Daşaltının
daş altda yatan sirləri…
…“ - Danışan Tacəddindi!
- Kim?
- Ta-cəd-din!
-
Eşidirəm sizi, cənab general.
- Əbləh,
məni rütbəmlə çağırma!(müharibə
dövrünün qaydalarına görə - S.L.)
-
Günahkaram, cənab general…
- Buna bax…
Yaxşı, mənim uşaqlarımdan 120 nəfər
hazırlayın və sabah yanıma
göndərin! Aydındır?!
- Oldu, cənab
gen… Aydındır!..”
Rus dilində aparılmış bu qısa telefon
danışığını erməni mənbələri
1992-ci il yanvarın 20-si saat 19:30-da Xankəndidə
cəmlənmiş erməni qüvvələri
komandanlığının texniki kəşfiyyat şöbəsi
tərəfindən tutularaq yazıldığını iddia
edirlər… Guya müdafiə naziri Tacəddin Mehdiyevlə MN-in
operativ növbətçisi arasında olmuş bu danışıq
barədə dərhal “Qarabağ özünümüdafiə
qüvvələrinin” komandanı, 5 ay sonra Şuşa və
Laçının işğalına rəhbərlik etmiş
general Arkadi Ter-Tatevosyana məlumat verilir. Məhz yanvarın
20-də ermənilərin Şuşa ətrafındakı
postlarından saat 15:10-da Şuşaya vertolyot endiyini və
bundan əvvəl hərbçilər arasında həyəcan
yaşanması barədə də informasiya verilibmiş. Erməni
general bütün əldə olan məlumatları təhlil
edərək belə nəticəyə gəlir ki, Azərbaycanın
müdafiə naziri Şuşaya gəlib və çox
güman ki, tezliklə məhz Daşaltı kəndinə
hücuma keçəcək…
…Yanvarın 26-da silahlı qüvvələrimizin
böyük itki ilə nəticələnmiş daha bir
uğursuz əməliyyatının ildönümünü
qeyd edirik. Şuşa yaxınlığındakı
Daşaltı kəndində onlarla Azərbaycan
övladının şəhid olmasından 22 il
ötür…
Bəziləri ordumuzun o vaxtkı döyüş əməliyyatlarına
çox dar çərçivədə elə
yanaşırlar ki, sanki bugünkü bütün cəhətlərdən
təchiz olunmuş, təlim keçmiş ordudan söhbət
gedir… Həmin döyüşlərə
gerçəkliyə yaxın qiymət vermək
üçün ilk növbədə o dövrkü
ictimai-siyasi şəraiti anlamaq gərəkdir. Ümumiyyətlə, I Qarabağ
savaşındakı uğursuzluqları, o cümlədən,
Daşaltı əməliyyatını təhlil edərkən
çoxumuz əsas üç amili unuduruq. Birincisi, respublika yenicə müstəqillik
qazanmışdı, ikincisi, ölkədə müxtəlif
qüvvələrin hakimiyyət uğrunda mübarizəsi
gedirdi, üçüncüsü və bəlkə də ən
əsası isə keçmiş sovet ordusu tədricən
öz nəzarətimizdə olan ərazilərdən
çıxarılsa da, Qarabağda və Ermənistanda
qalırdı. Və üstəlik,
Müdafiə Nazirliyi və silahlı birləşmələrin
rəhbərliyinə “QRU”nun (keçmiş sovet və
sonrakı Rusiya Ordusunda Baş Kəşfiyyat İdarəsi) və
arxivləri açılmamış DTK-nın agentura şəbəkəsi
yerləşdirilmişdi. Ölkədəki xaosdan istifadə
edən həmin peşəkar şəbəkə çox
asanlıqla əməliyyat planlarını və s. hərbi və
dövlət sirlərini ermənilərə ötürür,
eləcə də ən həlledici məqamlarda ordumuzun
mühasirəyə salınmasına, məğlub olmasına
şərait yaradırdı…
“Daşaltı” əməliyyatı
keçirilən ərəfədə isə Azərbaycan cəmi
üç ay idi ki, kağızda, yəni hüquqi müstəqillik
qazanmışdı, SSRİ-nin süqutundan heç bir ay
ötməmişdi və sovet ordu hissələri hələ
Azərbaycan ərazisindən, o cümlədən, Xankəndidən
çıxarılmamışdı. Respublika rəhbərliyinin
Tofiq İsmayılov, Məhəmməd Əsədov, İsmət
Qayıbov, Osman Mirzəyev və s. kimi ən vətənpərvər
kadrları isə 1991-ci il noyabrın 20-də
Qarakənd səmasında helikopterdə məhv edilmişdi…
AXC-nin yalnız karyera güdən bəzi liderləri və
onlardan yararlanmaq istəyən digər qüvvələr də
var-gücləri ilə hakimiyyətə can atır,
iqtidardakı keçmiş kommunist rəhbərlik isə
özünü Rusiyanın, İranın, həm də Qərbin
təzyiqlərindən, eləcə də hakimiyyətə
can atanlardan qorumağa çalışırdı…
Belə bir şəraitdə ordumuzun
Daşaltıda uğursuzluğa uğraması bəlkə də
labüd idi. Amma burada, sözsüz ki, müdafiə naziri
Tacəddin Mehdiyevin və digər komandirlərin təcrübəsizliyi
də öz rolunu oynayıb…
Əməliyyat şəraitini bir az
aydın təsəvvür etmək üçün
Qarabağın qədim Daşaltı kəndinə qısa
tarixi ekskurs edək.
