Mələklər Allahın sadiq qullarıdır

            Canlı və cansız olmasından asılı olmayaraq bütün varlıqlar tək yaradanı olan uca Allah tərəfindən müxtəlif forma, xüsusiyyət və tərkibdə yaradılmışdır. Allah-təalanın bizlərə göndərdiyi elçiləri və müqəddəs kitabları xəbər verir ki, bizim yaşadığımız aləmdən də qeyri aləmlər və onlarda fərqli xəlq olunmuş, insan təfəkkürünün qəribə sandığı canlı varlıqlar vardır. Bizim bu yazımız daim Allahın xidmətində, Onun sadiq qulları, qəribə görkəmə və möcüzəli xilqətə sahib olan mələklər haqqındadır.Allah mələkləri müxtəlif vəzifələr üçün xəlq etmiş və onlara iman gətirməyi bizlərə vacib buyurmuşdur. Məhz bu səbəbdən mələklərə iman gətirmək İslam dininin iman əsaslarından hesab olunur. Qurani-Kərimdə uca Allah Özü ilə bərabər Allahın sadiq qulları olan mələklərə iman gətirməyənlərin azğınlar olduğunu buyurur: “...

           Allaha, Onun mələklərinə, kitablarına, peyğəmbərlərinə və axirət gününə inanmayan şəxs, şübhəsiz ki, (doğru yoldan) çox azmışdır.”(Ən-Nisa, 136).

           “Mələk” sözünün ərəb dilində “xəbər aparan” felindən qaynaqlandığı bildirilir. Bu varlığın insanla bir çox oxşar və fərqli cəhətləri vardır. Onlar da insan kimi şüurlu və əqlə sahib olan varlıqlardır. Amma insana oxşar cəhətlərindən çox fərqli xüsusiyyətlərə, görkəmə və tərkibə sahibdirlər. Məsələn, insan kişi və qadın olmaqla iki formada yaradılmışdır. Mələklər isə müftəlif qurluşlarda yaradılmışlar. Onların forması haqqında Qurani-Kərimdə deyilir: “Göyləri və yeri yoxdan yaradan, ikiqanadlı, üçqanadlı və dördqanadlı mələkləri (peyğəmbərlərə) elçi edən Allaha həmd olsun!..(Fatir, 1).

         İlahi məlumatlardan bizə məlum olan yalnız üç canlı varlıq növü şüur və əqlə sahibdir. Bunlar, mələk, cin və insandır. Bu üç varlıq növünün yaradılış missiyası da eyni deyildir. Allah Qurani-Kərimdə insan və cinləri yalnız Allaha ibadət etmək üçün yaratdığını bildirir. (Əz-Zariyat,56).

           İnsan və cindən fərqli olaraq mələklərin çoxu müxtəlif məqsədlər, bəziləri isə yalnız Allah-təalaya həmd və şükür etmək üçün yaradılmışlar. Ümumilikdə götürsək mələklər Allahın müəyyən işlərini həyata keçirən icraçılardır. Əlbəttə, onların bu missiya ilə yaradılmaları və müxtəlif işlərdə Allahın iradəsini icra etmələri bizim düşündüyümüz “kömək” məfhumu olsa da, bu heç də onların kainatı idarə etmə işlərində Allahla bərabər qüdrətə sahib olmaları demək deyildir. Onlar yalnız Allahın əmrlərinə tabedirlər və tapşırılan vəzifələrdən boyun qaçıra bilməzlər, bir sözlə icraçıdırlar. Çünki, mələklər şüurlu, əqilli varlıq olsalar da, cin və insanlardan fərqli olaraq nəfsə və iradə azadlığına sahib deyillər.

            Mələklərin yaradılış xammalı da cin və insankından fərqlidir. Belə ki, Allah cinləri oddan, insanı torpaqdan, mələkləri isə nurdan yaratmışdır. Bu üç növ varlıqların yaşadıqları məkanlar və həyat şəraiti də müxtəlifdir. Onlar bəzən bir-birinə görünə bilirlər.Məsələn, cinlər və onların tayfasından olan şeytanlar insanları çox yaxşı və bizim onları görə bilmədiyimiz yerlərdən görürlər.(Əl-Əraf, 27). Mələklər də insanları görə bilirlər. Amma bu iki varlıqdan fərqli olaraq insan onları görə bilmir. Bu da insanın maddi dünyada yaşaması və məhdud görmə qabiliyyətinə sahib olması səbəbindəndir. Yalnız Allahın bəzi elçiləri mələk və cinləri görmüş və onlarla söhbət etmişlər.

            Mələklərin cinlərdən bir fərqli xüsusiyyəti isə onların daim xeyir işlərdə olmalarıdır. Belə ki, cinlərin bir qismi Allaha və Onun elçilərinə iman gətirmiş, bir qismi isə kafirlərdir. Onlar insanlara müxtəlif təsirlər göstərmək xüsusiyyətinə malikdirlər. Belə ki, kafir cinlər və onların nəslindən olan şeytanlar insanları azdırıb Allah yolundan çıxarmaq, onları günah törətməyə sövq etmək və müxtəlif çətinliyə salmaq, bir sözlə insanların imanlarını sarsıtmaqdan həzz alırlar. Mələkləri isə insanların dostu hesab etsək yanılmarıq. Onlar günah etdikdən sonra bağışlanmasını diləyən, asi olmayan insanların əfv olunması  üçün Allaha yalvararlar. Mələklərin bəziləri məhz bu səbəbdən yaradılmışlar: “...Ey Rəbbimiz! Sənin rəhmin və elmin hər şeyi ehtiva etmişdir. Artıq tövbə edib Sənin yolunla gedənləri bağışla, onları cəhənnəm əzabından qoru!”(Əl-Mumin,7).

             Mələklər nurdan xəlq olunduqlarından, nəfsə və iradə azadlığına sahib olmadıqlarından hamısı məsumdurlar. Çünki, onlar günah işlədə bilməzlər. Onlarda nəfsi istəklər olmadığından şəhvət duyğusu, tamah, yalan, riya, təkəbbür və başqa pis xüsusiyyətlər də yoxdur. Mələkləri yalnız ağıl və Allaha olan sonsuz imanları idarə edir. Mələklər cin və insanlardan fərqli olaraq Allaha daha yaxın (məsafə yaxınlığından söhbət getmir) möhtərəm varlıqlardır. Onlar Allahı daha yaxşı tanıyır (forma baxımından deyil) və Onun heybət və əzəmətindən daim qorxaraq tir-tir əsirlər: “(Kafirlər): “Rəhman (mələklərdən Özünə) övlad götürdü!” – dedilər. O pakdır, müqəddəsdir! Xeyr, (mələklər Onun övladı deyil, xəlq etdiyi) möhtərəm qullardır.”, “(Mələklər) Ondan qabaq söz danışmaz, yalnız Onun əmri ilə iş görərlər.”, “(Allah) onların öndəkilərini də, arxalarındakını da bilir. Onlar yalnız (Allahın) razı olduğu kəslərdən ötrü şəfaət edə bilər və Onun heybətindən qorxarlar.”(Əl-Ənbiya, 26;27;28).

            Müqəddəs kitablardakı ilahi məlumatlardan aydın olur ki, mələklər insandan qabaq yaradılmışlar. Allah ilk insan olan Adəmi yaratmazdan əvvəl onun haqqında mələklərə xəbər vermişdi.Qurani-Kərimdə deyilir: “(Ya Rəsulum!) Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam” – dedikdə  (mələklər): “Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?” – söylədilər. (Allah onlara:) “Mən bildiyim şeyi siz bilmirsiniz!” - buyurdu.”(Əl-Bəqərə, 30).

            Bu ayədən açıq-aydın görünür ki, mələklər insanların yer üzündə qan töküb, fəsad törədəcəklərindən xəbərdar idilər. Bu məlumatın onlarda haradan olduğu barədə İslam təfsirçiləri fərqli fikirlər söyləmişlər. Bəziləri mələklərin qeybi xəbərləri bilməsi, bəziləri insandan qabaq yer üzündə yaradılan cin məxluqlarının qan tökdüklərini bildikləri üçün onların bu sualı verdikləri qənaətində olmuşlar. Bəziləri isə bu bilginin onlara Allahın Özünün verdiyi və yer üzündə yaradacağı insanın xüsusiyyətləri barədəonları məlumatlandırması fikrini müdafiə etmişlər. Böyük İslam təfsirçi və tarixçisi Təbəri də bu axırıncı fikrin həqiqətə uyğun olduğunu bildirmişdir. (Təbəri təfsiri, I cild). Bu barədə bir fikir qətidir ki, mələklər özlərindən qeyb elmini bilə bilməzlər, hər bir halda onlarda bu məlumat ya gördüklərindən, ya da ilahi xəbərdən qaynaqlanmışdır.(Düzünü Allah bilir – müəllifdən).

