«Stalin deyirmiş ki, bu
Rəsulzadə çox maraqlı insandır…»
“…Səhərə qədər ora-bura qaçan siçovullara baxa-baxa gözümü yummurdum. Yatsaydım, soyuqdan donardım… Babamın şəhərdəki mülklərindən biri bu zirzəmidən çox da uzaqda deyildi. Ancaq orada Allah bilir, kimlər yaşayırdı…”.
…Onun babası Şərqdə ilk müstəqil dövlətin banisi idi. Amma o, həmin dövlətin paytaxtında nə yaşamaq üçün rahat bir yer, nə də qarın dolusu yemək üçün pul tapa bilirdi…
Əvvəlkilərdən
fərqli olaraq bugünkü “Labirint”imizin iki yolçusu var:
baba və nəvə… Onların keçdiyi yol çox uzaq,
dolanbac və üzüntülü, dəhşətli əzablarla
doludur… Amma Bakıdan başlayıb İrandan, Türkiyədən,
kimsəsiz Qazaxıstan çöllərindən, Moskvadan,
Finlandiyadan, Polşadan, Almaniyadan, Macarıstandan və yenidən Ankaradan,
Bakıdan keçən bu yol həm də Azərbaycanın
istiqlal yoludur. Böyük Məhəmməd
Əminin 130 illiyi ərəfəsində onun 68 yaşlı nəvəsi,
əməkdar rəssam Rəis Rəsulzadə ilə yəqin
yaşadıqları ağrı-acılar səbəbindən
xəstə olması ucbatından yaradıcılıq
emalatxanasında görüşə bilmədik… Ancaq
canında-qanında bugünkü istiqlalımızın
banilərindən birinin genini daşıyan bir insanın
telefonda kövrək səsini dinləməyin özü də
bizi çox duyğulandırdı…
- Rəis bəy, maraqlıdır, babanız Məhəmməd Əmin bəy cəmi 17 yaşında Azərbaycanda Rusiyanın müstəmləkəçilik üsuli-idarəsinə qarşı mübarizəyə başlayan ilk gizli təşkilat olan “Müsəlman gənclik təşkilatı”nı yaratmağı necə bacardı? Bəlkə onun arxasında hansısa bir güc dururdu, yaxud Azərbaycanın o vaxtkı ağsaqqallarından, ziyalılarından kimsə ona dəstək verirdi?
- Məhəmməd
Əmin bəy həddindən artıq istedadlı, fövqəladə
bir insan olub. Tarixdə bir sıra nadir şəxsiyyətlər
az yaşlarına baxmayaraq, nəhəng işlər
görüblər. Məsələn, Şah İsmayıl 14
yaşında artıq taxt-tac sahibi olaraq Azərbaycanı
bütövləşdirmək uğrunda mübarizəyə
qalxıb. Mosart 3 yaşında musiqi əsərləri
yazıb... Və s. Həm də 17 yaş insan
üçün artıq az yaş deyil. Eyni zamanda, Məhəmməd
Əmin mükəmməl savadlı bir axundun ailəsində
böyümüşdü və hərtərəfli insan idi.
Şeir də yazırdı, hətta “Qaranlıqda
işıqlar” adlı bir pyes də yazmışdı... Digər tərəfdən, o dövrdə, Azərbaycanın
müstəmləkə vəziyyətində olmasını və
yaşından asılı olmayaraq ziyalı, savadlı
insanların bunu dərk edərək mübarizəyə can
atdıqlarını da nəzərə almaq gərəkdir.
Babam da Vətən, millət nə olduğunu anlayandan istiqlal
uğrunda mücadiləyə atılmağa qərar verib. Hətta
atası bəzən ona deyirmiş ki, ay oğul, gəl bu
yoldan əl çək, el üçün ağlayan kor olar.
Ancaq Məhəmməd Əmin, öz şeirlərində də
ifadə etdiyi kimi, bu yoldan dönməməyi qət
etmişdi...
