«Kim
deyir ki, sənətkarlıqda
pul yoxdur….»
Elnurə İsgəndərova: «Sənətkarlıqda
olan pula
heç
bir sənətdə rast gəlmək mümkün deyil»
Hər
xalqın dünəni, bugünü həm də onun sənətkarlarının
yaratdığı sənət əsərlərində
yaşayır. Tikmə və şəbəkə sənəti
də hər xalqın tanıtım sənətidir. Hər
elin bir naxışı, bir toxuma üsulu var. Kökü ta qədimlərə
söykənən tikmə və şəbəkə sənətinin
ilkin nümunələri Azərbaycanın qiymətli mədəniyyət
incilərindən sayılır. Düzdür, öz
varlığını qoruyaraq bu günümüzə qədər
gəlib çıxan tikmə və şəbəkə sənətinin
davamçıları indi elə də çox deyil. Amma
sevindirici haldır ki, Elnurə və Aygün İsgəndərova
bacıları gənc olmalarına baxmayaraq bu sənətdə
yaratmaqdan xüsusi zövq alırlar.
Beləliklə, “Həftə içi”nin “Bacarıqlı
əllər” rubrikasının budəfəki qonağı
Elnurə və Aygün İsgəndərova
bacılarıdır:
– Müasir dövrdə gənclər adətən qədim sənət növlərinə nadir hallarda maraq göstərirlər. Sizdə tikmə və şəbəkə sənətinə maraq necə yaranıb?
Elnurə: – Biz Ağdamın Qiyaslı kəndində doğulmuşuq. Məlum məsələdir ki, Qarabağ zonasında qədim
sənət nümunələrinə həmişə böyük maraq olub. Hətta mənim nənəm vaxtilə
danışardı ki, ikinci
Dünya Müharibəsi dövründə
bizim kəndin xanımları sovet əsgərləri üçün
maşın-maşın isti geyimlər toxuyub göndəriblər. Yəni,
biz bu sənəti
anamızın, nənəmizin sayəsində sevmişik.
İş elə gətirdi ki, taleyimizə məcburi köçkünlük
də yazıldı. 90-cı illər xatirimizdə çox ağır günlər olaraq qalıb. Çünki
biz evimizi heç nə almadan tərk
etmişdik. Məhz bu
sənət bizə ayaq üstündə
durmağa imkan
yaratdı. Kim deyir ki, sənətkarlıqda pul
yoxdur, bu doğru deyil. Bəlkə
də sənətkarlıqda olan pul heç bir sənətdə yoxdur.
Sadəcə, bu işin
sənət tərəfini öyrənməklə
yanaşı, biznes tərəfini də
bilmək lazımdır.
Aygün: - Biz demək olar ki, bu sənətlə nəfəs alırıq. Çalışırıq ki, tez-tez yeni ideyalarla çıxış edək. Məsələn, Bakıda keçirilən «Eurovision» musiqi yarışmasında bizim hazırladığımız miniatür əsərlərə böyük maraq olmuşdu. İndi bacım da, mən də Azərbaycan Rəssamlar İttifaqının üzvüyük. Həmişə gənlərlə keçirilən görüşlərdə də yeni ideyalarla çıxış etməyə çalışırıq.
- Sizə, bu sənətdə dəstək olan insanlar varmı?
Elnurə: - Bizim bəxtimiz onda gətirdi ki, Bakıya gələndə çox yaxşı insanlarla tanış olduq. Məsələn, Rəssamlar İttifaqının katibi Ağəli İbrahimovdan, Zirvə Ziyalılar Təşkilatının rəhbəri Minayə Dəyanətdən, Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən elmi-metodiki tədris mərkəzinin rəhbəri Rafiq Quliyevdən, şəbəkə sənətinin mahir ustası Mələk Hacıyevadanə böyük dəstək görmüşük. Biz bu dəstəyi indi də hiss edirik və əsərlərimiz müxtəlif sərgilərdə geniş şəkildə nümayiş etdirilir.
– Bəs, yaradıcılığınızda hansı mövzular üstünlük təşkil edir?
Aygün: – Daha çox miniatürləri işləməyi
xoşlayıram. Tikmə sənətini gələcəkdə
də bu istiqamətdə inkişaf
etdirməyi düşünürəm. Çanta,
geyim, süfrə üzərində
işlərimiz var. Əsasən, Azərbaycanın
qədim naxışlarından istifadə edirik.
Mən, daha çox,
ipək sapla işləməyi sevirəm.
