Qan yaddaşımıza çevrilən Daşaltı harayı 

 

Azərbaycanın Milli Qəhrəmanı, polkovnik- leytenant Riad Əhmədovun döyüş yolu

 

Müharibə! Müharibə, bəşər övladının lənət yağdırdığı, insanın insan tərəfindən məhvinə hakim kəsilən vəhşətli savaş meydanıdır. Sivilizasiyamızın məcrası xalqları bir-birinə yaxınlaşdırsa da, qaraguruhçu təcavüzkar qüvvələr müharibə ideyasından əl çəkmək istəmirdilər. Bu səbəbdən də minilliklərin yaddaşında qədim tarixi köklərə malik Azərbaycan zaman-zaman böyük dövlətlərin döyüş meydanına çevrildi. Məqsəd Qərblə Şərqin məkanı sayılan bu qədim diyara yiyələnmək idi.

Ötən əsrlərdə çarizmin Qafqaz uğrundakı qanlı müharibələrinin səbəbi də Azərbaycanın ərazisini bir neçə yerə bölmək idi. Xüsusən Cənubi Qafqazı ələ keçirmək və yerlərdə etibarlı tərəfdaşları olan ermənilərdən ibarət etnik qüvvələrini gücləndirmək ideyası ilə erməni “kart”ına üstünlük verilirdi. İran və Osmanlı imperiyası ərazisində məskunlaşmış erməni köçkünlərinin cənubi Qafqazda yerləşdirilməsi yeni bir təcavüzkar müharibə ocağının başlanmasına zəmin yaratdı. II əsrdən çox davam edən bu müharibə yerli əhalinin əzəli yurdundan qaçqın və köçkün halına salınması imperiyanın əsas siyasəti idi. Bu acı həqiqətlərin nəticəsidir ki, bəşəriyyətin bəlasına çevrilən erməni təzavüzü dünya xalqlarını hələ də narahat edir. Artıq 2 əsrdir erməni barbarlarının cinayətləri, soyqırımları və terrorçuluğu ilə yadda qalıb. Bu əsrin yeni müharibə ocağı Qarabağ müharibəsi ilə sonu bilinməyən işğalçılıq siyasəti hələ də davam edir. Sovetlər ölkəsində sosializmin iflasa uğraması kataklizmin geniş meydan almasına gətirib çıxartdı. Beynəlxalq aləmdə nüfuzdan düşmüş bu cəmiyyət öz idarəetmə qüdrətini itirdi. Eləcə də 80-ci illərdə ittifaqda siyasi rəhbərliyin bir-birilərini əvəz etməsi, xüsusən Mixail Qorbaçovun bədnam “Yenidənqurma” siyasətinə geniş yol açdı. Qorbaçov öz komandasında erməni siyasətçilərinin ideyalarına üstünlük verməklə idarəçilik və rəhbərlik pinsipini itirdi. İlk öncə görkəmli ictimai xadimələrin, eləcə də fenomen şəxsiyyətlərin rəhbərlikdən uzaqlaşdırılması cəmiyyətdə ideologiyanın “yeni formuluna təkan verdi. Milli münasibətlərə nifrət bəsləyən Qorbaçov SSRİ-nin ucqarlarında, həmçinin Mərkəzi Asiyada, Baltikyanı ölkələrdə və Cənubi Qafqazda öz ideyasını uğurla həyata keçirdi. Hər yerdə ideoloji sahədə çalışan rəhbər işçilər və mütəxəssislər tutduğu vəzifələrindən uzaqlaşdırılaraq səriştəsiz kadrlarla əvəz olundu. Xüsusən Cənubi Qafqazda bu ideyanın həyata keçirilməsində erməni seperatizminə xüsusi diqqət yetirildi. İlk öncə 1987-ci ildən etibarən Qərbi Azərbaycandan 200 mindən çox həmvətənlərimiz öz torpaqlarından çıxarıldı. Ardınca Qarabağ müharibəsinə başladı.

Araşdırmalar sübut edir ki, bu qanlı müharibə əsrlər boyu düşünülmüş və hazırlanmış bir qaraguruhçu qüvvənin qlobal siyasəti idi. Məqsəd “lazım gələrsə, yerli əhalini öz torpağından qovub çıxarın” ideyasına xidmət edirdi. Onsuz da imperiyanın məkrli siyasəti ilə erməni şovinizmin xeyrinə yaradılmış Dağlıq Qarabağ Muxtar Respublikasında gizli seperatizm və işğalçı müharibəsinə hazırlıq çoxdan gedirdi. Qanunsuz silahların, hərbi texnikaların və döyüşçü kontingentlərin, muzdlu əsgərlərin Ermənistanda və “DQR”də yerləşdirilməsinə başlandı.

