Elektron imzamız imzalar
içində
Azərbaycanda elektron qaydada imzalanmış sənədlər dünya standartlarına uyğun sənədləşmə sayılır
Azərbaycanda təxminən 3 ilə yaxındır ki, «Elektron hökumət» layihəsinin tərkib hissəsi kimi elektron imza tətbiq olunur. Artıq vətəndaşlar internet üzərindən elektron ərizə formasındakı suallara cavab verməklə və online qaydada ödəniş etməklə, elektron imza kartı sifariş etmək imkanına malikdirlər.
Xatırladaq ki, statistik məlumatlara əsasən, Azərbaycanda elektron imza alanların sayı sürətlə artır. Bu rəqəm təxminən 15 000-i keçib. Demək olar ki, elektron imzanın tətbiqi dövlət qurumlarında genişlənir.
Bəs görəsən,
elektron imza nədir və
onun hansı üstünlükləri var? Azərbaycanda təqdim olunan
elektron imza dünyada tanınırmı?
Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz «Həftə içinə deyib ki, elektron
imza əslində kompüterdə
yaradılmış hər hansı bir sənədin
üzərinə şəxsiyyəti təsdiq etmək üçün yerləşdirilən elektron şəhadətnamədir. O, elektron imzanı şəxsiyyət vəsiqəsini
əvəzləyən və şəxsiyyətin kimliyini təsdiq edən bir
sənəd kimi xarakterizə edir: Cəmiyyətin bütün
sahələri tədricən elektron xidmətlərlə
əvəz olunur. Elektron
imza, elektron sənəd
haqqında qanunda açıq bildirilib ki, istənilən
vətəndaş dövlət hakimiyyəti orqanına ancaq gücləndirilmiş elektron
imza ilə imzalanmış sənədlə
müraciət etməlidir. Buna görə
də elektron imza təkcə
vətəndaşlar üçün deyil, həm də dövlət işçiləri
üçün çox
aktual məsələdir. Bu
həm də informasiya təhlükəsizliyini
təmin edən bir vasitədir.
Ümumilikdə virtual şəbəkədə yaradılan və
ya yerləşdirilən hər hansı bir sənəd məhz elektron
imza vasitəsi ilə imzalanır. Elektron imza sahibi
bu imzanı yazdığı sənədin
üstünə yerləşdirmək üçün
smart kartı və pin-kodu
aldıqdan sonra kompüterinə www.e-imza.az saytından ayrıca nəzərdə
tutulmuş Elektron
imzalayıcısı proqram təminatı
yükləyir. Bu proqram təminatı istənilən
word, exel, pdf, outlook və digər
Microsoft Office
proqramları tərəfindən oxunur. İmza sahibi hər
hansı bir sənədi başa
çatmış saydıqdan sonra USB
çıxışlı kart oxuyucusu ilə smart-kartı kompüterlə əlaqələndirir
və sənədin imzalanması zamanı pin-koddan
istifadə edilir. Bununla,
elektron sənəd imzalanmış
saylır. İmzaladıqdan sonra elektron sənəddə heç
bir dəyişiklik etmək mümkün deyil. Elektron sənəd almış tərəf isə
www.e-imza.az saytının vasitəsi ilə
imzanın gerçək olub-olmadığını yoxlaya bilər.
İmza adi və gücləndirilmiş ola bilər
Xatırladaq ki, elektron imza
adi və ya gücləndirilmiş
ola bilər. Qanunvericiliyə görə, məhkəmələrə
və digər dövlət qurumlarına təqdim edilən sənədlərə
gücləndirilmiş elektron imzalar vurulmalıdır. Gücləndirilmiş
elektron imzanın üzərində həm
də vaxt möhürü
olur, yəni məhkəmə və başqa dövlət qurumu
bunun nə vaxt
imzalandığını da görür. Vaxt möhürü xüsusi
"GPS" avadanlığı ilə beynəlxalq vaxtla (Qrinviç vaxtı
ilə) vurulur. Osman Gündüz bildirir ki, bu yenilik
ilk növbədə sahibkarlara
vaxt udmağa imkan verir: "Sahibkar dövlətdən aldığı çoxlu xidmətlər, alqı-satqı,
ödənişlərlə bağlı aidiyyatı qurumlara birbaşa
müraciət etdikdə vaxt itirir. Amma sahibkar
öz ofisindən birbaşa
internet vasitəsilə məmurun ofisinə
daxil olub zəruri sənədləri
imzalamaqla həmin vaxt
itkisinin qarşısını
almış olur".
Onun qənaətinə görə,
sözügedən sistemin ikinci
əsas əhəmiyyəti şəffaflıqdır ki, bu da
nəticədə korrupsiyanın azalması ilə nəticələnir:
"Sahibkarla məmur arsında olan birbaşa əlaqə
sıfıra enir. O cümlədən,
internetdə lazım olan məlumatlar olduğu üçün
sahibkar nəyi, necə təqdim edəcəyini
bilir. Digər tərəfdən sahibkar xarici tərəfdaşlarla
müqavilə bağlamaq üçün
həmin ölkəyə səfər etməli olur. İndi isə onlar bunu ölkədən
çıxmadan internet vasitəsilə edə
bilir. Bu, həm vaxt itkisinin, həm də əlavə
xərclərin qarşısını alır".
