TASİM Azərbaycana nə
verəcək?
Avropa ilə Asiyanı birləşdirəcək bu layihədən gözləntilər böyükdür
Bu gün Azərbaycanın regional informasiya xidmətləri mərkəzinə çevrilməsi yönündə mühüm addımlar atılır. Belə ki, hazırda ölkəmiz "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) kimi nəhəng bir layihənin təşəbbüskarı və koordinatoru olaraq dünyanın diqqətini özünə cəlb edir. Ekspertlər hesab edirlər ki, TASİM layihəsinin reallaşdırılması regionda informasiya cəmiyyətinin inkişafı, yüksəksürətli internetin və onunla bağlı olan xidmətlərin yayılması, İKT ilə bağlı və elmtutumlu sənayelərin qurulması, ticarətin və iqtisadi diversifikasiyanın genişlənməsi və sair müsbət effektlər verəcək.
Bəs, görəsən,
hazırda bu layihə hansı mərhələdədir?
Layihənin reallaşması üçün
indiyədək hansı addımlar atılıb?
Məsələyə
münasibət bildirən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov mətbuata açıqlamasında deyib ki, Avropa
ilə Asiyanı birləşdirəcək və ümumi uzunluğu 11 000 kilometr təşkil edəcək TASİM-in yaradılması ideyası BMT-nin bir neçə qətnaməsi
ilə dəstəklənib:
«İlk dəfə bu
təşəbbüs 2008-ci ilin
noyabrında 14-cü BakuTel sərgisində
nazirlərin görüşü
zamanı irəli sürülüb. Trans Avrasiya Super İnformasiya
Magistralı (TASİM) layihəsi region üçün vacib təşəbbüs
sayılır və onun məqsədi əsasən
Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya
ölkələrinin əhatə edən transmilli
fiber-optik xəttin çəkilməsidir.
Layihə Frankfurtdan Honq
Konqa istiqamətlənən əsas tranzit xəttinin qurulmasını nəzərdə
tutur. Bu xətt
Avropanın və Asiyanın ən böyük
informasiya mübadiləsi mərkəzlərini
birləşdirəcək. Tranzit xətti
Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyədə keçərək
Almaniyaya gedəcək. Ehtiyat
Şimal tranzit xətti
isə Rusiya, Ukrayna və
Polşadan keçəcək».
Layihə iki mərhələdə reallaşacaq
Nazir onu da
vurğulayıb ki, TASİM-in
reallaşması iki mərhələdən
ibarət olacaq. Onun
sözlərinə görə, region
ölkələri telekom sektorunun
inkişafı və bazar tələbatı
baxımından fərqlidir: “Daha çox inkişaf etmiş ölkələrdə “latency” (gecikmə) və yüksək səviyyəli
İP şəbəkələr xidmətləri vacib hesab olunur.
Az inkişaf etmiş ölkələrdə elementar bağlantı və beynəlxalq internet xidmətlərinə
çıxış daha çox
prioritet təşkil edir.
Bu baxımdan TASİM uzunmüddətli təşəbbüsdür
və onun reallaşması iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə
aparıcı region ölkələri və
operatorları Qərbi və Şərqi birləşdirən
əsas internet tranzit infrastrukturunu yaradacaq. Bu tranzit infrastrukturu TASİM-a kommersiya
baxımından əlverişli və sürətlə artan beynəlxalq İP internet
tranzit bazarının tələbatlarına
cavab verən layihə olmasına imkan verəcək. İkinci
mərhələdə TASİM qurulan tranzit infrastrukturundan
istifadə edərək Mərkəzi Asiya
olmaqla, açıq dənizə
çıxışı olmayan Avrasiya ölkələrinə münasib
qiymətli bağlantı ilə təmin edəcək. Milli telekom infrastrukturu
inkişafı planlarına uyğun olaraq yeni fiber-optik
xəttlər yaradılacaq, mövcud xətlər
isə texnoloji baxımından təkmilləşdiriləcək
və TASİM şəbəkəsinə birləşdiriləcək.
İkinci mərhələdə TASİM
layihəsi BMT mandatına uyğun olaraq həyata keçiriləcək».
Əli Abbasov həmçinin deyib
ki, TASİM layihəsi regionda
açıq informasiya cəmiyyətinin
yaradılmasına, bağlantının sürətləndirilməsinə
və internet xidmətlərinin
inkişafına kömək edəcək. Bununla
da iqtisadi inkişafa, iqtisadiyyatlarin
diversifikasiyasına və raqəbətin
artırılmasına nail olunacaq.
Xatırladaq ki, 2010-cu ilin aprel ayından etibarən Rabitə və
Yüksək Texnologiyalar Nazirliyi
TASİM layihəsinin idarəetmə qrupunu
yaradıb.
2011-ci ilin
iyulunda Qəbələ şəhərində
Azərbaycan tərəfi, aparıcı telekom
şirkətləri - Çin (China Telecom), Qazaxıstan (KaZ TransCom), Rusiya (Rostelecom), Türkiyə
(Türk Telekom) və
Avropa İttifaqı (Pantel)
iştirakı ilə “TASİM” üzrə 1-ci beynəlxalq seminar keçirib. Nəticədə
layihənin katibliyi yaradılıb, operatorlar TASİM konsorsiumunun
yaradılmasına dair anlaşma
memorandumu üzərində işləməyə
razılaşıblar. TASİM layihəsi üzrə telekom operatorlarının növbəti
görüşləri 2011-ci ilin 2-3 oktyabr tarixində İstanbulda
və 2012-ci ilin 8-9 mart
tarixində isə Budapeştdə keçirilib.
