Mən o
şansı qaçırdım
Barat Fərhadov: Mən Fikrət Əmirov, Rəşid Behbudov, Niyazi kimi korifey sənətçilərin təklifini qəbul edib, onlarla birlikdə çalışmalıydım
Azərbaycan muğam sənətinin qocaman nümayəndələrinin sayı barmaqla sayıla biləcək qədər azdır. Həmişə xalq tərəfindən sevilən, el məclislərində yaxından iştirak edən belə xanəndələrin əsas amalı muğam sənətinin inkişafına gerçəkdən xidmət göstərmək olub. Bu ustadlar şan-şöhrət deyil, muğamlarımızı təbliğ edərək yaşatmaq, onu gənc nəslə öyrətmək və gələcəyə ötürmək barədə daha fikirləşiblər. Yaşı 85-i haqlayan Barat Fərhadov da barmaqla sayıla biləcək belə xanəndələrdən biridir. O, həm də özü kimi istedadlı xanəndələr yetişdirməyi qarşısına məqsəd qoymuşdu. Həyatını bu sənətə bağlayıb, ömrünü muğam sənətinin inkişafına həsr edib Barat müəllim.
Beləliklə Həftə
içinin də budəfəki
qonağı tanınmış ustad xanəndə
Barat Fərhadovdur:
- 1950-ci ildən bu sənətdəyəm. Mənim doğulub boya-başa
çatdığım Ağdamın Əfətli kəndi
xanəndələr kəndi kimi
tanınır. Məşhur xanəndə Əkbər Behbudov da bu
kənddən çıxıb, gözəl səsi olduğuna görə ona
İkinci Şuşinski
deyərdilər. Eləcə də Aydın
Nıftalıoğlu, İlduzə Bağırova, Araz Əliyev, İsrafil
Əsədov kimi tanınmış xanəndələr
bizim kəndin yetirmələri olublar. Ən gözəl ifaçılar Ağdamda, Qarabağda
yetişiblər. Amma o
vaxt istedadlı gənclər çox olsa da, onları bir araya yığan yox idi. Ağdam rayonunda Üzeyir
Hacıbəyov adına orta Musiqi Məktəbinin direktoru
Xosrov Fərəcov məktəbin nəzdində
Şur ansamblını yaratdı. Bu ansambla solist
kimi mənimlə birlikdə Aydın
Nıftalıoğlu, Sədi Məmmədov Azay
Mirəliyev, İsrafil Məmmədov, Hafiz Sədrzadə kimi
tanınmış xanəndələr dəvət olundular. SSRİ dövründə ittifaq miqyaslı elə bir
dövlət tədbirləri olmazdı ki,
biz orada iştirak etməyək. Bütün
festivalların qalibi həmişə biz olardıq. 1962-ci ildə Opera
və Balet Teatrının binasında səhv
etmirəmsə, Azərbaycan Kommunist
Partiyasının XXVIII qurultayına həsr olunmuş
tədbir keçirilirdi. Həmin tədbirdə
Şur ansamblının müşayiətilə
Heyratı muğamını ifa etdim. Bütün zal ayağa qalxdı. Onda çox gənc, boy-buxunlu oğlan idim. Tədbirdə maestro Niyazi, bəstəkar Fikrət Əmirov, Rəşid
Behbudov kimi korifey sənətçilər də iştirak edirdilər. Adlarını çəkdiyim
sənətçilər məni yanlarına
çağırıb dedilər ki,
gözəl səsin var, Tanrı səslə
yanaşı sənə boy-buxun da verib, biz
Məcnun rolunu aparmaq üçün neçə ildir
xanəndə axtarırıq. Artıq belə bir
xanəndə səsi ilə hüzurumuzdadır. Bu gündən Opera və
Balet Teatrında qalıb bizimlə birlikdə
Məcnun rolunu məşq edəcəksən.
Hətta dedilər ki, mənə Azərbaycan
Dövlət Filarmoniyasının yanında birotaqlı mənzil
də veriləcək. Sanki xoşbəxtlik
quşu çiyinlərimə qonmuşdu. Amma mən bu təklifi müsbət dəyərləndirə
bilmədim, Bakıda qalıb Opeta və Balet Teatrında işləməkdən imtina etdim.
- Niyə? Başqa planlarınız vardı, yoxsa?
- Yox, elə bir planım yox idi. Sadəcə, gənc olduğuma görə gələcəyimi
düşünmədim. O vaxt gənc və subay idim.
Hər gün məni Qarabağ və ətraf rayonların əhalisi toylara dəvət edərdilər.