Biz həm də
çalışırıq ki, bu sənətin sirlərini başqa
insanlara da öyrədək.
Məsələn, həm Elnurənin, həm də mənim
yüzlərlə tələbəm var. Onlarla bərabər müxtəlif sərgilərə
qatılırıq.
– Əl işlərinizin fərdi şəkildə nümayiş etdirməyi düşünürsünüzmü?
Elnurə: - Təbii ki, bu bizim
gələcək planlarımıza daxildir.
Ona görə də bu
yorulmaqdan bilmədən işləyirik.
Çalışırıq ki,
tamaşaçılara yeni ideyalarla zəngin olan əsərlər
çatdıraq. Gələcəkdə həm də xarici ölkələrdə sərgilərimizi
təşkil etmək barədə düşünürük.
Bundan başqa
yaxın vaxtlarda biz Mədəniyyət
və Turizm Nazirliyinin
nəzdində fəaliyyət göstərən elmi-metodiki mərkəzdə məktəb də
açacağıq. Bu layihəni təxminən
3 il bundan əvvəl
hazırlamışdıq. Sevinirik ki, Mədəniyyət və Turizm
Nazirliyi layihəmizə qiymət verdi və nazirliyin dəstəyi
sayəsində biz bu işin məktəbini quracağıq. Bir məsələni də deyim
ki, bizim məktəbdə
sırf peşəkarlar çalışacaq və tələbələrə
ən yüksək səviyyədə sənət sirləri
öyrədiləcək.
- Hansı yaşda tikmə və şəbəkə sənətini öyrətmək daha asandır?
Aygün: - Sənət öyrənmək üçün yaşın heç
bir fərqi yoxdur. Çünki bizim tələbələr
arasında həm azyaşlılar , həm də böyüklər
var. Hətta elə insanlar
var ki, öz
övladlarını sənət öyrənməyə gətirirlər
və özləri də bu sənətin
sehrinə düşürlər. Məsələn, tələbələrimiz
arasında tanınmış prokurorlar,
tanınmış həkimlər var. Onlar orta yaş
təbəqəsinə aid olsalar da, bu
sənəti üç ay
ərzində öyrəndilər. İndi
bizimlə sərgilərdə fəal şəkildə istifadə
edirlər. Yəni, hər şey müəllimdən
asılıdır. Əgər müəllimin həvəsi olsa, tələbəsinə 1 ay
ərzində bu sənətin sirlərini
öyrədər.
- Sifarişlərinizlə bağlı nə deyə bilərsiniz? Bazarda tələbat daha çox nəyədir?
Elnurə: - Demək olar ki, sifarişlərimiz
çox olur. Daha çox tələbat
miniatür əsərlərə, müxtəlif
formalı şallara, süfrələridir.
Amma son dövrlər
cehizlə bağlı sifarişlərimiz xeyli
artıb. Qızlarımız cehizlərində əl işlərinə
üstünlük verməyə
başlayıblar. Yəni, işlərimiz pis
getmir. Düzdür, bu sənət bir qədər
əziyyətlidir. Hətta əksər əsərlərimizi
hazırlamağa 3-6 ay vaxt
sərf edirik. Məsələn, Aygünün «Qızıl güllər»
adlı əsəri var. Bu
əsərə təxminən 6 ay vaxt sərf edib və həmin
əsərdə 1 milyon ilmə vurulub.
- Sifarişçilər əsasən, hansı təbəqənin insanlarıdır?
Elnurə: - Burada hansısa fərq hiss
etməmişik. Çünki
sifarişçilərimiz arasında həm ziyalılar, həm
də sadə insanlar var.
Amma ümumi
götürdükdə görürük
ki, bizə müraciət edənlər daha çox
individuallığı sevənlərdir. Yəni, hansı insan ki, fərqli
olmağı xoşlayır, o, əl
işlərinə üstünlük verir. Çünki indi bazarda hər şey var, insanları
yalnız fərqli sənət əsərləri ilə təəccübləndirmə
mümkündür. Bir
də biz gənclərimizə tövsiyyə
edirik ki, qədim sənət
nümunələrimizi öyrənməyə maraq
göstərsinlər. Çünki xalq sənəti bizim
dünənimiz və bugünümüzdür.
Buna yaşatmaq isə
biz gənclərin üzərinə
düşən bir işdir.
Sevinc Osmanova
Həftə
içi.- 2014.- 25-27 yanvar.- S.8.