İnformasiya texnologiyaları
sahəsində kadr hazırlığı
Ekspertlər hesab edirlər
ki, bu istiqamətdə
peşəkar mütəxəssis
sayını
artırmaq üçün qısamüddətli kurslara
ehtiyac var
İstənilən
ölkənin təhsil strategiyasında peşəkar, innovativ
kadrların yetişdirilməsi əsas ali dəyərlərdən
hesab edilir. Müasir elm inkişaf etdikcə yeni sahələrin
ortaya çıxması əmək bazarında bu sahələr
üzrə kadrlara tələbat yaradır. Qeyd edək ki,
hazırda dünyanın aparıcı ölkələrində
informasiya cəmiyyəti prinsiplərinin davamlı və
dayanıqlı şəkildə müvəffəqiyyətlə
həyata keçirilməsi məqsədilə yüksək
elmi-texniki biliklərə malik kadrların yetişdirilməsi,
gənclərin intellektual səviyyəsinin
artırılması, məntiqi təfəkkürünün
inkişafı stiqamətində kompleks tədbirlər həyata
keçirilir. İKT sektorunun sürətli inkişafı,
eyni zamanda, informasiya texnologiyaları və innovasiya sektorunda
kadr hazırlığı siyasətinin təkmilləşdirilməsi
məsələlərini zəruriləşdirib.
2012-ci ilə qədər
Azərbaycanda informasiya texnologiyaları
(İT) mütəxəssisləri qeyri-profilli
universitetlərdə hazırlanıb. Yəni bu
sahə üzrə konkret ali
təhsil müəssisəsi olmayıb. Amma ötən il fervalın 1-də ölkə prezidentinin sərəncamı ilə Azərbaycanda
İnformasiya Texnologiyaları Universiteti yaradılıb və 2013/2014-cü
tədris ilindən başlayaraq bakalavr səviyyəsində dövlət sifarişi əsasında informasiya
təhlükəsizliyi, kompüter elmləri,
kompüter mühəndisliyi, informasiya texnologiyaları və sistemləri
mühəndisliyi ixtisasları üzrə kadr
hazırlığına başlanıb. Bu
ali məktəbdə birinci
il intensiv şəkildə
ingilis dili tədris edilir, sonrakı 4 ildə isə seçilmiş ixtisaslar
üzrə ingilis dilində təhsil
aparılacaq. Bu təhsil müəssisəsini seçən və
600-dən yuxarı bal toplamış hər
bir abituriyentə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin
(RİTN) tərəfindən 1 noutbuk, nazirliyin birlik və müəssisələrində
təcrübə keçmək imkanı, universitetin
məzunlarının RİTN-in birlik və müəssisələrində,
özəl şirkətlərdə
işlə təmin olunması, universitetin
məzunlarına xaricdə magistr pilləsində
təhsil almaq üçün
nazirlik tərəfindən dəstək
verilməsi, müxtəlif həvəsləndirici mükafatlar (əlavə təqaüdlər, yay məktəblərində iştirak
və s.) əldə edir.
Bəs görəsən,
hazırda bu sahədə Azərbaycanda vəziyyət
hansı səviyyədədir? Ölkəmizdə kifayət qədər
İT mütəxəssisi varmı?
Məsələyə
münasibət açıqlayan AMEA-nın İnformasiya
Texnologiyaları İnstitutunun şöbə
müdiri, professor, texnika elmləri doktoru Məsumə
Məmmədova deyib ki,
təmsil etdiyi qurumda
İT ixtisasları üzrə peşəkar mütəxəssis
hazırlığı məsələlərinə xüsusi önəm verilir. Onun sözlərinə görə, gənc nəslin yeni cəmiyyətin tələblərinə uyğun olaraq
formalaşması, yeni biliklərin əldə
edilməsi istiqamətində məqsədyönlü işlər
aparılır: «İnstitutda İT
dünyasının aparıcı qüvvələrindən hesab olunan gənc
proqramçılar ordusunun yetişdirilməsi
məsələlərinə xüsusi
diqqət yetirilir. Proqramlaşdırma,
proqramlaşdırma dilləri ilə bağlı tədrisin
aparılması, ölkədə proqram
istehsalı, milli İKT məhsullarının
hazırlanması, proqram mühəndislərinin
yetişdirilməsi, ümumiyyətlə proqram
sənayesinin inkişaf etdirilməsi sahəsində
kompleks işlərin həyata
keçirilməsi, bu işlərə dəstək
verilməsi institutun başlıca hədəflərindəndir.