- Rəsulzadə 1911-ci ildə Türkiyədə ola-ola Bakıda Müsavat Partiyasını yaratmağa necə nail oldu?
- Məhəmməd
Əmin 1908-ci ildən çar hökumətinin təqibləri
nəticəsində İrana, sonra da Türkiyəyə getməli
olur. Və 1911-ci ildə onun göstərişi
ilə Bakıda əmisi oğlu Məhəmməd Əli Rəsulzadə,
Tağı Nağılının və b. təşkilatçılığı
ilə Müsavat Partiyasının əsası qoyulur.
1913-cü ildə rus çarı Romanovlar sülaləsinin
300 illiyi münasibətilə geniş əfv fərmanı
verəndə babam Bakıya qayıda bilir. Və
Müsavata bilavasitə özü rəhbərlik edərək
Azərbaycanı addım-addım istiqlala doğru aparır...
- Bəzi araşdırmaçılar deyir ki, 1920-ci ildə ADR-in süqutunun əsas səbəblərindən biri Rəsulzadənin ingilislərin təsiri altında ölkə parlamentini həddindən artıq demokratik formalaşdırması, hətta Azərbaycanın açıq düşməni daşnaklara və bolşevik meyilli fraksiyalara da yer verməsi olub...
- Bilirsiz, bəziləri
məsələləri dərindən araşdırmadan yersiz
nəticələrə gəlirlər. Amma tarixin
gedişatı hər şeyi üzə çıxarır.
Cümhuriyyətin süqutunun əsas səbəbi Azərbaycanın
nəhəng, azğınlaşmış bir güc tərəfindən
işğalı idi. Bunu bir divin yeni doğulmuş köməksiz
bir körpəni boğmasına da bənzətmək olar. Digər
daxili çəkişmələr ikinci dərəcəlidir...
Amma Rəsulzadənin
Şərqdə ilk demokratik dövlət yaratması, 114 min
kv.km bir ərazidə dövlətimizin suverenliyini bərqərar
etməsi Azərbaycanın üçrəngli
bayrağını ucaltması, ilk dəfə qadınlara
seçki hüququ verməsi və s. danılmaz
faktlardır...
- Məlumdur ki, 1905-ci ildə Balaxanıda fəhlələri tətilə qaldırmaq cəhdinə görə neft sahibkarları Stalini quyuya atmaq istəyəndə Məhəmməd Əmin buna imkan verməmiş, sonra isə onun Bayıl həbsxanasından qaçırılmasını da təşkil etmişdi. Stalin isə 1920-ci ildə babanızın həbs edildiyini bilən kimi türməyə gəlib onu azad edərək, öz vicdani borcunu yerinə yetirmişdi. Bəzi kommunist mənbələri bu günədək belə təbliğat aparırlar ki, guya Stalin babanıza təklif edib ki, ailəni də özünlə Moskvaya apara bilərsən, ancaq o, qəsddən xanımını və 4 övladını burada qoyub gedib...
- Bəli, Rəsulzadə Stalinlə dost
imişlər. Amma Stalin 1920-ci ildə onu azad edəndə
deyib ki, sənə Azərbaycanla, ailənlə
vidalaşmağa bir saat vaxt veririk. Onda da
atam yenicə doğulubmuş. Babam ayrılanda onun
üzündən öpür, adını da Azər qoyur (səsi
titrəyir)... Yeri gəlmişkən, Azərbaycanda ilk Azər
adı atamın adıdır ki, onu da babam öz oğluna
ömrünün sonuna qədər həsrət
qalacağı Vətəninin şərəfinə qoyub...
Sonra Məhəmməd Əmin Stalinlə
birgə Moskvaya gedir. İki il orada
qalır. RSFSR Millətlər
Komissarlığının mətbuat müvəkkili işləyir.
Şərqşünaslıq İnstitutunda fars
dilindən dərs deyir.
Stalin Rəsulzadəyə yüksək vəzifələr
təklif edir. Amma babam hamısından imtina
edir. Stalin də deyirmiş ki, bu Rəsulzadə
çox maraqlı insandır, nə təklif edirik, imtina edir.
