“Dayəm Yelizaveta adlı bir alman xanımı olub...”
Onunla “Labirint”də də
görüşmüşük, hər sualımıza bir
cümlə ilə cavabını da almışıq. Ölkənin üzdə
olan digər nəşrləri kimi, “Həftə içi” qəzetinin
və Hafta.az-ın da söz altda qalmayan daimi siyasi
qonaqlarından, ekspertlərindəndir. Ötən seçkilərdə
prezidentliyə namizəd də olmuşdu... Yəni
həmin fiqura adətən bir politoloji obyekt kimi baxmışıq.
Bu dəfə isə onu siyasi “tamaşalar”
arenasından çıxarıb, təxminən bir saatlıq
“Antrakt”a dəvət etdik.
Və həmsöhbətimizə dünən körpə,
uşaq, övlad, şagird, tələbə, bu gün isə
ata, həyat yoldaşı, dost, qohum olan adi bir insan kimi
baxmağa çalışdıq... “Şərq-Qərb”
Araşdırmalar Mərkəzinin rəhbəri, “A-13” hərəkatının
yaradıcılarından biri – politoloq Ərəstun Oruclunun
Botanika bağında yarpaq süpürdüyü, həkim
işlədiyi və xüsusi xidmət orqanlarında
çalışdığı dönəmlər də olub...
- Ərəstun bəy, doğma Şəmkirlə, uşaqlığınızla
bağlı hansı şirin xatirələr var?
- Birinci sinfə gedəndə anam mənə bir
qotazlı papaq toxumuşdu. Amma ondan xoşum gəlmirdi;
özümü artıq böyük hesab etdiyimdən
kişiyə yaraşdırmırdım. Elə
birinci dəfə məni bir təhər razı salıb, həmin
papağı başıma qoyub, məktəbə
yollamışdılar. Necə oldusa, dərsdən
çıxanda papaq yadımdan çıxdı, qaldı
partanın altında və tapılmadı. O vaxtdan 20-30 il ötsə də, atamı-anamı
inandıra bilmirdim ki, o papağı məktəbdə bilərəkdən
unutmamışam.
Böyük Vətən müharibəsi
veteranı olan bir ədəbiyyat müəllimimiz vardı -
Əsəd müəllim. Bir dəfə
o, bizə rus bölməsinin müəlliməsi ilə
mübahisəsindən danışdı. Əsəd
müəllim proqramın uşaqlar üçün
ağırlığından bəhs edəndə rus müəllimə
deyib ki, əşşi, sizin Azərbaycan ədəbiyyatında
nə var e... Qocaman müəllimimiz cavab verib
ki, mənim xalqımın Dədə Qorqudu, Nizamisi,
Füzulisi olanda rus xalqı hələ yox idi. Həmin
söhbətin məğzi bizə hələ böyüyəndən
sonra çatdı: tipik bir sovet adamı olmalı olan
müharibə veteranı Əsəd müəllimin öz
xalqının mənafeyini bu cür müdafiə etməsi
sovet imperiyası dövründə belə
xalqımızın şüurunda müstəqillik
duyğularının yaşadığına bir sübut
imiş.
- Körpə
yaşlarında dayəniz alman bir qadın olub. Ondan
hansı müsbət xüsusiyyətlər əxz etmisiz?
- Bəli, dayəm Yelizaveta adlı bir alman xanım idi. Qonşuluqda olurdu. Böyüyəndə də
bir doğma adam kimi onunla əlaqə
saxlayırdım. Maraqlı idi ki, o - alman
qadın Azərbaycan dilində çox sərbəst
danışırdı. Mən, ümumiyyətlə,
alman ruhu mühitində böyümüşəm. Çünki Şəmkirin almanlar tərəfindən
salınmış 5 küçəsindən birində
yaşayırdıq. Və daim bu alman səliqəsi,
alman həyat tərzi gözümüzün
qarşısında olub. Təəssüflə
deməliyəm ki, həmin küçələr XIX əsrin
sonunda salınsa da, XX əsrdə azərbaycanlıların
saldığı küçələr o səliqəyə
malik deyildi. Yəni bu tamam başqa bir
ab-hava idi.
-
Leninqradda (indiki Sankt-Peterburq) ali məktəbdə
oxuyanda Botanika bağında dalandar işləmisiz. Maraqlıdır, əmək haqqınız nə qədər
idi?
