Babaların vətənpərvərlik məfkurəsi

Alman faşizmi üzərində qələbənin 70-ci ildönümü ərəfəsində

"Müqavimət nə qədər güclü olsa, qələbə o qədər parlaq və şərəfli olar".

Vilyam Şekspir,

ingilis şairi və dramaturqu

"Bugünkü müharibədə toplar, tüfənglər deyil, hər məmləkətin ədəbiyyat və fəlsəfəsi ilə bəslənən beyinlər də ayrıca haizihəmiyyətdir."

Hüseyn Cavid,

Azərbaycan şairi və dramaturqu

Bəşəriyyətin fəlakətinə çevrilmiş qəsbkar faşist Almaniyası üzərində tarixi qələbənin 70-ci ildönümü yaxınlaşmaqdadır. Böyük qanlar və itkilər hesabına qazanılan bu qələbə təbii ki, adi qələbə deyildi.Bu, dünyanın yüzlərlə xalqının,Yer kürəsinin milyonlarla insanının eyni arzularını,eyni məqsədini birləşdirib onu bəşəri həmrəyliyə çevirən bir amal idi.Bu qələbə irqindən, dinindən, dərisinin rəngindən, şimalda, cənubda, qərbdə, şərqdə, istidə, soyuqda yaşamasından asılı olmayaraq, neçə-neçə millət övladının babalarının, nənələrinin bugünkü nəvələrə, gələcək nəsillərə yadigar qoyduğu əsl səadət qələbəsi idi.

Bu səadət qələbəsi naminə bizim babalarımız da həyatından, canından, qanından keçdi. Azərbaycan cəbhəyə etibarlı arxa, hər an ən gərgin mübarizəyə, ən qanlı döyüşlərə hazır olan əzəmətli varlıq oldu.Gecə-gündüz işlədi, çalışdı. Ölüm-dirim savaşında cəbhədən heç bir sərvətini əsirgəmədi. Bakı nefti Qələbənin qarantına çevrildi.

Xalqları qul etmək planlarını həyata keçirməyə hazırlaşarkən faşistlər bu çirkin planı irq nəzəriyyəsi ilə pərdələyirdilər. Alman mətbuatı, radio və televiziyası, Hitlerin bütün çıxışları geniş kütləni bəşəriyyətin "yüksək" və "alçaq" irqlərdən əmələ gəlməsinə inandırmağa çalışırdı. Faşist ideoloqlarından Quonter və Leptsin yazdıqlarına görə, guya alman faşistləri insanın bütün kamil ruhi və fiziki xüsusiyyətlərini özündə birləşdirən tam qiymətli insanlar idi, buna görə də bütün digər xalqlar onlara tabe və onların hüquqsuz qulu olmalıydı. Hitlerin və onun qaniçənlərinin az qala qanun kitabına çevrilən " Mənim mübarizəm" adlı kitabında yazılmışdı: "Hər bir vasitə ilə almanların bütün dünyanı fəth etmələrinə nail olmaq lazımdır."

Hitlerçi Eybl "Müasir düşüncə" kitabında etiraf edirdi ki, faşist istilasının yolu Yaxın Şərqdən keçir. Faşist siyasəti məqsədyönlü vəzifələri ilə buna yaxınlaşır".

Özlərini ən yüksək irqin nümayəndələri hesab edən hitlerçilər açıq-aydın və qətiyyətlə bildirirdilər ki, zəbt edilmiş ölkələrin əhalisini qırmaq lazımdır. Tələb edirdilər ki, faşistlərə ilk əvvəl Ukrayna və Qafqaz verilməlidir. Faşist Paulun dediyi kimi, burada yeni tipli müstəmləkə insanı yaradılmalı idi. Odur ki, bütün canlı və texniki qüvvələr, ordu bu məqsəd yolunda səfərbər edilib təlimatlanmışdı.

Faşizm militarizm üzərində qələbə naminə Azərbaycan öz xidmətini hələ İkinci Dünya müharibəsində əsirgəməmişdi. Yurdumuzun igid oğul və qızları 1939-cu ilin payızında sovet-fin müharibəsi cəbhəsinə yola düşüb əzmkarlıqla vuruşmuşdular. Əsrlər boyu olduğu kimi, Azərbaycan bu dəfə də iri dövlətlərin strateji planlarında mühüm yer tuturdu.

Qafqaza xüsusi maraq göstərən ABŞ və Böyük Britaniyanın "Velvet" planında Azərbaycanı öz nüfuz dairələrinə çevirmələri göstərilirdi. Almaniya Bakı neftini ələ keçirməklə, şərqə - İran körfəzinə və Hind okeanına hərəkət etmək niyyətində idi. Adolf Hitlerin tapşırığına əsasən Bakının sənaye və hərbi əhəmiyyətli obyektlərinin dəqiq xəritəsi hazırlanmışdı."Edelveys " adlanan Qafqaza hücum planında Bakının zəbt edilməsinin konkret vaxtı qeyd olunmuşdu.

1941-ci il iyunun 22-də Sovet İttifaqının alman faşizminə qarşı Böyük Vətən müharibəsi başlanandan bir gün sonra, Amerika Hərbi Dəniz Donanmasının katibi Frenk Noks ABŞ prezidenti Franklin Ruzveltə yazmışdı: " Rusiyanın ( yəni keçmiş SSRİ-nin) işini bitirmək üçün Hitlerə cəmi altı həftədən iki aya qədər vaxt tələb olunacaq."

