Yüksək texnologiyalara
əsaslanan iqtisadiyyat
Ekspertlər hesab edirlər ki, yaxın gələcəkdə Azərbaycan bu istiqamətdə ciddi nəticələr əldə edəcək
«Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin üstün cəhəti ondan ibarətdir ki, bütün tədbirlər ölkənin real potensialı, dünya iqtisadiyyatının inkişaf meyilləri nəzərə alınmaqla və konkret proqramlar əsasında reallaşdırılır. Təcrübə göstərir ki, rəqabətədavamlı iqtisadiyyatın formalaşdırılması üçün müasir texnologiyaların tətbiqi başlıca şərtlərdən biridir. Buna görə də ölkəmizdə təkcə iqtisadi deyil, bütün digər sahələrdə də innovasiyalardan geniş istifadə olunur».
“Həftə içi”nin məlumatına
görə, bu fikirləri ölkə prezidenti İlham Əliyev
“The Business Year” nəşrinə müsahibəsində bildirib. Prezident vurğulayıb ki, informasiya-kommunikasiya texnologiyaları sürətlə
inkişaf edən və böyük
perspektivi olan sahədir:
«2003-cü ildə İKT üzrə Milli
Strategiyanın, sonrakı illərdə isə "Elektron Azərbaycan Dövlət
Proqramı"nın qəbul edilməsi və icrası bu sahənin inkişafına güclü
təkan verib. Müstəqillik illərində
Azərbaycanda İKT-nin inkişafına
bütövlükdə 3 milyard dollardan artıq sərmayə
yatırılıb. Bunun nəticəsidir ki, son 10 ildə informasiya və
rabitə sahəsinin inkişafı 8,2 dəfə artıb.
2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə
çıxarılması, kosmik sənayenin
əsasının qoyulması ölkəmiz üçün
tarixi əhəmiyyət kəsb edən
hadisə olub. Növbəti illərdə
daha iki peykin orbitə çıxarılması üçün müvafiq
tədbirlər görülür».
Dövlət
başçısı son illər Azərbaycanda
internetin sürətlə inkişaf
etdiyini də söyləyib: «Ümumdünya Telekommunikasiya
Təşkilatının hesabatına əsasən, bu gün ölkə əhalisinin
70 faizi internet istifadəçisidir.
Artıq respublikanın hər bir şəhərinə
genişzolaqlı internetin çəkilişi
başlayıb. Bir faktı da qeyd etməliyəm ki, biz təkcə
dünyadakı mövcud innovasiyaları tətbiq
etməklə kifayətlənmirik, həm də bir sıra yeniliklərin təşəbbüskarı
kimi çıxış edirik.
Bu mənada Azərbaycanın "brendi" hesab oluna biləcək Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyini və onun tabeliyində yaradılan "ASAN Xidmət"
mərkəzlərini xüsusi qeyd etmək istəyirəm. "ASAN
Xidmət"in fəaliyyət sferasına dövlət
orqanları əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsi,
nəzarət və qiymətləndirmənin
aparılması, dövlət qurumlarının informasiya bazalarının
qarşılıqlı inteqrasiyası, elektron
xidmətlərin təşkili prosesinin
sürətləndirilməsi və bu
sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi
daxildir. Bu xidmət
dövlət-vətəndaş münasibətlərinə yeni yanaşmanın mütərəqqi modelidir və hazırda 25 növ
hüquqi xidmət həyata keçirir. Təsadüfi deyil
ki, cəmi bir il ərzində xidmətə bir
milyondan çox
müraciət olub. Ona
görə də biz qarşıdakı
dövrdə "ASAN Xidmət"in funksiyalarını daha da genişləndirməyi
nəzərdə tuturuq».
Azərbaycanın
gələcək inkişafında yüksək
texnologiyaların roluna də toxunan İlham Əliyev qeyd edib ki,
hazırda iqtisadiyyatın dinamik
inkişafının təmin edilməsi və rəqabət
qabiliyyətinin artırılması üçün
müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan
İKT sahələrinin genişləndirilməsi,
tətbiqi elmi tədqiqatların
aparılması, bu sektora
yerli və xarici
investisiyaların cəlb edilməsi, müvafiq
kadr bazasının yaradılması və
digər istiqamətlər üzrə tədbirlər həyata
keçirilir: «Qarşıda
duran vəzifələri səmərəli
şəkildə həll etmək məqsədilə Yüksək
Texnologiyalar Parkı və İnformasiya
Texnologiyalarının İnkişafı Fondu
təsis edilib. İnnovasiyalara,
yüksək texnologiyalara əsaslanan güclü iqtisadiyyatın
formalaşdırılması bizim əsas
hədəflərimizdən biridir və bu məqsədə doğru
ardıcıl şəkildə irəliləyirik».
