«Xalq kompüteri» - innovativ inkişafa dəstək 

 

Son illər Azərbaycanın informasiya texnologiyaları sahəsində beynəlxalq inteqrasiyası xeyli sürətlənib. Artıq ölkəmizdə e-hökumət, e-ticarət kimi yeni virtual imkanların yaradılması həm də əhalinin kompüterləşmə səviyyəsinin artırılmasına zəruriyyət yaradır. Çox güman ki, bu teplə yaxın 4-5 il ərzində Azərbaycanda kompüteri olmayan ailə qalmayacaq. Yeri gəlmişkən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşəbbüsü və dünyanın aparıcı şirkətlərinin iştirakı ilə Azərbaycanda “Xalq kompüteri” layihəsi həyata keçirilir. Statistik məlumatlara əsasən, indiyədək bu layihə çərçivəsində 22 min 522 ədəd kompüter satılıb.

Maraqlıdır, görəsən bu layihənin əsas üstünlüyü nədən ibarətdir? «Xalq kompüteri» əhalinin hansı qrupu üzrə nəzərdə tutulub?

Qeyd edək ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, HP, MicrosoftBestcomp Group şirkətlərinin birgə olaraq həyata keçirdikləri "Xalq kompüteri" layihəsini ölkədə kütləvi kompüterləşmənin ilkin mərhələsi hesab etmək olar. Layihənin əsas məqsədi əhalinin sosial təbəqələrinin müasir kompüterlə və lisenziyalı proqramlarla təchiz edilmiş güzəştli şərtlərlə əldə etməsinə şərait yaratmaq və bölgələrdə İKT-nin tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və e-hökumətin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdir. Layihənin ümumi konsepsiyası bir sıra mühüm dövlət proqramlarına, o cümlədən, "Elektron Azərbaycan" dövlət proqramına və "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"-na tam uyğundur.

 

Əhalinin kompüterləşmə səviyyəsinin

artırılmasına yönələn addım

 

Ekspertlər hesab edirlər ki, bu layihə çərçivəsində İKT imkanlarından səmərəli istifadə edərək insanların həyat səviyyəsini yüksəltmək və informasiya cəmiyyətinə keçidi təmin etmək mümkündür. Belə ki, əqli əməyin təşviqi, bilik iqtisadiyyatı yönümlü kadrların hazırlanması, İKT yönümlü kadrların hazırlanmasını stimullaşdırmaq, e-hökumətin inkişaf etdirilməsi, təhsil sisteminin dəstəklənməsi, kompüter vərdişlərinin təşviqi, aztəminatlı sosial qrupların dəstəklənməsi, əhalinin kompüterlərlə təminatına şərait yaratmaqkompüter sayının dünyanın orta göstəricilərinə çatdırmaq layihənin əsas hədəfləri hesab olunur.

Hazırda «Xalq kompüteri" layihəsi çərçivəsində orta məktəb müəllimlərindən başqa orta məktəb şagirdləri, ali təhsil müəssisələrinin müəllim və tələbələri də kompüter, eləcə də lisenziyalı proqram təminatını almaq imkanına malikdirlər. Layihəyə uyğun olaraq alıcılara HP şirkətinin mini-noutları (MiniNote), noutbukları (Laptop) və stolüstü kompüterləri (Desktop) təqdim olunur. Bütün bu avadanlıqlarda Microsoft şirkətinin lisenziyalı proqram təminatı quraşdırılır. Bu Azərbaycanın Təhsil NazirliyiMicrosoft korporasiyası arasında imzalanmış məktəb sazişi çərçivəsində həyata keçirilir. Bütün avadanlıqlar faizsiz olaraq 12 ay müddətinə kreditə verilir. "Xalq kompüteri" layihəsi çərçivəsində təqdim olunan kompüterlər bazar qiymətlərindən 25-40 faiz aşağıdır. Bütün kompüter alan müəllimlərə əlavə olaraq, Təhsil Nazirliyi tərəfindən elektron dərsliklər verilir. Kompüterlərin çatdırılması və aylıq ödəmələrin qəbulu "Azərpoçt" dövlət müəssisəsi tərəfindən təmin edilir. Layihə "Azərpoçt" dövlət müəssisəsi və HP-ninMicrosoft-un lokal tərəfdaşı olan "BestComp Group" şirkəti tərəfindən həyata keçirilir.

Xatırladaq ki, «Xalq kompüteri» layihəsinin icrasına 2009-cu ilin aprelin 10-da başlanılıb. Satılan kompüterlərin əsas hissəsi regionların payına düşüb. Azərbaycan paytaxtından sonra ən çox kompüter Naxçıvanda və Gəncədə satılıb. Satılan kompüterlərin yarısından çoxunu noutbuklar, qalan hissəsini isə fərdi kompüterlər təşkil edib.