Əlbəttə, həmin vaxtlar kənardan müşahidəçi kimi baxanlara siyasi proqnozlar vermək, irəli gedib canını, qanını verənlərdən qat-qat asan idi.Lakin onu da unutmaq olmazdı ki, bu vuruş və mübarizə faşizm və faşist Almaniyası kimi kifayət qədər əhəmiyyətli və qəddar düşmənə qarşı idi.

Azərbaycan bu mübarizəyə fədakarcasına qoşuldu. Bütün ziyalıların, o cümlədən yaradıcı insanların fəaliyyəti faşizm üzərində qələbəyə yönəldi. Cəbhəyə,döyüş meydanlarına 700 min nəfərə yaxın vətəndaşımız yola düşdü.

Fəhlə qulluqçular üçün iş günü 11-12 saata qaldırıldı. Məzuniyyətlər ləvğ olundu. Orduya səfərbər edilmiş işçilərin yerinə qadınlar və yeniyetmələr cəlb edildi. Azərbaycanlılardan ibarət 77-ci, 223-cü, 271-ci, 402-ci, 416-cı diviziyalar yaradılıb formalaşdırıldı. 227-ci və 396-cı diviziyaların tərkibində azərbaycanlılar çoxluq təşkil etdi.

Azərbaycan oğulları faşizmə nasizmə qarşı partizan və müqavimət hərəkatında canlarını əsirgəmədilər. Respublikamızı təmsil edən cəsurlar müharibədə şücaətlə döyüşdülər, ad-san qazandılar. Qələbəyə gedən yollarsa uzun və dəhşətli idi. Müharibə fəlakətlərinə mərdliklə qatlaşmaq xüsusilə Azərbaycan övladlarından son dərəcə məsuliyyət və ayıq-sayıqlıq tələb edirdi. Çünki...Çünki hədəf Bakı idi. Bizim doğma Bakımız.

Böyük Vətən müharibəsinin 70 yaşı tamam olacaq bu möhtəşəm qələbəsi yolunda Azərbaycan saysız-hesabsız işlər gördü, xidmətlər göstərdi. Respublikamız bütün cahana əsl nümunə oldu. Azad, müstəqil yurdumuz elə bir məsələdə də bu gün qürurverici nümunədir.

İndi dünyanın müasir xəritəsində elə bir məmləkət, diyar, ölkə yoxdur ki, onun Birinci Vətəndaşı və Birinci Xanımının babaları qədər bu ümumbəşəri savaş meydanında milyonları faşizmin qanlı caynaqlarından xilas etmək yolunda, Azadlıq, Qələbə və Sülh naminə əvəzolunmaz töhfələrini bəxş etsin. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin babası Əziz Məmmədkərim oğlu Əliyev və Prezidentimizin sevimli ömür-gün yoldaşı Mehriban xanım Əliyevanın babası Mir Cəlal Paşayev qədər.

Hər iki Babanın vətənpərvərlik məfkurəsi zəngin irs olaraq müasir nəsillər üçün də çox qiymətlidir. Bu, şanlı tarixdir, bu faktdır,bu reallıqdır və gəlin üzümüzü bir daha bu ədalətli tarixdə yaşayan həqiqətlərə çevirək.

Böyük ərəb filosofu Əbu Turxan deyirdi ki, fəlsəfə- ümumbəşəri ruhun milli ifadəsidir. Həyat fəlsəfəsinə gedən ən geniş yol ədəbiyyatdan keçir. İspanəsilli Amerika yazıçı və filosofu Corc Santayana ədəbiyyatın vəzifəsindən bəhs edəndə yazırdı: "Ədəbiyyatın vəzifəsi hadisələri ideyaya çevirməkdir." Doğru fikirdir. Hər kəsə məlumdur ki, dünya tarixində ən böyük hünər və qəhrəmanlıqlar Vətən naminə edilib. Ədəbiyyat adamlarının qələmi bu hünər və qəhrəmanlıqlar meydanında güclü meyara çevrilib. Çünki həyatın ən böyük silahı olan Söz, insan qüdrətinin hər zaman nəhəng sərkərdəsi olub. Elə buna görə də ədəbiyyatı insanşünaslıq adlandıranlar yanılmırlar.

Müharibə başlananda Azərbaycanda böyük söz sahiblərindən, insanşünaslığı yaradanlardan biri olan Mir Cəlal Paşayevin də qələmi məğrur və döyüşkən bir silaha çevrildi. Yaradıcılığında yeni səhifələr açıldı. Həmin illərdə onun yazdığı bütün əsərləri xalqı alman faşizminə qarşı səfərbər edən və qələbəyə ruhlandıran əsil vətənpərvərlik nümunələri idi. Yazıçı müharibə illərində ana və bacıların iztirablı günlərini, onların sədaqət və səbrini öz əsərlərində məharətlə təcəssüm etdirirdi. Deyirlər, yazıçının ürəyi Vətən üçün, xalq üçün alışıb yanmasa, o, həmvətənlərinə haqq və həqiqət yolunu göstərə bilməz. Doğrudan da yazıçı dünyaya yaşamaq üçün deyil, özünü yandırıb başqalarını yaşatmaq üçün gəlir, cəmiyyətin dərdini, xalqının yaşadığı ağır vəziyyəti öz şəxsi dərdi kimi qəlbində daşıyır.Məhz Mir Cəlal Paşayev kimi.