- 77 rubl alırdım. Ancaq indiki 77 manatdan
bərəkətli idi. Bundan başqa, xəstəxanada
da işləyirdim. Yəni o vaxt artıq
21 yaşım olduğumdan evdən yardım almağı
özümə yaraşdırmırdım. Tələbəlik illərində qənaət
etdiyim pullar hesabına 1000 nüsxəyə yaxın kitab
toplamışdım. Və onların
çoxunu bu günədək saxlayıram.
-
Sankt-Peterburqda maraqlı sərgüzəştləriniz də
olub, yəqin?
- Hə... Birini danışım sizin
üçün. Sovet vaxtı xarici turistlərlə
ünsiyyətə girmək qadağan idi. Odur ki, tələbələr
bunu ya içkili vəziyyətdə edirdilər, ya da adam çox olan yerdə. Bir dəfə
bir rus tələbə yoldaşımla birgə iki xarici
xanımla rastlaşdıq. Rus dostum bərk
içmişdi və ingilis dilində rabitəsiz bir şəkildə
nəsə danışırdı. Qızlar
isə almanca cavab verirdilər. Biz əcnəbi
qızlardan ayrılandan sonra rus soruşdu ki, hə, ingiliscə
necə danışdım, xoşuna gəldi? Cavab verdim ki, yaxşı danışdın, amma
qızlar almanca danışırdılar. Ruslarda əcaib
bir məsəl var: “Araq insanları birləşdirir”. Yəni maraqlıdır ki, hətta müxtəlif
dildə danışan insanlar sərxoş vəziyyətdə
bir-birilərini yaxşı anlayırlar.
- Üzr
istəyirəm, xanımınızı deyəsən,
üçüncü sinifdən gözaltı eləmisiz?
- Bəli, belə bir iş olmuşdu...
- Sonra
valideynləriniz də bu izdivaca asanlıqla razılıq
verdimi?
- Təbii, valideynlərimin razılığı
olmamış evlənməzdim.
- Azərbaycanda
ilk iş yeriniz hara oldu?
- İlk iş yerim Respublika Klinik Xəstəxanası
idi. O vaxt məvacibim 120 rubl idi. Çətin
idi, ancaq xanımım da işləyirdi. Əl-ələ
verib dolanırdıq.
- 1992-ci
ildən MTN-də işləməyiniz qohumlarla,
dost-tanışla ünsiyyətdə problem yaratmadı ki?
- Yox, heç bir problem yaratmırdı. Yeganə problem ondan ibarət idi ki, ailədən tam
təcrid olunmuşdum. Səhər tezdən
gedib, gecə yarı gəlirdim. O zaman hələ bir
oğlumuz var idi, o da balaca idi. Hətta bir
müddət sonra uşaq məni görəndə
tanımırdı. Ağır dövr
idi.
-
Neçə qardaş-bacınız var?
- Bir bacım və iki qardaşım var.
Bacım rayonda, qardaşlarım isə Rusiyada olur.
- Bəs
neçə övlad böyüdürsüz?
- İki oğlum var: 19 və 22
yaşlarında.
- Harada təhsil
alırlar?
- Böyük oğlum Bakıda iqtisadiyyat
üzrə bakalavrı artıq bitirib, hazırda ABŞ-da təhsilini
davam edirir. Kiçik də orada hüquq və
siyasət üzrə təhsil alır.
- Ərəstun bəy, gününüz saat neçədə
və necə başlayır?
- Günüm çox erkən
başlayır. Tələbə vaxtından vərdiş
etmişəm: sutkada cəmi 4-5 saat yatıram.
- Və
bu, sizə kifayət edir? Gündüz də
yatmırsız?
- Yox, gündüz yatmağı tənbəllik
əlaməti hesab edirəm. Təxminən 6:30-da oyanıram.
O dəqiqə də həyətə düşüb
işıqları söndürürəm, ümumi ab-havaya
baxıram...
- Səhər
gimnastikası edirsinizmi?
- Mütləq. Bu da olmayanda hansısa bir iş tapıram.
Məsələn, avtomobilimi yuyuram.
-
Avtomobildən danışdınız, indi dəbdə olan
sual yadıma düşdü: hansı markadı avtomobiliniz?
- “BMV”di.
-
Avtomobilinizi tez-tez dəyişmirsiz ki?
