“Qızıl
ehtiyatlarının həcmi
həmişə gizli saxlanılıb”
Çingiz
Qaşqay: «Hətta sovet dövründə də
bununla
bağlı konkret rəqəmlər
açıqlanmırdı»
Azərbaycanda qızıl hasilatı ilə məşğul olan Böyük Britaniyanın «Anglo-Asian Mining plc.» şirkəti ölkənin qərbində «Gədəbəy» qızıl mədənində apardığı qazma işləri proqramının ilkin nəticələrini açıqlayıb. Şirkətin bununla bağlı yaydığı məlumata görə, Gədəbəy rayonunda yerləşən yatağın şimal hissəsində 3000 metr dərinlikdə aparılan qazıntı işləri nəticəsində yeni qızıl ehtiyatları aşkarlanıb.
Maraqlıdır
görəsən, Azərbaycanın hansı bölgələri
qızıl ehtiyatları ilə daha zəngindir?
Ölkədə qızıl ehtiyatının həcmi nə
qədərdir?
«Həftə içi»nin bu və digər suallarını Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun filiz və qeyri-filiz
faydalı qazıntı yataqlarının geologiyası və
geokimyası şöbəsinin rəhbəri, professor
Çingiz Qaşqay
cavablandırır:
- Azərbaycanda ilk qızıl hasilatı hansı dövrə təsadüf edir?
- Əslində Azərbaycanda
qızıl ehtiyatlarının kəşfinə hələ sovet dövründə başlanılıb.
Demək olar ki,
yataqların əksəriyyəti elə sovet
dövründə aşkar olunub. Amma o
vaxt yataqlardan heç biri istismar edilməyib. Yalnız Kəlbəcər
və Ermənistanın Basarkeçər rayonlarının sərhəddində
yerləşən «Zod» yatağında istismar aparılıb. Əslində
yatağın əksər hissəsinin Kəlbəcər rayonu ərazisində yerləşməsinə
baxmayaraq, naməlum səbəblərə
görə kəşfiyyat işləri Ermənistan SSRİ
Geologiya İdarəsi və Ermənistan
Əlvan Metallurgiya İdarəsi tərəfindən
həyata keçirilib. Azərbaycanda
isə bu sahəyə maraq
təxminən 1997-ci ilə təsadüf edir.
Çünki Böyük
Britaniyanın «Anglo Asian
Mining Plc" şirkəti
1997-ci ilin avqustunda Azərbaycan
hökuməti ilə imzalanmış müqaviləyə əsasən,
Azərbaycanın cənub-qərbindəki altı yataqda –«Gədəbəy», «Ordubad»,
«Qoşa Bulaq»,
«Qızıl Bulaq», «Vejnəli» və
«Söyüdlü»də işləmək hüququ
əldə edib. İlk
qızıl və gümüş 2009-cu ilin mayında "Gədəbəy"
yatağından hasil edilib.
Hazırda digər bir xarici
şirkət isə Daşkəsəndə yerləşən
Çovdar yatağında iş
aparır. Yaxın vaxtlarda həmin yataqda da hasilata
başlanacağı gözlənilir.
- Bəs Azərbaycanın mövcud qızıl ehtiyatları barədə nə deyə bilərsiniz? Ümumiyyətlə, hesablanmış ehtiyatın həcmi nə qədərdir?
- Açığı,
bu barədə nə sovetlər
dövründə, nə də indi konkret rəqəm səsləndirilməyib.
Hesablanmış ehtiyatların həcmi həmişə gizli saxlanılıb. Amma bu
yaxınlarda Ekologiya və Təbii Sərvətlər
Nazirliyi yeni bir atlas nəşr edəcək
ki, həmin nəşrdə Azərbaycanın
bütün qızıl
yataqlarının xüsusiyyətləri barədə ətraflı
məlumat yerləşdiriləcək.
- Respublikamızın hansı ərazilərində qızıl ehtiyatları daha çoxdur?