              Mələklər nurdan yaradıldıqları üçün bədənləri lətifdir və bir formadan başqa formaya düşə bilirlər. Onlar Allahın izni ilə müxtəlif canlıların cildinə girə bilirlər. Amma hədislərdən gələn məlumatlara görə it və donuz kimi murdar heyvanların şəklinə düşmək onlara qadağandır. Cinlər isə bütün formalara düşə bilirlər.

Həzrət Məhəmməddən (s.ə.s) gələn hədislərə görə mələklər yatmır, yemək yemir, yorulmur, cin və insanlar kimi çoxalmırlar. Onların cinsiyyətləri də yoxdur.

 Mələklərin sayı barədə məlumat yoxdur. Hədislərdə deyilir ki, Allah-təala onlardan çox məxluq yaratmamışdır. Deməli, mələklərin sayı yalnız Allaha məlumdur. Həzrət Əli (ə) mələklərin sayı barədə demişdir: “Göy qatlarında bir qabıq (qədər yer) yeri yoxdur ki, orada səcdə edən bir mələk və ya tələsik (Allahın əmrini yerinə yetirməyə) çalışan, səy göstərən mələk olmasın.”(Nəhcül-Bəlağə, xütbə 90).

Mələklərin bəzisi Allahla peyğəmbərləri arasında elçi olmaq, bir hissəsi səmada baş verən hadisələri nizamlamaq, bir hissəsi çətinliyə düşmüş insanlara kömək etmək, kafirləri cəzalandırmaq, bir qrupu Cənnət və Cəhənnəmin keşiyini çəkmək  və s. işlər üçün vəzifələndirilmişdir. Bir qrup mələklər isə yalnız Allaha həmd və şükür etmək üçün yaradılmış və bu işi yerinə yetirirlər. Həzrət Əli (ə) Məhəmməd Peyğəmbərdən (s.ə.s) eşitdiyi xəbərlərə əsasən mələklərin forma, xüsusiyyət və işləri barədə demişdir: “(Onların birinci dəstəsi elə mələklərdir ki,) onlardan bəziləri səcdə halındadırlar, ruku etmirlər, bəziləri isə ruku halındadırlar, ayağa qalxmırlar, bir dəstəsi isə cərgə ilə dayanıblar, öz yerlərindən kənara çıxmırlar və bəziləri də yorulmadan təsbih edənlərdir. Onların gözlərinə yuxu, ağıllarına səhv gəlməz, onlarda nə süstlük, nə də unutqanlıq baş verər. Onların başqa bir dəstəsi (ikinci dəstə mələklər) Allah vəhyinin əminləridir. Onun peyğəmbərləri üçün danışıq vasitəsi və tərcümanlarıdır, Onun hökm və fərmanlarını yetirmək üçün get-gəl edirlər. Onların bir dəstəsi isə Onun bəndələrinin mühafizəçiləri, behiştlərinin keşikçiləridirlər.”(Nəhcül-Bəlağə, xütbə 1).

Mələklər də digər canlı varlıqlar kimi bir-birindən üstün yaradılmışdır.Belə ki, Qurani-Kərimdə onların bir qrupu “müqərrəbun” (yəni, Allaha yaxın olanlar) adlandırılır. Mələklərin dördü böyük və mələklər arasında tutduqları vəzifəyə və məqama görə hörmət olunanlardır. Bunlar: Cəbrail, Mikail, ölüm mələyi (Bu mələyin adı Quranda yoxdur. Yəhudilərin müqəddəs kitablarında və bəzi zəif hədislərdə bu mələyin adı Əzrail kimi göstərilir) və İsrafildir (Bu mələyin də adı Qurani-Kərimdə yoxdur). Bunlardan başqa Qurani-Kərim bir çox mələk növləri haqqında xəbər verir ki, onlar haqqında məlumat verməyə çalışacağıq.

  Qurani-Kərimdə və hədislərdə Cəbrail adlı mələyin bütün mələklərin başçısı olduğu bildirilir: “Bu (Quran Allah dərgahında) çox möhtərəm olan bir elçinin (Cəbrailin) gətirdiyi kəlamdır.”, “(Elə bir elçi ki) çox qüvvətlidir, ərşin sahibi (Allah) yanında çox hörmətlidir.”, “(Elə bir elçi ki, mələklər arasında) itaət ediləndir, həm də (Allah yanında vəhyə) etibarlı müvəkkildir.”(Ət-Təkvir,19; 20; 21).

Cəbrail Allahın ən möhtərəm mələyi olub çox əzəmətli görkəmə sahibdir. Həzrət Məhəmməd (s.ə.s) Cəbraili iki dəfə həqiqi surətində görmüşdü. (Ən-Nəcm, 6; 13). Bəzi hədislərə görə Həzrət Məhəmməd (s.ə.s) onu ilk dəfə həqiqi simasında görəndə özündən gedibmiş. Cəbrailin vücudu bütün üfüqü əhatə etmiş və o, 600 qanada sahib olmuşdur. (Səhih-Buxari, hədis 3232; 3234).

Həzrət Cəbrail bütün peyğəmbərlərə Allahın əmrlərini çatdıran vəhy mələyidir. Bu onun əsas vəzifəsi olmuşdur. Cəbrail Həzrət Məhəmməd (s.ə.s) vəfat edənə qədər ona nazil olmuş və bütün vəhyləri o çatdırmışdır: “Rəvayət edilir ki, Fatimə (ə) demişdir: “(Bir dəfə) Peyğəmbər (s.ə.s) mənə gizlincə xəbər verib dedi ki: “Cəbrail hər il Quranı mənimlə birgə (yalnız) bir dəfə təkrar edərdi, bu il isə iki dəfə təkrar etdi. Düşünürəm ki, bu mənim əcəlimin yaxınlaşması deməkdir.”(Səhih əl-Buxari, hədis 4996).

Yəhudilərin bir qisminin kafir olmalarının bir səbəbi də Allahın bu ən böyük mələyi ilə düşmənçilik etmələri olmuşdur.Həzrət Məhəmmədə (s.ə.s) sağlığında yəhudi alimləri bir çox suallar vermiş, bütün suallara düzgün cavab aldıqdan sonra ona vəhyləri kimin çatdırdığını soruşmuşlar. Həzrət Məhəmməd (s.ə.s) Cəbrail–deyə cavab verəndə yəhudilər dağıntı və səfalət mələyi hesab etdikləri Cəbraillə açıq-aşkar düşmən olduqlarını bəyan etmişdilər. Bu münasibətlə də Qurani-Kərimin bu ayəsi və Allahın hökmü nazil olmuşdu: “Hər kim Allaha, Onun mələklərinə və peyğəmbərlərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz, Allah da (belə) kafirlərə düşməndir.”(Əl-Bəqərə, 98).

Ayədə Allah-təala açıq bəyan edir ki, Onun mələkləri ilə düşmənçilik edən Allahla düşməndir. Çünki, heç bir mələk Allahın işləri ilə bağlı öz tərəfindən qərar qəbul etmək səlahiyyətində deyil və onlar yalnız Allahın əmrini yerinə yetirən müvəkkillərdir. Bu üzdən də mələklərin birini dağıntı və səfalət mələyi hesab etmək, ümumilikdə bu sifətlərin ya Allaha şamil olunması, ya da bu işlərin həmin mələyin özbaşına etdiyi mənasına gəlir. Bu da mələklərə atılan böhtan və onların Allah əmrindən çıxmalarını düşünmək deməkdir. İslam dinində bu küfrdür və həmin şəxs kafirlik həddindədir.

