İKT üzərindən casusluq 

 

İnternet istifadəçilərinin bu təhlükədən sığortalanması mümkündürmü?

 

Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (KİMM) internet istifadəçiləri üçün antivirus proqramı bənzərində yeni bir sistem istifadəyə vermək niyyətindədir. KİMM-dən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, hazırda mərkəz tərəfindən “www.cert.gov.az” internet istifadəçiləri üçün “Malware Report” proqramı hazırlanır.

İstifadəçilər “Malware Report” proqram təminatını kompüterlərində quraşdıraraq təhlükəli və ya şübhəli bildikləri faylları bu proqram təminatı vasitəsilə KİMM-ə göndərəcək. KİMM "Malware Lab” isə öz növbəsində göndərilən faylları laboratoriya şəraitində analiz edərək fayl haqqında rəyini istifadəçilərə göndərəcək.

Proqram təminatının digər üstünlüyü “cert.gov.az” saytında yayımlanan boşluqlar, xəbərdarlıqlar haqqında proqram təminatının xüsusi bölməsində istifadəçilərin məlumatlandırılması olacaq.

Proqram təminatının əsas məqsədi istifadəçilərin şübhəli bildikləri faylların analizi ilə Azərbaycana yönələn məqsədli və ya məqsədsiz yoluxmaların trendini, “malware” hədəflərini, o cümlədən “malware” qoşulmalarını və “root” istifadəçiləri müəyyən edərək onlara qarşı qoruyucu və qabaqlayıcı tədbirlər görmək və mümkün təhlükələr barədə istifadəçiləri məlumatlandırmaq olacaq.

KİMM “Malware Report” proqramının istifadəyə verilməsi layihənin digər bir hissəsi olan “Sandbox” istifadəsinin genişləndirilməsi və hazırda ilkin mərhələdə fəaliyyət göstərən “Honeypot” layihəsinin çeşidləndirilməsinə də təkan verəcək.

“cert.gov.az” bu proqramın yalnız dövlət qurumları üçün deyil, bütün yerli internet istifadəçiləri üçün açıq ola biləcəyini bildirir. Proqram təminatının gələcəkdə antivirus kimi fəaliyyət göstərməsinin proqramın gələcək versiyalarında nəzərdə tutulması da istisna deyil.

Qeyd edək ki, bu gün bütün dünyada, o cümlədən Azərbaycanda kompüterlərin zərərli viruslara yoluxması problemi mövcuddur. Düzdür, aparıcı antivirus istehsalçıları kompüter «yeyən» viruslara qarşı müxtəlif mübarizə metodları sərgiləsələr də, hələlik bu problemin qarşısını tam almaq mümkün olmayıb. Hətta bəzi hallarda kompüter istifadəçiləri cəsus proqramlardan asılı vəziyyətə də düşür. Belə ki, antiviruslara cəsus proqramlar yazılır ki, həmin proqram kompyterdə aktivləşən zaman istənilən məlumatı kompyuterdən oğurlamaq mümkün olur. Yəni, antiviruslar istifadəçinin bütün əməliyyatlarını izləyir ki, bu da gələcəkdə həmin istifadəçinin təhlükəsiz fəaliyyət imkanlarını məhdudlaşdırır.

Bəs, görəsən, kompüter istifadəçilərinin cəsus proqramlardan sığortalanması mümkündürmü? Ümumiyyətlə, antivirus proqramlarının neçə növü mövcuddur?

Məlumat üçün bildirək ki, mütəxəssislər antivirüs proqramlarını adətən 3 əsas qrupa bölürlər. Bunlar virus axtarış, tapma (virus scanner), tapılan virusu təmizləmə (virus cleaner), ompüterinizi viruslardan qorumaq üçün bir qoruyucu qalxan meydana gətirmə (virus shielder) proqramlarından ibarətdir. Adətən hər virus müəyyən bir uzunluqda maşın kodu yığınından meydana gəlir. Bu kodlar hər virus üçün fərqlidir və viruslar bir fayla yoluxduqda həmin kodlar yoluxan fayl üzərinə yazılmış olur. Antivirüs proqramlarının isə virusların 95 faiz nisbətindəki böyük bir hissəsi üçün istifadə etdiyi texnika son dərəcə sadədir. Virus üzərində edilən araşdırmanın nəticəsi virusun hər kopiyasında sabit qalan mümkün olduğunca uzun kod silsiləsini axtarmaqdır. Bu şəkildə minlərlə virusun imzası bir faylda toplanır. Daha sonra virus araması ediləcək hər faylda minlərlə imzanın hər biri axtarılır. İmza tapıldığı təqdirdə fayla virus yoluxmuş deməkdir. Bunlardan sonrakı mərhələ təmizləmə qismidir. Bilinən klassik tərzdə yazılmış virusların hamısı bu metodla təmizlənə bilməkdədir. Bu metodun mənfi cəhəti yeni çıxan viruslara qarşı təsirsiz olmasıdır. Bundan ötrü antivirüs proqramlarının tez-tez yenilənməsi lazımdır.

