İKT ili Azərbaycana nə verdi? 

 

Əli Abbasov: «2013-cü ildə əldə olunan nəticələrə əsasən,

gələcək 5 il üçün yeni hədəflərin müəyyənləşdirilib»

 

Azərbaycanda 2013-cü il bir sıra hadisələrlə, o cümlədən «İnformasiya-kommunikasiya texnologiyaları ili» kimi yadda qaldı. Ötən il ilk dəfə olaraq Azərbaycan öz milli peykini kosmik fəzaya buraxmaqla kosmik sənayenin inkişafına stimul verdi.

Bəs, görəsən, İKT ili çərçivəsində Azərbaycanda daha hansı işlər görülüb? Aidiyyəti qurumlar növbəti illər üçün bu sahənin inkişaf hədəflərini müəyyənləşdiribmi?

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, ölkə iqtisadiyyatında baş verən inkişaf informasiya texnologiyaları sahəsində bir çox nailiyyətlərin əldə olunmasına şərait yaradıb. Onun sözlərinə görə, İKT sektorunun artım tempi ənənəvi olaraq ümumdünya orta göstəricisini təxminən iki dəfə üstələyərək 14 faiz təşkil edib və sahə üzrə ümumi gəlirlər 2 milyon dolları ötüb: «Telekommunikasiya sahəsində stasionar telefon şəbəkəsi genişlənərək regionda (MDB və Mərkəzi Asiyada) müasirliyi, keyfiyyəti, əhatə dairəsi və qiymət göstəricilərinə görə ön cərgədədir. Mobil telefon şəbəkəsi isə əhali və ərazi əhatəsinə görə daha da genişlənərək Avropa orta səviyyəsindən yüksək olub. Hələ dünyanın bir çox ölkələrində 2-ci nəsil rabitə texnologiyası tətbiq edildiyi halda, ölkəmizdə 3-cü nəsil texnologiya tamamilə, Bakı və Abşeronda isə 4-cü nəsil rabitə texnologiyaları tətbiq olunmağa başlanılıb. Mobil nömrələrin operatorlar arasında avtomatik daşınma sistemi yaradılıb».

Nazir həmçinin vurğulayıb ki, Qlobal İnternet şəbəkəsinin Azərbaycan seqmenti hesabat ilində inkişaf edərək, 70 faiz istifadə sıxlığı ilə MDB və Mərkəzi Asiyada öz liderlik yerini saxlayıb: «Beynəlxalq şəbəkəyə çıxış 35 faiz, ölkədaxili elektron kontent təxmini hesablamalara görə 40-45 faiz, elektron kommersiya və pərakəndə satış 50 faiz artıb, elektron təhsil və səhiyyə xidmətlərindən istifadə xeyli genişlənib. İnternet üzərində işgüzarlıq fəaliyyəti xeyli sürətlənib. Mobil və stasionar genişzolaqlı internetin abonent şəbəkəsi 30 faiz artıb. Radio və televiziya texniki yayım infrastrukturunun inkişafında hesabat ili rəqəmli efirə keçidlə yadda qalıb. 2013-cü ildə bütün ölkə əhalisinin 95-98 faizi rəqəmli televiziya ilə əhatə olunub və ölkəmiz analoq efiri ilə vidalaşmağa hazırdır».

 

Efirə müdaxilələrin qarşısı alınır

 

Əli Abbasov deyib ki, İKT ili çərçivəsində sərhəd zonalarda qonşu ölkələrdən efirə müdaxilələrin qarşısının alınması üçün üç güclü stansiya da quraşdırılıb: «Müvafiq təhlükəsizlik xidmətləri ilə birgə aparılmış işlər nəticəsində artıq bu gün bu sahədə ciddi problemlərlə üzləşmirik. Ölkəmiz üçün çox vacib əhəmiyyəti olan bütün spektr boyu radiotezliklər resurslarının monitorinqi sisteminin birinci növbəsi, yəni Bakı və Abşeron yarımadası üçün stasionar və digər ərazilər üçün isə 3 mobil stansiya quraşdırılıb. Ötən il eyni zamanda, poçt sektorunda gəlirlər 5,5 faiz artıb. Poçt sistemində ənənəvi xidmətlərdən əlavə bank və maliyyə xidmətləri, o cümlədən bank hesablarının idarə olunması, nağdsız ödəmələr, pul köçürmələri, kommunal və digər ödənişlərin həyata keçirilməsi, ucqar kəndlərdə pensiyaların paylanması, ümumiyyətlə depozit və kreditlər istisna olmaqla, bütün xidmətlərin göstərilməsi xeyli genişləndirilib. Poçt vasitəsilə elektron kommersiya xidmətlərinin və həmçinin ucqar kəndlərdə xidmətlərin poçt mobil avtomobillər vasitəsilə göstərilməsinə başlanılıb».

