Azərbaycanda internet sahibkarlığı
Ekspertlər ölkəmizdə bu sahənin inkişaf mərhələsində olduğunu bildirirlər
Hazırda Azərbaycan dünyanın, o cümlədən Türkiyənin
tanınmış şirkətləri ilə internet
sahibkarlığı sahəsində təcrübə
mübadiləsi aparır. Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat
xidmətindən «Həftə içi»nə verilən məlumata
görə, bu sahədə əməkdaşlığı
genişləndirmək məqsədilə internet
nəhəngləri Bakıya toplaşıblar. Belə
ki, mayın 30-dan iyunun
1-dək davam edəcək Türkiyənin
ən böyük startup
tədbirlərindən olan “Etohum”un Bakı
toplantısında ABŞ-ın “Hazelcast”,
Türkiyənin “212 Vençur Kapitalı”,
“Sporx” ,“Monitera”
şirkətlərinin nümayəndələrinin məruzələri
dinləniləcək.
Qeyd edək ki, “Etohum” qurulduğu gündən
ötən 6 ildə 300-dən çox mentor və 40-dan çox
özəl investorlarla əməkdaşlıq
edərək 200-dək layihəyə dəstək verib. Bu layihələr
arasında Türkiyənin “Grupanya”, “Balerin”, “Evidea”, “Pembepanjur”, “İndirdik”, “İnfodif”, “Ehil”, “Gamester”, “Userspots”,
“Connected2me”, “Dekoreko” kimi
qabaqcıl internet şirkətləri də
var.
Bəs, görəsən,
Azərbaycanda internet
sahibkarlığı sahəsində vəziyyət hansı mərhələdədir?
Əvvəlcə ondan başlayaq ki, bazar iqtisadiyyatında böyük təcrübəyə malik olmayan ölkələrdə,
o cümlədən Azərbaycanda intellektual layihələrin maliyyələşdirilməsinə
üstünlük verilməsi önəmli
sayılır. Belə ki, intellektual
layihələr iqtisadiyyatda elmi nailyyətlərin tətbiqini
stimullaşdırır. Bu tendensiya isə iqtisadiyyatın
inkişafını daha da
sürətləndirir və onun təbii
sərvətlərdən asılılığını
azaldır. Ölkəmizdə belə intellektual
layihələrə start-upları misal
göstərmək olar. Çünki
start-up layihələrinin əsasında
İKT naliyyətləri dayanır. Hansı ölkədə
ki, İKT yüksək inkişaf
mərhələsinə yetişib, həmin
ölkələrdə də start-upların uğurla
həyata keçirməsi üçün
münbit şərait yaranır.
Xatırladaq ki, "start-up" ingilis dilindən tərcümədə başlamaq, start vermək
və ya işə salmaq
mənasını verir. Lakin
həqiqi mənada start-up sıfırdan başlayan və ilk inkişaf dövrünü
yaşayan biznesləri ümumiləşdirən
bir termindir. Müasir mərhələdə start-up dedikdə, əsasən, innovasiyalar üzərində qurulan
və ilk addımlarını atan bizneslər, o cümlədən
oyunlar, proqram əlavələri,
internet-layihələr və s. nəzərdə
tutulur. Lakin hər
internet-saytı və ya digər internetlə
bağlı sosial layihələri start-up adlandırmaq düzgün
olmaz. Start-up ilk öncə biznesdir və
hər bir biznes kimi gəlir gətirən subyekt
olmalıdır. Bununla yanaşı start-uplarda "sosial
sahibkarlıq" istiqaməti də var. Bu tip start-uplar
gəlir güdmür, amma
minimal gəlir gətirməklə layihənin
fəaliyyətini təmin edərək fəaliyyət
göstərirlər. Faktiki olaraq sart-up ilk addımlarını atan
biznesdir. Amma ənənəvi
biznesdən fərqli olaraq, burada əsasən innovasiyalara
və ya internet şəbəkəsi
üzərində qurulan xidmətlərə
üstünlük verilir.