Böyük fikri adi, sadə və hədəfə toxunan sözlərlə ifadə etmək əsl siyasi lirikanın ədəbi qaydalarıdır. Aydın, səmimi və təbii yazmaq Mir Cəlalın əsas yaradıcılıq prinsipləri idi. Mir Cəlal müəllim bütün qəlbi ilə xalqa bağlı yazıçı idi. O,həmişə xalqın mənafeyinə xidmət edən ədəbiyyatdan, yazıçıdan yazır, ədəbiyyatımızın böyük ənənələrinə sadiq olan sənətə maraq göstərir, müasir ideyalı ədəbiyyat uğrunda mübarizə aparırdı. Onun əsərlərində xalqımızın nəcib ruhu indi də duyulmaqdadır. Mir Cəlalın qəhrəmanları həyatın müxtəlif sahələrindən götürülmüş sadə insanlar idi. O, bu adamların sevincini, kədərini, arzu və xəyallarını həmişə həssas bir sənətkar ürəyi ilə duyub əks etdirirdi. O, heç bir zaman oxucunu heyrətləndirən mürəkkəb süjetlər qurmağa cəhd etmir, fövqəladə əhvalatlar quraşdırmır, həyatın müəyyən bir parçasını qələmə alaraq, canlı və aydın bir dil ilə təsvir edirdi. Onu da deyim ki, insanın kədərini, sevincini yalnız həqiqi istedad sahibi olan yazıçı düzgün duyub təsvir edə bilərdi.

Mir Cəlal Paşayev əsərlərində daha çox böyük siyasi əhəmiyyəti olan gündəlik aktual məsələlərdən bəhs edirdi. Yaradıcılığının bir xüsusiyyəti də günün zahirdə xırda görünən hadisələrində böyük həqiqətləri görə bilməsi idi.O, xalqının qurub-yaratmaq qabiliyyətindən bəhs etdiyi zaman öz qəhrəmanlarından birinin dili ilə deyirdi : " Yaratmaq azdır. Yaratmaqla Vətən vəzifəsi bitməyir. Bu müqəddəs Vətənin hər bir qarış torpağını qorumağı bacarmalıyam."

Mir Cəlal həmişə müstəsnalıqdan, təmtəraq və uydurmadan sağınaraq, mümkün olduqca təbii, adi hadisələri qələmə alırdı.Bu da onun əsərlərinin həyatla yaxından səsləşməsini təmin edən bir keyfiyyət kimi üzə çıxırdı. Ədib özü bir dəfə belə bir maraqlı əhvalat danışmışdı: "Müharibənin ağır günlərində respublikamızın kəndlərindən bir nəfər qoca kişi yanıma gələrək mənə dedi ki, sən mənim oğlumu yaxşı tanıyırsan, çox təvəqqe edirəm, onun indi harada olduğunu, nə etdiyini öz dilinlə mənə danışasan. Mən çox and-aman elədim ki, əmi, sizin oğlunuzu mən haradan tanıya bilərəm, mən birdən-ikidən sizi, yaxud oğlunuzu görmüşəmmi? Onda qoca qoltuq cibindən qat kəsilmiş, oxunmaqdan sürtülmüş, bəzi yerlərinin yazısı getmiş bir qəzet çıxararaq dedi: Budur, burada yazıbsan ki!

Mən işin yerdə olduğunu anlayaraq, qocaya ürək-dirək verib yola saldım. Doğrudan da həmin qəzetdə mənim cəbhə həyatından bəhs edən bir hekayəm dərc olunmuşdu. Orada təsvir olunan gənc döyüşçünü qoca öz oğlu bilmişdi ".

Böyük Vətən müharibəsinin ilk illərində Bakının el dilində desək, az qala iki addımlığında olan Dağıstanın müdafiəsi ilə bağlı son dərəcə ağır problemlər Moskvanı ciddi narahat edirdi. Almanlar Şimali Qafqazı zəbt və darmadağın etmiş, Dağıstanın girəcəyinə yaxınlaşmışdılar. 1942-ci ildə faşistlər artıq Qafqaz torpağında, Mineralnıye Vodıda azğınlıq edirdilər. Reyxin alpinistləri Elbrus dağının zirvəsinə üzərində faşist nişanı olan bayraq sancmışdılar. Bütün dünya Orcenikidze yaxınlığında baş vermiş tank döyüşünün şahidi olmuşdu.Qroznı bombalanır, Xasavyurd od tutub yanırdı. Mahaçqalanın müdafiə xətlərinə alman təyyarələri amansız hücumlar edirdi. Həmin təyyarələrin üzərində bu sözlər yazılmışdı:" Fürerin məğlubedilməz qoşunu tezliklə Mahaçqalada olacaq. Alman qoşunları sizə çörək və iş verəcəklər."

Dağıstan bomboş idi. Vahiməyə düşənlər, evlərini tərk etmiş kişilər,qadınlar, yaşlılar, qocalar, cavanlar canlarını faşist işgəncələrindən qurtarmaq üçün dağlara pənah aparmışdılar. Məmurların Dağıstanı xilas etmək gücü tükənmişdi. Yol verdiyi ciddi nöqsanlara görə Dağıstan rəhbəri Nikolay Linkun vəzifəsindən uzaqlaşdırılmışdı. Stalin həyəcan və təşviş içində idi.Əslində Dağıstan alman faşizmi üçün elə bir güclü hədəf deyildi.Məqsəd Bakı idi. Dünyanı heyrətə gətirən Bakı nefti və neft Bakısı.

etməli? Vəziyyətdən necə çıxış yolu tapmalı? Dağıstanın müdafiəsini kimə etibar etməli? Bu sualların cavabını axtararkən Moskvada Əziz Əliyevin üzərində dayanmışdılar. Böyük alim, siyasi və dövlət xadimi, yüksək bacarıq və təşkilatçılıq qabiliyyəti olan işgüzar , zəhmətkeş ziyalı və heç zaman Dağıstanda yaşamayıb, respublikanın hərtərəfli ab-havasına yaxşı bələd olmayan Əziz Məmmədkərim oğlu Əliyevin.