Nazir açıqlamasında “Elektron hökumət” portalı vasitəsilə elektron xidmətlərin göstərilməsinin genişləndiyini də bildirib: «Beləliklə Nazirlər Kabinetinin təsdiq etdiyi 428 xidmətdən 281-i hökumət portalı vasitəsi ilə rəsmi verilir. 2013-cü ildə elektron hökumət portalına 262 min vətəndaş müraciət edib və 730 mindən çox elektron xidmət alıb. Vergilər Nazirliyinin ASAN mobil imza sertifikat mərkəzi yaradılıb və ölkənin vahid elektron imza sisteminə qoşulub. Bundan başqa İKT ili çərçivəsində kosmik fəaliyyət sahəsində “Azərspace-1” telekommunikasiya peyki orbitə çıxarılıb və 2013-cü ilin iyul ayından kommersiya fəaliyyətinə başlanılıb. Peykdə 60-dan çox televiziya kanallarının, əsasən xarici ölkələrin və müxtəlif rabitə kanallarının təşkili həyata keçirilir. 6 ay ərzində təxminən 10 milyon ABŞ dolları həcmində xarici ölkələrə ixrac xidmətləri göstərilib və bu vəsait “Azərkosmos ASC” tərəfindən Maliyyə Nazirliyinin nəzarəti ilə 2013-cü ilin kredit borclarının təxminən 60–65 faizinin ödənilməsinə yönəldilib. Digər tərəfdən 2016-cı ilə planlaşdırılan yer səthinin monitorinqi peykinin layihə sənədləri və hazırlıq işləri başa çatıb və yaxın vaxtlarda tender elan olunacaq».

 

Gələcək 5 ilin hədəfləri

 

Nazir onu da deyib ki, regional və beynəlxalq səviyyədə tranzit informasiya magistrallarının qurulmasında və regional İKT xidmətlərinin göstərilməsində işlər davam etdirilməkdədir. Əli Abbasovun sözlərinə görə, Avropadan Yaxın Şərqə gedən informasiya magistralının Azərbaycan seqmentinin qurulması başa çatıb: «Bu gün Azərbaycanda yeni tipli nanomateriallar, elektron qurğular, işıq elementləri, elektron tabletlər, Azərbaycan dilində tam səslə idarəolunan kompüterlər, proqram təminatı, yeni mobil tətbiqləri və yeni həllərin yaradılması çox tez-tez müşahidə olunur. İndi biz müvafiq dövlət və hökumət strukturları ilə birlikdə bu tip və digər innovativ məhsul və xidmətlərin kütləvi istehsala çevrilməsi üzərində işləyirik. Bu işlərə, müxtəlif fondlar, o cümlədən İKT-nin inkişafı üzrə Dövlət Fondu, müxtəlif iqtisadi zonalar, o cümlədən Yüksək Texnologiyalar Parkı və innovativ və texnoloji inkişaf üçün çox vacib olan yüksək səviyyəli mütəxəssis və mühəndislərin hazırlanması üçün həyata keçirilən tədbirlər xüsusi təkan verib».

Əli Abbasov 2013-cü ildə əldə olunan nəticələrə əsasən, gələcək 5 il üçün yeni hədəflərin müəyyənləşdirildiyini vurğulayıb: «Artıq yerli mütəxəssislər bu hədəfləri təyin ediblər. Birinci hədəf şəbəkə infrastrukturunun inkişafı sahəsində 2017-ci ilin sonuna mobil və stasionar şəbəkələr üzərində yüksək sürətli genişzolaqlı optik və simsiz şəbəkələrin qurulması və hər bir vətəndaş, iş və ev təsərrüfatının bu şəbəkəyə çıxışını təmin etmək və inkişaf etmiş ölkələrin səviyyəsinə çatmaqdır. Həmçinin, radio-televiziya şəbəkələrində bütün növ rəqəmli yayım texnologiyalarının tətbiqinin genişləndirilməsi və hər bir vətəndaşa çatdırılmasıdır. İkincisi, rəqəmli iqtisadi sektorun inkişafında yüksək texnologiyalara əsaslanan elektronika və nanoelektronika, kosmik peyklər və yeni informasiya texnologiyaların tətbiqi ilə ixrac potensialının gücləndirilməsinə yönələn innovativ və rəqabətə davamlı məhsul və xidmətlərin istehsalının təmin edilməsidir. Bu istiqamətdə bir neçə transmilli şirkətlə böyük həcmli birgə layihələrin müzakirəsinə başlanılıb. Üçüncüsü, regional və beynəlxalq səviyyədə informasiya və tranzit xidmətlərinin genişləndirilməsi, müvafiq təhlükəsizlik strukturları ilə birlikdə kibertəhlükəsizliyin möhkəmləndirilməsidir. Nəhayət, dördüncüsü müvafiq hökumət strukturları ilə əhali və sahibkarlara göstərilən dövlət xidmətlərinin elektronlaşdırılması və elektron hökumət portalı vasitəsilə yerlərə çatdırılmasının sürətləndirilməsidir. Güman edirik ki, bu 4 hədəf Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində daha böyük naliyyətlərin əldə olunmasını stimullaşdıracaq və İKT ili çərçivəsində qazanılan uğurların davamına imkan verəcək. Nəticədə Azərbaycanda qeyri-neft sektorunda İKT-nin payı artacaq və bu sahə ölkə iqtisadiyyatında önəmli paya malik olacaq».

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Həftə içi.- 2014.- 11-13 yanvar.- S.6.