Cəbrail sözünün mənası “Allahın qulu” deməkdir. Qurani-Kərimdə onun “Ruh”, “Ruhul-quddus”,“Ruhəna”, Rasulun-kərim”, “Rasulu-Rabbik”, “Ruhul-əmin” kimi adları da göstərilir. Cəbrail Həzrət Məryəmə kamil bir insan surətində görünmüş və Allahın əmri ilə ona övlad (Həzrət İsa) bəxş etmişdi. (Məryəm, 17). Cəbrailin bildirdiyinə görə bütün mələklərin səmada ibadət etmək üçün öz yerləri vardır və onlar müsəlmanların cümə və camaat namazlarında durduqları kimi səf-səf dururlar: “(Cəbrail Peyğəmbər əleyhissəlama belə dedi: “Bizdən (mələklərdən) elə birisi yoxdur ki, onun (səmada Allaha ibadət üçün) müəyyən bir yeri olmasın!”, “Həqiqətən, biz səf-səf dururuq.”(Əs-Səffat, 164;165).

Qurani-Kərimdə bildirilir ki, qədr gecələrində Cəbrail və mələklər yer aləminə enərək insanların salamatlığı və əmin-amanlığı üçün dua edərlər: “O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər” (Əl-Qədr, 4).

Cəbraildən fərqli olaraq yəhudilər ikinci böyük mələk Mikailə rəğbət bəsləyirdilər.Mikail sözünün mənası ibrani (yəhudi) dilində “kim tanrı kimidir?” deməkdir. Yəhudilər  Mikaili mərhəmət və xeyirxahlıq mücəssəməsi hesab ediridlər.Əslində isə bütün mələklər yalnız Allahın əmri ilə onlara həvalə olunmuş vəzifələrini qeyd-şərtsiz icra edən sadiq varlıqlardır. Mikail Allah tərəfindən yağışın yağması, küləyin əsməsi, məxluqatın azuqəsi və digər təbiət hadisələrini idarə etməyə mükəlləf olunmuşdur. Yuxarıda göstərdiyimiz ayədə (Əl-Bəqərə,98) Allah-təala Mikailin böyük bir mələk olduğunu və ona düşmənçilik edənlərin əslində Allahla düşmən olduğunu bildirir.Qurani-Kərimdə Mikailin adı yalnız bir dəfə yuxarıdakı ayədə çəkilmişdir.

            İsrafil Allahın dörd böyük mələyindən biridir. İsrafil “sur” adlı şeypura oxşar alətə üfürməklə qiyamətin qopmasını bildirməyə mükəlləf olunmuşdur. Həzrət Məhəmməddən (s.ə.s) gələn xəbərlərə görə İsrafilin “Lövhi-məhfuz”da yazılanları oxumaq və əlaqədar mələklərə xəbər verməsi də onun vəzifələrindəndir. O sura birinci dəfə üfürəndəsurdan elə dəhşətli bir səs çıxacaq ki, yeddi qat göydə və yerin hər bir tərəfində eşidiləcək. Eşidənlərin hamısı göylərdə və yerdə olmalarından asılı olmayaraq hamısı bir anda öləcək, ikinci dəfə üfürdükdə isə hamı, hətta qəbirlərdə olanlar da diriləcək.

 İsrafil –“israf” kəlməsi qul, “il” kəlməsi isə Allah mənasını verən bir sözdür. İsrafil adına hədislərdə rast gəlinir. Bu hədislərə əsaslanan İslam alimləri suru üfürən mələyin adının İsrafil olması barədə həmfikirdirlər.Bu mələyin Qurani-Kərimdə adı çəkilmir. Lakin qiyamətdə suru üfürən mələk barədə ayələr var: “(Ya Peyğəmbər!) Carçının yaxın bir yerdən car çəkəcəyi gün (deyilən sözü, surun səsini) dinlə! (O gün İsrafil uca səslə: “Ey köhnəlmiş sümüklər, ey bir-birindən ayrılmış oynaqlar, ey əprimiş ətlər, ey dağılmış saçlar! Allah sizə haqq-hesab gününə gəlmək üçün yenidən birləşməyi buyurur!” – deyəcək və suru ikinci dəfə üfürəcəkdir).”(Qaf, 41).

Əzrail dörd böyük mələkdən biridir.O canlılara verilmiş ruhların geri alınması barədə ilahi əmri icra etməyə mükəlləf olunmuşdur. Qurani-Kərimdə Allah buyurur: “(Ya Rəsulum!) De: “Sizə müvəkkil olan ölüm mələyi (Əzrail) canınızı alacaqdır. Sonra da (qiyamət günü) Rəbbinizin hüzuruna qaytarılacaqsınız!”(Əs-Səcdə,11). İsrafil kimi bu böyük mələyin də adı Qurani-Kərimdə çəkilmir. Quranda Əzrailin adı “mələk-ul-movt”, yəni ölüm mələyi olaraq göstərilmişdir. Bu böyük mələyin əmrində “Naziat” adlı can alan mələklər də var. Onlar haqqında Qurani-Kərimdə deyilir: “...Nəhayət, birinizin əcəli gəlib çatdıqda onun canını (göndərdiyimiz) mələklər alar. Onlar (öz vəzifələrində) heç bir əyər-əskikliyə yol verməzlər!”(Əl-Ənam, 61).

Hədislərdən gələn məlumatlara görə Əzrail möminlərin canını asanlıqla alar, onların gözünə nurani, gözəl görkəmdə görünər və onları cənnətlə müjdələyər. Kafirlərin canını isə əzab verə-verə alar, onların gözünə dəhşətli, qorxulu və pis görkəmdə görünər. Əzrail möminlərin ruhlarını elə asanlıqla alar ki, onlar xəfif bir yuxuya getdiklərini zənn edərlər və ruhlarında heç bir ağrı, zədə qalmaz. Amma kafirlərin ruhlarını elə əzabla alar ki, bu ruhlar qiyamətə qədər o dəhşətli ağrı-acını hiss edərlər.Həzrət Məhəmməd Peyğəmbər (s.ə.s) Əzrailin kafirlərə görünən dəhşətli görkəmi barədə demişdir: “...And olsun canım Onun əlində olana ki, ölüm mələyini (Əzraili) görmək min qılınc zərbəsindən daha ağırdır...”(Kənzul-Ummal, hədis 58).

Əzrail qiyamət baş verdikdən sonra bütün canlıların, hətta mələklərin də canlarını alar. Ən sonda isə Əzrailin canını da Allah alar. Beləliklə, Allahdan başqa heç bir canlı qalmaz. Daha sonra isə bütün canlı varlıqlar dirilərək məhşərə gətiriləcək və sorğu-sual olunaraq əməllərinə görə müvafiq olaraq Cənnət və ya Cəhənnəmə göndəriləcəklər.

 Qurani-Kərimdə hər bir insanın bütün həyatı boyu əməllərini yazmaq üçün Allah tərəfindən təyin olunmuş iki “katib” mələk haqqında da məlumat var: “Xatırla ki, (insanın) sağında və solunda (onun bütün əməllərini) təsbit edən (qeydə alan) iki mələk oturmuşdur!”, “Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!”(Qaf, 17; 18). “Sizin üstünüzdə gözətçi mələklər”, “(Əməllərinizi) yazan və (Allah dərgahında) çox hörmətli olan mələklər vardır.”, “Onlar sizin nə etdiklərinizi bilirlər.”(Əl-İnfitar, 10;11;12).

Bu mələkləri “Kiramən katibin” (qiymətli, şərəfli yazanlar) adlandırırlar. Bu mələklərin biri insanın sağ tərəfində duraraq, onun bütün yaxşı işlərini qeyd edir. Sol tərəfdəki mələk isə pis əməlləri yazır. Sağ tərəfdəki mələk Allahın insanlara sonsuz mərhəmətinin təzahürü və əmr olunduğu kimi dərəcəsindən asılı olaraq hər yaxşı əmələ görə bir neçə dəfə artıq savab yazır. Hətta, yaxşı niyyətlərə görə də savab yazır. Sol tərəfdəki mələk isə pis əmələ görə yalnız bir günah yazır, amma əmələ çevrilməmiş pis niyyətə görə günah yazmır. Bu mələk günahı yazmaqda tələsməz, bir müddət və ya günün sonuna qədər səbr edib insanın əməlindən peşman olmasını və tövbə etməsini gözləyər. Bəzi İslam alimləri bu mələyin savabları yazan sağ tərəfdəki mələyə tabe olduğunu bildirmişlər.

