Azərbaycan Xalq Cümhuriyyəti virtual
məkanda
Prezident Kitabxanasında istifadəyə verilən yeni elektron resursda kifayət qədər maraqlı məlumatlar öz əksini tapıb
Bu gün
Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasının 96-cı ildönümü
qeyd olunur. 1917-ci ilin fevralında Rusiyada monarxiya rejimi devrildikdən
sonra hakimiyyətə gələn Müvəqqəti
hökumət Müəssislər Məclisinə seçkilər
keçirdi. Lakin
Müvəqqəti Hökumət uzun
müddət hakimiyyətdə qala bilmədi.
1917-ci ilin oktyabrında hakimiyyət çevrilişi baş verdi. Ona görə də
Cənubi Qafqazdan Müəssislər Məclisinə
seçilən deputatlar Rusiyaya
gedə bilmədilər.
Onlar 1918-ci il fevralın 14-də Tiflisdə Cənubi
Qafqazın ali hakimiyyət orqanı olan Zaqafqaziya
Seymini-Zaqafqaziya parlamentini yaratdılar. Seymdə Müsəlman
Fraksiyasının Müəssislər Məclisinə
seçkilər zamanı Azərbaycanın, habelə bütün Cənubi Qafqazın bir milyondan çox
türk-müsəlman seçicisinin səsini
qazanmış 44 deputat təmsil edirdi. Müsəlman fraksiyası və ya müsəlman şurası, əslində, Zaqafqaziya müsəlman parlamenti
funksiyasını yerinə yetirirdi.
Dövlət
dumalarında olduğu kimi,
Zaqafqaziya Seyminin də
ən ardıcıl üzvləri Azərbaycan nümayəndələri
idilər. Məhz onların tələbi ilə
1918-ci il aprelin 9-da Zaqafqaziya Seymi
Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya
Cümhuriyyəti yaradıldı. Lakin kəskin
milli mənafe ziddiyyətləri Zaqafqaziya Seyminin və Zaqafqaziya Cümhuriyyətinin konkret
addımlar atmasına imkan vermədi.
Nəticədə 1918-ci il
mayın 25-də gürcü nümayəndələr
Seymdən çıxdılar və mayın 26-da
Gürcüstanın müstəqilliyini elan
etdilər. 1918-ci il mayın 27-də
Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya
müsəlman şurasının üzvləri də
ayrıca iclas keçirdilər və
Azərbaycanın müstəqilliyini elan
etmək qərarına gəldilər. Mayın 28-də Həsən
bəy Ağayevin sədrliyi ilə Azərbaycan
Milli Şurasının tarixi
iclası keçirildi. İclasda
iştirak edən tarixi
şəxsiyyətlər Azərbaycanın İstiqlal
Bəyannaməsini qəbul etdilər.
Maraqlıdır,
görəsən, bu gün
Azərbaycanda İKT sahəsinin inkişaf
etdiyi bir dövrdə
Xalq Cümhuriyyəti ilə bağlı
yetərli dərəcədə internet resursu mövcuddurmu?
Apardığımız
araşhdırmalar göstərir ki, Azərbaycanda
bununla bağlı ən zəngin məlumat
mənbəyi Prezident Kitabxanasının
təqdim etdiyi “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron
resursu sayıla bilər. Çünki
http://axc.preslib.az saytına nəzər saldıqda bu resursun müsəlman Şərqində ilk
dünyəvi və demokratik dövlət
olan, dövlətçilik tariximizə parlaq səhifələr yazan
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixi irsini öyrənənlər
üçün dəyərli bir mənbə olduğu
aydın görünür.
Cümhuriyyətlə bağlı məlumatlar 3 dildə
Onu da vurğulayaq
ki, sayt təkcə azərbaycandilli
deyil, həm də rus
və ingilis dilli oxucular üçün nəzərdə
tutulub. Prezident
Kitabxanasında “Virtual Azərbaycan tarixi” layihəsi çərçivəsində
reallaşdırılan bu layihə çərçivəsində
ziyarətçilər müxtəlif maraqlı məlumatlar əldə
edə bilərlər. Belə ki, elektron resurs “Yaranması və
fəaliyyəti”, “Sənədlər”, “Resurslar”,
“E-kitablar” adlı 4 əsas və 20
yarım bölmədən ibarətdir. Birinci
bölmədə istifadəçilər Azərbaycan Xalq Cümhuriyyəti haqqında ümumi məlumat əldə edəcək, Milli Şuranın, parlamentin
və hökumətin tərkibi və fəaliyyətləri
barədə yığcam materiallarla
tanış ola biləcəklər.
“Rəmzlər və atributlar” yarımbölməsində istifadəçilər
AXC-nin dövlət rəmzləri və
atributları (bayraq, gerb,
himn, orden və medallar, pul vahidləri,
dövlət dili və ordu)
haqqında zəruri məlumatlar əldə edəcəklər.
AXC-nin ərazisi və əhalisi haqqında məlumatlar
da birinci bölmədə
öz əksini tapıb. Bölmədə
AXC hökumətinin mövcud olduğu 23 ay ərzindəki
diplomatik fəaliyyətinə dair qısa məlumat verilib.
