndərməkdir.
Bütün bu məsələləri
aydınlaşdırmaq və texniki
işləri həll etmək üçün
R.Qazıyevlə danışıb Bakıya getdim.
Nazirlikdə təklif etdim ki, biz bir
müddət erməniləri xırda döyüşlərə
cəlb edib, onların insan
və texniki resurslarının zəifləməsinə
şərait yaratmaqla, həmin vaxtda öz qüvvələrimizi
daha da gücləndirərək
əlverişli məqamda genişmiqyaslı hücuma
keçsək, bu, daha
uğurlu nəticə verər...
- Bəs Laçın alayının ləgvi barədə əmri kim çatdırdı sizə?
- Aprelin
30-da müdafiə nazirinin müavini
rəhmətlik Şikar Şikarovla
görüşdüm və o, mənə Laçın alayının ləğv
olunacağı barədə əmr verildiyini
söylədi. Sonradan məhkəmə araşdırmaları zamanı bəlli
oldu ki, əmrin
başlığında “811 saylı Laçın
Alayının 704 saylı briqadaya tabe etdirilməsi barədə” ifadəsi
yazılıb, ancaq icra
hissəsində qeyd edilib
ki, Laçın alayı ləğv edilərək
briqadanın tabeliyinə verilir. Hətta orada ayrıca bəndlərlə
“A.Paşayevə 811 saylı hərbi hissənin adından əmr
vermək qadağan edilir”
və “Mayın 6-dək Laçında olan
silah-sursat və hərbi inventarı 704
saylı h/h-nin
komandirinə təhvil verilməlidir” yazılmışdı.
Bunu məhkəmədə də dedim, hansı məntiqlə illər ərzində 240 km-lik
perimetrdə ermənilərlə üzbəüz savaşmaqla həm hərbi, həm psixoloji hazırlığa malik
təxminən 1500 nəfərlik bir heyəti
olan alaya məxsus
silah-sursatı anbara yığıb cəmi
146 nəfər heyəti olan komandirə təhvil
verməli idim. Bu, bölgəni dəhşətli
qırğın qarşısında qoymaq
deyildimi?.. 22 ildir
Laçınsız, Şuşasız
yaşamağımıza rəğmən o
dövrdə bu təxribatın
qarşısını almaqla, xalqımızı
daha dəhşətli faciələrdən
xilas etdiyimizə görə bu gün, bir
az da olsa,
təsəlli tapırıq...
- Bəs müdafiə naziri R.Qazıyevin özü ilə şəxsən görüşüb məsələni aydınlaşdıra bildinizmi?
- O günlər Bakıda da çox qarışıq bir ictimai-siyasi durum mövcud idi. Böyük təkidlə Laçın alayının ləğvi haqqında əmrin geri oxunmasına çalışsam da, buna nail ola blmədim. Mayın 5-də İsgəndər Həmidovla birgə R.Qazıyevlə görüşdüm. Amma yenə də bir-birimizi anlaya bilmədik. BQ rəisi Ş.Musayev elə bir şərait yaratdı ki, nazirlə ətraflı söhbət edə bilmədim. Ş.Musayev çox təhqiramiz ifadələr işlətdi, mən də məcbur olub ona adekvat cavab verdim. Ara qarışdı. R.Qazıyev isə təcili MM-ə getdi və onunla bir daha görüşə bilmədim. Sonralar belə qənaətə gəldim ki, bu, Ş.Musayevin bilərəkdən etdiyi təxribat taktikası idi ki, əsas məsələ kənarda qalsın və R.Qazıyevlə aramızda ziddiyyət yaransın. Yəni o vaxt R.Qazıyevin sonradan söylədiyi kimi, əmr BQ-da hazırlanıb, o isə nazir kimi sənədin yalnız Laçın alayının briqadaya tabe etdirilməsi haqqında başlıq hissəsini oxuyub və imzalayıb, icra hissəsində alayın ləğv edilməsi bəndini isə görməyib. Mən isə əmrin sırf alayın ləğv edilməsi haqqında olduğunu hesab edirdim. Bütün bunlar sonradan məhkəmədə aydın oldu. Ş.Musayev isə o zaman Rusiyaya qaçdığı üçün məhkəməyə gətirilmədi...