 

Yaşlıların kompüter bilikləri artırılmalıdır

 

Məsələ ilə bağlı fikirlərini bölüşən Azərbaycan İnternet Cəmiyyətinin prezidenti Qalib Qurbanov da «Xalq kompüteri» layihəsinin əhəmiyyətindən danışaraq bildirib ki, son illər Azərbaycanda əhalinin kompüterləşmə səviyyəsi xeyli yüksəlib. Onun sözlərinə görə, ölkənin gələcək inkişafı üçün belə layihələr xüsusi əhəmiyətə malikdir: «Bu gün informasiya texnologiyaları müasir cəmiyyətdə mühüm rol oynayır. Artıq müasir insanı, o cümlədən də Azərbaycan vətəndaşını gündəlik həyatda əhatə edən reallıq informasiya texnologiyalarının bolluğu ilə seçilir. Hələ bir neçə il əvvəl informasiya texnologiyaları dedikdə, adətən biz yalnız kompyuterinternet başa düşürdüksə, müasir durumda texnologiyalar müxtəlif səviyyələrdə bizim həyatımızı təmamilə əhatə edib. İndi hər hansı bir ölkədə vətəndaşların rifahından danışanda vacib qiymətləndirmə faktorlarından biri informasiya texnologiyalarının insan həyatına inteqrasiyasıdır. Bu istiqamətdə ən əsas vəzifələrdən biri də insanların texnoldogiyalara çıxışının təmin edilməsidir. Bunun üçün isə ilk növbədə əhalinin kompüterlərlə təmin edilməsi lazımdır. Məhz kütləvi kompüterləşmə vətəndaşlara informasiya cəmiyyətinin tamhüqüqlü üzvü olmağainformasiya texnologiyalarının nailiyyətlərindən istifadə etməyə imkan verir. Bu baxımdan sözügedən layihə Azərbaycan cəmiyyətində mühim rola malikdir”.

Qalib Qurbanov deyib ki, “Xalq kompüteri” layihəsi ölkənin gələcək inkişafı üçün olduqca böyük əhəmiyyət kəsb edir. Dünya korporasiyaların və analitik şirkətlərin müvafiq yüksək qiymətləri vəmüsbət rəyləri isə layihənin icrasında nail olunmuş uğurun tutarlı sübutudur. Onun sözlərinə görə, layihənin əsas məqsədlərindən biri də əhalinin müxtəlif sosial təbəqələri tərəfindən müasir kompüter və lisenziyalı proqram təminatlarının əldə olunması üçün şəraitin yaradılması, regionlarda «rəqəmsal bərabərsizliyin» azaldılması məqsədilə İKT tətbiqinin genişləndirilməsi, həmçinin, informasiya cəmiyyətinin və elektron hökumətinin inkişafına yönəlmiş Azərbaycan hökumətinin fəaliyyətinin dəstəklənməsidir.

Ekspert əlavə edib ki, “Xalq kompüteri” layihəsinin əsas əhəmiyyəti həm də bu proqram çərçivəsində orta məktəblərin müəllimləri, şagirdləri, ali məktəb tələbələri və təhsil sektorunun işçiləri güzəştli şərtlərlə komputer almaq imkanı əldə etməsidir. Onun sözlərinə görə, layihənin növbəti mərhələsində digər qrup insanlar da bu proqramın imkanlarından yararlana biləcəklər: “Amma biz hesab edirik ki, bu proqram çərçivəsində həm də texnoloji yeniliklərin izlənilməsi mütləqdir. Çünki artıq yeni model kompüterlər, smartfonlar, android tipli texnoloji vasitələr bazara çıxıb. Bu baxımdan stolüstü kompüterlər və noutbooklar tədricən öz aktuallığını itirir. Əgər sözügedən layihə çərçivəsində texnoloji yeniliklər nəzərə alınarsa, o zaman proqramın effektivliyi daha da artar».

Azərbaycan İnternet Cəmiyyətinin prezidenti hesab edirik ki, ölkədə bütün yaş qrupları üzrə kompüterləşmə səviyyəsinin yüksəldilməsinə diqqət yetirilməlidir. Onun sözlərinə görə, yuxarı yaş qruplarında olan insanlar da bu məsələdən kənarda qalmamalıdırlar: «Müşahidələr göstərir ki, Azərbaycanda texnoloji yeniliklərə daha çox yeniyetmələr və gənc nəslin nümayəndələri maraq göstərirlər. Amma biz çalışmalıyıq ki, yuxarı yaş həddində olan insanlar da bu yeniliklərdən xəbərdar olsunlar. Çünki Azərbaycanda elekron hökumət qurulur. Yaxın gələcəkdə demək olar ki, bütün sahələr elektronlaşdırılacaq. Ona görə də yaşlı insanların kompüter savadının artırılması məsələsi diqqətdə saxlanılmalıdır. Xüsusilə kənd yerlərində kompüter kurslarının təşkilinə və yaşlı insanların bu kurslara cəlb olunmasına ehtiyac var».

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

 

 Həftə içi.- 2014.- 31 yanvar.-S.6.