Artıq bu dövrdə Azərbaycanda ölkə rəhbərliyinin səriştəsizliyi də böyük ümidsizlik yaratmışdı. Ölkənin siyasi vəziyyəti isə iki çəbhəni xatırladırdı. Ön cəbhədə Qarabağ savaşına çıxan könüllü müdafiə dəstələri, arxa cəbhədə hakimiyyətə gəlmək cəhdləri bir-biri ilə uzlaşmırdı. Ona görə də imperiyanın düşünülmüş planları əsasında Sumqayıt və 20 Yanvar hadisələri, eləcə də hökumət nümayəndələrinin vertalyotda terror nəticəsində məhvi bu qanlı fəlakətlərin acı həqiqətlərinə çevrildi. Həmçinin SSRİ dövlətinin süqutu və yerlərdə pespublikaların müstəqilliyinin bərpasına başlandı. Lakin ölkədə müharibəyə səfərbərlikdə pərakəndəlik və intizamsızlıq özünü göstərirdi. Yerli əhalidən ov tüfənglərinin yığılması və döyüşkən qüvvəllərin qorxu altında saxlanılması adi hala çevrildi. Qəribədir ki, o dövrdə Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də, ölkə başçısı nizami Milli Ordunun yaradılmasına çalışmadı. Müdafiə naziri mütləq mülki səxsin təyin edilməsi tələbləri Ali Sovetdə irəli sürüldü. Məqsəd nə üçün ABŞ-da və bəzi Avropa ölkələrində müdafiə naziri mülki şəxslərdən təyin olunur? Artıq bi iddialar Milli Ordu kontingentinin formalaşmasında çətinliklərlə üzləşdi.

Bütün bunlar onsuz da strateji baxımdan ermənilərin xeyrinə olmaqla, Qarabağ müharibəsinin həllinə təkan verdi. Goranboy, Ağdam, Şuşa və Laçın istiqamətində gedən döyüşlər hərbi sursat baxımından əməliyyatlar uğursuzluqla nəticələnirdi. Lakin bu dövrdə Azərbaycanın qeyrətli oğulları, xüsusilə də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının şücaətini inkar etmək olmaz. Təpədən dırnağadək silahlandırılmış erməni qüvvələri açıq işğalçı müharibəsinə başladı. Cəsurluğu ilə seçilən Riad Əhmədov, Rais Şabakayev, Əli Rəhimov, Rauf Qədirli, Nəbi Ağaməliyev, Nadir Əliyev, Əmraslan Əliyev, Faiq Cəfərov və Bəhruz Mansurov kimi vətənpərvər igid oğullar öz həyatları bahasına düşmənlə ölüm-dirim savaşına şıxdılar. Xüsusilə, MTN-nin zabiti Riad Əhmədovun cəsurluğu bir tarixə çevrildi.

Mənbələr göstərir ki, MTN-dən öz istəyi ilə Müdafiə Nazirliyinə təyinat alan qəhrəmanımız yalnız bir ideyanı, vətəni azğın düşmənlərdən təmizləmək və torpaqlarımızı azad etmək qətiyyəti ilə döyüşə atıldı. Onu nə vəzifə, nə də digər təminatlar maraqlandırmırdı. Ümummilli mövqeyimizin, dövlətimizin müstəqil yaşaması naminə bütün varlığı ilə döyüşə girişdi. Bir həqiqət də var ki, qəhrəmanlıq və vətənpərvərlik ruhu insanda körpəlikdən təcəssüm olunur. Bu amalla böyüyən Riad həmişə özünü babası Həmid Əhmədova bənzədərdi. Elə ona görə də uşaqlıq illərini Naxçıvan Sərhəd Dəstəsində xidmət edən babasının yanında keçirərdi. Cəsur sərhədçilərin təlimini və onların igidliklərini seyr edən Riad bu xidmətə qəlbən bağlanmışdı.

1974-cü ildə orta təhsilini bitirərək, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olan Riad tələbəlik illərində Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası İnstitutunda labarant vəzifəsində işləyir. Təhsilini bitirdikdən sonra nazirliyin müxtəlif orqanlarında çalışır. 1980-ci ildən təhlükəsizlik orqanlarında həqiqi hərbi xidmətə keçməyə tövsiyə edilir və DTK-nın Minsk şəhərində yerləşən Ali kurslarına qəbul olur. Orada təhsilini müvəffəqiyyətlə başa vuran Riad Əhmədov 1982-ci ildən Azərbaycanda DTK-da xidməti fəaliyyətə başlayır. Sonralar məlum Qarabağ hadisələri zamanı ilk könüllülərin ön cərgəsində durur. O, dəfələrlə Milli Təhlükəsizlik Nazirliyinin digər əməkdaşları ilə birgə döyüş bölgəsinə göndərilir və hərbi əməliyyatlarda iştirak edir, Çaykənddə yaralanır. Təhlükəsizlik orqanlarında qüsursuz xidmətlərinə və göstərdiyi şücaətə görə Riad Əhmədov dəfələrlə mükafatlandırılır. 1992-ci il yanvarın 2-də Müdafiə Nazirliyində Kəşfiyyat İdarəsinə rəis müavini təyin edilir. Riad Əhmədov burada da özünü peşəkar mütəxəssis kimi göstərir. Döyüşlərdə əsl igidlik nümunələri göstərən Riadin cəsurluğu düşmənə yaxşı məlum idibu ad onlarda vahimə yaradırdı. Bu qanlı müharibədə qəhrəmanımız Şuşa, Goranboy, Füzuli, Xocahəsən, Ağdərə, Əsgəran və Ağdam şəhərləri müdafiəsində rəhbərlik etdiyi kəşfiyyat qrupunda canlı qüvvə tələfatı verməmişdir. O, qorxuolduğunu bilmirdi, əsl döyüşçü kimi vuruşardı.