Texnologiyalar parkının
nümunəvi əsasnaməsi hazırlanacaq
Yeri gəlmişkən, Azərbaycanda
yüksək texnologiyalara əsaslanan güclü iqtisadiyyatın formalaşması
istiqamətində daha bir
addım atılıb. Belə ki, ölkə
prezidenti “Texnologiyalar
parkı haqqında Nümunəvi Əsasnamə”nin təsdiq
edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən,
Bakı şəhərinin Pirallahı rayonunda
yaradılmış Yüksək Texnologiyalar
Parkına münasibətdə səlahiyyətli orqanın
funksiyalarını Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata
keçirir. Sənəddə
həmçinin qeyd olunub
ki, Nazirlər Kabineti normativ hüquqi
aktlarının fərmana
uyğunlaşdırılmasını təmin edib prezidentə məlumat verməli, texnoloji biznes inkubatoru rezidentlərinin qeydiyyatının, həmçinin
texnologiyalar parkı rezidentlərinin və
texnoloji biznes inkubatoru rezidentlərinin reyestrinin
aparılması qaydasını, texnologiyalar parkının və
texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnaməsinin
formasını, texnologiyalar
parkının rezidenti kimi
qeydiyyatdan keçmək üçün
ərizənin formasını və ona əlavə
edilən sənədlərin siyahısını müəyyən
etməli, texnologiyalar parkının
ekspertlər şurası haqqında əsasnaməni təsdiq
etməli, birgə texnologiyalar
parkının fəaliyyətinin təşkili və idarə
olunması qaydasını müəyyənləşdirməlidir.
Texnoparklar ölkə
iqtisadiyyatında
əhəmiyyətli rol oynayacaq
Mövzu ilə bağlı fikirlərini «Həftə
içi»nə bölüşən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, son dövrlər Azərbaycanda
informasiya texnologiyalarının
inkişafına, yüksək texnologiyalara
əsaslanan güclü iqtisadiyyatın
formalaşdırılmasına hökumət tərəfindən diqqət kifayət qədər güclənib.
Məsələn, Azərbaycanda yüksək texnologiyalara
əsaslanan texnoparkların yaradılmasına başlanıb.
O qeyd edib ki, Yüksək Texnologiyalar
Parkı informasiya və kommunikasiya
texnologiyaları, telekommunikasiya və kosmos, enerji səmərəliliyi
sahələrində tədqiqatların aparılması, yeni və yüksək texnologiyaların
hazırlanması üçün zəruri
infrastrukturu, maddi-texniki
bazası və idarəetmə qurumları olan
ərazidir: “Bu
parkının fəaliyyətə başlaması ilə müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya-kommunikasiya texnologiyaları sahələri
genişləndiriləcək, elmi tədqiqatların
aparılması və yeni informasiya
texnologiyalarının işlənilməsi üzrə müasir komplekslərin yaradılması təmin
ediləcək. Park iqtisadiyyatın
davamlı inkişafı və rəqabət qabiliyyətinin
artırılmasında da əhəmiyyətli
rol oynayacaq».
Ekspert həmçinin vurğulayıb ki, bu ildən başlayaraq qarşıdakı 3 il üçün təkcə
internetin inkişafına təxminən
350 mln. manata qədər
Azərbaycan hökuməti tərəfindən vəsait
ayrılıb. Osman Gündüzün
fikrincə, layihə milli
genişzolaqlı internet infrastrukturunun
ölkədə genişləndirilməsi məqsədi
daşıyır. Yəni burda söhbət
təkcə internetdən gedir. Bundan başqa, ölkədə bır sıra sahələrdə
xarici yatırımlar artıq diqqəti cəlb
edir. İndi Azərbaycanda
müxtəlif sahələr var ki, bura təkcə
dövlətin özünün
investisiyaları yox, xarici
investisiyalar da cəlb
olunur. Xüsusilə də kosmik quruculuq sahəsində,
informasiya kommunikasiya
texnologiyalarının tətbiqi ilə bağlı digər
sahələr var ki, burada da xarici
yatırımlar diqqəti cəlb edir. Onun sözlərinə görə,
qarşıdakı dövrdə Azərbaycanda yüksək texnologiyalarla bağlı məsələlər,
yəni kosmos, nüvə texnologiyaları
daha ciddi diqqət
yetiriləcək sahələrdəndir: «Hesab
edirəm ki, Azərbaycanda diqqət yetiriləsi
məqamlardan biri də internet
bizneslə bağlıdır.Yəni online-bizneslə
bağlıdır. Biz buna start-uplar
deyirik. İndi Azərbaycanda
bu istiqamətdə Rabitə və
Yüksək Texnologiyalar Nazirliyi
tabeliyində İnformasiya
Texnologiyaları İnkişafı Dövlət Fondu yarandı. Bu fond start-up layihələrə,
eyni zamanda, digər
İT layihələrə vəsaitlər ayıracaq, həm də
güzəştli kreditlər verəcək. Mən
düşünürəm ki, həm
dövlətin qrantları hesabına, həm də kreditlər
hesabına artıq start götürən
şirkətlər xarici investisiyaları da cəlb edə biləcəklər”.
Sevinc
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.
Həftə içi.-2014.- 17-19
may.- S.6.