Bu məqsədlə İT-nin
Tədris-İnnovasiya Mərkəzinin nəzdində bu sahənin inkişafı məqsədlərinə
xidmət edən Gənc Proqramçılar Məktəbi
yaradılıb. Alim və yüksək ixtisaslı
proqramçıların rəhbərliyi ilə
proqramlaşdırma üzrə yeni biliklərin
tədrisi, mütəxəssislərlə real
interaktiv ünsiyyətin qurulması, o cümlədən, Azərbaycanın beynəlxalq
müsabiqələrdə layiqli təmsil
olunması üçün peşəkar
proqramçıların yetişdirilməsi Gənc
Proqramçılar Məktəbinin əsas hədəflərindəndir.
Burada gələcəyin
proqramçılarına kompyuter və informatika elmlərinin predmeti,
kompyuter texnologiyaları, onların inkişaf mərhələləri və
perspektivləri, kompyuter şəbəkələri,
alqoritmləşdirmə haqqında dərslər keçirilir. Əsas məqsəd İT
kursların, Yay kompyuter
düşərgələrinin təşkili, məktəbli
və tələbələrin proqramlaşdırma üzrə
müxtəlif müsabiqə və beynəlxalq olimpiadalara hazırlığı, İT
üzrə müxtəlif layihələrdə iştirak, bu sahədə
müvafiq qurumlarla əməkdaşlıq
əlaqələrinin yaradılmasıdır».
Xüsusi monitorinq keçirilib
Məsumə Məmmədova
vurğulayıb ki, sözügedən qurum ilk dəfə olaraq 2009-cu ildə İT sahəsində
mütəxəssislərin peşəkarlıq səviyyəsini
öyrənmək məqsədilə xüsusi
monitorinq keçirib. Onun sözlərinə görə,
araşdırmalar nəticəsində məlum olub ki, bu
sahədə kifayət qədər peşəkar kadrlara ehtiyac var: « Həqiqətən də, bu gün Azərbaycanda
yüksək ixtisaslı kadr hazırlayan
və ya onların ixtisas artırmasını təmin edən
müəssisələr, təlim kursları və s. çox azdır. Beynəlxalq
səviyyəli sertifikatlaşdırılmış təhsil
haqqı isə kifayət qədər yüksəkdir. Bu baxımdan, əksər təcrübəsiz
gənc mütəxəssislər daha təcrübəli
mütəxəssislər yanında praktiki
bacarıqlarını artırmağa üstünlük
verirlər. İT ixtisası üzrə peşəkarlıq səviyyəsinin
artırılmasında nəzəri çəkən məqamlardan biri digər peşə sahələrindən
olan nümayəndələrin İT
sferasına axını ilə bağlıdır. Belə ki, İT sahəsində
çalışan mütəxəssislərin diplomlarına
görə hansı ixtisas sahibi
olduqlarını təhlil edərkən müəyyən edilib ki, onlardan
26 faizii İT ixtisası ilə tamamilə
bağlılığı olmayan ixtisas sahələrinin nümayəndələridir.
Onların da arasında fizik,
bioloq, həkim, hüquqşünas,
jurnalist, iqtisadçı, memar,
kimyaçı, rus dili
və ədəbiyyatı müəlliminə rast
gəlmək olar. Təbii ki, bu vəziyyət, bir tərəfdən, İT sahəsinin respublika iqtisadiyyatında rolunu
və nüfuzunu nümayiş
etdirir, İT kadrlarına tələbat olduğunu göstərir, digər tərəfdən
isə, bütün bunlar
xeyli əlavə vəsait tələb edir».
