“Muğamların ritmik
gəzişmələri”
çap olundu
Aydın Mehralıyev: “Bu gün sevgi-məhəbbətdən çox, vətənpərvərlik
mövzusunda
mahnılara daha çox üstünlük vermək
lazımdır”
Tanınmış tarzən, bəstəkar Aydın Mehralıyevin bu yaxınlarda yeni bir əsəri, “Muğamların ritmik gəzişmələri” kitabı işıq üzü görüb. Bu, onun ikinci məcmuəsidir. “Gənclik” nəşriyyatı tərəfindən nəfis üsulla çap olunmuş həmin məcmuəyə korifey sənətçilər, musiqiçi və bəstəkarlar münasibət bildiriblər.
Aydın Mehralıyev
“Həftə içi”nə bildirib ki, bu kitabı ərsəyə
gətirmək üçün uzun illərdir fikirləşib:
“Axtarışlar edirdim, çoxdandır ki, xalq musiqiçiləri
üçün muğamlar
üzərində gəzişmələr, rənglər, rəqslər,
mahnılar və pyeslər tədris xüsusiyyətli əsərlər
nadir hallarda
yazılıb. Bu məcmuəni yazmaqla mən, xalq
musiqiçilərinə öz töhfəmi
verə bildim”.
Müəllif
deyir ki, “Gənclik” nəşriyyatının
baş redaktoru Adil Abdullayevin redaktorluğu ilə yazdığı
“Muğamların ritmik gəzişmələri”
əsər 5 bölmədən ibarət olmaqla,
dərslik kimi Milli
Konsevatoriyanın, musiqi kolleclərinin, eləcə
də musiqi məktəblərinin tələbələri
üçün nəzərdə tutulub.
Onun sözlərinə görə, 227 səhifəlik
bu kitabda 5 muğam gəzişməsi, 25 muğam
rəngi, 8 mahnı və digər musiqilər daxil
edilib: “Hazırda isə 3-cü yeni bir kitab
üzərində işləyirəm. İnşallah,
təzə yazmağa
başladığım kitab yüngül janrlara həsr
edilən musiqilər toplumundan ibarət olacaq”.
Aydın Mehralıyev deyir ki, yazdığım
mahnıları bu gün
populyardır, tanınmış korifey sənətçilər,
Xalq artistləri tərəfindən sevilə-sevilə
ifa edilir. O, xüsusi olaraq
vurğulayır ki, Heydər Əliyev Fondunun prezidenti, millət
vəkili Mehriban Əliyeva milli
musiqimizə, xalq mahnılarımıza və
muğamlarımıza diqqət və qayğını artırıb:
“Gün-gündən milli musiqimiz
inkişaf edir, yeni-yeni istedadlılar üzə
çıxarılır. Sevindirici
haldır ki, Mehriban
xanımın qayğısı ilə milli
musiqimiz dünya
ictimaiyyətinə daha yaxından
tanıdılır. Yazdığım əsərlərin və
mahnıların hamısı vətənlə
bağlıdır. Bu gün
sevgi-məhəbbətdən çox vətənpərvərlik
mövzusunda mahnılara daha
üstünlük vermək
lazımdır. Ona görə ki, doğma
Qarabağımız, müqəddəs ziyarətgahımız,
musiqimizin, mədəniyyətimizin beşiyi olan Ağdam, Şuşa, Azərbaycanın
dilbər guşəsi, öz mənzərəsi,
təbii suları, saf havası ilə
dünyanı heyran edən Kəlbəcər,
Laçın işqal
altındadır. Mən bu mahnıları
ürəkağrısı ilə yazıram”.
Qələndər
Həftə
içi.- 2014.- 17-19 may.- S.8.