”Atıcı silahlarla davranmağı bacarıram”
…Nənəsi ona həmişə “oxu”- deyərmiş. O da gecə-gündüz yorulmadan oxuyub. Evdə öhdəsinə düşən işlərin çoxunu qardaşları görüb. Amma hərdən “bəlkə yaxınlarıma qarşı bir az qəddar olmuşam”-deyə düşünür. Atasını itirəndə 9-cu sinifdə oxuyurdu... Bu gün də Gədəbəyin ucqar dağ kəndində yaşayan anasını mütəmadi ziyarət etmək imkanı tapmadığından heyfsilənir. Neçə ildir dincəlməyə də vaxt tapmır. Yəqin yaxınları da onu bu qədər standart prinsiplərlə yaşadığına görə qınayır. Amma o, böyük səylə doğru hesab etdiyi mübarizə yoluna davam edir…
Bu inadkar yolçu Zahid Orucdur. Millət vəkili…
Əvvəlcə onu siyasi aləmdən
ayırıb “Anrakt”ın qonağı etməyə ürək
etmirdik. Amma sonra hiss etdik ki, söhbətimizin aurası
ona gündəlik monoton, yorucu siyasət olaylarından, az da olsa, istirahət verdiyindən
suallarımızı şövqlə cavablandırır.
- Zahid bəy, uşaqlığınız necə
keçib?
- Şərq
mentallığına uyğun çox qaynar, həddən
artıq enerjili, impulsiv bir uşaqlıq keçirmişəm. 4 övlad arasında
yalnız mən yaxşı oxuyub ali təhsil
almışam. Bu da ailədə özümə
hansısa özəl hüquqlar, üstünlüklər
ummağıma səbəb olub. Amma bəlkə də
doğmalarıma qarşı bir az qəddarlıq
etmişəm... Yəni gələcəkdə
karyera qurmaq istəyim bəzən evdə boynuma düşən
işlərimin qardaşlarım arasında bölünməsinə
səbəb olub. Bir sözlə, əliqabarlı,
zəhmətkeş valideynlərim oxuyub öz istəyimə
uyğun həyat qurmam üçün bacardıqları
şəraiti yaradıblar. Ancaq mən də
onların və müəllimlərimin etimadını
doğruldaraq yaxşı oxumuşam və öz uğurlarımla
onları sevindirmişəm. Yeri gəlmişkən, bu
gün dünyasını dəyişmiş müəllimlərimə
Allahdan rəhmət, həyatda olanlara isə
cansağlığı, uzun ömür diləyirəm...
- Nənənizin bir ifadəsini eşitmişəm, çox ləzzət
elədi: millətimizin psixologiyası haqqında deyir ki, “sac
üstündə diri qovurğa kimiyik”...
- Bəli, nənəmin belə mənalı
ifadələri çox olub. Olduqca sadə, təhsilsiz, amma
gözəl həyat fəhmi, dəqiq mühakimələri
olan nənəmin üzərimdə zəhməti çox
olub... Bir də onu xatırlayıram ki, nənəm
hərdən fizioloji quruluşuma görə “Allahın da
arıqdan zəhləsi gedir”-deyərək məni sanki bu
formamı dəyişməyə təhrik edirdi. Bir
neçə il öncə çox mötəbər
adamla həmin cümlənin məna dərinliyinə
varmağa çalışdıq. Və sonda belə qərara
gəldim ki, yəqin nənəm bunu o mənada deyib ki,
arıq adam vəzifə kreslosunu doldurmur,
bəlkə də libas da ona yaxşı yaraşmır və
həmin şəxs özünün bütün şəxsiyyət
göstəricilərini təqdim edə bilmir... Özü
oxumaq imkanından məhrum olmuş nənəmin həmişə
“oxu”- deyə verdiyi nəsihətlər də həyatımda
böyük rol oynadı...
- Babalarınızdan gördüyünüz
olub?
- Bu, karyeramda ilk dəfə
qarşılaşdığım sualdır. Maraqlıdır
ki, elə bu günlərdə bir fikri öz içimdə
dolaşdırırdım ki, baba görməyən
övladlarda mütləq nəsə bir natamamlıq
özünü göstərməlidir. Babanın
özünəməxsus yeri olduğunu özümüz
övlad sahibi olanda daha aydın anlayırıq. Təəssüf ki, babalarımdan heç birini
görməmişəm. Onlardan biri II Cahan
savaşında, digəri isə mən erkən yaşlarda ikən
dünyadan köçüb...
- Allah baba-nənələrinizə rəhmət
eləsin. Bəs valideynlərinizdən həyatda olanı
varmı?
