Aztəminatlıların
«E-hökumət»ə
çıxışını
necə genişləndirməli?
Ekspertlər bu məsələdə vətəndaşların İKT biliklərinin artırılmasını vacib sayırlar
«Ölkəmizdə “Elektron hökumət”in hədəflərindən biri korrupsiya ilə mübarizə aparmaq, bürokratik əngəllərdən qurtulmaq, bütün insanların bu xidmətlərdən yararlanmasını təmin etməkdir".
“Həftə
içi”nin məlumatına görə, bu fikirləri mətbuata
açıqlamasında rabitə və yüksək
texnologiyalar naziri Əli Abbasov deyib. Nazir aztəminatlı
insanların “Elektron hökumət”ə imkanlı təbəqədən
daha çox ehtiyacı olduğunu deyib. Onun sözlərinə
görə, bunun üçün ilk növbədə
bütün vətəndaşların, əsasən də aztəminatlı
insanların bu xidmətlərdən yararlanmasını təmin
etməklə gözlənilən nəticələrə nail
olmaq mümkündür: "Ölkədə 2020-ci ilədək
bütün bu xidmətlərin internet vasitəsilə
hamı üçün əlçatan olması hədəflənir.
Azərbaycanda “Elektron hökumət” proqramı iki istiqamətdə
həyata keçirilir. Birincisi, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyinin (RYTN) “Elektron hökumət” portalı
vasitəsilə dövlət orqanlarının öz
saytlarında yaratdıqları elektron xidmətlərin vahid pəncərə
üsulu ilə təqdim olunmasıdır. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi 417 xidmətdən
artıq 300-dən çoxu elektron formada təqdim edilir və
qalan xidmətlərin də tam təqdim olunması əsas məqsədlərimizdəndir".
Əli Abbasov qeyd edib
ki, ikinci məsələ bu xidmətlərin vətəndaş
və iş adamlarına, o cümlədən ucqar kənd yerlərində
əlçatan olmasını təmin etməkdir. Bu isə
infrastruktur məsələsidir. Onun sözlərinə
görə, indi ölkəmizdə fiber-optik şəbəkənin
qurulması üzrə “Genişzolaqlı İnternetin
İnkişafı” layihəsi əsasında işlər davam
etdirilir və layihə 2017-ci ildə başa çatacaq:
“2017-ci ilin sonunadək Azərbaycan əhalisinin 85 faizi, o
cümlədən bütün ev təsərrüfatları,
işgüzar subyektlər yüksəksürətli,
genişzolaqlı internetlə təmin olunacaq. Kənd yerlərində
son istifadəçiyə verilən internetin sürəti 30,
şəhər yerlərində isə 100 meqabit/saniyəyə
çatdırılacaq".
Yeri gəlmişkən,
2014-cü ilin aprel ayı ərzində "www.e-gov.az"
portalı tərəfindən təqdim edilən və vətəndaşlar
tərəfindən ən çox istifadə edilən e-xidmətlər
məlum olub. Belə ki, bu xidmətlərə Daxili
İşlər Nazirliyinin təqdim etdiyi yol hərəkəti
qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən
cərimələr və cərimə balları barədə
məlumatlar, Təhsil Nazirliyinin təqdim etdiyi diplom
haqqında məlumatlar, Vergilər Nazirliyinin təqdim etdiyi
VÖEN-ə görə ödəyicinin axtarılması,
Əmlak Məsələləri Dövlət Komitəsinin təqdim
etdiyi daşınmaz əmlakın ipotekasının dövlət
qeydiyyatı və ya ləğvi üçün müraciətin
və sənədlərin qəbulu,
Rabitə və
Yüksək Texnologiyalar Nazirliyinin təqdim etdiyi telefon
nömrəsi üzrə axtarış, vətəndaşın
fərdi məlumatları barədə arayış, mobil
cihazların qeydiyyatdan keçirilməsi, cari ay ərzində
aparılmış şəhərlərarası və beynəlxalq
danışıqlar üzrə məlumat, portal üzərindən
verilmiş arayışların yoxlanılması, Dövlət
Sosial Müdafiə Fondunun təqdim etdiyi
sığortaolunanın onlayn uçota alınması,
sığortaedənin uçot nömrəsinin öyrənilməsi
və sığortaolunanın illər üzrə ödənişləri
və pensiya kapitalı, pensiya kalkulyatoru, Ədliyyə
Nazirliyinin təqdim etdiyi Azərbaycan adları barədə məlumatın
verilməsi kimi xidmətlər daxildir.