Şuşanın mərkəzindən təxminən
3 km cənubda, Cıdır Düzündən
aşağıda yerləşən eyniadlı çayın
sahilində yerləşən Daşaltı özü
başdan-ayağa bir sirdir. Kənd
Şuşanın təbii qalasının – nəhəng
qayalığın altında yerləşdiyindən belə
adlanırdı. Cıdır Düzündən
Daşaltı çayının sahilinə “Qırx pilləkən”
enirdi. Orada böyük Daşaltı
mağarasının bir hissəsi olan 10 otaqlı “Xəzinə-qala”
var idi. O dərələrdə Azərbaycan tarixinin
çox sirləri yatırdı. İndi ermənilər
saxta “arxeoloji qazıntılar” keçirib bu sirləri
ört-basdır edir. Ermənilər artıq 22 ildir ki,
milli xəyanətkarlarımızın köməyi ilə
müdhiş Daşaltı əməliyyatının sirlərini
də basdırmağa nail olublar…
…Daşaltı əməliyyatı 1992-ci il
yanvarın 25-də axşam saat 20:00 radələrində
başlanıb və yanvarın 26-ı axşam saatlarında
uğursuzluqla başa çatıb. Erməni
yaraqlıların güclü bazaya çevirdiyi
Daşaltını azad etmək üçün
keçirilmiş əməliyyata sabiq müdafiə naziri,
general-mayor T.Mehdiyev şəxsən özü rəhbərlik
edib. Əməliyyatda MN-in yenicə
yaranmış təxm. 120 nəfərlik I taboru və Şuşa Müdafiə taborunun
döyüşçüləri, eləcə də MN Kəşfiyyat
Xidmətinin rəis müavini Riad Əhmədovun zabitlərdən
ibarət 11 nəfərlik diversiya dəstəsi iştirak
edib. Sonradan Laçın alayı və polisindən
də kömək gəlib. Taktiki səhvlər,
qruplar arasında rabitə əlaqəsinin olmaması və
deyilənə görə, bələdçilərin xəyanəti
nəticəsində öndə gedən hissələrimiz Nəbilər
kəndi yaxınlığında pusquya salınaraq məhv
edilib. Kəndə daxil olmuş bir
neçə taqım isə düşmənin güclü
müqaviməti nəticəsində xeyli itki verərək
geri çəkilməyə məcbur olub. Rəsmi məlumatlara görə, silahlı qüvvələrimiz
90 nəfərdən yuxarı itki verib. Onlarla
əsgərimiz hələ də itkin sayılır. Ermənilər isə 80-ə yaxın canlı
qüvvə və bir neçə texnika itirib. Döyüşdə Riad Əhmədovun dəstəsi
bələdçinin xəyanəti nəticəsində
pusquya düşüb, lakin onlar barədə dəqiq mlumat
yoxdur. Deyilənə görə, çoxları son
güllələrinədək savaşaraq həlak olublar…
Əməliyyat barədə bir sıra
sullarımıza cavab tapmaq üçün general T.Mehdiyevlə
təəssüf ki, əlaqə yarada bilmədik. Amma Daşaltıya hücum edən
tağımlarımızdan birinin komandiri olmuş “Koroğlu”
ləqəbli Füzuli Rzaquliyevlə söhbətimizdə əməliyyatın
bir çox məqamları barədə diqqətəlayiq məlumatlar
ala bildik. Xatırladırıq ki,
Füzuli bəy hazırda Qarabağ Müharibəsi Qaziləri
Birliyinin sədridir.