Stalin haqlı qərar vermişdi.İşə ciddi münasibət, geniş məlumat və dərin bilik, irəli sürülən məsələlərdən məharətlə baş açmaq istedadı Əziz Əliyevə işlədiyi bütün sahələrdə kollektivin, geniş kütlələrin hörmət və məhəbətini qazandırmışdı. Azərbaycanda tibb elminin, səhiyyənin inkişafında misilsiz xidmətlər göstərib, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi vəzifəsinədək yüksələn Əziz Əliyevin Kremldə böyük nüfuzu vardı.

1941-ci ilin avqustunda Zaqafqaziya Hərbi Dairəsinin qoşun hissəsi Sovet-İran razılığına əsasən İranda faşist agenturasının qarşısını almaq və özünümüdafiə məqsədi ilə İran sərhəddini keçib Təbrizə daxil olmuşdu.Ordu Hərbi Şurasının üzvü polkovnik Əziz Əliyev orduya siyasi rəhbər təyin olunmuşdu.Onun bilavasitə iştirakı ilə Cənubi Azərbaycanda strateji planların məqsədyönlü şəkildə həyata keçirilməsi yolunda xeyli işlərdə uğurlar qazanılmışdı.

Həmin vaxtlar Təbrizdə, Urmiyada, Ərdəbildə, Mərənddə, Zəncanda və digər şəhərlərdə geniş mədəni-maarif işləri aparılırdı. "Vətən uğrunda" qəzetinin redaksiyasında Azərbaycan mədəniyyəti, ədəbiyyatı və jurnalistikasının Süleyman Rüstəm, Osman Sarıvəlli,Qılman Musayev, Ənvər Məmmədxanlı, İsrafil Nəzərov, Əhəd Bağırzadə, Qulam Məmmədli, Mehdixan Vəkilov, Cabbar Məcnunbəyov kimi görkəmli nümayəndələri səylə çalışırdı. Özü böyük mənəviyyat sahibi, 45-ə qədər dərslik və elmi kitabların müəllifi olmuş, eyni vaxtda iki ali məktəbə-Azərbaycan Dövlət Universiteti və Tibb İnstitutuna rəhbərlik etmiş, nəhəng kadr və mütəxəssislər ordusu yaratmış Əziz Əliyev, bu əzmkar yaradıcı insanların fəaliyyətini, çoxmilyonluların mübarizəsində ədəbiyyatın rolunu yüksək qiymətləndirirdi.

O illərdə böyük zəhmətə qatlaşan Mir Cəlal Paşayev də tez-tez " Vətən uğrunda" da çıxışlar edir, müharibə mövzusunda, insanları böyük qələbəyə hazırlamaq istiqamətində aravermədən sanballı əsərlər yazırdı. Bir-birinə hörmətlə yanaşan və səmimi münasibətləri olan iki məsləkdaş insan- Əziz Əliyev və Mir Cəlal Paşayevsə haradan biləydilər ki, uzun illərdən sonra onların nəvələri İlham və Mehriban bir-birini sevib xoşbəxt ailə quracaq, Vətən, onun azadlığı,işıqlı sabahı naminə böyük zəhmətləri olan hər iki Babanın arzuları bu nəvələrin əməllərində çiçəklənib əbədi yaşayacaqdır...

...İndi stalinqarışıq bütün Sovetlər birliyinin taleyi Əziz Əliyevdən keçirdi. Onun həyatında ən ağır, ən çətin, ən məsuliyyətli, bəşəriyyət üçünsə ən həlledici məqamlar başlanırdı. Bəli, məhz məqamlar! Çünki doğrudan da bəşəriyyətin taleyi anlardan, saniyələrdən, dəqiqələrdən və necə deyərlər, bir tükdən asılı idi. Hitlerin Bakını zəbtetmə planındakı 25 sentyabr, 1942-ci il tarixinə cəmi doqquzca gün qalmışdı.Əziz Əliyev həmin ilin 16 sentyabrında dərdlər məkanı olan Dağıstanın Birinci şəxsi təyin olunmuşdu.

Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi və Mahaçqala Müdafiə Komitəsinin sədri Əziz Əliyev Dağıstanda yaşayan xalqların həyat tərzinə, xarakterinə, adət-ənənələrinə, milli məfkurəsinə, spesifik xüsusiyyətlərinə mütaliələrindən bələd idi. Odur ki,ən ucqar dağ aullarına qədər gedib çıxır, camaatı, kəndliləri yığıb vəziyyəti onlara başa salırdı. Onun tapşırığı ilə mövcud durumu aydın dərk edən ağsaqqallar, əhali arasında sözükeçən nüfuzlu adamlar ayrı-ayrı yaşayış məntəqələrində olur,insanlarla görüşür, işin nə yerdə olduğunu şərh edir, adamlara ciddi tövsiyyələr və məsləhətlər verirdilər.