Babam isə Stalinə izah edirmiş ki, dostluğumuz öz
yerində, ancaq mən Vətənimi müstəmləkəyə
çevirmiş ölkənin rəhbərliyi ilə siyasi
işbirliyində ola bilmərəm. Sonra
burada Azərbaycan üçün heç bir iş görə
bilməyəcəyini anlayan Məhəmməd Əmin məzuniyyət
adı ilə Leninqrada, oradan da silahdaşlarının köməyi
ilə gizli yolla Finlandiyaya keçir. Sonrası isə
Türkiyə-Almaniya-Polşa- Rumıniya və yenidən
Türkiyə... Ömrünün sonunadək qərib, amma Azərbaycanın
istiqlalı uğrunda mübarizə ilə dolu bir keşməkeşli
və şərəfli həyat sürür...
- Bayaq
dediyim mənbələrin yazdığına görə, guya
Məhəmməd Əmin Moskvada qaldığı iki il müddətində Bakıya gəlib ailəsi
ilə görüşə bilərdi, yəni Stalin buna şərait
yaradardı...
- Belə şöz-söhbətləri
yayanlar xalqını, Vətənini sevməyən, imperiyalara
baş əyməyi özünə şərəf bilən
kölə xislətli insanlardır. İkincisi
də, Stalin özü ona demişdi ki, Bakıda yaşamaq sənin
üçün təhlükəlidir, səni müxtəlif
bəhanələrlə həbs edə, güllələyə
bilərlər. Buna görə də o bura
gələ bilməzdi. Burada hələ
Əliheydər Qarayev kimi ikiüzlülər var idi. O,
Müsavat hökumətinə xəyanət etmişdi. Babam isə ona demişdi ki, bolşeviklər özləri
səni güllələyəcək. Elə də
oldu...
- Rəsulzadə
Stalinlə birgə Moskvaya gedərkən qatarda maraqlı
söhbətləri də olur...
- Yolda Stalin ona deyir ki, nə
oldu siz bir dövlət qurdunuz, sonda dağıldı. Babam isə
cavab verir ki, biz o dövləti çox yaşatmağa nail ola bilməsək də, azadlığın nə
olduğunu xalqımıza dadızdırdıq...
- Yenə
də kommunistlər iddia edir ki, Rəsulzadənin ailəsi,
övladları düz 17 il Bakıda sovet
hakimiyyətinin himayəsində rahat yaşayıblar, təhsil
alıblar. Ancaq 1930-cu illərdə Polşa baş naziri
Pilsudskinin himayəsində yaşayan Məhəmməd
Əmin SSRİ-yə qarşı açıq təxribatlar
apardığına, müxtəlif bölgələrdə, o
cümlədən, Şəkidə üsyan təşkil
etdiyinə görə Stalin onun ailəsini də sürgün
etməyə məcbur olub...
- Xeyr, o illərdə Rəsulzadələr
rahat yaşaya bilməzdilər. Atam
danışardı; böyük qardaşı, yəni əmim
məktəbdən gələndə deyərmiş ki, yenə
müəllimlər başlayıblar babamın əleyhinə
danışmağa, guya o, xalqa xəyanət edib. Yəni nəslimiz əvvəl mənəvi-psixoloji
təzyiqlər altında yaşayıb, 1936-1937-ci illərdə
isə güllələnmələr, sürgünlər
başlanıb. Rəsulzadələr nəslindən təxminən
minə yaxın insan güllələnib, ya da həbsdə,
sürgünlərdə həlak olub, itkin düşüb...
56 illik sürgündən sonra Vətəndə uyumaq
yalnız atam Azər bəyə nəsib olub... Siz təsəlliyə
baxın (kövrəlir)... Elə sinə daşında da
yazılıb: “56 illik sürgündən sonra Vətəndə
uyumaq yalnız sənə qismət olub. Allah sənə və
məzarı Azərbaycandan uzaqlarda qalmış
soydaşlarımıza cənnəti çox görməsin...”.