Ekspert hesab edir
ki, İT üzrə kadr
bazarında rəqabətqabiliyyətli mütəxəssis olmaq üçün
tamamlanmış ali təhsillə
yanaşı, yüksək peşəkarlığa və ciddi sertifikata malik olmalıdırlar. Onun
sözlərinə görə, buna yeni kompaniyaların yaranması və mövcud olanların inkişafı, istifadə
olunan texnologiyaların və sistemlərin
daha da inkişaf
etdirilməsi və yenilərinin istismarı da
təsir göstərir: “ İT üzrə kadrlara, adətən, özəl kompaniyalar tərəfindən yüksək tələblər
yürüdülür və belə kompaniyalar işçilərə kifayət qədər
yüksək əmək haqqı, karyera,
təhsil almaq, social
güzəştlər, müxtəlif layihələr təklif
edirlər. Xarici firmalar yüksək peşəkarlığa
malik İT mütəxəssislərini
diqqətdən kənarda qoymur, onları yerli kompaniyalara nisbətən
bir neçə dəfə yüksək əmək
haqqı, xarici ezamiyyətlər, təhsil
xidmətləri və s. ilə işə
cəlb edirlər».
İkinci təhsil arzusunda olanların
çoxu
İT mütəxəssisi olmaq istəyir
Texnika elmlər doktoru həmçinin deyib ki,
Azərbaycanda ikinci təhsil almaq üçün Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasına müraciət
edən və yenidən test imtahanlarından keçən
abituriyentlərin sayında İT-yə üstünlük verənlər
çoxluq təşkil edir: «Bu gün Azərbaycanda İT sahəsinin
gələcək inkişafı dünya miqyasında rəqabətqabiliyyətli
mütəxəssislərin yetişməsindən çox
asılıdır və mütəxəssislərimiz də
bu həqiqəti başa düşərək mütəmadi
olaraq öz inkişaf səviyyələrini artırmaqda
maraqlıdırlar. Buna dövlət tərəfindən də
xüsusi dəstək göstərilir. Lakin
Bəzi etiraf etmək lazımdır ki,
hazırda İT ixtisaslarının tədris olunduğu əksər
tədris müəssisələrinin zamanla ayaqlaşa bilmir. Məsələn,
tədris proqramları köhnədir, təhsil müəssisəsində
müasir standartlara cavab verən texniki baza yoxdur və s.
Hazırda demək olar ki, nisbətən Bakı Dövlət
və Qafqaz Universitetlərində bu standartlar müəyyən
qədər qorunur. Amma bu tədris müəssisələrinin
də tam standartlara cavab verdiyini söyləmək olmaz.
İKT elə bir sahədir ki, burada davamlı inkişaf getməlidir.
Bu inkişafdan təhsil geri qalırsa, peşəkar
kadrların hazırlığı məsələsi sual
altına düşür».
Mənsumə
Məmmədova onu da bildirib ki, ölkədə
İT sahəsində fəaliyyət göstərən
mütəxəssislərin peşəkarlığının
artırılması məqsədilə bu
istiqamətdə ixtisaslaşmış institutların nəzdində
kadrların qısamüddətə hazırlanmasını,
ixtisaslarının artırılmasını və yenidən
hazırlığını həyata keçirən innovativ elmi-tədris mərkəzləri
yaradılmalıdır: «Sözsüz ki, belə mərkəzlər İT sənayesi
və İT təhsili arasında “körpü”
rolunu oynaya bilər. Bundan başqa biz yeni yaradılan İnformasiya Texnologiyaları İnstitutundan
da böyük nəticələr
gözləyirik. Amma bu
təhsil müəssisəsinin yetirmələri ancaq 4 il sonra
əmək bazarında olacaqlar. Ona görə də mövcud
kard potensialının genişləndirilməsi
üçün müxtəlif
qısamıddətli kursların təşkili mütləqdir».
Sevinc
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.
Həftə
içi.- 2014.- 28 yanvar.- S.6.