Xalq Cümhuriyyəti xadimləri
haqqında bioqrafik məlumatlar da ayrıca yarımbölmədə təqdim
edilir. Bu bölmədə
Xalq Cümhuriyyəti
yaradıcılarından olan 76 tarixi şəxsiyyətin həyat və fəaliyyətini
əks etdirən məlumatlar toplanıb. Yəni, bu şəxsiyyətlər haqqında məlumat
almaq istəyənlər yalnız bir elektron resursa
daxil olmaqla istədikləri
informasiyanı əldə edə bilərlər.
Xalq Cümhuriyyətinin yaranması ərəfəsində
və mövcud olduğu
dövrdə baş vermiş
mühüm hadisələr “Xronologiya” yarımbölməsində əks etdirilib. Bu bölmədə
ziyarətçilər Xalq Cümhuriyyətinin
yaranması ərəfəsində baş
verən tarixi hadisələr barədə
ardıcıllıqla məlumat ala bilərlər.
Elektron resursun “Sənədlər”
bölməsində “İstiqlal bəyannaməsi”nin
mətni, parlamentin yaradılması və
AXC-nin süqutu
haqqında qərarlar öz əksini
tapıb. Həmin bölmədə Cümhuriyyət dövrünün inzibati-ərazi bölgüsünü özündə əks
etdirən xəritələr toplanıb.
“Fotoarxiv” keçmişə işıq salır
“Fotoarxiv”
yarımbölməsində Cümhuriyyət dövrünə
aid bəzi sənədlərin fotoları
və bir sıra nadir
fotoşəkillər öz əksini
tapıb. Bu bölmədə, həmçinin Azərbaycan
Respublikası Prezidentinin Xalq
Cümhuriyyəti ilə bağlı sərəncamları, Respublika Günü
münasibətilə keçirilən təntənəli
yığıncaqlarda və rəsmi qəbullarda dövlətimizin
başçısının nitqlərinin tam
mətnləri toplanıb.
Elektron resursun diplomatik əlaqələr bölməsində
isə 1918-1920-ci illərdə Azərbaycan Xalq
Cümhuriyyəti hökumətinin hansı ölkələrlə
diplomatik əlaqələr qurduğu öz əksini
tapıb. Məlumatlarda qeyd olunub ki, AXC-nin
Ermənistan, Gürcüstan, Türkiyə,
Dağlılar Respublikası və Türküstanda
diplomatik nümayəndəliyi, İranda səfirliyi,Kuban və Don hökumətləri yanında səlahiyyətli
nümayəndəsi, Paris Sülh
Konfransında səlahiyyətli nümayəndə heyəti fəaliyyət
göstərib. Hətta initernet resursunda o zaman
Azərbaycanla diplomatik əlaqələri
olan ölkələrin Bakıda yerləşən
ofislərinin ünvanları da
ayrı-ayrılıqda qeyd olunub. Bundan başqa sözügedən internet saytın “Resurslar”
bölməsində Prezident
Kitabxanasının fondlarında saxlanılan dövri
mətbuat nəşrlərindən seçilmiş
83 məqalənin tam mətni, 500-dən çox kitab, avtoreferat və məqalənin biblioqrafik
təsviri verilib. Elektron resursun
tədqiqatçilar üçün
xüsusilə əhəmiyyətli olan “E-kitablar” bölməsində Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
ilə Milli Arxiv
İdarəsinin Azərbaycan Xalq
Cümhuriyyəti dövrünə aid nəşr
etdirdiyi arxiv sənədlərindən
ibarət topluların, Cümhuriyyətin qurucularının memuar xarakterli kitablarından,
ayrı-ayrı tədqiqat əsərlərindən, ensiklopediyalardan ibarət Azərbaycan, ingilis və rus dillərində
Prezident Kitabxanasının əməkdaşları
tərəfindən hazırlanmış 86 kitabın elektron versiyası oxucuların istifadəsinə
verilib.
Onu da qeyd
edək http://axc.preslib.az ünvanında yerləşdirilən
“Azərbaycan Xalq Cümhuriyyəti” elektron resursunun mütəmadi
olaraq yenilənməsi nəzərdə tutulub.
Mövzu ilə bağlı fikirlərini
bölüşən Azərbaycan İnternet
Forumunun prezidenti Osman Gündüz “Həftə
içi”nə açıqlamasında deyib
ki, yeni istifadəyə
verilən elektron resurs
istifadəçilər üçün
mükəmməl məlumat bazası sayılır. Onun sözlərinə görə, əslində
virtual məkanda bu cür elektron resurların
sayı artırılmalıdır: «Hesab
edirəm ki, bu resurs internet istifadəçiləri,
Azərbaycanın tarixi barədə məlumat
əldə etmək istəyən üçün
vacib mənbədir. Çünki
hazırda bizdə belə resursların sayı yetərli deyil. Təbii ki, Azərbaycan
hazırda İKT sahəsində müəyyən uğurlar əldə edib.
Belə bir şəraitdə biz həm də tariximizlə bağlı məlumatları
internetdə yerləşdirməliyik. Bu həm
də Azərbaycan tarixinin öyrənilməsi
baxımından vacibdir».
Sevinc
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.
Həftə içi.- 2014.- 28-29
may.- S.6.