 Qiyamət günündə bu mələklərin yazdığı dəftər (əməl dəftəri) açılacaq, orada qeyd olunmuş əməllər qiymətləndirilərək günahkarlar Cəhənnəmə, savabı çox olanlar isə Cənnətə yollanacaqlar. Günahla savabı bərabər olanlar isə məşhur İslam təfsir və tarixçisi Təbərinin yazdığına görə Cənnətlə Cəhənnəm arasında yerləşən “əl-Əraf” təpəsində müəyyən bir müddət gözlədikdən sonra Cənnətə daxil olacaqlar. (Düzünü Allah bilir – müəllifdən).

 Qurani-Kərimdə insanı öndən və arxadan qoruyan mələklər haqqında da xəbər verilir. Onları “Həfəzə mələkləri” (qoruyucu mələklər) adlandırırlar: “(İnsan üçün) onu öndən və arxadan təqib edənlər (mələklər) vardır. Onu (insanı) Allahın əmri ilə qoruyurlar. Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə, Allah da onun tövrünü (onda olanları, onun əhvalını) dəyişməz...”(Ər-Rəd, 11).

Bu mələklər insanları Allahın izni ilə bir çox qəzalardan, bəlalardan və başqa gözlənilməz hadisələrdən qoruyurlar. Bu mələklərin bir çox hallarda elə “katib” mələklər olduğunu yazırlar. Bəzi alimlər isə bu mələklərin katiblərdən fərqli olaraq insanı qorumağa mükəlləf olunduqlarını bildirmişlər. İslam təfsirçi və tarixçisi Məhəmməd ibn Cərir Təbəri özünün təfsir kitabında bu barədə Həzrət Məhəmməddən (s.ə.s) hədis nəql etmişdir. Oradadeyilir: “Sizləri həm gecə, həm də gündüz təqib edən mələklər vardır. Bunlar, sabah və ikindi namazlarında (növbə dəyişdirmək üçün) bir araya gəlirlər. Sonra sizinlə bərabər gecələyənlər yuxarı çıxarlar. Rəbbiniz daha yaxşı bildiyi halda, onlardan: “qullarımı necə buraxdınız?” – deyə sorar. Onlar da: “Biz onları namaz qılarkən buraxdıq. Getdiyimizdə də namaz qılırlardı” – deyərlər.”, “Çılpaq durmaqdan çəkinin! Çünki, sizdən heç ayrılmayan, sadəcə ayaqyolunda, bir də kişinin ailəsi ilə cinsi münasibətdə olduğu zaman ayrılan mələklər vardır. Onlardan utanın və onlara hörmət göstərin!”(Təfsiri-Təbəri, V cild).

Birinci hədisdən də anlaşıldığı kimi insana təhkim olunmuş mələk ikidən artıqdır və növbə dəyişdirirlər. Amma Qurani-Kərimdə katib mələklərin, yəni sağ-sol tərəfdə olan mələklərin sayı iki olaraq göstərilir. Deməli, qoruyucu mələklər heç də katib mələklər deyil. Onlar birbaşa insanı qorumağa mükəlləf olunmuşlar. Hərçənd ki, bu hədisdə belə qaranlıq məqam var ki, əgər bu mələklər insan namaz qılanda növbə dəyişdirirlərsə, bəs namaz qılmayanların mələkləri necə növbə dəyişdirirlər? (Düzünü Allah bilir – müəllifdən).

El arasında insanın“qaraçuxa” anlayışı məhz bu mələklərə şamil oluna bilər. Çünki, “qaraçuxam yatıb” deyimi xalqımızda çox qədimlərdən mövcuddur. Bəzi insanlar işlərinin çox vaxt düz gətirmədiyini, başlarına tez-tez gözlənilməz qəzalar gəldiyindən və başqa çətinliklərin səbəbi kimi  qaraçuxa”larından şikayətlənirlər. Əslində insanın “qaraçuxası  Allahın izni ilə onu qoruyan bu “həfəzə” mələkləridir. Yuxarıdakı ayədə Allah açıq-aşkar buyurur ki, “hər hansı bir insan Allaha qarşı tövrünü, münasibətini dəyişdirmədikcə, Allah da onun əhvalını dəyişdirməz”. Bu o deməkdir ki, bir insan əgər davamlı surətdə işlərinin düz getmədiyindən və başqa çətinliklərdən şikayətlənirsə, öz əməllərinə nəzər salmalı, Allaha, Onun əmrlərinə qarşı daha hörmətlə yanaşmalı və haqq yolunu tutmalıdır. Çünki, bu qoruyucu mələklər yalnız Allahın iradəsi ilə qorumağa mükəlləf olunduğu insandan qəza və bəlaları sovuşdura bilər. Əks halda etdiyimiz hər pis əməl bu mələklərdə ikrah hissi oyadır və onlar da Allah əmri ilə bizə qarşı tövrlərini dəyişdirir və laqeyd olurlar. Bu ilahi yardım Allahın bizə olan bir lütfüdür və mələklərə iman gətirməyimizin nə qədər önəmli olduğunun bariz nümunəsidir.

 Qurani-Kərimin yuxarıda göstərdiyimiz ayəsində insanı öndən və arxadan təqib edib onu qoruyan mələklər  haqqında soruşanlara imam Məhəmməd Baqir (ə) belə cavab vermişdir: “Allahın əmri ilə onu quyuya düşməkdən, ya başına divar uçmaqdan və ziyandan qoruyurlar. Ancaq elə ki, əcəli çatdı, onu əcəli ilə tək qoyub müqəddəratına doğru qovurlar. Bu təqib edənlər, insanı gecələr qoruyan iki mələkdən və gündüzlər mühafizə edən iki mələkdən ibarətdir. Bu işi də növbə ilə görürlər...”(Biharul-Ənvar, cild 59, hədis 16).

İnsanları öləndən sonra qəbir evində sorğu-sual edən iki mələk də vardır. Bu mələklər qəbirdəki adamın yanına onun heç vaxt görmədiyi surətdə gəldiyi üçün “bilinməyən, tanınmayan, qəribə qarşılanan” mənalarında “Münkər” və “Nəkir” adlandırılmışdır. Bu mələklərin adı Qurani-Kərimdə yoxdur. Onların adlarına yalnız bəzi hədislərdə rast gəlinir. Tirmizi və ibn Hibban Əbu Hüreyrədən Peyğəmbərin (s.ə.s) belə dediyini rəvayət edirlər: “İnsan (və ya sizlərdən biri) dəfn olunduqda yanına rəngi qara, göygöz iki mələk gəlir. Birinə Münkər, digərinə isə Nəkir deyirlər...”(Sünən ət-Tirmizi, hədis 1071).

Hədislərə görə bu mələklər qəbirdəki ölülərə “Rəbbin kimdir?”, “Peyğəmbərin kimdir?”, “Kitabın hansıdır?”deyə suallar verər və həmin suallara insanların verdiyi cavablara uyğun olaraq onlarla rəftar edərlər.Bu iki mələyin adı və ümumiyyətlə, qəbirdə sorğu-sual barədə Qurani-Kərimdə konkret bir ayə yoxdur. Yalnız bəzi ayələrdə bu məsələyə işarə olunur. Qurani-Kərimdə deyilir: “Allah iman gətirənləri dünyada da, axirətdə də möhkəm bir sözlə (kəlmeyi-şəhadətlə) sabitqədəm edər...”(İbrahim, 27). İslam alimləri ayədə olan “axirət” sözündə məqsədin qəbir həyatı olduğunu, möminin orada hesaba çəkilərkən imanında və kəlmeyi-şəhadətində qərarlı olacağını və bunun da müqabilində onlara gözəl nemətlər əta olunacağını bildirmişlər. Bu barədə Həzrət Məhəmməd (s.ə.s) buyurur: “Mömin, qəbirdə hesaba çəkilincə kəlmeyi-şəhadətini deyərək şəhadət gətirəcəkdir. Burda Allah-təalanın: “Allah iman gətirənləri dünyada da, axirətdə də haqq və həqiqətdə sabitqədəm edər.” ayəsindən məqsəd budur.”(Təbəri təfsiri, cild V). “Həzrət Osman deyir ki, Rəsulullah (s.ə.s) cənazə dəfnini bitirdikdən sonra qəbrin başında durur və belə deyirdi: “Qardaşınız üçün əfv diləyin. Onun imanda qərarlı olmasını istəyin. Çünki, o indi sorğu-suala tabe olmaqdadır.” (Əbu Davud, Cənazə kitabı, cild 69, hədis 3221).