Azərbaycan mədəniyyət işçisi Rafiq Rüstəmov, tanınmış
tarzən Cəlal Əliyev canlı şahiddirlər, toylarda pulu başımdan tökürdülər. Artıq tanınırdım,
xətir-hörmət sahibi
idim. Elə buna görə
də Bakıda qalıb Opeta və Balet Teatrında
işləməkdən imtina
etdim. Hətta Azərbaycan Kommunist
Partiyası Mərkəzi
Komitəsindən Ağdamın
birinci katibi Hümmət Mustafayevə
tapşırıq verdilər
ki, Barat Fərhadovun təcili Bakıya gəlməsini təmin etsin. Katib çox sadə və mülayim adam idi,
məni yanına çağırıb dedi
ki, belə bir şansı əldən vermə. Dedi adamlar var
ki, bütün günü qapılar arxasında qalır, həmin sənətçilərə
zəng elətdirir, amma sən belə
bir işdən boyun qaşırırsan. Fikrət Əmirov, Əfrasiyab Bədəlbəyli, Niyazi
kimi adamlar Bakıdan zəng vurub xahiş edirlər ki, səni Bakıya göndərək. Amma katibin
bu dəlil-dəlaləti
də məni inadımdan döndərmədi,
mən yenə də imtina etdim.
- Bu qərar sonrakı həyatınıza necə
təsir etdi?
- Sonradan anladım
ki, yanlış qərar vermişəm. Normal halda mən
Fikrət Əmirov, Rəşid Behbudov, Niyazi kimi korifey
sənətçilərin təklifini qəbul etməli, Opera və Balet Teatrında qalıb onlarla birlikdə çalışmalıydım.
Düzdür, sonrakı illərdə
xanəndəlik sənətimi
davam etdirdim. Amma Opera və Balet Teatrında
qalıb işləmək,
Məcnun rolunu oynamaq təklifi başqa bir şans idi, mən o şansı qaçırdım. Lakin sənətimə
xilaf çıxmadım,
1962-ci ilin avqust ayında Moskvada Qurultaylar Sarayında keçirilən kənd təsərrüfatı nailiyyətləri
sərgisində çıxışlarımla
yadda qalmışam.
Həmin il
Heyratı zərb muğamını, Mirzə
Hüseyn seygahını,
Qarabağ şikəstəsi
kimi bir sıra ifalarım Qızıl Fonda daxil edildi.
- Heç yaddaqalan xatirələriniz varmı?
- O qədər... Günlərin birində tarzən Cəlal Əliyevlə məni Yevlax şəhərinə toya
dəvət etmişdilər.
Məclisdə iştirak edənlər
bizə muğam oxumağı sifariş verirdilər. Rəqs edib
oynayan yox idi. Fasiləsiz ifalardan Cəlal
müəllim tarda müşayiət etməkdən
artıq yorulmuşdu.
Axırda təngə gəlib
tarı sazəndarlar oturan stolun üstünə
qoydu, gedib mağarın girişində
adamlar gələn tərəfdə oturdu.
Bu məqamda gənc
oğlan gözəl bir xanımla mağara daxil olaraq bizə yaxınlaşdılar, 50 manatı
stolun üstünə
qoyub xahiş etdilər ki, Rast muğamını ifa edim. Mən Cəlalı səslədim.
O isə cavabında nə deyirsən, ə? -
deyib sanki
etiraz edirdi. Dedim Rast muğamını
sifariş veriblər,
gəl tarda müşayiət elə.
Cəlal müəllim
ucadan ölsən də gəlmərəm deyəndə Rastı sifariş verən gənclərin ikisi də yaxınlaşıb
elə belə də dedilər: Barat müəllim, bizim vaxtımız yoxdur, gedirik. Toyların birində bu
muğamı bizim üçün ifa edərsən.
- Deyəsən, yetirmələriniz
arasında tanınmışlar
da var...
- O qədər! Bu gün də yetirmələrim az deyil. Təkcə Qədir Rüstəmov 4 il
mənim tələbəm
olub. Mirpaşa Şükürov bu il keçirilən
Muğam müsabiqəsinin
qalibi oldu, o, həm də prezident təqaüdçüsüdür.
Dövlət ona mənzil
də bağışladı.
Bu, məni çox
sevindirdi. Mirpaşa həqiqətən
də gələcəyin
böyük xanəndələrindən
birinə çevriləcək.
Digər
bir tələbəm
- Əli Hacılı
Bakı Muğam Mərkəzində keçirilən
müsabiqədə birinci
dərəcəli diplom
alıb. Başqa
bir tələbəm
- Gündüz Nəcəfova
da müsabiqədə
1-ci dərəcəli diploma layiq görülüb...
- Sizcə, sənətə
və sənətkara,
qocaman muğam ifaçılarına dövlət
qayğısı lazımi
səviyyədədirmi?
- Dövlət səviyyəsində
muğam sənətinin inkişafında
və təbliğində xeyli işlər
görülür. Amma
sənətkarlara münasibət fərqlidir. Şəxsən
mənə dövlət tərəfindən indiyədək heç bir qayğı
göstərilməyib. Hazırda 152 manat pensiya alıram. Biləcəri qəsəbəsində
dəmiryol işçilərinin yataqxanasında birotaqlı mənzildə
qalırıq. Xan Şuşinski
adına Ağdam Uşaq
Muğam Məktəbinin direktoru
mənə imkanı daxilində köməklik edir. Məni yaşadan da elə Rafiq müəllimdir,
çünki mən sənətdən
ayrıla bilmirəm.
Qələndər Xaçınçaylı
Həftə içi.- 2014.- 8 yanvar.- S.7.