- Təəssüf ki, atamı 9-cu sinifdə oxuyarkən
kiçik bir əməliyyat ucbatından itirdik. Həmin gün məktəbə gedəndə o,
sağ-salamat idi, geri döndükdə həyətə
toplaşmış kənd sakinlərinin mənə zillənmiş
baxışları atamın yoxluğunun bir təzahürü
kimi yaddaşımdan silinmir. Valideyn itkisinin həqiqi
miqyasını insan çox sonralar dərk edir... Atam sadə, zəhmətkeş bir insan, bəzən
həddindən ziyadə sadəlöhv bir Allah adamı idi.
Əl qabarı ilə bizə kiçik, amma mənəvi
baxımdan çox isti bir yuva qurmuşdu. Ondan sonra
ocağımızın bütün yükü anamın
çiyinlərinə düşsə də, o fədakar
qadının biz övladların sonrakı həyatında əvəzsiz
rolu oldu... Və şükür ki, o,
sağ-salamatdır, bu gün də Gədəbəydə-
doğma kənddəki ata yurdumuzda ömür sürür.
- Allah ömür versin... Gədəbəy
- o büllur bulaqlar, zümrüd meşələr
yadınıza düşürmü? Gedib o yerləri,
ananızı ziyarət edirsinizmi?
- Belə sualları dinləyəndə
yenə nənəm yadıma düşür. Onlar
1950-ci ildə Basarkeçərdən deportasiya olunmuşdular.
Və həmişə deyərdi ki, o yerlərdən
ötrü burnumun ucu göynəyir. O dönəmlər
bunu obrazlı bir ifadə kimi qəbul edirdim. Amma
yaşa dolduqca insan doğulub-böyüdüyü yurdun nəinki
gözəlliklərinin, hətta
zığının-palçığının belə həsrətini
yaşayır. Etiraf edim ki, müntəzəm gedə
bilmirəm, Gədəbəyə məsafə də az deyil. İkincisi, işimizlə bağlı
hədsiz qayğılar, problemlər... Təxminən iki il öncə o yerlərə gedib anamı da
ziyarət etmişəm və kəndimizlə bağlı
günlərimi bir daha xatırlamışam...
-
1990-cı illərdə təhsil
aldığınız Azərbaycan Texniki Universitetində hərbi
kafedra olduğu üçün hərbi xidmətə getməmisiz.
Amma deyəsən, o “sbor” deyilən üç aylıq hərbi
toplantıda olmusuz?
- Bu gün də tərcümeyi-halımızda
kompromat axtaranlar bu nöqtədən də yararlanmağa
çalışırlar. Əlbəttə, bu
onların hüququdur. Amma faktdır ki, 1990-cı illərin
əvvəllərindəki rəsmi qaydalara görə hərbi
kafedralar olan ali məktəbləri bitirənlər
hərbi xidmətə çağırılmırdı. Və üç aylıq hərbi toplantıdan sonra
onlara rütbə verilirdi. Mən də bu
prosedurlardan lazımınca keçmişəm. Və
hazırda ehtiyatda olan zabitəm... Sonrakı illərdə də
aspirantura həyatım başlandı və o zaman bilirsiz ki,
27 yaşda artıq hərbi xidmətdən möhlət
hüququ verilirdi...
- Yəqin atıcı silahlarla davranmağı, avtomatı
söküb-yığmağı bacarırsız?
- Bəli, bunu o vaxtkı təlimlərdə
dəfələrlə etmişəm, bu gün də
bacarıram. Və eyni zamanda müxtəlif
xarici səfərlər zamanı bəzən gerçək
silahlardan atəş açmağa imkanlar da yaranır.
Təbii ki, parlamentin təhlükəsizlik komitəsinin
üzvünün hərbi silah, texnika və s. haqqında məlumatı
olmalıdır... Rusiyanın sabiq müdafiə naziri Sergey
İvanov bir dəfə özü haqqında demişdi ki, o,
“qaubitsa”nın (özüyeriyən
artilleriya qurğusu-S.) nə olduğunu bilmir. Amma bu və digər
hərbi məsələlərdən lazımi məlumatım
var...
- Deyəsən, doğma kəndiniz Alnabat da Ermənistanla
sərhəddə yaxındır?
- Bəli, hər zaman ermənilərlə
savaşın ağrı-acısını hiss etmişik,
Göyçə gölünün bir
addımlığındayıq...
- Deyəsən, xanımınızla
tələbə yoldaşı
olmusuz. O da sizin kimi əla oxuyurdu?
- Mən institutun 8 əlaçı tələbəsindən
biri kimi 5 il elmi şuranın üzvü
olmuşam. Bu baxımdan mənimlə rəqabət aparmaq
çox çətin idi...
- Zahid bəy, gününüz necə
başlayır, səhərlər tez
qalxırsınızmı?
- Hələ yeniyetməlik dövründən çox
yatmağa meyilli olmamışam.