Mövcud çatışmazlıqlara da toxunan ekspert
bildirib ki, elektron imzanın infrastruktur
olaraq tam gerçəkləşməməyi
müəyyən maneələr yaradır. Osman Gündüzün
fikrincə, bunu aradan
qaldırmaq üçün insanlar arasında maariflənmə işləri
aparılmalı, KİV-lərdə və digər mənbələr
vasitəsilə onun üstünlükləri
açıqlanmalıdır: Çünki
vətəndaşların əksəriyyətinin elektron imza ilə
bağlı təsəvvürləri yetərli deyil. Bundan başqa,
elektron xidmətlərin tətbiqi regionlarda da
artmalıdır. Müşahidələr göstərir ki, hazırda elektron xidmətlər
yalnız mərkəzi icra qurumları tərəfindən
təqdim edilir. Regionlarda
isə işlər əvvəlki qayda ilə
aparılır. Bu məsələlər
dəyişməli və regionlardakı xidmətlər də
elektron müstəviyə keçməlidir.
Bundan sonra e-imzaya maraq daha da
artacaq".
Kart itərsə...
Qeyd
edək ki, vətəndaş ona verilmiş sertifikat kartını itirərsə,
dərhal Milli Sertifikat Xidmətləri mərkəzinə müraciət
etməlidir. Belə
ki, hər bir kartın üzərində Milli Sertifikat Xidmətlərinin
əlaqə nömrəsi
və sorğu xidmətinin nömrəsi
var. Yəni, istənilən
imza sahibi öz kartını itiribsə, yaxud onun kodunun kimə
aid olmasında müəyyən
şübhələri varsa,
sorğu mərkəzinə
zəng eləyib məlumat verməlidir. Xidmət Mərkəzindən Həftə
içinə verilən
məlumata görə,
ərizə doldurulanda
orada gizli sual-cavab bölməsi olur. Operator vətəndaşın
ad-soyadını daxil
edərkən sistem avtomatik olaraq gizli sual-cavabı tələb edir. Kartın əsl sahibi qeydiyyata alındıqdan sonra, həmin kart bloka salınır. Yəni Elektron sertifikat kartını itirmiş hər bir şəxs
bu qayda ilə mərkəzə zəng edərək öz kartını bloka sala bilər.
Bu məsələdə əsas məsuliyyət vətəndaşın üzərinə
düşür. Bundan sonra
həmin şəxsin
sənədlərini yenidən
yoxlanılır, tutuşdurduqdan
sonra onun elektron imza üçün
sertifikat kartı təsdiqlənərək bərpa
olunur.
Rabitə
və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə isə deyib ki, Azərbaycanın
elektron rəqəmli imzası ilə təsdiqlənmiş sənəd
dünyanın bütün
ölkələri tərəfindən
tanınır. Onun
sözlərinə görə,
Azərbaycanda tətbiq
edilən elektron imza dünya standartlarına tam cavab verir: "Onun ayrı-ayrı ölkələr
tərəfindən tanınması
məsələsinə müəyyən
aspektlər üzrə
baxıla bilər ki, bu da
Azərbaycanın bu sahədəki qanunvericiliyində
şərtləndirilib. Bu gün bir çox
Avropa ölkələri
öz aralarında elektron imzaları tanıyırlar".
Elmir
Vəlizadə onu da deyib ki,
Azərbaycanın elektron
imzası dünya standartlarına tamamilə
uyğundur və bu gün bütün
ölkələr tərəfindən
tanınır. O, həmçinin
vurğulayıb ki, hazırda bir çox sənədləşmə
işləri artıq
elektron imza ilə aparılır. Bu imzanın əldə
etmək istəyənlər
isə kateqoriyalardan asılı olaraq ödəniş edirlər.
Belə ki, elektron imza
kartı adi vətəndaşa 30 manata
başa gəlir.
Kart 3 illiyə verilir. Bu müddətdə
bərabər hüquqlarla
məlumatları imzalaya
bilərlər: «Əslində
adi vətəndaşlar
üçün verilən
kartın qiyməti digər tariflərə nisbətdə həddindən
artıq ucuzdur. Belə bir aşağı qiymət ona görə götürülüb
ki, vətəndaşlar
bundan istifadə edə bilsin. Nəzərə almaq lazımdır ki, dövlət
hakimiyyəti orqanları üçün onun qiyməti 135
manat, hüquqi və fiziki şəxslər üçün
isə 168 manatadır.
Yeri gəlmişkən, e-imzanın əldə
olunması barədə ətraflı məlumatları
e-imza.az saytından da əldə etmək
mümkündür.
Nazir müavini vurğulayıb ki, istənilən
vətəndaş istənilən ölkəyə elektron imza
ilə təsdiqlənmiş sənəd göndərə bilər
və bu sənəd orada tanınacaq.
Sevinc
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə
dəstəyi əsasında hazırlanıb.
Həftə içi.- 2014.- 17 yanvar.- S.6.