Döyüşçü dostları Riadın cəsurluğundan, savadı və hərbi təlim bacarığından geniş söhbət açardılar. Onun amalı ön cəbhədə vətəni qorumaq idi. 1992-ci il yanvarın 22-də polkovnikleytenant Riad Əhmədovun rəhbərlik etdiyi kəşfiyyat qrupu yenidən döyüş əməliyyatına göndərilir. Belə ki, həmin ilin əvvəllərində daha da azğınlaşmış və havadarlarının köməyinə arxalanan erməni faşistləri həyasızcasına Qarabağın, eləcə də ətraf rayonlarının azərbaycanlılar yaşayan kəndlərinə hücumlar edirdilər. Bir sözlə, onlar işğalçılıq siyasətini açıq-aşkar həyata keçirirdilər. Ermənlərin əsas niyyətləri isə Dağlıq Qarabağı Ermənistanın tərkibinə birləşdirmək idi. Elə ona görə də onlar Laçın və Şuşa istiqamətində böyük qüvvə ilə hücuma keçirdilər. Erməni qüvvələri artıq yüksəkliklərdən Şuşanı topplemyotlardan atəşə tuturdular. Xüsusilə də mürəkkəb coğrafi relyefi olan Daşaltı kəndində mövqe tutmuş düşmən Laçın- Şuşa yolunu tutmaqla Ermənistanla açıq dəhlizə nail olmağa can atırdılar. Həmçinin Daşaltıda toplanmış düşmən qüvvələri Qarabağ üçün böyük təhlükə yaradırdı. Məqsəd Şuşanı və ətraf rayonları Azərbaycandan təcrid etmək idi. Düşmənin bu planını məhv etmək üçün geniş miqyaslı döyüş əməliyyatı hazırlandı. Həmin bu əməliyyatda Riadın rəhbərlik etdiyi kəşfiyyat dəstəsi tərəfindən düşmənin gizli qüvvələrinin və mövqelərinin yeri dəqiqliklə öyrənildi. Müdafiə Nazirliyi tərəfindən hazırlanmış “Daşaltı əməliyyatı” məxfi saxlanılsa da, döyüşün başlanma vaxtı artıq ictimaiyyətə məlum idi. Müasir silahlarla silahlanmış erməni qüvvələri və muzdlu dəstələr bu savaşda üstünlük təşkil edirdilər. Amma qüvvələrin qeyri- bərabər olmasına baxmayaraq, döyüşçülərimiz “Daşaltı əməliyyatı”nda böyük qəhrəmanlıq və cəsurluq göstərdilər. İgid əsgərlərimiz düşmən ordusu qarşısından geri çəkilmədilər və son güllələrinə kimi vuruşdular. Qanlı döyüşlərdə erməni tərəfi çoxlu sayda itkilər versələr də, əlavə muzdlu qüvvələrin gücü ilə döyüşü davam etdirirdilər. Artıq ordumuzun hərbi sursatı tükənmişdi, arxadan isə kömək gəlmirdi. Əlavə qüvvələrin döyüş mövqeyinə gec gəlməsi səbəbindən əməliyyat uğursuzluğa gətirib çıxartsa da, Riadın beynəlmiləlçi dəstəsi döyüşü dayandırmadı. Əfqanıstanda döyüş təcrübəsi keçmiş döyüşçülərimiz torpaqlarımızın müdafiəsi uğrunda inamla döyüşürdülər. Onların bu cəsurluğu düşməni heyrətə gətirirdi. Hətta Riadı aradan götürmək üçün ermənilər onun başına böyük məbləğdə pul mükafatı təyin etmişdilər. Özlərini “roninlər”ə bənzədən erməni quldurlarını hər necə olursa-olsun, son nəfərinədək məhv edib vətənimizi, doğma Qarabağımızı azad görmək istəyirdilər.

Riad “Daşaltı əməliyyat”ında göstərdiyi igidlik və şücaətinə görə ona Azərbaycanın Milli Qəhrəmanı adı verildi. Qəhrəmanlıq hər bir insanın simvolik rəmzidir. Aparılan sorğular və səslənən fikirlər itkin düşən, polkovnik-leytenant Riad Əhmədovun hələ də sağ qalmasına ümidlər tükənməyib. Hər birimizin gözü yoldadır, sanki qəhrəmanımız qəflətən öz gəlişi ilə qapını döyəcək...

 

Qələndər Xaçınçaylı,

Vaqif Rüstəmov

 

Həftə içi.- 2014.- 28 yanvar.- S.7.