Ən geci saat 7-də oyanır, dərhal
səhər gimnastikası və digər xoş motivasiya
yaradan təmrinlərlə məşğul oluram...Əvvəllər
sistematik olaraq qaçış, fitbol kimi idman növləri
ilə məşğul olardım. Amma son
illər işlərin çoxluğu baxımından bunlara
imkan olmur.
- Xörəklərə qarşı
çox vasvası
deyilsiz ki?
- Xüsusi komplekslərim yoxdur. Amma bir şərqli, qafqazlı kimi öz xörəklərimizə
daha çox üstünlük verirəm. Bir
müddət vegeterian olmaq, yəni ətdən uzaq olmağa
çalışdım. Lakin görünür,
insanın əvvəlki fizioloji yapısı nədirsə,
ona qayıtmağa məcburdur... Xüsusi özəlliklə
sevdiyim xörək plovdur. Və nə
yaxşı ki, Azərbaycanda onun 90-a qədər növü
var. Eyni zamanda məqbul saymadığım təamlar da var. Bəzən
bu baxımdan xarici səfərlərdə də əziyyət
çəkirəm.
- Bəlkə özbək plovunu da
xoşlayırsız. Axı parlamentdəki işinizlə
bağlı Özbəkistanda çox olursuz?
- Əlbəttə, Özbəkistanla
dostluq qrupunun üzvü kimi səfərlərim zamanı bu
qardaş ölkənin mətbəxi ilə də
tanışlıq imkanlarımız olur. Onların plov reseptləri həm tərkib, həm də
hazırlanma qaydalarına görə bizimkindən seçilir.
- Eşitdiyimə görə,
spirtli içkidən uzaqsınız?
- Heç zaman hansısa spirtli içkiyə xüsusi
bağlılığım və
alışqanlığım olmayıb. Açığı,
bunun heç səbəblərini də bilmirəm. Görünür, bu ya mənəvi –psixoloji
baxımdan belədir. Həm də yəqin,
çevrədəkilərin bu alışqanlıqlar
ucbatından yaşadıqlarından, bəzən nakam
ömürlərindən nəticə
çıxarmışam. Son bir neçə
ildə yaxın çevrə adamları üçün hətta
gözəl bir şirə ilə də yaxşı söz,
sağlıq məclisi də təşkil etməyə
alışırıq. Görünür, bu da
mümkünmüş... Amma spirtli içkiyə
xoş münasibəti də məqbul sayıram və buna
xüsusi dini bir yanaşmam da yoxdur.
- Ekoloji təmizliyi və s. baxımından Gədəbəydən
süd-qatıq, ət məhsulları və s. gətirtdirirsinizmi?
- Görünür, vəzifəmizdən,
imkanımızan asılı olmayaraq bu, bizim güzəranımızın
bir atributudur ki, gözümüz həmişə rayon,
xüsusilə, dağ yerindən nəsə gözləyir. Bəli,
kənddən su da gətizdiririk, hətta Gədəbəyin
məhsullarının brendi sayılan kartofundan da... Amma indi şəhərlə kəndin fərqləri
o qədər silinib ki, artıq Bakıda da mal-qara saxlayanlardan
təmiz süd-qatıq əldə etmək olur.
- Bir söhbətinizdə demisiz ki, qızımla bağlı içimdə
başqa bir aləm var, ondan başqa hər şey siyasidir. Bu
baxışınız digər ailə üzvlərinizin
qısqanclığına səbəb olmur ki?
- Hər kəs səmimi olmalıdır. Qızım haqqında içimdən gələnləri
söyləmişəm. Kimsə məni
bu fikrimdən daşınmağa vadar edərsə, bu da
doğru olmaz. Peyğəmbərimiz də
qız övladları haqqında çox dəyərli fikirlər
səsləndrib və qərarlar verib. Odur
ki, mənim bir ata kimi mövqeyim kimlərdəsə, hətta
doğmalarda belə qısqanclıq yaratmamalıdır.
- Sirr deyilsə, oğlunuz haqqında da qısa məlumat verin.
- (Gülür) O, artıq 17
yaşındadır. Xarici
ölkə universitetlərindən birinə hazırlıq mərhələsini
keçir. Hər iki övladım özləri-özlərinə
kölgə salaraq, yəni keçmişdəki o “mama
uşağı” prinsiplərindən uzaq, müstəqil həyat
qurmağa çalışırlar...
- Bir formulunuz xoşuma gəldi: “Deputat fiziki çəkisini
yox, mənəvi-siyasi çəkisini artırmalıdır”.
Bu, ağır çəkili deputat həmkarlarınızın
xətrinə dəymir ki?