1942-ci ilin oktyabrın 28-də Əziz Əliyevin rəhbərliyi ilə keçirilən toplantıda " Bütün qocalara, Dağıstanın qadın və kişilərinə" müraciət qəbul olunmuşdu.Həmin müraciətlə Əziz Əliyev toplantı iştirakçılarına üzünü tutub demişdi: "...Qafqazın başı qarlı zirvələrinin üstünü ağır, qara buludlar almışdır. Azğın və amansız düşmənlərimiz olan alman faşistləri çiçəklənən vadilərimizə və dağlarımıza soxulmuşlar.Kuban və Terek çayları qana boyanmışdır. Çərkəzin,Kabarda-Balkarın, Çeçen- İnquşun təhqir olunmuş qızlarının acı naləsi dağlarda əks-səda verir.Biz almanlara əsir düşmüş dağlı qardaşlarımızın ürək parçalayan fəryadını eşidirik. Hitler bütün Qafqazı ələ keçirmək, azadlıqsevər dağlıları öz quluna çevirmək, bizi sevinc və xoşbəxtlikdən məhrum etmək istəyir. Hiyləgər tülkü kimi Hitler qafqazlıları aldatmaq istəyir...

Qocalar da, qadınlar da, uşaqlar da əsgər olmalıdır, əgər xalq bir-birinə qovuşaraq mehriban olarsa,onu məğlub etmək olmaz. Dədə-babalarımızdan qalma əski adətlərin tələbinə görə belə ağır saatlarda biz Vətənə sədaqət andı içməlyik. Doğma Qafqazı müdafiə etmək, düşməni dağlarımıza buraxmamaq vəzifəsi bizim boynumuza düşür, başqa cür olsa,əbədi nifrinlər bizim çal başımızda qalacaqdır.Bizim doğma torpaqlarımızda bir alman əsgəri qalsa belə, atalarımız öz qəbirlərində rahat uyumayacaqlar!!!"

Əziz Əliyevin bu həyəcanlı və təsirli çıxışı düşüncələrimi bircə anlıq Mir Cəlalın sevimli müəllimi olmuş Hüseyn Cavidin sanki ölməz Üzeyirin " Koroğlu" uvertürası sədaları altında səslənən misralarına pərvazlandırdı:

İştə Qafqaz!.. Səfalı bir məna!

Allah-Allah, nədir bu abü-həva?!

Nə qədər şairanə bir xilqət!

Yerə enmişdir adətən cənnət!

Həmin vaxtlar Qafqaz dünyanın hərbi və siyası xəritəsində öz strateji mövqeyi ilə nəzərlərə hakim kəsilmişdi.Şeirin səmimi və doğma misraları müharibə illərində məsafəcə uzaqlara düşən Vətən övladlarının Qafqaz nigarançılığını yaddaşımda yenidən duyğulandırdı.1942-ci ilin yazında Mir Cəlal Uzaq Şərqə yola düşmüşdü.Gördüklərini "Qafqaza məktub" adlı məqaləsində ("Ədəbiyyat" qəzeti, 16 iyun, 1942-ci il) mükəmməl canlandırmışdı.Ədib yazırdı : "Biz çox uzaqda, Azərbaycandan on minlərlə kilometr aralı bir məsafədəyik. Ancaq Vətəndəyik.Uzaq Şərq döyüşçüləri arasındayıq. Bakı nefti ilə, Donbas kömürü, Ukrayna çörəyi ilə tanındığı kimi, Sovet Şərqi də öz şanlı döyüş tarixi ilə məşhurdur. Bu ucsuz-bucaqsız meşələri qılınc kimi kəsib ötən düz yollar, Komsomolsk kimi gənc şəhərlər, Amur üzərində qartal kimi qanad gərib duran nəhəng körpülər, Voloçaev günlərinin şanlı abidəsi Xasan gölü, Xanka gölü, Xalxın Qol döyüşləri Uzaq Şərq igidlərinin Vətənə layiqli xidmətini göstərir. Buranın hər addımında mübarizə, qəhrəmanlıq, insan əməyinin ecazkar qüdrəti görünür. Ona görə də burada hərbi təlim görmək, ixtisas almaq əyani məktəb keçmək kimidir."

Göyçaydan gəlmiş aqronom Həmid Həmidov, Naxçıvandan gəlmiş müəllim Bektaşi, tələbə Nadir Əliyev, Kirovabaddan ( Gəncədən) gəlmiş sürücü Məmməd Səmədov, Ağdamdan gəlmiş, ürəkaçan şeirlər yazan zirək tankçı, "Qafqaza məktub" adlı şeiri ilə arzularını Vətənə çatdırmağı yazıçıdan xahiş edən Əziz Əzizov, hava topçusu Səməd Paşayev, radist Səməd Ağamirov, Qubadan gəlmiş əsgər Mövlud Qurbanovdan, döyüşçülərin Vətənə göndəriləsi xəbərlərindən maraqla bəhs edən Mir Cəlal daha sonra yazır: "...Məmmədov İdris sərhəd keşiyində durur.Tunc rəngli sifətində kəskin cizgilər vardır.Baxışında, duruşunda gələcəyə etimad, qalib olmaq etiqadı duyulur.Yaşıl təpələr, sıx meşələr, tayqalardan keçən sərhəd xəttində o, özünü Azərbaycanda, doğma kəndlərində duyur.Onun da anasına, ailəsinə deməli sözü var:" Mənim adımdan-deyir,- Vətənə salam yetirin.Deyin xatircəm olsunlar.Bir aylıq yol gəlmişik, gəzməyə, kefə yox, döyüşə gəlmişik.Silahı öyrənirik. Uzaq Şərq qəhrəmanlarından dərs alırıq. Nə qədər ki, canımız sağdır, bu yerlərdən arxayın ola bilərsiniz. Əlimizdə silah, gecəli-gündüzlü sərhəd boyunda dayanmaq bizə ləzzət verir. Çünki biz zəhmətimizlə vətəndaşlarımızın istirahətini qoruyuruq. Yuxusuz qalaraq ailələrimizin rahat yatmasını təmin edirik. Mən sənətimlə fəxr edirəm."