- Yox. Avtomobilə, sadəcə,
bir nəqliyyat vasitəsi kimi baxıram. Yəni
müəyyən tələbatları ödəyən
parametrləri, rahatlığı varsa, kifayətdir. Hazırkı avtomobilimi 8-ci ildir sürürəm.
O vaxt alanda da artıq 10 il işlənmişdi.
Amma mənə problem yaratmırsa, niyə dəyişməliyəm?.. Ümumiyyətlə, hesab edirəm ki,
bahalı avtomobil, geyim və s. əşyalara meyil
insanların daxili zəifliyindən irəli gəlir... Onu da
deyim ki, mən həftədə azı bir dəfə şəhəri
avtomobilsiz, ictimai nəqliyyatla gəzirəm ki, həm bir vətəndaş,
həm də siyasətlə məşğul olan adam kimi, öz soydaşlarımın hansı
qayğılarla yaşadığının, nələri
müzakirə etdiyinin və s. şahidi olum.
- Həddindən
çox avtomobil olan və çoxlarının qaydalara riayət
etmədiyi Bakıda sürücülükdə çətinlik
çəkmirsiz ki?
- Yox. Rayonda 11 yaşımdan
avtomobil sürməyə başlamışam. Maraqlıdır ki, atam buna icazə verirdi. Görünür, bir səbəb də o idi ki, bəzilərində
olan avtomobildə hoqqalar çıxarmaq meyili məndə yox
idi. Atam hətta 13-14 yaşında mənə
ov tüfəngini götürüb, yaşıdlarımla ova
getməyə də icazə verirdi. Və
təəccüblü o idi ki, bu cür riskli işlərə
icazə verdiyi halda atam idmanla məşğul olmağıma
heç cür razı olmurdu. Böyüyəndə səbəbini
soruşdum, heç özü də izah edə bilmədi...
- Deyəsən,
həyət evində yaşayırsız? Həyətyanı
sahəniz neçə sotdur?
- Bəli, həyət evində yaşayırıq. Təxminən 4 sotluq sahəmiz var.
- Yəqin
ağac, yaşıllıq da var həyətinizdə?
- 20-dən yuxarı ağac var. Demək olar ki, daha
çox yeyilən meyvə ağaclarının
hamısından var: armud, alma, gilas, gilənar,
ərik, tut, yapon əzgili, alça, əncir, zoğal və
s. Düzdür, tam bəhrə vermirlər. Çünki
torpaq zəifdir. Amma bəziləri yaxşı bar verir.
Məsələn, ötən il gilənar
o qədər bol oldu ki, hətta mürəbbəsini də
bişirdik. Tut, ərik, əncir daha yaxşı məhsul
verir.
-
Özünüz qulluq edirsiz ağaclara?
- Bəli. Amma ötən il
bir az səhlənkarlıq etdik. Ağaclara
cürbəcür həşəratlar, qurdlar xeyli ziyan vurdu.
Odur ki, bu il yazdan ciddi müalicə və
dərmanlama işləri gördük... Uşaqlığımın
6-7 ilini kənddə - nənəmin yanında keçirdiyimdən
təsərrüfat, bağ-bağat işləri mənə
yad deyil. Belə işlərə həvəsim
də var.
-
Göy-göyərti də becərirsiz?
- Yox, bunun üçün şərait
yoxdur.
- Ərəstun bəy, aylıq qazancınız
müasir tələbatları ödəyirmi?
- Bəzən ödəyir. Ödəməyəndə
isə xərcləri məhdudlaşdırırıq.
-
Xanımınız da işləyir?..
- Bəli. Amma bizim işimiz elədir ki, hər
ay stabil əməkhaqqı almırıq. Qazancımız
gördüyümüz işin həcmindən
asılıdır.
-
Bazarlığı özünüz edirsiz?
- Hə, adətən özüm. Çünki
bu işi bacarıram. Uşaqlıqdan bazarlığa gedərkən
atamı müşayiət etmişəm...
- Boş
vaxtınız olanda, şənbə-bazar nə ilə məşğul
olursuz?
- Əlavə vaxtımı əsasən
ailəmə, övladlarıma həsr edirəm. Hazırda oğullarımız da tətildə
olduqlarından buradadırlar. Onlarla bir yerdə gəzintiyə-filana
çıxırıq...
- Yayda
ölkə daxilində, ya xaricdə dincəlmək, müalicə
almaq imkanınız olur?
