Elektron ticarətdə yeni qayda
Artıq 1 ay ərzində ümumi dəyəri 1000 dollar
miqdarında
bağlama ölkəyə gömrük ödənişləri olmadan buraxılacaq
Azərbaycanda elektron ticarət yolu ilə mal və əşyaların gətirilməsi artıq yeni qaydalarla tənzimlənir. Bununla bağlı Nazirlər Kabineti tərəfindən 2013-cü il 14 oktyabr tarixində “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları” təsdiq edilib.
Bəs, görəsən,
yeni qaydalarda nələr
nəzərdə tutulub? Bu
qaydalar internet vasitəsilə alış-veriş edənlər
üçün hansısa problem yarada bilərmi?
Məsələni «Həftə içi»nə şərh
edən Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinin poçt sektorunun rəhbəri Novruz Məmmədov
deyib ki, əslində hökumətin təsdiq etdiyi yeni
qaydalar vətəndaşların rahatlığının təmin
olunmasına xidmət edir. Onun sözlərinə görə,
bu qaydaların təbiqi həm də əhalinin maddi
marağının qorunmasına şərait yaradacaq: «Son
vaxtlar ölkə əhalisinin internet üzərindən
alış-verişə olan marağının xeyli dərəcədə
yüksəlməsi elektron ticarət əsasında ölkəyə
daxil olan beynəlxalq poçt göndərişlərinin həcminin
artması ilə nəticələnib.
Sözügedən həcmin artım
tendensiyası, e-ticarətə müraciət edənlərin
sayının surətlə çoxalması ölkə rəhbərliyinin
diqqətini cəlb edib və bu sahədə vətəndaşlarımızın
rahatlığının təmin edilməsi və maddi
maraqlarının qorunması istiqamətində Azərbaycan
Hökuməti tərəfindən mühüm addım
atılıb. Yeni Qaydalara görə, beynəlxalq poçt
göndərişləri vasitəsilə eyni fiziki şəxsin
adına 30 gün müddətində
ümumi gömrük dəyəri 1000 dollar ekvivalenti məbləğindən
artıq olmayan gömrük ərazisinə gətirilən
qeyri-kommersiya yaxud qeyri-istehsal xarakterli mallar güzəştli
qaydada gömrük sərhədindən keçirilməklə
poçt vasitəsilə gətirilə bilər. Yəni, 1 ay ərzində ümumi dəyəri 1000
dollar miqdarında olan bağlama ölkəyə gömrük
ödənişləri ödəmədən daxil olacaq.
Müqayisə üçün deyim ki, əvvəllər
bu güzəştin məbləği 200 dollar ekvivalenti təşkil
edib».
Sektor müdirinin sözlərinə görə, digər
bir yenilik ondan ibarətdir ki, əgər gətirilən
malın dəyəri təyin olunmuş həddi, yəni 1000
dolları aşarsa, gömrük rüsumu yalnız həmin həddən
artıq olan məbləğə tətbiq ediləcək:
«Bundan əvvəlki qaydalara görə isə, gömrük
rüsumu dəyəri 200 dollardan yuxarı olan malın tam dəyərinə
tətbiq edilirdi. Bu baxımdan
düşünürük ki, sözügedən dəyişikliklər
vətəndaşlara daha böyük imkanlar yaratmaqla
onların vəsaitlərinə qənaət etməsinə gətirib
çıxardıb».
Novruz Məmmədov öz açıqlamasında qərarın
ötən ilin noyabrın 27-dən qüvvəyə mindiyini
də bildirib: “Hesab edirik ki, vətəndaşların
hökumətin onlar üçün yaratdığı bu
imkanlar barəsində məlumatlarının artması,
alış-veriş zamanı elektron ticarətə
üstünlük verəcək, bu da öz növbəsində
poçt göndərişlərinin həcminin daha da
artmasına təsir edəcək. Bununla
yanaşı, yeni qaydalar vətəndaşlara şəxsi
istifadəsi üçün daha geniş çeşidli və
dəyəri nisbətən yüksək olan mal və əşyaların
beynəlxalq poçt göndərişləri vasitəsilə
gətirilməsinə şərait yaradacaq”.
Qurum rəsmisi eyni zamanda, “Azərpoçt” MMC-nin
internet sifarişi əsasında ölkəyə daxil olan
poçt göndərişlərinin çatdırılma
keyfiyyətini yüksəltmək məqsədilə yeni
“SMS-bildiriş” xidmətinin tətbiqinə
başladığını da söyləyib: «Bu xidmətə
əsasən, poçt müəssisələrinə daxil
olan beynəlxalq göndərişin üzərində
alıcının telefon nömrəsi olduqda, həmin nömrəyə
operativ olaraq “SMS-bildiriş” göndərilir və bildirişdə
vətəndaşın adına poçt göndərişinin
daxil olması və göndərişi almaq üçün
xidmət göstərən poçt şöbəsinə
müraciət etməyin zəruriliyi barədə məlumat
verilir. Onu da deyim ki, yeni xidmətin tətbiqi
artıq ilk müsbət nəticələrini verib və beynəlxalq
kiçik paket və bağlamaların
çatdırılmasını xeyli dərəcədə
sürətləndirib”.
Yeri gəlmişkən, ötən il Azərbaycanda
elektron pərakəndə ticarət dövriyyəsinin həcmi
1,6 dəfə artıb. Belə ki, ölkədə
2013-cü ildə elektron pərakəndə ticarət
dövriyyəsinin həcmi 2012-ci ilə nisbətən 1,6 dəfə artaraq 2,6 milyon manat təşkil
edib. Azərbaycan Dövlət Statistika Komitəsindən verilən
məlumata görə, əhali onlayn rejimi vasitəsilə
sifariş verdikləri istehlak mallarının 82,6
faizini hüquqi, 17,4 faizini fiziki şəxslərin ticarət
şəbəkələrindən alıb. Elektron ticarət
dövriyyəsinin 89,7 faizini qeyri-ərzaq
malları təşkil edib.
Sevinc
Həftə içi.- 2014.-
14 yanvar.- S.8.