Mir Cəlal Paşayev "Qafqaza məktub"unu bu sətirlərlə bitirir: "...Onlar öz gündəlik hərbi-siyasi hazırlıq işlərində, gələcək döyüşlərdə öz babalarına- babəklərə, koroğlulara layiq olmaq istəyirlər.Onlar istəyirlər ki, Koroğlu dedikdə, Azərbaycan əsgəri xatırlandığı kimi, Azərbaycan əsgəri dedikdə Koroğlu yada düşsün. Əsgərlərdən Qafqaza gələn məktubların qısa məzmunu budur.Minlərlə məktubun xətti, stili başqa-başqa olsa da, mənası, məqsədi birdir."

Cəbhədən gələn məktublardan bir daha aydın olurdu ki, insanların mütəmadi olaraq hərtərəfli maariflənməyə ehtiyacı vardı. Bu barədə ədəbiyyat, kitab və qəzet adamların həyatı, həqiqətləri öyrənməsinə, dünyagörüşünün artırılmasına xeyli köməklik edirdi. Vaxtilə rus şairi Puşkin deyirdi ki, mütaliə ən yaxşı təlimdir.Tam razıyam. Həqiqətən böyük adamın fikirləri ilə məşğul olmaq özü ən maraqlı elmdir. Gəlin Mir Cəlalın həmin dövrdə yazdığı "Kitab mədəniyyətimiz haqqında" adlı məqaləsini xatırlayaq. Həmin məqalədə ədib kitabı xalqın mənəvi sərvətlərindən biri kimi uca tutaraq yazırdı:"...Kitab bizim həyat və məişətimizin vacib bir amili olmuşdur. Şəhər yox, uzaq və kiçik bir kəndə sıravi bir kolxozçunun evinə gedin, orada yalnız xalça, yalnız samovar, yalnız kasa yox, kitab da görərsiniz...Kitab bizim adamlarımıza yalnız zərurət vaxtında ( imtahanda, nitq söyləmək, bir məsələ haqqında fikir demək üçün) deyil, hər bir vaxtda lazım olur. Onlar, həqiqi bir dost, gözəl ünsiyyət vasitəsi, vacib mənəvi qida kimi kitabdan ayrılmaq istəmirlər.Ən ağır zamanlarda belə, kitab öz işini görür.Cəbhədə, ara verən qızğın vuruşmalardan sonra döyüşçü qoltuğundakı kitablara müraciət edir, əsgərlər yazıçılara yazdıqları məktubda kitab, maraqlı hekayə, şeir istəyirlər. Kapitan Nəsibov " Vətən uğrunda " jurnalının bir nömrəsini itirdiyini yazaraq əlavə edir ki, cəbhədə ən əziz bir şey itirmiş kimi heyfslənirəm..."

Mir Cəlal müharibə dövründə yazdığı əsərlərində böyük həyəcanların, ciddi və təsirli hadisələrin ifadəsinə xüsusi fikir verirdi. Mövzuya dair ilk hekayəsi olan " Yollar " da, " Anaların üsyanı" da bu səpkidə yazılmış əsərlərinə parlaq bir misaldır. Belə əsərlərin bəzi parçalarını mənsur şeir də adlandırmaq olar. " Anaların üsyanı " na qiqqət yetirək: "...Dünyanın bütün qadınları, bəşəriyyəti bəsləyib böyüdənlər, insanlığın dayələri, dahilərin, alimlərin, filosofların, şairlərin anaları, köksü saf, təmiz hisslər yatağı olan qadınlar böyükdən kiçiyə, şərqdən qərbə, cənubdan şimala hamısı ayağa qalxmışdı. Dünyada birinci və axırıncı dəfə olaraq anaların müqəddəs qiyamı başlanırdı.Dənizlər çəkilir,dağlar baş əyir, üfüqlər açılır, hər şey bu həyəcan selinə yol verirdi. Analar indi müsəlləh və qəzəbli bir ordu kimi əl-ələ,səs-səsə verirdilər. Ağsaçlı nəvə sahibləri bütün nəsillərini vuruşa çağırırdı.Kəndli qadın əlində alakeş, kürək, toxa gəlirdi. Fəhlə qadın yumruğunu düyünləyərək bayraq kimi qaldırırdı.Müəllimə kitabını silahla dəyişir, yazarlar qələmini süngüyə çevirirdi.Dəniz kimi dalğalanan, vulkan kimi coşan bu hərəkət getdikcə böyüyür, böyüdükcə sürətlə yeriyirdi. Əliyalınlar yerdən daş götürür, ağac alır, ümumi düşmənə, insanlığın düşməninə, faşist başkəsənlərə qarşı yüyürürdü..."

Vəziyyət son dərəcə gərgin idi. Mir Cəlal Paşayev Azərbaycanda, Əziz Əliyev isə Dağıstanda silahdaşları ilə bərabər faşizmə, onun murdar ideologiyası, xəbis niyyətləri ilə gecəli-gündüzlü mübarizədə idilər.

Əziz Əliyev vəzifələrinə elə ilk aylardan çox mühüm qərarlar, o cümlədən respublikanın ərazisində partizan dəstələri yaradılması haqqında, xalq yığma qoşun dəstələrinin təşkil olunması haqqında, qırıcı batalyonların vəziyyəti haqqında, Mahaçqala şəhərinin müdafiəsi sahəsində tədbirlər haqqında, Dağıstanın yerli millətlərinin nümayəndələrindən kadr hazırlanması və onların irəli çəkilməsi haqqında qərarlar qəbul etməsi ilə başladı.Həmin qərarlar yerinə yetirilərək, respublikda 13 partizan dəstəsi, bir neçə qırıcı batalyon, 700-dək xalq yığma qoşunu bölməsi yaradıldı ki, onların tərkibində on minlərlə adam var idi. Müdafiə qurğularının inşasına 150 min nəfərdən artıq dağıstanlı göndərildi. Partiya təşkilatlarından 8400 nəfər kommunist və 19 min nəfər komsomolçu cəbhəyə səfərbər olundu.