«Elektron hökumət»ə əlçatanlıq naminə
Xatırladaq ki,
"www.e-gov.az" portalı Azərbaycan Respublikası
Prezidentinin 2008-ci il 11 avqust tarixli "Azərbaycan
Respublikasında rabitə və informasiya
texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər
üçün Dövlət Proqramının (Elektron Azərbaycan)"
təsdiq edilməsi haqqında Sərəncamı və
"Dövlət orqanlarının elektron xidmətlər
göstərməsinin təşkili sahəsində bəzi tədbirlər
haqqında" 23 may 2011-ci il tarixli Fərmanının qəbulundan
sonra hazırlanaraq istifadəyə verilib və əsas məqsədi
vətəndaş və dövlət qurumları arasında
münasibətləri rahatlaşdırmaqdır.
Statistikaya əsasən,
2012-ci ilin dekabrından 2014-cü ilin aprel ayının sonuna qədər
portala ümumilikdə 623078 daxilolma qeydə alınıb.
Portala müraciət edənlərin ümumi sayı isə
341 776 nəfər olub.Aprel ayının ilk
ongünlüyündə "www.e-gov.az" portalının
təqdim etdiyi elektron xidmətlərə olan müraciətlərin
sayı 1 milyona çatıb. Portalın xidmətlərindən
elektron imza ilə istifadə etmək mümkündür.
Bəs, görəsən,
Azərbaycanda xüsusilə aztəminatlı ailələrin
«Elektron hökumət»ə əlçatanlığını
təmin etmək üçün hansı addımlar
atılmalıdır? Hazırda tətbiq olunan elektron xidmətlər
vətəndaş-məmur münasibətlərinin aradan
qaldırılmasında effektli rol oynaya bilirmi?
Konstitusiya
Araşdırmaları Fondunun rəhbəri Əlməmməd
Nuriyevin “Həftə içi”nə açıqlamasında
deyib ki, son illər Azərbaycan «E-hökumət»in
formalaşmasında bir sıra uğurlu addımlar atıb.
Onun sözlərinə görə, Azərbaycan brendi
sayılan «ASAN Xidmət» bu istiqamətdə qazanılan ən
böyük uğurlardan hesab oluna bilər: «Ümumiyyətlə,
dünyada elektron sistemə keçid ilk dəfə Amerikada hələ
ötən əsrdə tətbiq edilib. Hazırda Birləşmiş
Ştatlarda və Avropada elektron yolla hər cür xidmətləri
əldə etmək, hətta seçkilərdə səs vermək
olar. Lakin dünyada elektron xidmətlərə keçidin digər
modelləri də mövcuddur. Təbii ki, Azərbaycanda
müasir informasiya texnologiyaları inkişaf etdikcə,
elektronlaşma sürətlənir. Hətta gələcəkdə
dövlət qurumları ilə əlaqələrin «ASAN xidmət»
mərkəzlərindən deyil, internet üzərindən
quran vətəndaşların sayı da artacaq. Bu da ölkədə
korrupsiyanın səviyyəsinin azalmasına kömək edəcək.
Hazırda isə vəziyyət onu göstərir ki, Azərbaycanda
tətbiq olunan elektron xidmətlər vətəndaş və
hökumət arasında təması aradan qaldırır və
korrupsiya ilə mübarizədə önəmli rol
oynayır. Bu isə öz növbəsində məmurların
məsulliyyətini daha da artırır».