- Amma Rəsulzadə
türk jurnalisti adı ilə köçdüyü
Polşada olarkən sovet dövlətinə qarşı
doğrudan da güclü təbliğat aparıb...
- Düzdü, babam Polşada olub. Pilsudskinin sovetlərə qarşı qurduğu
“Prometey” təşkilatında iştirak edib. Pilsudskinin yanında məsləhətçi işləyib.
Və Azərbaycan üçün öz
çıxışları, məqalələri ilə
müəyyən işlər görüb...
- Bildiyimə
görə, Məhəmməd Əmin bəy Polşada həmin
marşal Pilsudskinin qardaşı qızı Vanda (sonradan
Leyla) adlı bir xanımla ailə qurub. Amma övladları
olmayıb, deyəsən...
- Xeyr, Məhəmməd
Əmin Pilsudski ilə nikahda olmayıb. Sadəcə, dost kimi
yaşayıblar...
- Babanızın Hitlerlə siyasi münasibətləri
barədə nə bilirsiz?
- Almanlar SSRİ-ni işğal edərkən
hər bir region xalqlarını təsir altına almaq
üçün nüfuzlu adamlar seçirdilər. Cənubi Qafqazda kimin belə nüfuza malik olması
ilə maraqlananda babamın üzərində dayanırlar.
Beləliklə, onun haqqında məlumat
yığırlar. Və Məhəmməd
Əmini xarici işlər naziri Ribentropla
görüşdürürlər. Müzakirələr
zamanı Məhəmməd Əmin Almaniya hökuməti
qarşısında SSRİ-nin süqut edəcəyi halda Azərbaycanın
istiqlalını tanımaq məsələsini qoyur. Ancaq Hitlerin Azərbaycanın müstəqilliyini
tanımaq fikri olmadığı məlum olanda babam onların
əməkdaşlıq təkliflərini rədd edir. Nəticədə ondan Almaniyanı 24 saat ərzində
tərk etməyi tələb edirlər. O isə getməmişdən
legionerlər qarşısında çıxış edərək
bildirir ki, siz sovetlərlə müharibə zamanı digər
dinc xalqlara güllə atmayın... Siz yalnız
öz xalqınızın azadlığı uğrunda
vuruşa bilərsiz. Daha sonra babam
Rumıniyaya gedir. Orada Türkiyənin səfiri
dostu idi, onun yanında qalır. Müharibə bitəndən
sonra yenə Almaniyaya gedir və əsir
soydaşlarımıza yerbəyer olmaqda kömək edir...
- O da
maraqlıdır ki, Məhəmməd Əmin bəy diktator
Stalinlə dost olub, hətta faşist Hitlerlə siyasi
münasibətlər qurub, amma Atatürklə araları bir az soyuq olub... Yəqin siyasi
gedişat belə tələb edirdi?
- Atatürk onun haqqında yazırdı ki, sən
üç yaş məndən kiçiksən. Amma məndən
üç il əvvəl istiqlal
bayrağını qaldırdın. Mən də Türkiyədə
o bayrağı enməyə qoymayacağam... Əvvəlcə
münasibətləri yaxşı olub. Ancaq
sonra 1923-cü ildən Rəsulzadə Türkiyədə
SSRİ əleyhinə güclü təbliğat aparan zaman
Kreml bu təbliğatı susdurmağı tələb edib.
Atatürk də babama təklif edib ki, gəl millət vəkili
ol, bu Azərbaycan məsələsini hələlik
dayandır... Məhəmməd Əmin isə
deyib ki, mən Azərbaycan uğrunda mübarizəni
ömrümün sonunadək dayandıra bilmərəm.
Ona görə də Almaniyaya köçüb...
- Bir yerdə
oxumuşam ki, Atatürk 1920-ci ilin avqustunda Türkiyə
parlamentinin iclasında belə bir ifadə işlədib:
“İngilislərə nökərçilik etməkdən
zövq alan Müsavat hökuməti...”.
