Əmək müqaviləsi:
gələcəyin təminatı
Azərbaycanda bəzi işəgötürənlər işçilərin gələcəyinə təminat verməkdə maraqlı deyillər
"On beş ildir tikinti sahəsində işləyirəm, aldığım maaşa görə nə hansısa sənədə qol çəkirəm, nə də harasa vergi ödəmirəm. Mənim vəzifəm tapşırılan işi görüb, ayın axırında maaşımı almaqdır".
Sahil Əliyev paytaxtda fəaliyyət göstərən tikinti şirkətlərindəki yüzlərlə
işçidən biridir. O, hər ay 560 manat maaş
alır. Amma özünün
də dediyi kimi,
aldığı əməkhaqqı rəsmi qeydiyyata
alınmır və buna görə də
məcburi sosial sığorta haqqı da ödəmir:
"İşə təzə başlayanda
Əmək kitabçası alıb gətirmişdim. Müdirim kitabçanı görəndə mənə
güldü, dedi səni
sənədlə işə götürsəm, gərək
dövlətə vergi, sosial
sığorta haqqı ödəyəm. Ona
görə də sadəcə görəcəyim işin qrafiki,
maaşı barədə şifahi
razılaşmamız oldu və
başladım işləməyə".
İndi 38 yaşı olan Sahil əmək fəaliyyətinə başlayandan bəri bir
neçə dəfə işini dəyişərək
ayrı-ayrı sahibkarlıq subyektlərinin qeyri-rəsmi işçisi olub.
Hamısında eyni qayda
və prinsiplərlə işləyib, heç
biri ilə nə “Əmək müqaviləsi”
bağlayıb, nə də aldığı əməkhaqqına
görə hansısa sənədə imza
atır.
Nə qədər qəribə
olsa da, işçi kimi rəsmi qeydiyyatda olmamağın gələcək sosial təminat hüquqlarının
tanınmasına əngəl olacağını Sahil özü də başa düşür. Bilir ki, rəsmi işçi kimi qeydiyyata düşməməklə gələcəkdə
yüksək pensiya almaq,
əmək qabiliyyətinin itirilməsi, işsiz
olmağına görə müavinət ala
bilmək şanslarını məhdudlaşdırır. Amma müsahibimiz etiraf edir ki, işçi
olaraq rəsmi qeydiyyata
düşməsi, çalışdığı iş yeri ilə işçi münasibətlərini əmək
müqaviləsi əsasında qurması təkcə onun iradəsindən asılı deyil: “İndi Azərbaycanda
mənim kimi o qədər
işçi var ki. Təkcə burada
yüzlərlə adam işləyir.
Hamısı da mənim kimi
müqavilə tələb eləməkdən ehtiyatlanır. Qorxurlar ki, rəsmi işçi kimi qeydiyyata düşmək istəsələr,
“Əmək müqaviləsi” tələb etsələr
onları işdən çıxaracaqlar. Bəzən yeri gələndə öz
aramızda bu barədə
danışırıq. İş
icraçıları deyirlər ki, xoşun gəlmirsə çıx, o qədər işsiz adam var ki,
gətirib birini işlədəcəm”.
Faktiki məşğul əhalinin bir qisminin sosial
sığorta ödənişlərinə cəlb
olunmadığını rəsmi orqanlar da təsdiqləyir. Belə işçilər
Sahil Əliyevin
çalışdığı tikinti sektorunda, ticarət, nəqliyyat, kənd təsərrüfatı,
ictimai-iaşə xidməti sahələrində kifayət qədərdir.
Dövlət Statistika Komitəsinin məlumatına
əsasən, bu il aprelin 1-nə olan vəziyyətə
görə, Azərbaycanda iqtisadi fəal əhalinin
sayı 4765,9 min nəfər olub. Onlardan 4529,9 min nəfərini iqtisadi əmək
fəaliyyəti ilə məşğul olan
əhali təşkil edib. Bunların
arasında muzdlu işçilər, yəni
işəgötürənlə əmək müqaviləsi
bağlamış və bunun əsasında
gördüyü işə görə əmək
haqqı alanlar 1510,4 min
nəfərdir. Muzdlu işçilərin cəmləşdiyi sahələrə
nəzər yetirdikdə isə aydın olur
ki, iqtisadiyyatın dövlət bölməsində
900,7 min nəfər, qeyri-dövlət
bölməsində 609,7 min nəfər, neft sektorunda 37,1 min nəfər, qeyri-neft sektorunda isə 1473,3 min nəfər
çalışıb.