- Şuşanın işğalı günü artıq Laçın da atəşə tutulurdu...
- Elədir. Səhət tezdən 8-9 radələrində mən
kazarmaya gələndə Ermənistandan artilleriya atəşi başlandı. Artıq heç bir səlahiyyətim
olmasa da, sadəcə,
bu yurdun bir oğlu kimi
silahı yerə qoymayıb torpaqların müdafiəsi üçün hansısa təşəbbüslər
göstərməyə çalışdım. “Qrad” atan Şamilə
göstəriş verdim, düşmənin
atəş nöqtələrini bir
müddət susdurdu. Maraqlıdır ki, iki il
sonra məhkəmədə prokuror məndən soruşdu
ki, bəs alay
komandirliyindən azad edildiyin
halda niyə əlinə silah
alıb vuruşurdun. Xahiş
elədim, qadınlar bayıra çıxdı və prokurora cavab verdim ki, mən sənin
arvad-uşağının, ana-bacının namusunu
qoruyurdum...
- Mayın 9-da Laçında rəhbərlikdən kimlər var idi şəhərdə?
- Mayın 9-da mədəniyyət
evinin zirzəmisində daxili
işlər naziri Tahir
Əliyev, icra başçısı Xanlar Məmmədovu gördüm.
Onlarla Şuşanın mərhələ-mərhələ
geri alınması təkliflərimi
müzakirə etdim. Bir
qədər sonra Etibar
Məmmədov, Qurban Məmmədov, Arif Hacıyev və Xaliq
Bahadır da gəldi. Onlara
da məlumat verdim ki, mən hərbi hissənin rəhbərliyindən
kənarlaşdırılmışam. Siz
deputat səlahiyyətlərinizdən də
istifadə edib ölkə rəhbərliyinin
Laçının müdafiəsi üçün
ciddi tədbir görməsinə
çalışın. Ancaq hansısa səbəblərdən mayın 13-ü
müxtəlif saatlar da
onlar çıxıb getdilər. Ədalət
naminə, demək lazımdır ki, onlar yalnız Laçının müdafiəsini
təşkil etmək məqsədilə gəlmişdilər.
İstər Etibar Məmmədov, istərsə
də digərləri, bəzilərinin dediyi
kimi, Laçında heç
bir siyasi təbliğat
aparmayıb. Mayın 10-da E.Məmmədovun gətirdiyi təxminən
150 nəfərlik tələbələrdən ibarət
yaxşı təchiz olunmuş dəstəni
E.Orucova təhvil verdim
ki, mövqelərdə bölüşdürsün...
- Laçının mümkün müdafiəsi üçün hansı təklifləri verdiniz?
- Laçının iki qapısı var idi: biri Ermənistan, digəri
Dağlıq Qarabağ tərəfdən.
DQ tərəfdən bizim qüvvələr
nə qədər möhkəm dayansalar,
Laçın alayının qüvvələri daha möhkəm dayanacaqdılar. Çünki geridə onların
torpağı, anası-bacısı, ailəsi var
idi. Ancaq Qarabağ istiqamətindən bizim
ordu geri
qaçacağı təqdirdə Laçın
alayının da
döyüşçüləri arvad-uşağı qorumaq üçün
Laçına gəlməyə məcbur idi.
O zaman təklif etdim ki, Laçın alayının çox hissəsini Qarabağ
istiqamətinə göndərək, çünki
əsas təhlükə oradan gözlənilirdi.
Sərhəddə isə Şuşadan
çıxmış qüvvələrin və yeni gələnlərin sağlam
hissəsini yerləşdirək. Ancaq artıq
Şuşanın işğalından sonra
mayın 10-da E.Orucov məlumat verdi ki, guya
mayın 13-də gecə saat 3:45-də Ermənistan
tərəfdən Laçına 4 istiqamətdən hücum gözlənilir, ona
görə də Laçın alayı sərhəddə
qalmalıdır. Sonradan məlum oldu ki, bu
da yalandır. Və nəticədə
əsas zərbə Qarabağ istiqamətdən
endirildi, onların qarşısını
almalı olan kənardan gələn
qüvvələr isə ciddi müqavimət
göstərə bilmədi və çox
hissəsi də zirehli texnikalarla
birgə Bakıya tərəf üz tutdu...