- Doğrusu, heç kimin naturası ilə işim
yoxdur. Və Allah yaxşı ki, hər kəsi
fərqli görünüşdə yaradıb. Bunu hələ
2000-ci il seçkiləri ərəfəsində
demişdim. Bu elə özümün yaşam
formulamdır. Və həqiqətən də
sonradan qazanılmış köklük haram yeməyin
göstərsicisidirmi? Yoxsa insanın adi
yaşayış tərzinin nəticəsidir? Vəzifədə insan ətə-qana gəlirsə,
burada bir qeyri-adiliklər axtaraqmı? Bu,
çox ziddiyyətli və mücərrəd qiymətləndirmə
olardı. Amma o da var ki, mənəvi və
siyasi çəkisini artırmayan, öz üzərinə tələblər
qoymayan şəxslər cəmiyyət üçün də
maraqsız olar. Çox sevdiyim bir fikir var: bir gün
oxumursansa, bunu mütləq özün bilirsən, iki gün
oxumursansa, yaxınların, üç gün oxumursansa,
artıq hamı bilir...
- Zahid bəy, yadımdan çıxmamış, fevralın
1-i doğum gününüzdür, öncədən təbrik
edir, cansağlığı, uğurlar diləyirik... Yəqin
bir tədbir-filan planlaşdırırsız?
- Diqqətinizə görə təşəkkür
edirəm. İctimai-siyasi fəaliyyətlə məşğul
olan bir insanın həyat hadisəsinin media nümayəndələri
tərəfindən də həssaslıqla
qarşılanması fərəhləndirici bir haldır.
Bu həm də o deməkdir ki, tərcümeyi-halımız,
fəaliyyətimiz izlənilir. Bu bizi daha
da məsuliyyətli olmağa sövq edir. Və
məncə, doğum günü keçirilməlidir. Çünki bu, insanın yalnız özü və
çevrəsi üçün bu günədək
yaşadıqlarının bir hesabatı deyil, həm də
Yaradanına şükranlıq əlamətidir. Mən də öz doğum günümü
çox sakit, normal bir düzəndə və dar bir çərçivədə
- yaxınlarımla qeyd edəcəm.
- İbadətə, namaza
necə yanaşırsız?
- Müsbət yanaşıram.
Həqiqi inanc sahiblərinə,
dinimizdən inkişaf,
tərəqqi mənbəyi
kimi yararlananlara çox böyük hörmətim var, onları xalqımızın
sərvəti hesab edirəm. Amma dini yalnız
yas mərasimi atributu kimi qəbul
etməyin, fanatizm, gerizəkalılıq, radikallığın
da əleyhinəyəm.
Özüm ibadətlə məşğul
deyiləm. Ancaq yaxın qohumlardan da namaz əhli
olanlar var. Özüm
də inanclıyam, içərimdə Allaha bağlılığım var. Bununla yanaşı, hətta ateistlərlə
normal şəkildə ünsiyyət
qurmaq, polemikalar qurmaq imkanım da mövcuddur.
- Zahid bəy, siz bu gün
millətin vəkili kimi seçicilərinizin hüquqlarını bacardığınız
qədər qoruyursuz.
Bəs Allahın Qurani-Kərimdə vəd
etdiyi Axirət günündə hər hansı bir günahınıza, xətanıza
bəraət qazandırmaq
üçün özünüzün
vəkilə ehtiyacınız
olmayacaq ki?
- Çox gözəl
sualdır. Deputat olduğum dövrdə əgər dəfələrlə
təmsil elədiyim bölgəyə getmişəmsə,
o imam camaatı sayılan
Bərdə əhli ilə saysız-hesabsız
görüşlərə qatılmışamsa, onların
müxtəlif ağrılarının
yükünü daşımışamsa,
buna görə daxili bir rahatlığım
var. Bir dəfə Bərdə qəsəbələrdən
birinə qaz xəttinin açılışı
zamanı bir ağsaqqal yaxınlaşıb
çox maraqlı söz dedi. Buyurdu ki, ay oğul, xəbərin varmı ki, sənin qaz çəkdirdiyin filan kənddə bu qış ölənlərin, xüsusən
soyuğuna davam gətirməyən yaşlıların
ölüm sayı azalıb. Bu gün Bərdənin quruculuğunun tamam yeni bir mərhələyə
qədəm qoymasında
prezidentimizin tədbirləri
çərçivısndə bir ötürücü rolunu oynamışıqsa,
yəqin ki, bu əməllərimiz dediyiniz o gün də dadımıza çatacaq. Amma o dünya
reallığında insanın
mühakimə şərtlərinin
necə olacağını,
vəkil tutmağa ehtiyac olub-olmayacağını
deyə bilmərəm.
Bu gün isə
xalqımın vəkili
olduğum üçün
özümü xoşbəxt
sanıram.
Sultan Laçın
Həftə
içi.- 2014.- 31 yanvar.- S.3.