«Bir kərə yüksələn
bayraq bir daha enməz»
Türk
milləti Məhəmməd Əmin Rəsulzadəni
böyük ehtiramla xatırlayır
Sabah Azərbaycan Demokratik Cümhuriyyətinin
banisi Məhəmməd Əmin Rəsulzadənin anadan
olmasının 130 ili tamam olacaq. Bu münasibətlə
prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın
hər yerində, eləcə də xarici ölkələrdə
genişmiqyaslı anım tədbirləri düzənlənəcək.
Yeri gəlmişkən, bu məqsədlə
yanvarın 31-də Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə
paytaxtın İstiqlaliyyət küçəsində
ucaldılmış abidənin önündə mərasim təşkil
olunacaq, sonra isə Akademik Milli Dram Teatrında Rəsulzadənin
130 illik yubileyinə həsr olunmuş təntənəli gecə
keçiriləcək.
Mədəniyyət və
Turizm Nazirliyinin xəbərinə görə, M.Ə.Rəsulzadənin
məzarının ziyarəti və yubiley tədbirində
iştirak məqsədilə mədəniyyət və turizm
nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə
nümayəndə heyəti Türkiyəyə səfər
edib.
Yeri gəlmişkən,
bəs mərhum siyasətçinin dəfn olunduğu
qardaş Türkiyədə 130 illik anım tədbirlərinə
necə hazırlaşıblar və ümumiyyətlə,
qardaş türk xalqı bu şəxs barəsində nə
bilirlər? Millətçi Hərəkat Partiyasının
(MHP) Cankaya rayon şöbəsinin sədr müavini Şevki
Günəş «Həftə içi»nə müsahibəsində
bildirdi ki, onlar, xüsusilə də türk millətçilər
Rəsulzadəni yaxşı tanıyırlar. O, hətta Rəsulzadənin
kim olduğunu tarixi faktlarla xatırlatmağa başladı.
Dedi ki, onlar Rəsulzadəni 1918-ci ildə Azərbaycanda ilk
demokratik cümhuriyyətin qurucusu və bu ölkənin
yaşaması, inkişafı uğrunda mübarizə
aparmış siyasət adamı və yazıçı kimi
qəbul edirlər: «Biz yaxşı bilirik ki, o, 1884-cü ildə
Bakıda doğulub. 1903–1904-cü illərdə
özünün qurduğu Azərbaycanlı Gənc
İnqilabçılar Komitəsinin başında dayanıb,
Rusiya-Yaponiya müharibəsindən sonra çar
Rusiyasını zəiflədiyini görüb Azərbaycanda
azadlıq mübarizəsini genişləndirib. O,
ziyalıları, milli ruhlu şəxsləri bir araya gətirərək
Azərbaycanın müstəqil dövlət olması fikrini
formalaşdırdı…».
Maraqlıdır,
türk millətçilər kimi ictimaiyyətin digər sahələrinin
nümayəndələri də Rəsulzadə barəsində
məlumatlıdırmı? Axı bu şəxsin məzarı
məhz Türkiyənin paytaxtındadır. Müsahibimiz
bildirdi ki, bəli, ölkəsində çoxları Azərbaycanda
ilk demokratik cümhuriyyətin yaradıcısı olan Rəsulzadə
Bakıda doğulsa da, Ankarada torpağa
tapşırıldığını yaxşı bilir: «Rəsulzadənin
qəbri Ankaradakı Cebəci məzarlığındadır.
Türk millətçilər onu heç vaxt unutmayacaqlar. Bu
gün Məhəmməd Əmin Türkiyədə «Bir kərə
yüksələn bayraq bir daha enməz» şüarıyla
çoxlarının hafizəsinə həkk olunub. Tarixlərə
fikir verin: 1918-ci ildə Azərbaycanda Cumhuriyyət quran Rəsulzadə
1947-ci ildə Türkiyəyə gələrək 1949-cu ildə
Azərbaycan Kültür Dərnəyini qurub. 1955-ci il
martın 6-da isə Ankarada həyatla vidalaşır və elə
burada da torpağa tapşırılır».
Azərbaycanın hər
yerində uşaqdan böyüyə kimdən Mustafa Kamal
Atatürkü soruşsalar, cavab veriləcək.
Maraqlıdır, Rəsulzadə haqqında türk məktəblilər
nə isə bilirlərmi? Ö.Günəş bütün
türkiyəli millətçilər adından dedi ki, onlar Rəsulzadə
haqqında məlumatların hətta türk məktəblərində
şagirdlərə tədris olunmasını istərdilər.
Amma təəssüf ki, millətçi ruhlu hökumət
hakimiyyətə gəlmədiyindən bu gün həmin ideya
reallaşmır. Buna baxmayaraq, o dedi ki, hazırda bir sıra məktəblər
Rəsulzadənin adını daşıyır. Eləcə
də tarixin ən məşhur türk siyasətçilərinin
sırasında Məhəmməd Əmin Rəsulzadənin də
adı var.
Müsahimiz Rəsulzadənin
130 illik anım günündə ölkəsində
keçiriləcək tədbirlərə də toxundu. Dedi
ki, Türkiyənin hər yerində bu müstəvidə təşkilatlar
səviyyəsində tədbirlər təşkil olunacaq: «Mən
və Ankara bələdiyyə sədrliyinə namizədimiz
sabah hamı kimi Rəsulzadənin məzarını ziyarət
edəcəyik, sonra da təşkil edilən toplantılara
qatılacağıq. Xüsusilə də universitetlərdə
elmi konfranslar keçiriləcək, məruzələr dinləniləcək.
Bundan əlavə, sosial mediada da çıxışlar nəzərdə
tutulur. Tarixdə ilk türk cümhuriyyətinin – Azərbaycan
Demokratik Cümhuriyyətinin qurucususu və ilk rəhbəri
olan Məhəmməd Əmin Rəsulzadə hər zaman
ürəklərdə yaşayacaq».
İraq türkmənləri
də bu görkəmli şəxsiyyətlə fəxr etməkdədir.
Dünən qəzetimizə fikirlərini bölüşən
Türkməneli Partiyasının sədri Riyaz Sarıkahya
bildirdi ki, onlar türk millətçisi olaraq millətin dahi
şəxsiyyətlərini həmişə ehtiramla
anırlar: «Mən də bir türkçü olaraq rəhmətlik
Rəsulzadə barəsində çox oxumuşam, onunla
bağlı hər bir məlumatı öyrənməyə
çalışıram. Rəsulzadə
türkçülük uğrunda mübarizə aparıb,
böyük işlər görüb. O, Azərbaycana müstəqilliyi
və türklük ruhunu gətirib. Bütün türk
dünyası onun bu əməyindən yararlanıb. Türk
milləti olaraq böyük liderimiz rəsulzadəni rəhmətlə
xatırlayırıq, onunla qürur duyuruq. Onun öz
sözü ilə ehtiramımı bildirirəm: bir kərə
yüksələn bayraq bir daha enməz».
Vüsal Tağıbəyli
Həftə
içi.- 2014.- 31 yanvar.- S.2.