1942-ci ildə Dağıstanda 91-ci atıcı diviziyası yaradıldı və sonralar ona " Melitopol" adı verildi.Diviziyanın keçdiyi bütün döyüş yolu ilə Əziz Əliyev yaxından maraqlanırdı.Əsgərlər məktubların birində Əliyevə yazırdılar :" Biz Dağıstan zəhmətkeşlərinin gündəlik qayğısını hiss edirik.Bu qayğı düşmənlə vuruşmaq üçün bizə yeni qüvvə verir. Dağıstan zəhmətkeşlərinin diviziyamızla yaxın əlaqəsi bizi qüvvətli və yenilməz etmişdir."

Əziz Əliyev çevik hərbçi kimi mütəmadi olaraq səngərlərə, müdafiə meydanlarına gedib əsgər və zabitlərin vəziyyətini soruşurdu. Çovğunlu günlərdə yapıncısına bürünüb onlarla gecələyirdi. Günlərlə, həftələrlə həmin döyüşçülərlə bərabər yuxusuz gecələr keçirirdi.

Onun tapşırığı ilə Dağıstanda vətəndaş müharibəsinin qəhrəmanı olan Qara Qarayevin komandanlığı altında milli süvari eskadronu yaradıldı. Eskadron cəbhəyə yola salınan zaman birinci katib əsgərlərə "Əlahiddə Dağıstan könüllü süvari eskadronu " sözləri yazılmış qırmızı bayraq təqdim etdi. Dağıstanlı döyüşçülər dağlı xalqlarının etimadını doğruldaraq, verilən tapşırığı şərəflə yerinə yetirəcəklərinə, al bayrağı məğlub olmuş Berlinin üzərinə sancacaqlarına söz verdilər və bu andlarına sadiq qaldılar.

Mir Cəlalın qələmi susmaq bilmirdi.Vətənpərvər yazıçının ürəyindən və ruhundan keçən ağrı-acılar, od-alov, qan içində olan döyüş meydanlarındakı qəhrəmanlıq şücaətləri tarixin səhifələrinə yazılmaqda davam edirdi.O əsərləri oxuyan hər bir oxucu düşmənlə son damla qanına qədər vuruşmağa daha da ruhlanırdı.O illərdən çox-çox sonralar Mir Cəlalın iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş azərbaycanlı general-mayor Həzi Aslanovun cəsurluqlarından bəhs etdiyi " Vətən qəhrəmanı " adlı hekayəsini dəfələrlə oxumuşdum. Hər dəfə də əsərdə yeni çalarlar kəşf etmişdim. İndi də ədibin təsvirlərini oxuyanda özümü sanki bu müharibə od-alovunun, dəhşətlərinin içində hiss edirəm:

"...Düşmən məhv edildi. Kənd təmizləndi. Hərəkətdə olan qüvvələrimiz təpələrdən yağan atəşdən xilas oldular. Günü qələbə ilə tamamlayan ulduz nişanlı maşınlar nərə çəkib cəbhə xəttində düşmənə meydan oxuyanda, Aslanov qabaqda gedən və atəşi ilə havanı titrədən tankın içində idi. Döyüşün hər dəqiqəsində o, vəziyyəti diqqətlə öyrənir, hissənin hərəkətinə istiqamət verirdi.

Həzi düşməni məğlub etməyi kifayət saymırdı; onu məhv etməyə çalışırdı. Bu gün,-deyirdi,- daş, divar dibinə təpilib qorunan və qabağımızdan qaçan faşist, sabah silahını işə salmağa fürsət axtaracaqdır. Murdar həşəratın kökünü kəsməliyik!

...Aslanov bilirdi ki, yaralı canavar daha da quduzlaşacaqdır; bu saat dişini itiləyib haradansa irəli soxulmağa cəhd edəcəkdir. Komandir tankların buradan, düşmənə məlum olan bu mövqelərdən çıxarılmasına əmr verdi.Düşmənə cinahdan ani bir yara vurmaq üçün fənd işlətdi.

Bu dəfə komandirin niyyəti doğru çıxdı. Hitlerçilər uzaqdan tanklarımızın arxasına keçməyə çalışırdılar.İgid tankçılarımızın düşmənə nagihanı hücumu burada da düşmənin planını puça çıxartdı. Almanlar, gözləmədikləri yerdən dolu kimi yağan top və mina atəşinə məruz qalıb qırıldılar."

Bu cür hadisələrlə üz-üzə gələn bizim döyüşçülərin də içində yaralanıb sağlamlığını itirənlər, şikəst olanlar az deyildi. Azərbaycanda tibbin və tibb elminin inkişafı sahəsində zəngin təcrübə qazanmış doktor Əziz Əliyev Dağıstanda yeni hospitalların yaradılmasına nail olmuşdu. Bütün səhiyyə ocaqlarının dəqiq, rəvan işinə diqqət yetirilirdi. Onun tövsiyyəsi ilə hospitallarda həkim və tibb bacıları ilə bərabər, məsul işçilər də daim növbə çəkir, müəssisələr ərzaq məhsulları, dava-dərman, yanacaqla fasiləsiz təchiz edilirdilər. Müharibə illərində hərbi xəstəxanalara 130 min nəfərdən çox yaralı gətirilmiş, onlardan 100 min nəfərə qədəri sağalmış, əksəriyyəti yenidən cəbhəyə qayıtmışdı.