-
Füzuli bəy, siz Daşaltı əməliyyatının
hazırlanmasında iştirak etmişdinizmi?
- Yox, biz əməliyyatın hazırlanmasında
iştirak etməmişdik. Bakıdan əmrlə
birbaşa Laçına yollandıq. Gecə
mehmanxanada qaldıq və yanvarın 26-sı səhər saat
4-5-də həyəcan siqnalı ilə qalxıb birbaşa
Daşaltı istiqamətinə yola çıxdıq.
- Əməliyyat zamanı hansı hadisələrin
şahidi oldunuz?
- Əməliyyatda bir sistemsizlik var idi. Ordu yeni yaradıldığından təchizat
çox zəif idi. Şuşa
yaxınlığında “Zastava” deyilən yerdə bizə tələm-tələsik
silah paylanıldı. Halbuki, onlar
yoxlanılmalıydı. Biz baxanda məlum
oldu ki, silahların çoxu yararsızdır. Hətta avtomatlardan birinin qaz borusundan əski
çıxdı. Sonra biz birbaşa
Daşaltıya düşmən qüvvələri üzərinə
hücuma keçdik...“Qaraj” deyilən yerdə mövqelərimizi
möhkəmləndirməyə başladıq. Və qeyri-bərabər döyüşlər getdi.
Rabitə olmaması səbəbindən bizim döyüş
hissələri, kim haradan gəldi, sistemsiz
şəkildə atəş açırdı. Biz kənddə ola-ola digər döyüş
bölmələrimiz Cıdır Düzü tərəfdən,
Nəbilər tərəfdən atəş
açırdı. Sonra Nəbilərdəki qüvvələrimiz
mühasirəyə düşdü... Bu zaman
duman gəldi. Demişdilər ki, əgər
geri çəkilmək lazım olsa, fişəng atılacaq.
Ancaq fişəng də atılmadı. Və biz geri çəkilməyə məcbur olduq.
Bizim tağımdan Qəhrəmanov Qəhrəman şəhid
oldu... Əli yaralandı. Biz
Qəhrəmanın meyitini çıxara bildik. Allah
bütün şəhidlərimizə rəhmət eləsin...
- Bildiyimə
görə, Azərbaycan qadınlarından da Daşaltıda
şücaət göstərənlər olub...
- Bəli. Nurcahan adlı xanım
döyüşçünün şücaətindən
danışmaq istəyirəm. Biz
döyüşə-döyüşə geri çəkilərkən
bir də baxdım ki, başqa bir istiqamətdən
Daşaltı kəndindən bir qadın əsgər meyitini
var gücü ilə darta-darta atışma altında
çıxarır. Mən əsgərlərdən
bir neçəsini ona köməyə göndərdim.
Məlum oldu ki, Nurcahan adlı bu xanım həlak olmuş Şuşa polisi Nazimin meyitini
çıxarır...
- Əməliyyat zamanı hansı çətinliklər
döyüşü düzgün aparmağa mane olurdu?
- Təsəvvür edirsiz, bizə verilmiş
yandırıcı maddə dolu şüşələri
atırdıq, yanmırdı, effekt vermirdi. Hücumda
işlənən RQD-5 qumbaraları əvəzinə, F-1
qumbaraları vermişdilər ki, onların da qəlpələri
250 metr radiusda səpələnir. Yəni
onları yalnız müdafiə zamanı səngərdə
gizlənib atmaq mümkündür. Bir
sıra belə anormal hallarla üzləşdik.
Amma bütün bu texniki çatışmazlıqlara və
s. rəğmən və məğlub olmağımıza
baxmayaraq, mən şəxsən orada Azərbaycan əsgərinin
rəşadətinin, döyüş əzminin şahidi
oldum. Ola bilər kimlərsə, cavan idi,
döyüş təcrübəsi yox idi. Amma son imkanadək döyüşürdük.
Təsəvvür edin ki, elə bir
döyüşdə bizdən əsir düşən
olmadı. Cəfərov Zaur əsir
düşməmək üçün sonuncu gülləni
özünə vurmuşdu. Xəlilov Rövşən
mühasirəyə düşəndə F-1 qumbarasını
partladıb erməniləri də özü ilə bərabər
məhv etmişdi...