- Axı briqada komandiri E.Orucov hərbi akademiya bitirmiş bir peşəkar hərbçi idi...
- Düzdür. Amma qəribə idi ki, E.Orucov elementar məsələlərdə səhv edirdi. Məsələn, düzənlikdə minaatanlar yerləşdirirdi, relyef qırışları, dərə-təpə çox olan yerdə isə top qururdu. Bir dəfə də MN əməkdaşı Nadir Bəxtiyarovun yanında dedim ki, mən E.Orucovun əməllərinin məntiqini anlamıram; əgər filologiya elmləri doktoru bir cümlədə 5 səhv edirsə, ya bunu savadsızlıqdan, ya da bilərəkdən edir. İndi Elbrus bəy, etdiyiniz səhvlər savadsızlıqdandı, yoxsa qəsdəndi... Ümumiyyətlə, onun tez-tez harayasa yoxa çıxması və haradan təlimatlar alması bizim üçün müəmmalı qaldı. Məhkəmədə isə bəhanə edirdi ki, guya biz onu ölümlə hədələmişik, ona görə tez-tez görünmürdü. Amma sübut olundu ki, bunlar hamısı yalandır.
- Əmrlə azad olunsanız da, siz özünüz bir komandir, o yurdun oğlu kimi Laçının müdafiəsi üçün hansısa ehtiyat planlara malik idinizmi?
- İşğal
günləri mən faktiki oyundankənar
vəziyyətdə qalmışdım. Hər hansı bir elementar təklif vermək
istəyəndə E.Orucov əmri göstərirdi
ki, artıq burada komandir mənəm, sənin heç
bir səlahiyyətin yoxdur.
Bunlara rəğmən mayın 14-də biz “Eşşəkmeydanı” adlanan
yüksəklikdən keçib Ermənistan
qüvvələrinin arxasına keçməklə, Gorusu nəzarətə götürmək barədə
gizli plan qurmuşduq. Məqsədimiz bununla
erməniləri Şuşadan
çıxmağa məcbur etmək idi. Təəssüf ki, həmin plandan xəbərdar olan təxribatçı
qüvvələr mayın 15-nə keçən gecə bizim bütün zirehli texnikaların yanacaq
çənlərinə qum
tökmüşdülər. İkincisi də,
həmin gün Turşsu
istiqamətində Laçının müdafiəsini təşkil
etməli olan qüvvələr
gözlənilmədən Bakıya üz
tutmuşdu...
- Şuşanın işğalı ərəfəsində Laçına giriş yolları minalanmışdı. Bəs onlar niyə partladılmadı?
- Biz Şuşanın işğalından xeyli əvvəl Ermənistanla sərhəd boyu tank hücumu təhlükəsi olan 16 istiqamətə 5500 tank əleyhinə TM-57 minası basdırmışdıq. Laçın-Şuşa yolunun 5 km-lik hissəsində isə 50 m-dən bir 17m-lik quyu qazdırıb trotillə doldurmuşduq və onlara bağlı naqilləri mərkəzi nəzarət məntəqəsinə birləşdirmişdik. Əgər düşmən Şuşanı alıb zirehli texnika ilə Laçına girməyə cəhd edərsə, məqsədəuyğun geri çəkilmə edib, həmin ərazidə öndə və ən arxada gələn tankları qumbaraatanla vurub digər tankları mühasirədə saxlayaraq, onları təslim olmağa məcbur etməli, əks halda hamısı partladılmalı idi. Mayın 9-da mən Bakıdan qayıdanda baxdım ki, bütün naqillər kəsilib. Səbəbini E.Orucovdan soruşanda çox məntiqsiz cavab verdi ki, guya naqilləri siçovullar gəmirib. Halbuki, naqillər siçovullar tərəfindən gəmirilsə idi, kəsiklərində tiftiklər qalmalı idi. Belə tiftiklər isə yox idi. Onların kəsici alətlə səliqə ilə kəsildiyi aydın bilinirdi... Biz bütün ekstremal şəraitlərə uyğun 4 variantlı mükəmməl planlar hazırlamışdıq. Bütün bunlara görə mülahizə edin, Laçın yerli qüvvələrin öhdəsində qalsa, bölgəni düşmən asanlıqla tuta bilərdimi?
