Orta məktəblərdə İKT-nin tətbiqi 

  

Azərbaycanda təhsil müəssisələri tam kompüterləşdirilibmi?

 

Dünən akademik Zərifə Əliyeva adına liseydə “İnnovativ informasiya-kommunikasiya texnologiyaları əsaslı pilot tədris otağı” layihəsi çərçivəsində İKT avadanlıqları ilə təmin olunmuş tədris otağının açılış mərasimi keçirilib. Mərasimdə təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, təhsildə İKT-nin inkişafı, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün müasir texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması günün tələbidir. Onun sözlərinə görə, İKT Azərbaycan təhsil sisteminin qarşısında duran əsas prioritet istiqamətlərdən biridir:

“Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında da təhsilin İKT ilə təminatı əsas strateji hədəflərdən biri kimi qarşıya qoyulub. İKT sahəsində real dayanıqlı inkişaf və nailiyyət əldə etmək üçün bu sahədə olan bir sıra işləri paralel görülməlidir. Bunlara İKT sahəsində maddi-texniki bazanın inkişafı, bu sahə üzrə məzmunun yaradılması, resurslar vasitəsilə şagirdə çatdırılması, müəllimlərin İKT-dən istifadə səriştəsinin artırılması daxildir. “İnnovativ informasiya-kommunikasiya texnologiyaları əsaslı pilot tədris otağı” layihəsi çərçivəsində Azərbaycanın orta məktəbində İKT əsaslı tədris otağının yaradılması, bu resurslardan istifadəsinə dair treninqlərin keçirilməsi mühüm əhəmiyyətə malikdir”.

Nazir müavininin fikrincə, "İnnovativ informasiya-kommunikasiya texnologiyaları əsaslı pilot tədris otağı" layihəsi çərçivəsində Azərbaycanın orta məktəbində İKT əsaslı tədris otağının yaradılması, bu resurslardan istifadəsinə dair treninqlərin keçirilməsi mühüm əhəmiyyətə malikdir.

Qeyd edək ki, liseydə yaradılmış tədris otağı 42 ədəd noutbuk, 1 ədəd böyük ölçülü monitor, 1 ədəd müəllim üçün kompüter, 11 ədəd planşet və digər alətlərlə təchiz olunub. Layihə çərçivəsində məktəbin 40 nəfərlik pedaqoji heyətinə İKT-nin tədrisə tətbiqi ilə bağlı təlim keçirilməsi nəzərdə tutulub.

Bəs görəsən, Azərbaycanın bütün orta məktəblərində İKT-nin tətbiqi reallaşıbmı? Bu sahədə əsas problemlər nədən ibarətdir?

Məsələyə münasibət açıqlayan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesab edir ki, hazırda təhsil müəssisələrinin kompüterlə təchizatında problem olmasa da, məktəblərdə informatika fənnini tədris edən müəllimlərin özlərinin təlimlərə böyük ehtiyacı var: “Düzdür, məktəblər mərhələli şəkildə kompüter avadanlıqları ilə təmin olunurbununla bağlı müəllimlərə təlimlər keçirilir. Amma pedaqoqlara bu sahədə müəyyən təlimlər keçirilsə də, onların kompüter avadanlıqlarından istifadə səviyyəsi, eləcə də təlimlərin keyfiyyəti məni qane etmir. Düşünürəm ki, bu proses daha da yüksək şəkildə qurulmalı, təlimlərin keçirilməsi davam etdirilməlidir. Bundan başqa, elektron dərsliklərlə də ciddi problemlər var. Belə ki, hətta avadanlıqların olması, müəllimlər texnologiyadan istifadə etmək bacarıqları belə elektron dərsliklərin ya yoxluğu, ya standartlara cavab verməməsi, ya da yetərli olmaması müəyyən çətinliklər yaradır. Bu səbəbdən təhsil sisteminin informasiyalaşdırılması üzrə 2013-2018-ci illərə nəzərdə tutulmuş növbəti dövlət proqramında bu faktor nəzərə alınmalıdır. Yəni bu istiqamətdə işlər 2018-ci ilə kimi tam başa çatdırılmalıdır”.

 

Texnologiyaların təminatında sistemsizlik var

 

Bölgələrdə fəaliyyət göstərən məktəblərin informatika texnologiyalarından yararlanmaq imkanına gəlincə, ekspert problemi texnologiyaların təminatındakı sistemsizliklə əlaqələndirib. Onun sözlərinə görə, şəhər məktəbinin qarşısında duran vəzifə ilə kənd məktəbinin qarşısında duran vəzifə eyni deyil: «Sadə bir misal çəkim: şəhər məktəbləri xarici məktəblərlə əməkdaşlıq edir. Ona görə onlara daha yüksək texnoloji avadanlıqlar lazımdır. Lakin maliyyə yetməzliyinin qarşısını qismən də olsa almaq həmin məktəblərin istifadə etmədiyi yararlı avadanlıqları anbarlara yığmaq yox, birbaşa kənd məktəblərinə göndərilməsini təmin etmək olar. Digər aktual problem isə informatika texnologiyaları ilə təmin olunmuş məktəblərdə məktəblilərin kompüterlərdən istifadəsinə müəyyən məhdudiyyət qoyulmasıdır. Bu da istər-istəməz orta məktəblərdə texnoloji yeniliklərin tətbiqini ləngidir”.