Bununla belə, Dövlət Statistika
Komitəsinin məşğul əhalinin sayı barədə
məlumatlarına nəzər saldıqda məlum olur ki, faktiki
olaraq işləyənlərin bir qismi hələ də sosial sığorta haqları ödəmir.
Bunların arasında qəhrəmanımız Sahil Əliyevin də aid olduğu tikinti sahəsində
çalışanlar da az
deyil. Komitənin məlumatına
görə, bu ilin birinci rübündə muzdla
işləyən əhalinin cəmi 7 faizi
tikintidə, 6,6 faizi emal
sənayesində, 2,9 faizi kənd təsərrüfatı,
meşə təsərrüfatı və balıqçılıq
sahəsində, 2,5 faizi mədənçıxarma
sənayesində, 2,1 faizi elektrik
enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi
və təchizatı sahəsində, 1,7 faizi
su təchizatı, tullantıların təmizlənməsi
və emalı sahəsində cəmləşib. Bu sektorda məcburi sosial sığortaya cəlb edilənlərin faiz nisbəti isə xeyli
aşağıdır.
Sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə
işçinin pensiya,
müavinət və digər sosial ödənişlər
almaq hüququ
yaranır. Sosial sığorta hadisəsinə pensiya
yaşına çatmaq, əlil olmaq, ailə başçısını itirmək,
əmək qabiliyyətinin müvəqqəti itirilməsi,
hamiləlik və doğum,
uşağın anadan olması, uşağa qulluq, ölüm və sanatoriya-kurort
müalicəsi, işsiz olmaq
daxildir. Yəni Dövlət Sosial Müdafiə Fondunda
fərdi şəxsi hesabı olan hər bir sığortaolunan bu cür hallarla
qarşılaşarsa, dövlət tərəfindən ona pensiya və müavinət
təyin edilir. Sığortaçı kimi qeydiyyatda olmayan şəxslər isə iş
stajından və işlədiyi dövrdə
aldığı əməkhaqqının məbləğindən
asılı olmayaraq, bu
hüquqlardan məhrum olmuş
sayılır.
Sığorta
ödəyicisi kimi dövlət
orqanlarında qeydiyyatda olanlar
isə ödədikləri vəsaitlərin etibarlı
yığımına əmin ola bilər.
Üstəlik olanlar sığorta hadisəsi
ilə üzləşərkən ödədikləri vəsaitə
uyğun pensiya və ya müavinətlə təmin olunacaqlarına
da arxayındır. Bu təminatı isə
onlara pensiya-sığorta sahəsində
aparılan islahatlar çərçivəsində
informasiya-kommunikasiya texnologiyalarına əsaslanan
xidmət və idarəetmə sistemləri yaradır.
Xatırladaq
ki, hələ 2008-ci ildə DSMF-də müasir tipli “Call-center” - Mərkəzləşdirilmiş
Çağrı Mərkəzi” yaradılıb. “190” nömrəli
telefon məlumat xidmətinin
yaradılmasında məqsəd sığortaolunanlarla və
pensiyaçı əlaqələri inkişaf
etdirmək, əhalinin sığorta-pensiya sistemi
ilə bağlı istənilən suallarını operativ
şəkildə cavablandırmaqdır. Məlumat xidməti tərəfindən
telefon vasitəsi ilə məcburi dövlət
sosial sığortası, pensiya
məsələləri, fərdi uçotun
təşkilinə aid sualların və
müraciətlərin operativ şəkildə
cavablandırılır. Bu isə o deməkdir ki,
sığortaolunanlar, pensiyaçılar, eləcə də hər
bir vətəndaş pensiya
sistemi ilə bağlı onu
maraqlandıran istənilən məsələyə “190”
nömrəli telefona müraciət etməklə
cavab tapa bilər.
Hazırda isə DSMFnin bütün
fəaliyyət istiqamətlərinin hamısının
elektronlaşdırılması və
avtomatlaşdırılması sahəsində böyük
proqramlar icra olunur. O ki qaldı sosial sığorta hadisəsi zamanı ödənişlər
müəyyən edilərkən şəffaflığın
qorunmasına, buna DSMF-nin
Avtomatlaşdırılmış İdarəetmə Sistemi təminat yaradır. Belə ki, hər kəs bu sistem vasitəsilə gələcəkdə
alacağı pensiyanı hesablaya bilər.
Bunun üçün
DSMF-nin internet
saytında (www.sspf.gov.az) yerləşdirilmiş
“pensiya kalkulyatoru”ndan istifadə etmək kifayətdir.
