Sağlamlıq
imkanları məhdud olsa da,
cəmiyyətə inteqrasiya imkanları məhdud
deyil
Samirə
Salmanova 1981-ci ildə Bakıda anadan olub. Hazırda 33
yaşlı bu xanım yaşıdlarından
çox-çox fərqlənir. Təəssüf ki, ailənin
ilk övladı olan Samirə dünyaya göz açandan həkim
məsuliyyətsizliyi üzündən fiziki qüsurla
böyüməli olub. Yeriməyə, danışmağa, əliylə
nəsə tutmağa, fikirlərini ifadə etməyə
çətinlik çəkir. Nə qədər qəribə
olsa da, o, 8 yaşından öz sözünü ancaq
ayaqları ilə deyir.
Anası Faiqə xanımla söhbətimiz zamanı məlum
olur ki, Samirənin rəsmə olan həvəsi
qardaşının dəftər-qələmlə işləməsindən
sonra yaranmağa başlayıb. Onun bu bacarığı 8
yaşından üzə çıxıb.
Beləliklə, indi o, öz üzərində işləyərək,
dili ilə söyləyə bilmədiklərini boyaların və
fırçanın köməyi ilə çatdırmağa
çalışır. Başqa sözlə desək, Samirənin
xəyalında canlandırdığı həyat çəkdiyi
rəsmlərdə üzə çıxır.
Qırmızı, yaşıl rənglərlə işləməyi
sevən Samirənin əl işləri olduqca
maraqlıdır. Elə bu səbəbdəndir ki, onun
yaratdığı əsərlər indiyədək müxtəlif
müsabiqələrdə yüksək mükafatlara layiq
görülüb. Belə ki, 1997-ci ildə Əlillərin
3-cü Ümumrespublika Yaradıcılıq Sərgisində
iştirak edən Samirə, daha sonra Əlillərin 5-ci
Ümumrespublika Yaradıcılıq Sərgisində 3-cü
yeri tutub. Samirənin əl işləri Moskvada Beynəlxalq
“Filantrop” Fondunun keçirdiyi sərgiyə də göndərilib
və 3-cü yeri qazanıb. 2003-cü ildə isə onun rəsm
əsərləri Şotlandiyanın Aberdin şəhərində
“Konoko Filips” neft şirkətinin ofisində təşkil
olunmuş sərgidə nümayiş etdirilib. Eyni zamanda, 2006-cı
ildə İstanbulda keçirilən Əlillərin sərgisində
Samirənin əl işi 1-ci yeri qazanıb. Onun ayağı ilə
çəkdiyi “Dağ gölü” və mərhum prezident
Heydər Əliyevin portreti isə Rusiya Federasiyasının
dünyaca məşhur Tretyakov Qalereyasında
saxlanılır.
Bu yeriməyə,
danışmağa, fikirlərini ifadə etməyə çətinlik
çəkən bir qızın qazandığı
uğurların yalnız cüzi hissəsidir. Yəni həyat
ona fiziki cəhətdən əngəllər yaratsa da, o, bu əngəlləri
aşmağa qadirdir. Təbii ki, bu məsələdə ailəsi
də Samirədən öz dəstəyini əsirgəmir.
Faiqə xanımın sözlərinə görə, ailədə
Samirəyə xüsusi diqqət var:
«Biz övladımızdan qayğını heç zaman əsirgəmirik.
Amma cəmiyyətimizdə belə insanlara münasibət bir
az fərqli olduğundan bu bizdə narahatlıq yaradır. Məsələn,
Samirə Dənizkənarı Milli Parkda gəzməyi
çox sevir. Atası onu tez-tez gəzintiyə aparır. Amma
görürük ki, parkda olan insanlar ona acıyırlar. Hətta
elə də olur ki, gətirib ona pul verirlər, bu da Samirənin
özünə qapanmasına, gileylənməsinə səbəb
olur. Yəni Samirəni ən çox incidən insanların
ona olan münasibətidir».
Faiqə
xanım qeyd edir ki, paytaxtda əlillərin hərəkəti
üçün normal infrastrukturun olmaması Samirənin dəvət
edildiyi tədbirlərə qatılmasında problemlər
yaradır: «Qızım həmişə
deyir ki, mənim kimi xəstə olanlara xüsusi arabalar verirlər.
O da istəyir ki, bizdən kömək istəmədən,
heç kimə əziyyət vermədən özü sərbəst
hərəkət edə bilsin. Amma bu mümkün deyil.
Çünki Bakıda əlillərin sərbəst hərəkəti
üçün imkanlar məhduddur. Bu səbəbdən Samirə
dəvət edildiyi tədbirlərin çoxuna qatıla
bilmir. Biz yaradıcılıq müsabiqələrinə də
ancaq şəkilləri göndəririk».