Bu çox unikal bir sahə olub, hətta 2-3 nəfərdən ibarət komanda ilə şirkətə milyonlar
gətirə bilər. Məsələn, iOS
və Android üçün
oyunlar yaradan İmangi Studios şirkətində
3 nəfər çalışır və onlar
son məlumatlara görə, bir neçə milyon dollar gəlir gətirən oyunlar
buraxıblar.
Gənclərin innnovativ biznes düşüncəsi inkişaf yolunda
Azərbaycanda
xüsusilə gənclərin biznesə innovativ
yanaşmasını inkişaf etdirmək
məqsədilə müxtəlif tipli
layihələr, beynəlxalq oyunlar təşkil
edilir. Onlardan biri də "Enactus"
proqramı üzrə milli
yarışların reallaşdırılmasıdır. Yarışın məqsədi sahibkarlıq fəaliyyətinə
gəncləri təşviq etmək, onları innovativ
layihələrə cəlb etmək, bu
istiqamətdə maraqlarını artırmaq, azad
sahibkarlığın ideyasını tələbələr
arasında təbliğ etmək, tələbələrin təşkilatçılıq,
idarəçilik və komandada
işləmək bacarıqlarını inkişaf
etdirməkdən ibarətdir. Proqramın sosial əhəmiyyəti – insanların həyat
və yaşam standartlarının
yaxşılaşdırılması, gənclərin məşğulluğuna
dəstəyin göstərilməsi və biznesin
gücü vasitəsilə insanların həyatının
müsbətə doğru dəyişdirilməsidir.
Məlumat
üçün bildirək ki, "Bizim Sahibkarlıq
Fəaliyyətimiz" (Entrepreneurial Action Us - Enactus)
beynəlxalq proqramının əsası 1975-ci ildə
ABŞ universitetləri tərəfindən qoyulub.
2012-ci ilə qədər proqramın adı "Tələbələr
azad sahibkarlıq fəaliyyətində (Students in free
enterprises – SİFE)" olub.
1996-cı ildən etibarən dünyanın bir çox ölkələrində proqram üzrə milli
yarışlar keçirilməyə başlanılıb və
2001-ci ilin iyul
ayında ilk dəfə Londonda
Dünya Kuboku
yarışı keçirilib. 2005-ci ildən
Azərbaycan "SİFE – Enactus"
proqramına qoşulub, 2006-cı ildən
isə Dünya Kubokları yarışlarında
iştirak etmək hüququnu
qazanıb. Dünya üzrə "Enactus" proqramına 50-yə yaxın
ölkə, 1600-dən çox ali təhsil müəssisəsi və 50000-dən
yuxarı tələbə qoşulub.
"Enactus" proqramı üzrə milli yarışda iştirakçı komandalar liqalara bölünür və qalibiyyət uğrunda mübarizə aparır. İnnovativ yanaşmaya,
layihələrin sosial effektinə, ekoloji standartların qorunmasına, biznes etikanın gözlənilməsinə,
maliyyə idarəçiliyinə, nitq
qabiliyyətinə və digər meyarlara əsasən
qalib komanda müəyyən edilir.
«Start-up» layihələri xüsusi önəm daşıyır
Ölkəmizdə
internet sahibkarlığı sahəsində vəziyyətlə
bağlı fikirlərini
qəzetimizlə bölüşən
Azərbaycan İnternet
Forumunun prezidenti,
“Start-up Azərbaycan”ın rəhbəri
Osman Gündüz “Həftə içi”nə
deyib ki, hazırda bu istiqamətdə ciddi layihələr həyata keçirilir. Onun sözlərinə
görƏ, bu sahə ölkə üçün yeni sayılır. Amma Azərbaycan
hökuməti innovativ
biznesin inkişaf etdirilməsində maraqlı
görünür. Bu baxımdan,
start-up layihələrinin yaradılması
dövlət siyasətində
əsas xətlərdən
biri sayılır: “Hr
istedadlı, biznes bacarığı olan gəncdə biznesə başlamaq, iş qurmaq üçün kifayət qədər kapital olmur. Məhz belə gənc istedadlar üçün
start-uplar xüsusilə
əhəmiyyətlidir. Yəni
start-up inkişaf edirsə,
İKT mütləq ondan
öndə dayanmalıdır.