Lakin Vergilər Nazirliyi və Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək
Müfəttişliyi Xidməti tərəfindən
aparılan araşdırmalar da göstərir
ki, işçilərlə əmək
müqavilələrinin bağlanması məsələsində
hələ də ciddi problemlər mövcuddur.
Əksər hallarda işçi
ilə işəgötürən arasında gizli
razılaşma əldə olunur və belə
razılaşmalar nəticəsində uduzan
tərəf işçi və dövlət
olur. Vergi ödənişləri
və Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödəmələr yerinə yetirilmir, qanunvericiliyin tələbləri
kobud şəkildə pozulur,
dövlətə milyonlarla ziyan dəyir.
Təbii ki, çmək müqaviləsinin olmaması əmək
pensiyasının minimum səviyyədə
olmasına gətirib çıxarır.
Əmək
Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədov da hesab edir ki,
əmək müqaviləsinin bağlanmaması təkcə
dövlət büdcəsinə ödənilməli olan gəlir vergisinin gizlədilməsi
deyil, həm də vətəndaşın
özü üçün
yaratdığı ciddi sosial
problemdir: «Hər bir vətəndaş bilməlidir
ki, onun sosial təminatının gələcəyi öz əlindədir və bu
prosesdə fəal iştirak etmək gələcəkdə
sosial hüquqların tam
təmin olunması ilə nəticələnir. Pensiya - müavinət təminatında
işçilərlə əmək müqaviləsinin bağlanılması,
əməkhaqlarının leqallaşdırılması, məcburi
dövlət sosial sığorta
haqlarının vaxtında ödənilməsi mühüm rol
oynayır».
Onun sözlərinə görə, bu gün xüsusilə
özəl sektorda fəaliyyət göstərən işçilərlə əmək
müqaviləsi imzalamır: «Hazırda Azərbaycanda
çalışan hər üç
işçidən biri ilə əmək
müqaviləsi imzalanmır ki, bu da milyonlarla
işçinin hüquqsuz
duruma düşməsi ilə nəticələnir.
Əmək hüququnu tələb edən
işçiyə isə birmərənalı olaraq
«qapı» göstərilir. İşçi
məhz iş yerini
itirməmək üçün susur və müqavilə olmadan
da işləmək məcburiyyətində
qalır. Bunun nəticəsində iş yerlərində sahibkarlar
diqtə edir və işçilər
onların insafından asılı vəziyyətdə
qalırlar».
Sahib Məmmədov onu da
qeyd edib ki, əmək müqavilələrinin
imzalanmaması həm işçilərin gələcəkdə
təqaüd almamasına, həm də iş
vaxtı baş verə biləcək təhlükələrdən
sığortalanmamasına gətirib çıxarır: «Bəzi şirkətlər
isə vergidən yayınmaq üçün
işiçilərlə müqaviləni formal
olaraq bağlayır ki,
bu zaman işçinin real əmək
haqqı gizli saxlanılır. Əcnəbi
şirkətlərdə də oxşar vəziyyət
hökm sürür.
Onlar bu vəziyyətdən
sui-istifadə edərək, xarici
işçilərə daha çox, yerli
işçilərə isə onlardan dörd dəfə az məvacib
verirlər. Hesab edirəm ki,
həm müvafiq dövlət
qurumları, həm də ictimai təşkilatlar
bu məsələdə aktivliyi
artırmalı və əmək müqaviləsi imzalamayan şirkətlərə qarşı
mübarizəni gücləndirməlidir. Düzdür, hazırda
Vergilər Nazirliyi və digər qurumlar bu şirkətlərlə
mübarizə aparırlar və bunun nəticəsidir
ki, ötən illərlə müqayisədə
əmək bazarında müqavilə olmadan
işləyənlərin sayı nisbətən azalıb.
Amma bu sahədə
görüləcək işlər hələ çoxdur. Hesab edirəm ki, ilk növbədə əmək
müqaviləsi bağlamayan şirkətlərin
siyahısı ictimaiyyətə açıqlanmalıdır.
Çünki ictimai
qınaq bu şirkətləri qanunsuz əməllərindən çəkindirə
bilər. Eyni zamanda,
belə şirkətlərə qarşı daha
sərt cəza tədbirləri görülməlidir. Əks
təqdirdə, əmək bazarındakı bu
vəziyyətdən həm vətəndaş, həm də
dövlət itirəcək ”.
Sevinc Osmanova
Yazı Vergilər Nazirliyinin “Vergilər” qəzetinin və Azərbaycan Mətbuat Şurasının keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.
Həftə içi.- 2014.- 24-26
may.- S.7.