Həmsöhbətimiz
son illər aidiyyəti qurumların Samirəyə olan ögey
münasibətindən də gileylənir. Onun sözlərinə
görə, nə üzvü olduğu Əlil Qadınlar Cəmiyyətindən,
nə də digər qurumlardan Samirə ilə maraqlanan yoxdur: «Əvvəllər bizimlə
maraqlanırdılar, problemlərimizi soruşurdular. Son iki ildə
qapımızı döyən yoxdur. Bizim ailə vəziyyətimiz
də o qədər yaxşı deyil. 3 otaqlı mənzildə
7 nəfər yaşayırıq. Oğlumun birini evləndirmişəm,
digər oğlum isə nişanlıdır. Samirəni evdəki
səs-küydən uzaq tutmaq üçün məcbur olub
darısqal otağa yerləşdirmişik. Amma belə şəraitdə
işləmək ona çətin gəlir. Hərdən bu
cür biganəlik Samirəni həyatdan da küsdürür.
Ən böyük arzusunu soruşanda isə deyir ki, heç nə
istəmir, tək arzum rahat yaşaya biləcəyim bir evimin,
özümə məxsus otağımın olmasıdır.
Əslində bununla bağlı dəfələrlə
dövlət qurumlarına müraciət etmişik. Amma həmişə
cavab eyni olub və bildirilib ki, Samirəni evlə təmin etməyə
imkanları yoxdur. İndi bu məsələ ilə
bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinə müraciət etmək niyyətindəyik.
Düşünürük ki, nazir yeni dəyişib və bu
sahədə sistem tamamilə yenilənib. Səlim
Müslümovun da əlillərin problemlərinə həssas
yanaşdığı deyilir. Yəni bu məsələdə
ümidliyik. Tək istəyimiz odur ki, Samirənin həyatda
olan yeganə arzusunu reallaşdıra bilək».
Əlil Təşkilatları
İttifaqının sədri Davud Rəhimli də
düşünür ki, fiziki qüsurlu insanların cəmiyyətə
inteqrasiyası ilk növbədə evdən
başlamalıdır. Onun sözlərinə görə,
ömrünün çox hissəsini ev şəraitində
keçən əngəlli insanın normal məişət
şəraiti olmalıdır:
«Bununla paralel əngəlli insanların evdən kənarda
rahat hərəkətlərini təmin etmək
üçün bütün lazımi tədbirlər
görülərək, infrastruktur yaradılmalıdır. Bu
çox vacib və prioritet məsələdir. Məhz
infrastrukturun olmaması ucbatından fiziki məhdudiyyətli
insanların böyük bir hissəsi cəmiyyətdə
baş verən proseslərdə yaxından iştirak edə
bilmir, əməkdən və əyləncədən kənarda
qalır. İctimaiyyət içinə çıxa bilmir və
insanlarla ünsiyyətdən məhrum olur. Yerimə əngəlli
insanların rahat hərəkətini təmin etmək
üçün səki və pilləkənlərdə
panduslar qoyulmalı, marşrutlarda xüsusi avadanlıq
quraşdırılmış avtobuslar olmalıdır. Məhz
ictimai nəqliyyatdan istifadənin
mümkünsüzlüyü ucbatından əlil olan insanlar
hər yerə taksi ilə getməyə məcbur olurlar ki,
bunun da baha başa gəlməsi onlara əlavə problem
yaradır. Məsələn, Samirə kimi yerimə əngəlli
bir insan çoxmərtəbəli binanın 5-ci mərtəbəsində
yaşayır və təbii ki, əlil arabasında
oturduğundan pilləkənlərlə aşağı
düşə bilmədiyinə görə cəmiyyətə
tam qarışa bilmir. Düzdür, ailəsi deyə bilər
ki, biz Samirəni tam qayğı ilə əhatə edirik. Amma
elə məsələlər var ki, onların həlli ailələrin
imkanları xaricindədir».
Azərbaycanda
«Əlilliyi olan şəxslərin hüquqlarının
müdafiəsinə dair Milli Fəaliyyət
Proqramı»nın olduğunu xatırladan həmsöhbətimiz
bu sənəddən əlillərin çox şey gözlədiyini
bildirir: «Biz ümid edirik ki, əlilliyi
olan şəxslərlə bağlı qəlibləşmiş,
ziyanlı təsəvvürlərin aradan
qaldırılması, onların hüquqlarına hörmət
hissinin aşılanması məhz bu proqramın icrasından
sonra mümkün olacaq. Bu sənəd 2014-2018-ci illəri əhatə
edir. Sözsüz ki, cəmiyyətdə əlillərlə
bağlı stereotiplər aradan qaldırılmasa,
düzgün anlaşılmasa, problemin həlli çox
çətindir. Burada ikinci əsas məsələ bərabər
imkanların yaradılmasıdır. Çünki biz hələlik
cəmiyyətdə əlillərlə bağlı bərabər
imkanların yaradılmasını müşahidə etmirik».