Bunun üçün ölkəmizdə
yüksək texnologiyalar
parkı yaradılıb
ki, bu park start-uplarla birgə fəaliyyətdə olacaq
subyektlərdən biridir.
Bu park ölkəyə yeni
investisiyaların gətirilməsinə,
burada istehsal sahələrinin yaradılmasına
və region bazarına
çıxarılmasına xidmət edən bir platformaya çevrilməkdədir”.
Osman
Gündüz deyir ki, start-uplara dəstək göstərəcək
digər alət İnformasiya Texnologiyaları
Nazirliyinin İnformasiya
Texnologiyaları Fondudur. Fondun qrant, kredit verilməsi
və investisiya qoyuluşu mövcuddur və bu alətlər
İKT-nin inkişafına
yönəlib. Amma onun
sözlərinə görə,
Azərbaycan iqtisadiyyatı,
cəmiyyəti, gəncləri
və biznes mühiti üçün
bu qədər faydalı olan start-uplar hələ də ölkəmizdə arzuolunan səviyyədə
inkişaf etməyib.
Bunun isə bir neçə səbəbi var: ”Birincisi, ölkədə
internet istifadəçilərinin məhdud kontingentə malik olmasıdır ki, artıq bu problem aradan qalxmaqdadır. Bununla yanaşı, dövlət
elektron hökumət yaratsa da, onun
təşviqi bir qədər zəif həyata keçirilir.
Əhalinin veb-xidmətlərə daha da yaxınlaşması,
internet əlçatanlığı
start-upların səmərəlilik
əmsalını birəbeş
artırır. Digər tərəfdən
keyfiyyətli proqram həlləri, kompüter oyunları yaratmaq və ya internet layihələri həyata keçirmək üçün
güclü proqramlaşdırma
bilikləri olmalıdır.
Belələri ölkəmizdə olsa da, onların
əksəriyyətində biznes bilikləri yoxdur. Başqalarında isə biznes
yaratmaq qabiliyyəti olduğu halda, güclü proqramlaşdırma
biliyi olmur. Ona görə də, start-up komandaları özündə
həm intellektual, həm texniki, həm də biznes bilikləri olan mütəxəssisləri
birləşdirməlidir».
«Start-up Azərbaycan» layihəsinin məqsədlərinə
də toxunan mütəxəssis
vurğulayıb ki, əsas məqsədi
ölkədə İKT sektorunda investisiya mühitini
yaxşılaşdırmaq, ən yaxşı internet
və İT layihələrini üzə çıxarmaq, innovativ ideyaların uğurlu
biznes sahəsinə çevrilməsinə
yardım etməkdir: «İnnovativ ideya dedikdə,
əsasən, informasiya
texnologiyalarından effektiv istifadə edilməklə,
hər hansı məhsul və ya xidmətin
təqdim edilməsinə yönələn fəaliyyət nəzərdə
tutulur. Təqdim edilən layihələrin
son məqsədi real biznesin qurulmasına, xidmətlərin, sosial servislərin təqdim edilməsinə
yönəlməli və müştəri cəlb edilməsinə
istiqamətləndirilməlidir. Mümkündür
ki, hansısa mövcud
biznes-ideyalar üzrə layihələr təklif
olunsun, bu halda təklif olunan layihə
daha səmərəli innovasiyalar
üzərində qurulmalıdır. «Start-up
Azərbaycan» çərçivəsində
yarışmalarda iştirak edən
start-upların ekspert qiymətləndirilməsi
təşkil olunur. «Start-up
Azərbaycan» yalnız yarışmadan ibarət deyil. Layihə çərçivəsində
start-upçular üçün
təlimlər təşkil olunur, investorlarla görüşlər keçirilir. Start-uplara komanda formalaşdırmağa köməklik
göstərilir. İnternet-biznesə başlamaq
istəyənlər üçün layihə
çərçivəsində keçirilən təlimlərdə
uğurlu bizneslə bağlı bilik və təcrübə əldə etmək
imkanları yaradılır».
Sevinc
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.
Həftə
içi.- 2014.- 31 may-2 iyun.- S.6.