 Yuxarıdakı ayədə qəbirdəki möminlərdən danışılır. Başqa bir ayədə isə qəbir evində kafirlərə verilən dəhşətli cəzalardan xəbər verilir: “Onlar (ölən gündən qiyamətə qədər qəbir evində) səhər-axşam (gündə iki dəfə) odda yandırılarlar. Qiyamət qopduğu gün isə (deyiləcəkdir): “Firon əhlini ən şiddətli əzaba salın!”(Əl-Mumin, 46).

Bunlardan başqa ərşi daşıyan mələklər də vardır. Bu mələklərə “Həməleyi-ərş” deyilir. Onlar Allahın qüdrət və səltənətinin təcəlli yeri olan ərşi daşımağa mükəlləf olunmuşlar. Qurani-Kərimdə qiyamətdə onların sayının 8 olduğu göstərilir: “Mələklər də onun (göyün) ətrafında (Allahın əmrinə müntəzir) olacaq və həmin gün (ya Peyğəmbər!) sənin Rəbbinin ərşini onların (başı) üstündə səkkiz mələk daşıyacaqdır!”(Əl-Haqqə, 17).

Bu mələklər haqqında Qurani-Kərimin bir başqa ayəsində buyrulur: “Ərşi daşıyanlar və onun ətrafında olanlar (mələklər) öz Rəbbini həmd-səna ilə təqdis edir, Ona (qəlbən) inanır və möminlərin bağışlanılmasını diləyərək belə deyirlər...”(Əl-Mumin,7). Həzrət Əli (ə) bu mələklər barədə demişdir: “Onların ayaqları yerin ən alt təbəqələrində sabitdir, boyunları ən yüksək səmaları ötüb, əzaları cahanın hüdudlarından kənara çıxıb, onların çiyinləri ərşin dayaqlarıyla bərabərdir. (İlahi nurun əzəmət və heybətindən) ərşin müqabilində nəzərləri yerə dikilib və onun altında özlərini qanadlarına bürüyüblər. O mələklər və onlardan aşağıdakılar arasında izzət hicabları və qüdrət pərdələri çəkilib...”(Nəhcül-Bəlağə, xütbə 1).

“Muqərrəbun”, yəni Allaha ən yaxın olan mələklər Allahı təsbih edib anmaq vəzifəsini daşıyırlar. Cəbrail, Mikail, İsrafil və Əzrail də “müqərrəb” mələklərdən hesab olunurlar. Muqərrəbun mələklər Allaha çox yaxın və Onun dərgahında şərəfli mövqeyə sahibdirlər. Onlar haqqında Qurani-Kərimdə deyilir: “İsa əl-Məsih də, yaxın mələklər də Allahın qulu olmağı əsla özlərinə ar bilməzlər...”(Ən-Nisa, 172).

 Qurani-Kərimdə Cənnət və Cəhənnəm gözətçilərinin də mələklər olduğu anlaşılır: “Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət, ora çatınca onun qapıları açılacaq və (cənnət) gözətçiləri (onlara): “Salam əleyküm!(Sizə salam olsun!) Xoş gəldiniz! Əbədi qalacağınız Cənnətə daxil olun!” – deyəcəklər.”(Əz-Zumər, 73). Hədislərdən gələn məlumatlara görə Cənnət gözətçilərinin başçısı Rizvan adlı mələkdir. “Rizvan” sözü ərəb dilində “razı olmaq”, “razılıq”, “məmnuniyyət hiss etmək” kimi mənalar daşıyır.

Cəhənnəmin gözətçiləri zəbanilərdir. “Zəbani sözü təfsirlərdə “şiddətli, qüvvətli, məğlubedilməz” mələklər kimi xarakterizə olunur. Qurani-Kərimdə Allah-təala insanları  Allahın əmrindən çıxmayan, kafir və zalımların yalvarış səslərinə az da olsa əhəmiyyət verməyən bu müdhiş əzab mələkləri ilə qarşılaşmamağı tövsiyə edir: “Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar, xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir(zəbanilərdir).”(Ət-Təhrim, 6), “Qoy o özünün bütün tərəfdarlarını (köməyə) çağırsın!”; “Biz də zəbaniləri (Cəhənnəmdəki əzab mələklərini) çağıracağıq!”(Əl-Ələq,17; 18).

Zəbani mələklərin ümumi sayı Qurani-Kərimdə göstərilməsə də onların başçılarının 19 ədəd olduğu bildirilir: “(Ya Peyğəmbər!) Sən nə bilirsən ki, nədir Səqər!”; “O (heç kəsi sağ) qoymaz və (salamat) buraxmaz!”; “İnsanı yandırıb-yaxar!”; “Onun üstündə on doqquz (nəfər gözətçi mələk) vardır.”; “Biz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik...”(Əl-Muddəssir, 27; 28;29;30;31).

Qurani-Kərimdə Cəhənnəm gözətçiləri olan zəbanilərin hamısının böyüyü və başçısının Malik adlı mələk olduğu göstərilir:“Onlar (Cəhənnəmin gözətçisi Malikə) müraciət edib deyəcəklər: “Ey Malik! Qoy Rəbbin bizi öldürsün (bu əzabdan qurtaraq)! O isə (min ildən sonra onlara): “Siz (həmişəlik burada) qalacaqsınız!”–deyə cavab verəcəkdir!”(Əz-Zuxruf, 77).

Allahın peyğəmbərlərini və onların əshabələrini təhlükələrdən qorumaqdan ötrü yer üzərinə enən və hətta döyüşən mələklər də olmuşdur. Məsələn, İslam dinində Həzrət Məhəmməd (s.ə.s) və möminlərin kafirlərlə ilk döyüşü olan Bədr döyüşündə (miladi 624-cü il) 3000 mələk iştirak etmişdi. Həzrət Peyğəmbər (s.ə.s) möminlərə 3000, Allah isə 5000 nişan qoyulmuş mələklə Peyğəmbər (s.ə.s) və möminlərə yardım edəcəyini vəd etmişdi: “(Ya Rəsulum!) Həqiqətən, siz Bədrdə zəif olduğunuz halda, Allah sizə yardım etdi. (Allaha) şükür edən olmaq üçün Allahdan qorxun!”, “O zaman sən möminlərə deyirdin: “Rəbbinizin üç min mələk endirərək imdadınıza yetişməsi sizə kifayət etməzmi?”, “Bəli, əgər səbr edib (Allahdan) qorxsanız, onlar (Məkkə müşrikləri) qəzəblə üstünüzə gəldikləri zaman Rəbbiniz artıq beş min nişan qoyulmuş mələklə sizə yardım edər”(Ali-İmran, 123; 124; 125),

 Allah-təala bu döyüşlərdə kafirlərə qarşı amansız olmağı və onları şiddətli cəzalandırmağı mələklərə əmr etmişdi:“(Ya Peyğəmbərim!) Xatırla ki, o zaman Rəbbin mələklərə belə vəhy edirdi: “Mən də sizinləyəm. Möminlərə qüvvət (mətanət) verin. Mən kafirlərin ürəklərinə qorxu salacağam. Onların boyunlarını vurun, bütün barmaqlarını (əl-ayaqlarını) doğrayın!”(Əl-Ənfal, 12).

 Mələklərin müharibələr zamanı çətin məqamlarda müsəlmanlara köməyə gəlmələri barədə çoxlu səhih hədis mövcuddur. Onların birində deyilir: “İbn Abbas rəvayət edir ki, Peyğəmbər (s.ə.s) Bədr döyüşündə demişdir: “Budur, Cəbrail atının başından tutub, üstü-başı da yaraqlı-yasaqlı (gəlir).”(Səhih əl-Buxari, hədis 3995).

 Xəndək müharibəsi zamanı (miladi 626-cı il) da Allah mələklərdən ibarət qoşunla müsəlmanlara kömək etmişdi: “Ey iman gətirənlər ordular sizin üstünüzə gəldiyi zaman Allahın sizə olan nemətini yada salın. O vaxt Biz onların üstünə külək və sizin görmədiyiniz (mələklərdən ibarət) qoşun göndərmişdik. Allah o zaman sizin nə etdiyinizi görürdü.”(Əl-Əhzab, 9).

 Ölüm ayağında olan möminlərə qorxmamaları üçün kömək edən, ürək-dirək verən mələklər də vardır. Qurani-Kərimdə onlar haqqında deyilir: “Şübhəsiz: “Rəbbimiz Allahdır!” – deyən, sonra da (sözündə) düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub (belə deyəcəklər): “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!”(Fussilət, 30).