Amerikanın dövlət xadimi, azadlıq uğrunda fəal mübariz Patrik Henrinin bu sözləri bir daha təsdiqini tapır ki, döyüşdə yalnız qüvvətli olanlar qələbə qazanmırlar. Onu ayıq, fəal və cəsarətli olanlar udurlar.

Beləliklə, bir qəzet səhifəsinə qeydləri sığışmayan misilsiz qəhrəmanlıqlar hesabına Dağıstan və Azərbaycan işğalçı faşist qoşunlarından mərdliklə qorunmuşdu. Dağıstanın xalq şairi, mərhum Rəsul Həmzətovun Əziz Əliyev haqqında dedikləri sözləri yada salmamaq mümkün deyil : " Mənim Dağıstanımın və mənim Azərbaycanımın şərəfli oğluna ömrüm boyu minnətdaram".

Onu da qeyd etmək istərdim ki, faşist işğalçıların Qafqazı, xüsusilə doğma Azərbaycanı və Bakını işğal etmək planlarının puça çıxdığını və onların ümidsiz bir halda geri qaçdıqlarını Mir Cəlalın " Çəkmə" hekayəsindəki kimi müvəffəqiyyətlə göstərən bir əsər Azərbaycan sovet nəsrində yaradılmamışdı.

Artıq hitlerizm qara kabus kimi millətlərin başı üstündən geri çəkilmək rüsvayçılığı ilə üz-üzə qalmışdı. Mir Cəlal Paşayev bunu " Hitlerizmə ölüm hökmü " məqaləsində tarixi hadisələrin dili ilə də açıqlayırdı:( " Ədəbiyyat " qəzeti, 24 fevral,1945-ci il.) " Üç böyük dövlət rəhbərlərinin Krım Konfransı zəmanəmizin ən böyük hadisələrindəndir. Bu konfrans bəşəriyyətin gələcəyi, taleyi və səadəti üçün çağırılmışdı. Hitlerizmin qəbri qazılmış, Hitler Almaniyası ölümə məhkum edilmişdir. Bu, mədəniyyət, səadət yolunda duran xalqları əsarətə məhkum edib qul halına salmaq, dünyanı Hitlerin murdar və qaranlıq dustaqxanasına döndərmək istəyən təhlükəli, ən qorxulu bir qüvvənin, ən quduz və yırtıcı bir vəhşinin məhv edilməsi deməkdir.

...Krım konfransı onun qərarları faşist quldurlarının kəlləsinə son və öldürücü zərbə oldu.Ədalət qalib gəlir. Birləşmiş millətlərin rəhbərləri faşizmə qarşı düşünüb tökdükləri tədbirlərdə mütərəqqi bəşəriyyətin iradəsini təmsil etmişlər. Krım Konfransı insanlığı, mədəniyyəti və səadəti sevən hər bir kəsi sevindirir, ilhamlandırır..."

Mir Cəlal "Cəhənnəmin uçurulması" isə belə təsvir edirdi: "...Düşmənin yolu bağlanan kimi başına odlar, qurğuşunlar yağdı.Pəncəsini səadət bağının lap içərilərinə uzadan, murdar bədəni ilə Şərqə doğru can atan sarı əjdahanın başına ədalət qılıncı endi. Cəhənnəm vəhşisi yaralı gövdəsilə sürünərək yuvasına soxuldu. Daldalanıb ufuldadı, sağalmaq, daha müdhiş bir sıçrayışla insanların üstünə cummaq istədi...

Bütün xalqlar, bütün səadət əhli günəşlə silahlanaraq zülmət üstünə hücuma getdilər. XX əsrin cəhənnəmi, faşizmin təcavüz yuvası, qara və qanlı əsarət sarayı, qan və sümükdən tikilən zilm və zülmət qalası milyon əllərin zərbəsi ilə kökündən dağıdıldı.Cəhənnəm belə uçuruldu!

İllər boyu faşizmin zülm və təcavüzünə düçar olan Avropa bu gün, min doqquz yüz qırx beşinci il mayın doqquzundan etibarən rahat və arxayın nəfəs alacaqdır. Radiolar XX əsrin və bəlkə də bütün bəşər tarixinin ən böyük sevincli hadisəsini xəbər verdilər...Bu zəfər, kainat durduqca yaşayacaqdır...Bütün təcavüzkarların axırı belə olacaqdır! "

Deyirlər, mənəviyyat -ürəyin ağlıdır. 70-ci baharını yola salacaq füsunkar qələbə naminə qanlı mübarizələrdə qoca Qafqazın və Ana Azərbaycanın keşiyində məğrurluqla dayanan Əziz Əliyev və Mir Cəlal Paşayev həm böyük mənəviyyat, həm də böyük ürək sahibləri idilər. Onlar özlərindən çox, mənsub olduğu xalqı və xalqları düşündülər. Talelərinini millətinin və millətlərin taleyi ilə bağladılar. Xalqların, millətlərin xoşbəxtliyi yolunda hünər və bacarığını əsirgəmədilər. Onlar böyük şəxsiyyətlər idi.Taleyini millətin taleyi ilə bağlayan insanların ömrü isə elə millətin də ömrü qədər olur.

Reyhan Mirzəzadə,

publisist-politoloq

Həftə içi.- 2015.- 8 aprel.- S.3; 5.