- Yox. Vaxt tapanda yayda bir
neçə günlüyə Şəmkirə gedirik. Bəzən maddi baxımdan da başqa yerə getməyə
imkan olmur. Uşaqlar xaricdə oxuyur,
başqa qayğılar. Amma burada da problem
yoxdur. İnsan istəsə, evinin
içində də düzgün istirahət edə bilər.
- Qohum-əqrəba,
dost-tanışla gediş-gəlişiniz varmı?
- Bəli, gedib-gəlirik. Dostlarımızdan
eləsi var ki, bina evində yaşayırlar. Hərdən onları dəvət edib kabab
qonaqlığı, samovar çayı verirəm.
- Yəqin,
Şəmkirdən təbii, elmi dildə desək, ekoloji təmiz
ərzaq-filan gətizdirirsiz?
- O qədər də yox. Çünki
artıq təbii ərzaqları Bakıda da əldə etmək
olur. Amma hərdən qohumlar özləri
gələndə müəyyən məhsullar gətirirlər.
Daha çox arı saxlayanlar təmiz bal gətirirlər.
- Xörəklərə
münasibətdə xüsusi seçiminiz var?
- Bunu həmişə uşaqlarıma da deyirəm ki,
evdə dadlı yemək bişirsə, bu həmin ev sakinlərinin bir növ xoşbəxtliyidir. Bu mənada mən də şanslıyam. Rəhmətlik anam da gözəl xörəklər
bişirərdi, xanımımın da əl qabiliyyəti
yaxşıdır. Evimizdə bişən
hər şeyi yeyirəm. Amma əksəriyyət
ət yeməklərini xoşladığı halda mənim
üçün yeməklərin şahı
badımcandır. Bir də, türkün
sözü, qatığı xoşlayıram (gülür).
Bu, hər gün olmalıdır...
- Spirtli
içki ilə aranız necədir?
- Çoxdandır içmirəm. Tələbə olanda, Rusiyada hərdən
içirdim. İndi ümumiyyətlə,
içmirəm. Amma bu, qətiyyən
dindarlıqla bağlı deyil.
- Elə
ağzımı açırdım, deyəm ki, deyəsən,
bircə namazınız çatmır...
- Yox, namaz qılmıram. Amma
sadəcə, bir ilahi qüvvəyə inanıram. Bu sahədə öz baxışlarım var. Hər
kəsin də dini baxışlarına hörmətlə
yanaşıram. Ancaq öz baxışlarını mənə
sırımağa çalışdığı həddə
qədər... Və öz dindarlığını gözə
soxan insanlara bir qədər şübhə ilə
yanaşıram...
- Ərəstun bəy, MTN-də
çalışmısız. Dünyanın MKİ, FTX, Mİ-6,
Mossad və s. kimi məşhur xüsusi xidmət
orqanlarının da bir funksiyası müəyyən məqsədlər
üçün insanları izləməkdir. Amma
ən qüdrətli və dəqiq izləyici sizin də
inandığınız o ilahi qüvvə - Allahdır.
O hamımızı, eyni zamanda, bizi izləyənləri də
izləyir və həyatımızın hər bir
anındakı düşüncə və əməllərimizi
qeyd edir. Elə ən ağır cəzanı
da O verir. Bu mənada həyatınızın
hansı epizoduna görə cəzalanmaqdan ehtiyat edirsiz?
- Bilirsiz, insan özündə heç zaman suç
axtarmır. Görünür, həyatda bir
yetkinlik mərhələsi var ki, insan yalnız o mərhələyə
çatanda həyatındakı olub-keçənləri
xatırlayıb, təhlil edir. Şübhəsiz
ki, hər bir insan kimi, mənim də haradasa, səhvlərim,
günahlarım olub. Hamısını da
çox yaxşı xatırlayıram. Amma
hansınasa görə cəzalanmaqdan danışmaq - bu
artıq dinə gəlib çıxmaqdır. Bu barədə
bir az fərqli düşünürəm.
Məncə, insan üçün ən böyük cəza
onun öz günahını dərk edib, daxilən
öz-özünə şiddətli əzab çəkməsidir...
Bu mənada mənim xüsusi qorxum yoxdur.
Çünki hesab edirəm ki, insan öz günahını
özü-özünə etiraf edib, başqasından da
üzr istəmək iradəsinə sahib olanda artıq bu cəzadan
azad olur...
Sultan
Laçın
Həftə
içi.- 2014.- 24-26 may.- S.4.