 Allahın əmrindən kütləvi surətdə çıxaraq peyğəmbərlərə asi olan, azğınlıq, əxlaqsızlıq edən ümmətləri cəzalandırmaq üçün müxtəlif dövrlərdə yer üzərinə göndərilən mələklər də olmuşdur. Məsələn, Qurani-Kərimdə Həzrət İbrahimin (ə) yanına gələn bir neçə mələk haqqında danışılır. Həzrət İbrahim onların gəlişinin səbəbini soruşur: “(Sonra İbrahim) dedi: “Ey elçilər! Sizin işiniz nədir?”; “Onlar dedilər: “Biz günahkar bir qövmə (Lut tayfasına cəza verməyə) göndərilmişik.”; “Onların başına gildən daşlar yağdırmaq üçün (gəlmişik).” (Əz-Zariyat, 31; 32; 33).

Mələklərdən bəziləri Beytul-Məmuruziyarət edənlərdir.Bu mələklərdən hər gün 70000-i Beytul məmura daxil olur və bir daha ora qayıtmırlar. Malik ibn Sasaə Həzrət Məhəmmədin (s.ə.s) belə dediyini rəvayət etmişdir: “...Sonra mənə Beytul- Məmuru göstərdilər. Soruşdum: “Bu nədir, ey Cəbrail?” Dedi: “Bu Beytul-Məmurdur. Hər gün onun içinə yetmiş min mələk girir. Oradan çıxdıqdan sonra bir daha ora qayıtmırlar.”(Səhih əl-Buxari, hədis 3207; Səhih Müslim, hədis 164).

Beytul-Məmur Həzrət Məhəmməddən (s.ə.s) gələn hədislərə görə göydə qızıl yaqutdan bir ev idi. Həzrət Adəm (ə) Cənnətdən qovulduqdan sonra çox ağladığı üçün Allahın əmri ilə mələklər bu evi yer üzərinə endirib, indiki Kəbənin yerinə qoyurlar. Həzrət Adəm (ə) Allahın əmri ilə bu evi ziyarət edib, həcc əməllərini yerinə yetirərək törətdiyi günahdan tövbə edib  bağışlanmışdı. Adəm ilə Həvva hər il Hindistan tərəfdən gəlib Beytul-Məmuru ziyarət edərdilər. Nuh tufanı baş verməzdən əvvəl Allahın əmri ilə mələklər Beytul-Məmuru dördüncü göyə qldırırlar.(“Peyğəmbərə qırx sual” kitabı).

Hədislərdə cümə günü məscidə gələnlərin adlarını qeyd edən mələklər barədə də məlumat var. Belə hədislərin birində deyilir: “Əbu Hüreyra rəvayət edir ki, Peyğəmbər (s.ə.s) demişdir: “Cümə günü yetişdiyi zaman mələklər məscidin qapılarının önündə düzülüb (ora gələn adamları) birbəbir siyahıya alırlar. İmam minbərə oturduqda isə mələklər səhifələri büküb xütbəni dinləməyə gəlirlər.”(Səhih əl-Buxari, hədis 3211).      

Qurani-Kərimdə Allah-təalanın insanları imtahan etmək üçün Harut və Marut adlı iki mələyi yer üzərinə göndərməsindən danışılır: “(Yəhudilər) Süleymanın səltənətinə dair şeytanların oxuduqlarına (sehr kitablara) uydular. Süleyman (bu kitablara uymadığı üçün) kafir olmadı, lakin şeytanlar (bildikləri) sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki (o iki mələk): “Biz (Allah tərəfindən göndərilmiş) imtahanıq (sınağıq), sən gəl kafir olma!” – deməmiş heç kəsə sehr öyrətmirdilər. (Bununla belə yəhudilər) yenə də ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirdilər. Lakin onlar (sehrbazlar) Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər...”(Əl-Bəqərə, 102).

 Ayədən açıq-aydın görünür ki, bu iki mələk müəyyən müddət insanlar arasında yaşamışlar. Bəzi təfsir alimlərinin yazdıqlarına görə onlar yer üzərinə tək sehr kitabları deyil, xeyir-bərəkət, çoxlu savab gətirən dua kitabları da gətirmişdilər. Onlar sehrin günah olduğunu, istəyənlərə öyrətmək üçün Allah tərəfindən bir sınaq olduqlarını yəhudilərə dönə-dönə təkrar edirdilər. Bu işləri öyrənməyin Allahın dininin inkar olunması, böyük qadağanın pozulması, insanlar arasında fitnə-fəsada   Allahın qəzəbinə səbəb olacağı, insanı kafirliyə qədər sürükləyən çox pis bir əməl olduğunu söyləyirdilər. Harut və Marut yəhudilərin israrı olmadan heç kəsə xoşluqla sehr öyrətmirdilər.

 Bəzi İslam alimləri Allahın bu iki mələyinin çox ciddi bir sınaqla yer üzərinə göndərilmələrini şərh edərkən əsasən yəhudi əsatirindən götürülmüş rəvayətlərə istinad etmişlər. Bu rəvayətlərin qısa xülasəsi belədir ki, guya bu iki mələk yer üzərinə insanları təftiş etmək üçün göndərilmişdir. Onlara bütlərə tapınmaq, zina etmək, insan öldürmək və içki içmək kimi böyük günahlardan çəkinmələri əmr olunsa da bir gözəl qadın görən kimi onunla zina etmiş və bunu görən adamı öldürmüşdülər. Məhz bu səbəbdən Harut və Marut Allahın qəzəbinə gələrək göy səltənətindən qovularaq qiyamətədək  məhkum olunmuşlar. Halbuki, yuxarıdakı ayədən belə məlum olur ki, bu iki mələk yalnız Allahın insanları imtahan etmək əmrini, iradəsini tam sədaqətlə yerinə yetirmiş və asi olmamışlar. Digər müqəddəs kitablarda Allah-təalanın bir çox hökmələrinin təhrif olunduğu kimi bu iki mələk haqqında da  yəhudi əsatirlərində deyilənlər onlara atılmış böhtandan başqa bir şey deyildir.

Biz yuxarıda göstərdik ki, mələklər bir varlıq olaraq şəhvətdən uzaqdırlar. Çünki, onların cinsiyyəti yoxdur. Bir anlıq yəhudi rəvayətlərində deyilənləri həqiqət hesab etmiş olsaq, onda bir çox suallara cavab verməyimiz lazım gələcək. Belə ki, cinsiyyəti olmayan bir varlıq cinsi olan bir varlıqla necə zina edə bilər? Bildiyimiz kimi bunun mümkün olması üçün bu iki mələyin yenidən başqa forma və quruluşla yaradılması lazım gələrdi. Həzrət Məryəmə mələklərin başçısı olan Həzrət Cəbrail kamil bir insan qiyafəsində görünmüş və ona Allahın əmri ilə övlad (Həzrət İsa) bəxş etmişdi. Qurani-Kərimdə uca Allahın bildirdiyinə görə bu proses cinsi və təbii yolla deyil, ilahi təqdirlə, yəni cənab Cəbrailin vasitəsilə (Cəbrailin üfürməsi ilə) baş tutmuşdu və Allah bu olayı möcüzə adlandırır. Əgər yəhudi rəvayətini həqiqət saysaq, onda gərək bu prosesi də zina adlandıraq. Halbuki, mələklər belə günahlardan məsumdurlar. Bu məsumluq hətta, peyğəmbərlərin zina etməkdən uzaq olan məsumluq dərəcələrindən də dəfələrlə üstün və inandırıcıdır. Çünki, peyğəmbərlər Allah elçiləri olmaqla yanaşı, həm də kişi cinsinə mənsubdurlar. Amma mələklərin cinsiyyəti yoxdur. Bu səbəbdən onlara zina aid olunması sadəcə cəfəng bir işdir. Bu yerdə bəziləri bizə irad bildirib deyə bilər ki, bəs deyirdiniz mələklər murdar formalardan başqa hər cildə girə bilirlər? Bu mümkündürsə, deməli mələklərin insan cildinə girərək zina etməsi də mümkündür.