- Əməliyyatda
bir neçə bələdçinin xəyanət edərək
döyüşçülərimizi qəsdən ermənilərin
tələsinə salmaqları barədə də məlumatlar
var...
- Bizim yanımızda bələdçilər
var idi, hətta biri yaralandı. Yəni kimlərsə
bələdçilərdən bəzisinin satqın
olduğunu deyirlər. Amma bizim
tağımla gedən bələdçilər də belə
şey görmədim. Hətta onlardan
birinin sonrakı uğurlu döyüşlərimizdən
birində cəsarətlə vuruşduğunun şahidi oldum.
Bələdçi ərazini tanıyan yerli əhalidən,
yəni şuşalılardan olmalıydı, onların da xəyanət
edəcəyinə inanmıram. Sadəcə,
bilirsiz, deyir, yıxılan saman çöpündən
yapışır. Ola bilsin, kimlərsə öz
bacarıqsızlıqlarını ört-basdır etmək
üçün belə bir şayiə yayıb...
- Amma deyəsən,
düşmən tərəf də xeyli itki verib?
- Düşmənə zərbələr
də vuruldu. Daşaltıda yaraqlıların
toplandığı neçə evi yandırıb
dağıtdıq. Ermənilərin
“KAMaz”la dolu şəxsi heyəti topla vurulub məhv edildi.
Biz tərəfdən rəsmi məlumatlara
görə, 92 döyüşçü şəhid oldu,
onlardan 77-si bizim tabordan idi. Amma təəssüf
ki, sonda döyüş uduzuldu. Elə Qarabağda silsilə
məğlubiyyətlərimiz də o vaxtdan başladı...
-
Daşaltıdakı məğlubiyyətimizdə general
T.Mehdiyevin bir nazir kimi günahı nədən ibarət idi?
- Heç bir komandir istəməz ki,
apardığı əməliyyat uduzulsun. Bu baxımdan
T.Mehdiyevin yalnız səriştəsizlik, təcrübəsizlik
baxımından günahı ola bilərdi.
Yəni adi bir hərbi komissarlıq
işçisi idi, gözlənilmədən nazir qoyuldu.
Və yəqin ki, yeni nazir kimi özünü
nümayiş etdirmək istəyi də var idi. Ola bilsin,
dərində bilmədiyimiz nələrsə var... Bir də onu deyim ki, Daşaltı əməliyyatı
artıq üçüncü dəfə
hazırlanırdı. İki dəfə
keçirilməyə cəhd edilmişdi,
alınmamışdı. Yəni ermənilərə
bəlli olan bir əməliyyat idi. Həm
də əməliyyatın təşkilində səhvlər
çox idi. Məsələn, zənnimcə, əvvəlcə
artilleriya atəşi ilə Daşaltıdakı əsas atəş
nöqtələri məhv edilməli, sonra piyadalar hücuma
keçməli idi...
- Daha
hansı amillər Daşaltıda məğlub
olmağımıza səbəb oldu?
- O vaxt yeni nazir təyin olunmuş T.Mehdiyev
özünü nümayiş etdirməyə
çalışırdı, Rəhim Qazıyev isə
özü nazir olmağa cəhd edirdi. Ayaz
Mütəllibov hakimiyyəti isə siyasi baxımdan biz
döyüşçülərə etibar etmirdi. Amma
bizim tabor sırf Vətəni müdafiə məqsədilə
toplanmış, bütün siyasi ambisiyalardan uzaq
könüllülərdən ibarət idi...
***
Onu da xatırladaq ki, 22 ildir işğal
altında qalan Daşaltı kəndini hazırda ermənilər
Karintak adlandırırlar. 600-dən çox erməninin
yaşadığı kənddə 22 il əvvəl
kəndin müdafiəsi zamanı ölənlərə abidə
qoyulub...
Sonda sabiq MN rəhbəri general T.Mehdiyevin Daşaltı
məğlubiyyətindən sonra Bakıdakı bir tələbə
yoldaşı ilə telefon danışığından bir
parçanı da nəzərinizə
çatdırırıq:
“...Mən şokdayam. Bizi satıblar.
Biz sanki “ətçəkən maşına”
düşdük. Onlar bizi gözləyirmişlər.
Onlar əvvəlcədən bizim hücum edəcəyimizi
bilirmişlər. Bizim aramızda satqın var...”.
Sultan
Laçın
Həftə
içi.- 2014.- 25-27 yanvar.- S.4.