- Bunlar uydurmalardı. Amma
maraqlıdır ki, Stalin Rəsulzadənin “Azərbaycan
cümhuriyyəti” kitabını o qədər bəyənmişdi,
onu paylamışdı rəhbər işçilərə
ki, oxuyun, öyrənin. Babamın təsir dairəsi o qədər
güclü imiş ki, Stalin xüsusi qruplar göndərirmiş
ki, xaricdə ona qarşı təbliğat aparsınlar...
- Babanızın kim olduğunu ilk dəfə nə vaxt
anlamışdınız?
- Uşaqlıqdan bilirdim ki, babam çox
nüfuzlu adamdı. Ancaq onun haqqında böyüklərimiz
qorxa-qorxa danışdığından konkret nə iş
gördüyünü bilmirdim. Böyüyəndə
bildim...
- Məhəmməd
Əmin bəy vəfat edəndə ailənizə xəbər
vermişdilərmi?
- 1955-ci ildə babam Ankarada vəfat edəndə mənim
cəmi 9 yaşım var idi. Biz də Karaqandada
sürgündə idik. Sonradan atam deyirdi ki, DTK əməkdaşları
gəlib mənə xəbər verdilər ki, atan vəfat
edib...
-
Bakıya ilk dəfə gələndə sizə kimsə
kömək etdimi?
- Bakıya Rəssamlıq məktəbində
oxumaq üçün gəlmişdim. Yox... Burada
yerbəyer olunca çox əziyyətlər çəkmişəm...
- Azərbaycan
müstəqillik qazandıqdan sonra sizinlə maraqlanan ilk
dövlət başçısı kim
oldu?
- Heydər Əliyev də məni qəbul
edib, Elçibəylə, İsa Qəmbərlə
görüşmüşəm. Mütəllibovun köməkçisi
ilə görüşmüşəm... Heydər Əliyev
1994-cü ildə babamın 110 illiyi ilə bağlı
göstəriş vermişdi ki, Rəsulzadə ailəsinin
problemləri həll edilsin, o cümlədən, babamın
heykəli qoyulsun, mülkləri qaytarılsın...
- Bəs
bu işlərin görülməsinə əngəl törədənlər
kimlər oldu?
- Bu işlə məşğul olmalı olan məmurlar...
- Konkret
ad çəkə bilərsinizmi?
- Xeyr. Bir deyil-iki deyil...
- Bir rəssam
kimi ən çox uğur qazanan əsəriniz hansı olub?
- Saymaq çətindi. Əsərlərim
beynəlxalq sərgilərdə nümayiş etdirilib.
Hazırda Moskva muzeylərində, İsraildə, Türkiyədə,
Almaniyada var...
- Bəs rəhbəri olduğunuz Siyasi Repressiya Qurbanları Assosiasiyasının işləri nə yerdədi? Ofisiniz yenə Nizami küçəsindəki həmin darısqal zirzəmidədi?
- Bəli. Assosiasiyanın vəziyyəti ürəkaçan deyil. Əlillərlə, veteranlarla maraqlanırlar. Ancaq repressiya qurbanları ilə maraqlanmırlar. Gərək hökumət onların da problemləri ilə maraqlansın....
- Rəis bəy, sizcə, bu gün Azərbaycanın müstəqilliyinə ən böyük təhlükə nədir?
- Azərbaycanın
coğrafi-siyasi mövqeyi elədir ki, dövlətimiz
çox ölçülüb-biçilmiş siyasət
aparmalıdır. Və məncə, xarici siyasətimiz
uğurlu aparılır. İlham Əliyev ilk dəfə Məhəmməd
Əminin qaldırdığı üçrəngli
bayrağımızı dünyada ən uca yerdə duran
bayraq kimi ucaldıb və inşallah, bu bayraq dünya durduqca
enməyəcək...
Sultan
Laçın
Həftə
içi.- 2014.- 29 yanvar.- S.3.