 

Yoluxmanın qarşısını alan

immunizatorlar daha faydalı sayılır

 

Skanetmə texnikası əsasında işləyən antivirus proqramlara rezident monitorları misal göstərmək olar. Rezident monitorlar - daim operativ yaddaşda yerləşən və disklə və operativ yaddaşla aparılan əməliyyatlara nəzarət edən proqramlardır. Məhz bu proqramlar sistemin real yoluxma anına kimi virusu aşkarlamağa imkan verir.

Başqa bir antivirüs texnikası da peyvənd etmə texnikasıdır. Bu texnikada virusların işləyə bilən fayllara yoluxmaq üçün istifadə etdiyi texnika istifadə edilir. Lakin bu dəfə fayla yoluxan virus deyil, texnikanın mahiyyəti virusun yoluxduğunu müəyyən edə biləcək bir kod hissəsini proqrama əlavə etməkdən ibarətdir. Əlavə olunan bu kod, proqram hər işə düşdükdə öz-özünə nəzarət etməsini və təmizləməsini təmin edir. Peyvənd etmə texnikasında işləyə bilən hər fayla bu proqram parçasının əlavə edilməsi təmin edilir.

Peyvəndetmə texnikası əsasında işləyən antiviruslar immunizatorlar adlanırlar. İmmunizatorların iki növü var. Bunlardan biri yoluxma barədə məlumat verən immunizatorlar, digəri isə hər hansı növ virusla yoluxmanın qarşısını alan immunizatorlardır. Onlardan birincisi adətən faylların sonuna yazılır və hər dəfə fayl işlədikdə onun dəyişməsini yoxlayır. Bu immunizatorların bir nöqsanı var ki, stels-virusla yoluxma barədə məlumat verməyə qadir deyil. Buna görə bu immunizatorlar hazırda praktikada istifadə edilmir. İkinci növ immunizator sistemi hər hansı müəyyən növ virusla yoluxmaqdan mühafizə edir. Diskdə fayllar elə modifikasiya edilir ki, virus onları artıq yoluxmuş fayl kimi qəbul edir. Rezident virusdan mühafizə üçün kompüterin yaddaşına virusu imitasiya edən proqram yüklənir. Virus işə düşdükdə onunla rastlaşır və hesab edir ki, sistem artıq yoluxub.

 

Təhlükəsizlik normalarına tam əməl olunmur

 

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz “Həftə içi”nə bildirib ki, ölkəmizdə kompüter istifadəçilərinin virus hücumlarına məruz qalması müxtəlif səbəblərlə bağlıdır. Onun sözlərinə görə, Azərbaycanda elementar informasiya təhlükəsizliyi normalarına tam əməl edilmir: «Bu baxımdan internet istifadəçilərinin əksəriyyətinin kompüterlərində təhlükəli viruslar çoxdur. Xarici ölkələrdən buraxılan viruslar internetlə digər kompüterlərə, şəbəkələrə yayılır. Bundan sonra virus Azərbaycan istifadəçisinin qorunmayan kompüterində oturur və oradan da yayılmağa başlayır. Problem ondadır ki, Azərbaycanda internet istifadəçilərinin sayı gün-gündən artır. Lakin bunun müqabilində onların təhlükəsizliyi tam şəkildə qorunmur. Digər tərəfdən bu məsələdə qeyri-dövlət sektoru ilə bağlı hələ oturuşmuş mövqe yoxdur. Eyni zamanda, bizdə dövlət orqanlarının internet resurslarının dayanıqlı fəaliyyəti, kadrlar, texniki-texnoloji standartlar, bir-birinə inteqrasiya ilə bağlı ciddi problemlər var. Nəticədə mövcud şəbəkəni tam olaraq mühafizə etmək mümkünsüz olur”.

İnternet istifadəçiləri üçün təhlükəli sayılan cəsus proqramlara da toxunan ekspert deyib ki, bu məsələyə adətən lisensiyasız antivirus proqramlarında rast gəlinir. Osman Gündüz hesab edir ki, internetdən əldə edilən antivirus proqramlarının çoxuna əl gəzdirərək bu cür fayllar qoşmaq mümkündür: “Ona görə də, kim kompyuterindəki informasiyalarının təhlükəsizliyini istəyirsə bu cür antivirus proqramlarını almaqdan çəkinməlidir. Yəni, istifadəçilər ancaq lisenziyalı proqramlardan istifadə etməlidirlər. Əgər internet istifadəçiləri antivius alarkən ehtiyatlı olmasalar, bu onların gələcək fəaliyyətində ciddi problemlər ortaya çıxara bilər».

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

 Həftə içi.- 2014.- 27 may.- S.6.