 Cavabında onu deyə bilərik ki, mələklər başqa canlıların cildinə girsələr belə həmin canlıların xüsusiyyətlərini kəsb etmirlər. Məsələn, Harut və Marut insan qismində yer üzərinə göndərilsələr də onlar insanlar kimi yemək yeyə, yata, yorula, şəhvətə sahib ola bilməzlər. Buna sübut olaraq mələklərin Həzrət İbrahimin (ə) yanına gəlmələrini göstərmək olar. Həzrət İbrahim (ə) mələklər üçün bir buzov bişirib gətirmiş və qonaqların yeməyə meyil etmədiklərini  görüb qorxmuşdu.(Əz-Zariyat, 28). Bu ayədən də görünür ki, mələklər insan surətində olsalar da bizlər kimi yemək ehtiyacı hiss etmirlər.

Həzrət İbrahimin (ə) yanına gələn bu iki mələk ümumilikdə mələklərin müxtəlif forma, xüsusiyyət, güc, qüvvət və hərəkət sürəti baxımından fərqli yaradılmalarına baxmayaraq onların hamısının yaradılış baxımından yalnız Allah əmri ilə hərəkət etdiklərinə bariz nümunədir. Belə ki, Həzrət İbrahimin (ə) yanına gələn bu mələklər bir tərəfdən ona bilikli bir oğlan uşağı(Həzrət İshaq) ilə müjdə vermiş, bir yandan da azğın bir tayfaya (Lut tayfasına) əzab verməyə mükəlləf olunmuşdular. Deməli, istər əzab mələkləri, istərsə də rəhmət mələkləri yalnız Allah göstərişlərinin icraçısıdırlar.

Harut və Marut adlı mələklər haqqında yuxarıda göstərdiyimiz ayə (Əl-Bəqərə, 102) barədəİslam təfsirçiləri arasında yekdil fikir yoxdur. Bəzi alimlər yəhudi rəvayətlərindən və zəif hədislərdən çıxış edərək bu iki mələyin yer üzərinə sehr kitabları gətirdikləri qənaətində olmuşlar. Amma İslam dininin görkəmli alimləri bu fikirləri tamamilə inkar etmişlər. Onlar haqlı olaraq göstərmişlər ki, ayə bizə yəhudilərin sehri bu mələklərdən yox, şeytanlardan öyrəndiklərini açıqlayır. Bu ayənin təfsirlərinin birində deyilir: “Babil ölkəsində sehr və cadu öz zirvəsinə çatmışdı. Bu, xalqı çox narahat edirdi. Allah-təala insan surətində iki mələk göndərdi ki, xalqa sehr və cadunun təsirsizləşdirilməsi yollarını öyrətsinlər. Mələklər məcbur oldular ki, sehr-caduya qarşı mübarizə aparacaq insanlara onun yollarını da öyrətsinlər. Həmin adamlardan bir dəstəsi öyrəndiklərindən sui-istifadə edərək sehrbazlara qoşuldular. Hansı ki, mələklər onlara xəbərdarlıq etmişdilər ki, bu biliklərdən pis məqsədlə istifadə etmək küfrdür.” (Məcməül-Bəyan)

 Harut və Marut adlı mələklər barədə geniş yazmağımızın səbəbi ondan ibarətdir ki, İslam aləmində bu iki mələkdən başqa heç bir mələk haqqında bu qədər təzadlı fikirlər olmamışdır. Onlar haqqında alimlər arasında və dini ictimaiyyətdə də fərqli fikirlər mövcuddur.Sehr və cadunun yer üzərinə bu iki mələyin gətirdiyi söylənilir. Amma yuxarıdakı təfsir bu məsələni mələklərin məsumluğu konteksindən açıqlayır. Bu tip təfsirlər ilkin İslam dövrlərində hədis nəql edən bəzi müsəlman ravilərin yəhudi əsatirindən götürülən rəvayətlərin Həzrət Məhəmməd Peyğəmbərə (s.ə.s) şamil olunan hədis adı ilə nəql etdikləri hekayətlərin sonrakı nəsillər tərəfindən hədis kitablarına salınması səbəbindən Allahın bu sadiq mələkləri haqqında formalaşan yanlış təsəvvürləri özümüzdən uzaqlaşdırmaqdan ötrü əvəzsiz mətnlərdir. Çünki, dərindən fikirləşsək Allahın bu iki mələyinin insanlara sehr öyrədərək onları nə səbəbdən olursa olsun açıq şəkildə böyük günaha və kafirliyə sürükləməsi ağıl və islami məntiqdən kənar işdir. Yuxarıdakı ayə də bizə yəhudilərin sehri “şeytanlardan və Harut və Marut adlı iki mələyə nazil olanlardan” öyrəndiklərini açıqlayır. Bu məsələ barədə son olaraq onu deyə bilərik ki, uca Allahın insanları “imtahan” adı ilə olsa belə ən böyük günahlardan birinə sövq etmək üçün iki mələyi bu işə mükəlləf etməsi ilahi ədalətdən uzaq bir işdir. (Düzünü Allah bilir – müəllifdən).

Əl-Bəqərə surəsinin 102-ci ayəsi barədə danışarkən sehr və caduya münasibət bildirməmək mümkün deyil. Çünki, bu ayə bir tərəfdən Harut və Marut adlı iki mələk, digər tərəfdən isə sehr və cadu barədədir. Ayədə Allahın möhtəşəm səltənət sahibi olan böyük bir peyğəmbərinin sehrə uymamasından və kafir olmamasından danışılır. Allah-təala açıq-aşkar bildirir ki, sehrlə məşğul olmaq çox böyük bir günahdır və kafirlikdir. Çünki, sehrlə məşğul olmaq özünü qeybdən xəbərlər alan, gələcəyin bilicisi kimi təqdim etmək, insanların taleyi, həyatı ilə oynamaq, onları hidayət yolundan, yəni Allahdan yardım diləmək fikrindən döndərmək, birbaşa Allaha aid olan işlərlə məşğul olmaq deməkdir. Bu isə nə qədər qəribə olsa da “Allahlıq iddia”sıdır. (Bu fikrimizə görə Allahın mərhəmətinə sığınırıq – müəllifdən).

Oxucuların nəzərinə çatdırırıq ki, kafirlik təkcə Allahı birbaşa inkar etməkdən ibarət deyildir. Əlbəttə, bu ən böyük küfr etmək və kafirlikdir. Amma küfrün də özünün dərəcələri vardır. Bu mövzu geniş olduğundan qısa onu demək olar ki, Allahın iradəsinə qarşı gəlmək küfrdür. Bu birbaşa, açıq və ya gizli şəkildə, qəti inkarla müşayiət olunursa, bu həmin şəxsin Allahla razılaşmaması və özünün daha “haqlı” olması anlamına gəlir. Sehr və cadu ilə məşğul olmaq da Allahın birbaşa işinə qarışmaq deməkdir. Bu işlə məşğul olan şəxs Qurani-Kərimə görə kafirdir.

 Bir məsələni də xüsusi olaraq vurğulamaq yerinə düşər ki, günümüzdə bu cadügərlərə münasibət birmənalı deyildir. Onların yanına müxtəlif zümrələrdən olan müsəlmanlar gedir və diləklərini uca Allahdan istəməkdənsə, kafirlik sənəti ilə məşğul olan cadügərlərdən kömək umurlar. Oxucuların nəzərinə çatdırmaq istəyirik ki, İslam dinində sehrlə məşğul olanın yanına getmək böyük günahdır və bir çox İslam alimləri həmin şəxslərin də küfr etdiklərini, bununla da kafirlik həddində olduqları barədə fətvalar vermişlər.Həzrət Məhəmməd Peyğəmbərin (s.ə.s) sehr və cadu ilə məşğul olanlara münasibəti çox sərt olmuşdur və hətta, onlardan birini o zaman edam etdirmişdir. İmam Cəfər Sadiq (ə) Həzrət Məhəmməd Peyğəmbərdən (s.ə.s) belə bir hədis nəql etmişdir: “Bir dəfə imam Cəfər Sadiqə (ə) belə sual verirlər: “Filan yerdə bir nəfər yaşayır. Adamlar oğurlanmış malı tapmaq və başqa işlər üçün onun yanına gedirlər. Bizə də onun yanına getmək icazəsi verirsənmi?”. İmam belə cavab verir: “Allahın Rəsulu buyurub ki, hər kim sehrbazın, kahinin, gələcəkdən xəbər verdiyini iddia edən yalançının yanına getsə və onun dediklərinə inansa, Allahın nazil etdiyi bütün səmavi kitabları rədd etmiş kimidir.” (Biharul-Ənvar, LXXII, 212-213).Mövzu geniş olduğundan inşallah bu məsələyə növbəti məqalələrimizdə toxunacağıq – müəllifdən).