Təşkilat
rəhbəri əlillərlə bağlı mühüm məsələlərdən
birinin işləmək qabiliyyəti olanların məşğulluq
problemi sayıldığını vurğulayır: "Təəssüf ki, şəhərlərimizin,
kəndlərimizin infrastrukturu
formalaşdırıldığı zaman əlillər nəzərə
alınmayıb. Belə olan halda əlillərin cəmiyyətdəki
proseslərdə iştirakı tam təmin olunmur. Sosial
infrastrukturun formalaşdırılması zaman əlilliyi olan
insanların da nəzərə alınması barədə təlimat
hazırlanıb. Bu sənəd Dövlət Şəhərsalma
və Arxitektura Komitəsinə, Ombudsman Aparatına və digər
aidiyyəti qurumlara təqdim olunub. Təəssüf ki, bu
uyğunlaşma işləri bəzən nəzərə
alınmır".
Milli Məclisin
Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli isə
bildirir ki, bu gün əlillərin sosial müdafiəsi ilə
bağlı ölkənin qanunvericilik bazasında bəzi
institutlar müəyyənləşib.
"Yəni həmin qanunlarda əlillərin sosial
reabilitasiyası, sosial müdafiəsi haqqında maddələr
olmaqla qanunvericiliyin mövcud ümumi bazası əlillərin
sosial müdafiəsinə xidmət edir. Lakin maliyyə dəstəyinin
həcmi baxımından bu, birmənalı qəbul edilmir.
Amma onu da qeyd edim ki, dövlət başçısı
İlham Əliyev bu sahədə ardıcıl olaraq iş
aparır. Əlillərə aldıqları müavinətdən
fərqli olaraq, prezident müavinətinin verilməsi, eləcə
də əlillər üçün mənzil tikintisinə, nəqliyyat
vasitələrinə pulun ayrılması dövlət tərəfindən
bu təbəqəyə olan diqqətin nəticəsidir».
Hazırda
əlillərin cəmiyyətə reinteqrasiyasının, əlilliyin
bərpasının, əlillərin reabilitasiyasının
aktual məsələlərdən olduğunu deyən həmsöhbətimiz
vurğulayır ki, o, əslində «əlil»
sözünün işlədilməsinin əleyhinədir: «Çox zaman cəmiyyətimiz
"fiziki qüsurları olan",
"sağlamlığı məhdud olan" kimi ifadələr
işlətməklə əlillərə olan münasibətin
aliliyini göstərmiş olur. Təbii ki, əlillərin
rifahının yaxşılaşdırılması
üçün hüquqi baza möhkəm olmalıdır.
Xatırladım ki, bütün dünyada sosial müdafiənin
həmrəylik, İslam, sosialist kimi modelləri var. Məsələn,
İslam modeli sosial müdafiədə nədir? Bu modeldə
sosial müdafiə elə qurulub ki, ora heç kim müdaxilə
etmir, cəmiyyət özö-özünün sosial
müdafiəsini təmin edir. Buna Avropada libertarizm deyirlər.
Hamı bilir ki, islamda fitrə, sədəqə, zəkat kimi
anlayışlar var və hesab olunur ki, əlilə kömək
edən savaba qovuşar. Bu kimi təbliğata da ehtiyac
böyükdür".
Komitə
rəhbəri əlillərin məşğulluq məsələsinə
də toxunaraq deyib ki, çox zaman işləmək arzusunda
olan əlilliyi olan gənclər işsiz qalır: "Lakin belə gənclərə
yaxşı olar ki, əlil cəmiyyətləri, mərhəmət
hüquqlu insanlar kömək etsinlər. Bəzi hallarda isə
elə əlillər olur ki, onların işləməsi
mümkün deyil. Məsələn, gözü görməyən
insan gələrək hansısa müəssisədə
gözətçi işləmək istəyir. Təbii ki, bu
mümkün deyil. Lakin buna baxmayaraq bu işlərdə, əlillərin
məşğulluq məsələsində bir təsnifatlaşma,
xüsusi normativlər mütləq olmalıdır".
Sevinc
Osmanova
Yazı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu ilə
birgə keçirdiyi müsabiqəyə təqdim etmək
üçün hazırlanıb.
Həftə
içi.- 2014.- 28-29 may.- S.7.