Maarifləndirmə işlərinin aparılmasına ehtiyac var
Ekspert
vurğulayıb ki, ölkəmizdə tətbiq olunan elektron
xidmətlərin effektliyini artırmaq üçün
xüsusilə ucqar rayonlarda yaşayan əhali arasında
maarifləndirmə işlərinin aparılması vacibdir.
Əlməmməd Nuriyevin sözlərinə görə,
hazırda «ASAN Xidmət»in səyyar avtobusları bütün
bölgələri gəzir və əhali çox
asanlıqla istədiyi xidmətdən yararlana bilir. Amma bəzi
insanlar hələ də «ASAN Xidmət»dən istifadə etmək
imkanına malik deyil və bunun səbəbi onların bu xidmət
barədə tam məlumatlarının olmamasıdır: “Digər
tərəfdən bu gün «elektron hökumət»
portalında təxminən 300-dən çox xidmət təklif
edilsə də, vətəndaşların çoxu bu xidmətlərdən
istifadə edə bilmir. Səbəb isə sadədir, yəni
insanların İKT bacarıqları olmadığından
onlar e-xidmətlərdən yararlana bilmirlər. Sözsüz
ki, bu xidmətlərin xüsusilə aztəminatlı ailələrə
əlçatanlığını təmin etmək
üçün insanlar arasında maarifləndirmə işi
aparılmalıdır. Belə ki, aztəminatlı ailələr
kompüter kurslarına cəlb olunmalı və e-xidmətin əhəmiyyəti
onlara aşılanmalıdır».
Təkliflər paketi «Asan Xidmət”ə göndərilib
Mövzu ilə
bağlı fikirlərini bölüşən Azərbaycan
İnternet Forumunun prezidenti Osman Gündüz də “Həftə
içi”nin əməkdaşı ilə söhbətində
bildirib ki, aidiyyəti qurumlar «E-hökumət»in effektivliyi
artırmaq istəyirsə, o zaman bu layihənin geniş təşviqi
aparılmalıdır. Onun sözlərinə görə, bir
müddət əvvəl Vətəndaşlara Xidmət və
Sosial İnnovasiyalar Dövlət Agentliyi yanında Elektron xidmətlərin
təşviqi üzrə İctimai Şura bu məsələdə
effektivliyin artırılması üçün təkliflər
hazırlayıb: «Təkliflər əsasən ölkədə
elektron hökumət quruculuğu prosesinin sürətlənməsinə
və sosial əhəmiyyətli xidmətlərin daha aktiv
formada elektron formaya keçirilməsinə, bu sahədə
idarəetmə proseslərinin daha çevik və effektiv
qurulmasına yönəlib.Təkliflərdə, yalnız
elektron formada təqdim olunan xidmətlərin deyil, mərkəzi
icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən
real olaraq təqdim olunan bütün xidmətlərin
inventarizasiyasını aparılması və vahid reyestrin
hazırlanmasının vacibliyi qeyd olunub”.
Osman Gündüz
bildirib ki, hər bir mərkəzi icra orqanları üzrə
elektron xidmətlər bölməsində kütləvi və
sosial əhəmiyyət kəsb edən xidmətlərin
siyahısının da yerləşdirməsi təkliflərdə
öz əksini tapıb. Hər bir xidmət üzrə
elektron formaya keçidlə bağlı konkret müəyyən
olunmasının vacibliyi qeyd olunub. Onun sözlərinə
görə, sənəd artıq Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə
təqdim edilib: “Güman edirəm ki, bu təkliflərin
reallaşması Azərbaycanda «E-hökumət»
portalının bütün vətəndaşlar
üçün əlçatan olmasına şərait
yaradacaq».
Sevinc
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.
Həftə içi.- 2014.- 30 may.-
S.6.