Müvafiq olaraq, konsorsiumun idarə olunması, şərtləri
və qaydaları üzrə danışıqlar davam etdirilmiş, tərəflər
arasında Məxfilik Anlaşması imzalanıb.
Layihənin
icrasının sürətləndirilməsi üzrə
2012-ci il dekabrın 21-də BMT Baş Assambleyasında yeni
qətnamə yekdilliklə qəbul edilərək TASİM
layihəsinə BMT-nin siyasi
dəstəyi yenilənib, o cümlədən
Əfqanıstan, Avstraliya, Azərbaycan, Belarus, Bolqarıstan, Çin,
Kanada, Almaniya, Hindistan, Gürcüstan, İsveçrə, İsrail,
İran, İraq, Koreya, Küveyt, Litva, Lüksemburq,
Qazaxıstan, Qətər, Moldova, Pakistan, Portuqaliya, Rusiya, Sloveniya, Suriya, Tacikistan, Türkiyə,
Ukrayna, ABŞ və Yaponiya
bu dəstəyə qoşulub.
Regional telekommunikasiya tranzit
marşrutunun genişləndirilməsinin inkişaf etdirilməsi istiqamətində
özəl sektor, vətəndaş cəmiyyəti,
elmi və beynəlxalq inkişaf
institutları və hökumətlər arasında əməkdaşlığın
yaradılması məqsədilə Beynəlxalq Telekommunikasiya İnstitutu
ilə Avrasiya Rabitə Alyansının
yaradılması təklifi
bu qətnamə ilə dəstəklənib.
Avrasiya regionunda telekommunikasiya tranzit marşrutu üzrə
siyasi dialoqun təşviqi,
regional tərəfdaşlıq və əməkdaşlığın
dəstəklənməsi, maarifləndirmənin
artırılması, təcrübə və bilik
mübadiləsi üçün
imkanların yaradılmasına xidmət edəcək Avrasiya Rabitə Alyansının
yaradılması üçün BMT-nin siyasi dəstəyi Baş Assambleyanın 2013-cü il sentyabrın 4-də keçirilən 67-ci
sessiyasında səsverməyə çıxarılmadan qəbul
edilən qətnamə bir daha
yenilənib.
Yeri gəlmişkən, Azərbaycan
hökumətinin təşəbbüsü ilə
reallaşması nəzərdə tutulan
TASİM layihəsi daima beynəlxalq
qurumların diqqət mərkəzindədir.
Belə ki, ötən il Qlobal İnfrastruktur İdarəçilik Forumunda təqdim olunan 100-dək infrastruktur layihəsi arasından TASİM layihəsi nominat olaraq seçilib.
Məsələ danışıqlar mərhələsindədir
Mövzu ilə bağlı fikirlərini
bölüşən TASİM layihəsinin beynəlxalq əlaqələr
üzrə mütəxəssisi Aidə Alqan
«Həftə içi»nə açıqlamasında deyib ki, sözügedən
layihə konsorsiumunun
iştirakçıları arasında anlaşma
memorandumu imzalanıb. Onun sözlərinə
görə, hələlik bu proqramla bağlı fiziki
işlərə başlanılmayıb: «Hazırda məsələ
danışıqlar mərhələsindədir. Ümumilikdə
isə 2015-ci ilədək bu marşrutun çəkilməsi
planlaşdırılır».
Məsələyə
münasibət açıqlayan Azərbaycan İnternet
Cəmiyyətinin sədri Qalib Qurbanov isə TASİM layihəsinin əhəmiyyətinə
toxunaraq deyib ki, bu proqram
Avropa ilə Asiyanı birləşdirən
xətt sayılır. Ekspert “Həftə
içi”nə bildirib ki,
TASİM-i fərqləndirən göstəricilərindən
biri həm də bu
layihə məhz Davamlı İnkişaf
Çağırışlarına əsasən
qurulmasıdır. Onun sözlərinə
görə, bu layihədə həm
dövlət, həm də özəl qurumlar
əməkdaşlıq edir: “Layihə həmçinin
eyni ölkənin yox,
ayrı-ayrı ölkələrin özəl və dövlət
təşkilatlarını birləşdirir. Təbii ki, layihənin əhəmiyyəti çox böyükdür.
Yəni, bu layihəyə qoşulan
ölkələr yüksək sürətli internet
şəbəkəsinə inteqrasiya edə
biləcəklər. Bunun nəticəsində
layihəyə qoşulan ölkələr
yüksək sürətli internet əldə
etməklə yanaşı, bu ölkələrdə
internetin qiyməti də qat-qat
ucuzlaşacaq”.
Qalib Qurbanov onu da əlavə edib ki, hazırda beynəlxalq
internetə qoşulma qiymətinin təxminən
80 faizini onun rabitəsi
təşkil edir. Belə ki,
ümumi internet tariflərinə
nəzər yetirsək görərik ki,
formalaşmış qiymətin təqribən 80 faiz hissəsi sırf beynəlxalq şəbəkəyə
qoşulmanın dəyəridir. Onun
fikrincə, bu layihə işə
düşəndən sonra Azərbaycan və
layihəyə qoşulan digər ölkələr
həmin magistralın üzərində olacaq.
Nəticədə həmin xətt üzrə yerləşən
ölkələrdə internet sürətlənməklə
yanaşı, həm də ucuzlaşacaq.
Sevinc
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.
Həftə içi.- 2014.- 21 may.-
S.6.