- Əslində Böyük və Kiçik
Qafqaz dağ sistemlərinin
şərq hissəsini əhatə edən Azərbaycanın ərazisi
mürəkkəb geoloji quruluşa
malik olması, faydalı
qazıntıların müxtəlifliyi və rəngarəngliyi
ilə fərqlənir. Bu baxımdan demək
olar ki, respublikanın
əksər yerləri faydalı qazıntılarla zəngindir.
Aparılan tədqiqatlara əsasən isə Gədəbəy,
Daşkəsən, Ağstafa, Kəlbəcər,
Laçın rayonlarında, Naxçıvan Muxtar
Respublikasının Ordubad rayonunda
yerləşən qızıl yataqları daha
zəngindir. Amma respublikada
zəngin olmayan yataqlar
da mövcuddur. Bir müddət əvvəl biz
Nazirlər Kabinetinin qərarına əsasən,
yeni bir texnologiya işləmişik ki,
həmin texnologiya vasitəsilə
kasıb yataqlardan qızıl
çıxarılması rentabelli
sayıla bilər. Hələlik istismarla
məşğul olan xarici
şirkətlər zəngin yataqları işlədiyin bu metod tətbiq olunmur. Lakin gələcəkdə
yeni metodla, yəni quyu üsulu ilə
qızıl çıxarmaq qaçılmaz olacaq.
Çünki kəşf olunan
yataqlar bütövlükdə zəngin deyil. Bəzi hissələr var
ki, həmin hissələrdə ehtiyat azdır və bu
ehtiyatı ancaq quyu üsulu ilə əldə etmək mümkündür.
- Bu metodun hazırda tətbiq olunmasına ehtiyac varmı?
- Əlbəttə. Çünki kasıb yataqları da işləmək lazımdır. Amma bu üsulu
tətbiq böyük maliyyə tələb
edir. Sözsüz ki, hansısa sahibkar buna maraq göstərməlidir.
Lakin Azərbaycanda sahibkarlar
qızıl yataqlarının istismarında maraqlı deyillər.
Yəqin ki, bu sahə
riskli olduğundan və
daha çox vəsait
tələb etdiyindən sərmayə yatırmağa
ehtiyatlanırlar. Bizim sahibkarlar
daha çox qısa
müddətdə qazanc götürə
biləcəkləri sahələrə qaçırlar. Amma xəbərləri yoxdur
ki, bu sahə riskli olsa da,
gəliri qat-qat böyükdür.
- Azərbaycanda istehsal olunan qızılın saflaşdırılması harada həyata keçirilir? Ümumiyyətlə, Azərbaycan qızılının keyfiyyət göstəriciləri barədə nə deyə bilərsiniz?
- Hələ ki, Azərbaycanda istehsal olunan qızıl İsveçrənin Cenevrə
şəhərində saflaşdırılır. Çünki dünyada
qızılın ən yaxşı saflaşdırma mərkəzi
məhz bu şəhərdədir. O ki qaldı Azərbaycan qızılının
keyfiyyət göstəricisinə, istənilən halda qızıl yataqdan
digər metallarla bərabər
çıxarılır. Yəni onun tərkibində
dəmir, mis, gümüş
və digər kimyəvi elementlər olur.
Buna görə də qızılın
keyfiyyət göstəricisi daha çox onun
saflaşdırılmasından asılıdır. İndi Cenevrə şəhəri dünyada qızıl saflaşdırılan bir nömrəli mərkəz kimi
tanınır. Bu baxımdan Azərbaycan
qızılını yüksək keyfiyyətli məhsul kimi dəyərləndirmək olar.
Təbii ki, saflaşdırma zamanı hər
şey əyardan asılıdır.
Əgər qızıl 999 əyar üzərində
saflaşdırılırsa, deməli, bu ən
keyfiyyətli məhsul sayılır.
Sevinc Osmanova
Həftə
içi.- 2014.- 10 yanvar.- S.5.