- “ANS”də rəhmətlik Çingizin çəkdiyi kadrlarda 1992-ci il mayın 16-da döyüşçülərdən biri “Arif Paşayev haradadır?! Arif Paşayev burada olmalıdı!” deyir...
- Həmin dövrdə
MN-in bir neçə zabiti gənc əsgərlər içində
şayiə yaymışdılar ki, Arif Paşayev yoxdur. Halbuki, mən həmin
vaxt Laçın- Qubadlı yolunda yerləşən Qayğı qəsəbəsində
qaçırdılan zirehli texnikaları geri qaytarmaqla məşğul
idim. Buna hazırda
korpus komandiri olan general Rövşən
Əkbərov da şahiddir. Rəhmətli
Çingiz də məni orada lentə alıbdı... İndi adlarını çəkmək istəmədiyim
yüksək rütbəli
zabitləri Güləbird
kəndi yaxınlığında
zorla geri qaytarırdım ki, hara qaçırsız...
- Turşsudakı xeyli canlı qüvvə və zirehi texnika Bakıya üz tutduqdan sonra hansı tədbirləri gördünüz?
- Böyük
çətinliklə olsa da,
qüvvələrin bir hissəsini
qaytarıb Laçının dairəvi müdafiəsini təşkil
edə bildim. Briqada komandiri E.Orucov isə demək
olar ki, tam hərəkətsiz idi,
heç bir komanda-filan vermirdi.
Mayın 16-sı artilleriya divizionunun
komandiri M.V.Qridasovu “qrad” qurğuları ilə birgə geri qaytardım. Həmin qurğuları
müxtəlif nöqtələrdə yerləşdirdik. “Qrad”lardan birini
isə Laçının telestansiyası yerləşən Mərkiz
dağına göndərdik. Ancaq təəssüf ki,
Turşsudakı qüvvələr mövqelərini tərk
etdiyinə, Laçın alayının orada
və Ermənistanla sərhəddə yerləşən
döyüşçülərinə isə MN-in
səlahiyyətli şəxsləri tərəfindən şimala və cənuba çəkilmək əmri
verildiyinə görə Laçın tamamilə mühasirədə
qaldı...
- Sonuncü gün - mayın 17-də nələr edə bildiniz?
- Hələ mayın
16-da bir dəstəni Şuşa
yolundakı körpünü partlatmaq üçün
göndərdim. Kənar qüvvələrdən olan digər dəstəni isə
laçınlı rəhmətlik Rafael Məhərrəmovun
başçılığı ilə Qaladərəsi kəndini
nəzarətdə saxlamaq üçün
oraya göndərdim. Ancaq
17-də məlum oldu ki,
həmin əsgərlər R.Məhərrəmova tabe olmayaraq
qaçıblar. Və ermənilər Laçından
atıcı silah məsafəsində olan Qaladərəsini ələ keçirdilər.
Oradan isə həm
Laçın-Şuşa, həm də
Laçın-Qubadlı yolunu nəzarətdə
saxlamaq mümkün idi. Bundan sonra
artıq Laçının taleyi həll olundu... Mən isə sürücüm İsmayıl və digər
iki laçınlı ilə birgə Qridasovun “Qrad” qurğusunun olduğu Mərkizə
qalxmağa məcbir oldum.
Çünki oradan hər
şey aydın görünürdü,
qüvvələrə müəyyən göstəriş
vermək mümkün idi.
Biz sursatımız bitənədək “qrad”la ermənilərin Şuşa istiqamətindən gələn
qüvvələrini vurduq. Artıq
axşama yaxın gözümüzün
qarşısında Laçına Ağanus
və Zerti kəndləri istiqamətindən
erməni qüvvələri daxil olmağa başladı. Beləliklə,
mayın 17-si gecə saat 23.45-də
düşmənin ilk dəstələri üç istiqamətdən Laçın
şəhərinə daxil oldu...
Sultan Laçın
Həftə
içi.- 2014.- 17-19 may.- S.4.