Hədisi-şəriflərdə insanın qəlbinə doğrunu və həqiqəti ilham edən (Tirmizi, “Təfsir”, 3), namaz qılanlarla birgə “Fatihə” surəsinin sonunda “amin” deyən (Buxari, “Azan” 11), Quran oxunarkən yer üzünə enən (Buxari, “Fəzailul-Quran 15), elm və zikr məclislərinə baş çəkən (Buxari, Dəavat, 66), möminlərə rəhmət oxuyan (Tirmizi, “Elm” 19),hər gün sübh və ikindi namazlarında möminlərlə birlikdə olan (Buxari, Məvaqit 16) mələklərdən də bəhs olunur. Həzrət Məhəmməd Peyğəmbər (s.ə.s) buyurur: “Bir mələk hər namaz vaxtı nida edib deyir: “Ey bəni-Adəm, namaza qalxın və öz əleyhinizə hazırladığınızı (cəhənnəm odunu namaz vasitəsilə) söndürün!”(Mustədrəkul-vəsail, 3-102).

Allah-təala Qurani-Kərimdə Özünün yaratdığı bu müdhiş varlıqlara and içir: “And olsun (kafirlərin canını) zorla alanlara”; “And olsun (möminlərin canını) rahatlıqla alanlara”; “And olsun sürətlə üzənlərə”; “And olsun (bir-birini) ötdükcə ötənlərə”; “And olsun işə əncam çəkənlərə (Allahın əmri ilə dünyanın işlərini idarə edən mələklərə ki,...)”(Ən-Naziat, 1;2;3;4;5).

Uca Allah müqəddəs kitablarda axirət həyatının olacağına, qiyamətin həqiqətən baş verəcəyinə və insanların əməllərinə görə sorğu-sual olunacaqlarına bizləri inandırmaq üçün yaratdığı heyrətamiz mələklərə bir çox ayələrdə and içir: “And olsun bir-birinin ardınca göndərilənlərə”; “And  olsun şiddətlə əsənlərə (və ya yel kimi tez gedənlərə)”; “And olsun (Allahın ayələrini, kitablarını və əmrlərini) yayanlara”; “And olsun (haqla batili) ayıranlara”; “And olsun vəhyi (peyğəmbərlərə) çatdıranlara” (Əl-Mursəlat, 1;2;3;4;5). “Ruzi bölən (hərəsi bir işə müvəkkil olan) mələklərə and olsun ki,” (Əz-Zariyat, 4).

 Allahın yaratdığı bu varlıqlar bir çox cəhətdən möcüzəli xüsusiyyətlərə sahibdirlər. Əslində bütün varlıqlar bir-birindən fərqlənir və hər birində özünəməxsus qəribəliklər vardır. Amma Allahın yaratdığı bu canlı varlıqlar həqiqətən bir çox cəhətdən qəribə və möcüzəli yaradılmışlar. Düzdür, yaşadığımız Yer planetində insandan başqa şüurlu varlıq görmürük. Bəlkə mələkləri də daimi görsəydik onları qəribə adlandırmazdıq. Lakin qəribə məfhumunun da özünün bir çox parametrləri vardır. Belə ki, biz bir çox hallarda dərk etməkdə çətinlik çəkdiyimiz hadisə, əşya və varlıqlarla qarşılaşdıqda onları qəribə adlandırırıq. Mələklər haqqında Qurani-Kərim və hədislərdən gələn məlumatlardan onlarda olan möcüzəliqəribəlikləri belə ümumiləşdirmək olar. Mələklər başqa canlılardan fərqli olaraq nurdan yaradılmışlar. Onlar murdar və haram hesab olunan canlılardan başqa hər bir surətə girə bilirlər. Onların cinsi yoxdur, yatmırlar, yeyib-içmirlər, yorulmurlar. Şəhvət və nəfsi istəklərdən uzaqdırlar. Cinsiyyətləri yoxdur. Paxıllıq, təkəbbür, qısqanclıq, asilik, yalan, riya, zülm kimi pis xüsusiyyətlər onların təbiətinə yaddır. Mələklər bizim təsəvvür etmədiyimiz iti sürətlə hərəkət edirlər. Müasir dövrümüzdə elmə məlum olan ən iti sürət işıq sürətidir ki, bir saniyədə 300 min kilometrə bərabərdir. Mələklərin hərəkət sürəti bu rəqəmdən dəfələrlə artıqdır. Belə ki, fizika üzrə tanınmış alimlərXX əsrdə sübut etdilər ki, hər hansı cisim işıq sürətinə yaxın sürətlə hərəkət edərsə o insan gözünə görünməyəcəkdir. Deməli, mələklərin bizim gözümüzə görünməməklərinin səbəblərindən biri də onların hərəkət sürətlərinin işıq sürətindən artıq olmasıdır.

 Mələklərin başçısı olan Cəbrailin hərəkət sürəti digər mələklərdən dəfələrlə artıqdır. Yuxarıda göstərdik ki, Həzrət Məhəmməd (s.ə.s) Cəbraili həqiqi görkəmində iki dəfə görmüşdü. Bu mələyin 600 qanadı var imiş. Bir sıra səhih hədislərdən belə anlaşılır ki, Həzrət İbrahim (ə) oğlu İsmaili qurban kəsmək üçün bıçağı onun boynuna sürtəndə bıçağı kəsməyə qoymayan və bıçağın ağzını döndərən Həzrət Cəbrail olmuşdur. (Təfsiri-Təbəri, cild I). Cəbrailin Həzrət Məhəmmədə (s.ə.s) söylədiyi kimi, bu işə mane olmağı ona Allah əmr edəndə Cəbrail ərşin (ilahi qüdrətin təcəlli etdiyi yer) altında imiş. Bir anda yeddi qat göyü keçərək özünü yerə çatdırır və Həzrət İbrahimə (ə) mane olur. Cəbrail Həzrət Məhəmmədə (s.ə.s) deyir ki, ömrümdə iki dəfə çətinliyə düçar olmuşam və hər ikisi də Həzrət İbrahimlə (ə) əlaqədardır. Birində onu oda atanda, digərində isə İsmaili kəsməyinə mane olmaq üçün təcili yerə çatanda. Yeddi qat göyün böyüklüyü və aralarındakı məsafə haqqında Həzrət Məhəmməd (s.ə.s) demişdir ki, bir göyün o birinə nisbəti, səhraya atılmış üzüyün səhraya olan nisbəti kimidir.(Əhməd ibn Hənbəl, 5-178,179; İbn Hibban “əl-İhsan” 361).

Bir anlıq düşünək ki, çox uzaq məsafəni bir anda qət edən cənab Cəbrailin sürəti hazırda nə elmə, nə də bizim idrakımıza sığışmayan bir sürətdir. Bizim bu məsələni belə geniş şərh etməkdə məqsədimiz mələklərin nə qədər qəribə və möcüzəli varlıq olduqlarını anlatmaqdır. Mələklərin qəribə və heyrətamiz yaradılışları barədə Həzrət Əlinin(ə) dediklərinə baxaq: “Pak Allah Özünün səmavi hakimiyyətindən biri olan göyləri yaratdıqdan sonra oraları məskunlaşdırmaq və onun üst qatını abadlaşdırmaq üçün misilsiz və heyrətamiz məxluq olan bir dəstə mələk yaratdı. Onlara göylərlə fəzanın genişliyi arasındakı enli yollarda yer verdi. O enli yolların arasında pak və təmiz yerlərdə əzəmət və böyüklük pərdələrinin arxasında onların təsbih edənlərinin avazı ucalır. Öz yerlərində heyran və sərgərdan dayanırlar. Allah-təala onları cürbəcür surət və şəkildə, qanadlı yaratdı ki, zikr edə-edə Onun böyüklüyünə və ucalığına həmd etsinlər. Onlar sözlərində Allahdan önə keçməyən, Onun əmrinə, fərmanına uyğun hərəkət edən sevimli bəndələrdir. Allah mələklərin hamısını şəkk-şübhədən məsum saxladı.”(Nəhcül-Bəlağə, xütbə 90).

Rauf CƏBRAYILOV, İlahiyyatçı

Həftə-içi. – 2015. – 11-13 aprel. – S. 4-5.