 

Rəqəmsal fərq müəyyən ləngimələr yaradır

 

Mövzu ilə bağlı fikirlərini bölüşən Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun tədris-innovasiya mərkəzinin rəhbəri Rəsmiyə Mahmudova da etiraf edib ki, hazırda İKT-nin tətbiqi şəhərdə yerləşən təhsil müəssisələrində daha geniş yayılıb. Onun sözlərinə görə, buna əsas səbəb coğrafi ərazilər arasındakı rəqəmsal fərqdir: «Təbii ki, bölgələrlə iri şəhərlər arasında rəqəmsal fərq eyni deyil. Məsələn, hazırda paytaxtın bəzi məktəblərində tədris prosesində elektron lövhədən istifadə edilməsi bir növ dərsin əsas prinsiplərinə çevrilib. “Ağıllı” lövhənin bir üstün cəhətini də xüsusi qeyd etmək lazımdır ki, onun üzərində aparılan bütün əməliyyatları, dərsin gedişini, hazırlanmış şablonları, modelləri kompüterin daimi yaddaşında saxlamaq və dəfələrlə istifadə etmək olar. Belə imkanlar müxtəlif səbəbdən dərsləri buraxan şagirdlər və ya təlimdən geri qalan uşaqlar üçün xüsusi əhəmiyyətə malikdir. Belə ki, şagird iştirak edə bilmədiyi dərsin elektron variantı ilə sonradan tanış ola bilər və ya təlimdən geri qalanlar həmin materialı tam qavrayana kimi təkrar-təkrar kompüterdə izləyə bilərlər. Amma kənd məktəblərində bu yeniliklərdən hələlik istifadə olunmur. Bunun əsas səbəbi də bölgələrdə ikt biliklərin tam inkişaf etməməsidir. Çünki rəqəmsal fərqi yaradan başlıca faktorlardan biri məhz budur. Düzdür, rəqəmsal fərqin yaranmasına texniki təminatın hansı səviyyədə olması da təsir göstərir. Lakin təhlillər onu deməyə əsas verir ki, orta məktəblərdə texniki təminat deyil, pedaqoji kadrların ikt biliklərinin zəif olması rəqəmsal fərq yaradır».

Mərkəz rəhbəri onu da vurğulayıb ki, İnformasiya Texnologiyaları İnstitutu bu fərqin aradan qaldırılmasına dəstək vermək məqsədilə ötən ildən başlayaraq Astara, AğstafaGöyçay rayonlarında müəllimlər üçün kurslar təşkil edir: «Bu rayonlar pilot olaraq seçilibkurslar hazırda da davam etdirilir. Layihə çərçivəsində kursu uğurla başa vuran müəllimlərə sertifikat təqdim olunur».

Yeri gəlmişkən xatırladaq ki, Təhsil Nazirliyindən verilən məlumata görə, son 8 ildə İKT sahəsində icra olunmuş "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiyakommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)" və "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində respublikanın 4522 ümumtəhsil məktəbinin 83 faizi, 110 texniki peşə müəssisəsinin 84 faizi, 56 dövlət orta ixtisas təhsili müəssisəsinin və ali məktəblərin hamısı kompüter avadanlığı ilə təmin olunub. Hazırda respublikanın ümumtəhsil müəssisələrində V-XI siniflər üzrə 16 şagirdə, dövlət ali məktəblərində isə hər 28 tələbəyə 1 kompüter düşür.

Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi məqsədilə "1 şagird : 1 kompüter" layihəsinin sınaqdan keçirilməsi üçün bir sıra pilot məktəblər seçilib. Layihəyə 15 pilot məktəb (Bakıda 12 məktəb, Sumqayıtda 2 məktəb və Xaçmazda 1 məktəb) cəlb edilib. Bu məktəblərə ümumilikdə 2000-dən çox netbuk paylanılıb və məktəblərdə simsiz internetlə təmin edilib.

Elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi məqsədilə "Elektron Məktəb" layihəsi 2008-ci ildən etibarən həyata keçirilir. Hazırda 50 təhsil müəssisəsi layihəyə cəlb edilib ki, onların da 43-ü orta ümumtəhsil məktəbləridir. "Elektron Məktəb" layihəsinə qoşulan məktəblərdə elektron jurnallardanvalideyn nəzarət sistemindən istifadə olunur. Bu vasitələrlə məktəblərin daxili idarəetməsi həyata keçirilir, şagirdlərin qiymətləndirilməsi üçün elektron jurnallardan istifadə olunur, valideynlər öz uşaqlarının davamiyyətini onlayn rejimdə və ya SMS vasitəsilə izləyə bilir.

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

 Həftə içi.- 2014.- 15 yanvar.- S.6.