Xəzər rayonunda istedadlı

şahmatçılar yetişir

 

Digər idman növlərindən fərqli olaraq, şahmat daha maraqlı və düşündürücüdür. Çünki bu oyunda əsas zəka, ağıl və məntiq önəmli rol oynayır. Şahmat gənc nəslin intellektual səviyyəsinin artmasında, üstün zəka sahiblərinin ortaya çıxmasında, ölkənin dünya miqyasında tanınmasında da əhəmiyyətli rola malikdir. Azərbaycan dünyada özünün şahmat ənənələri olan ölkə kimi tanınır. Bu baxımdan, həmin ənənələrin qorunub-saxlanılması və daha da inkişaf etdirilməsi üçün dövlət səviyyəsində şahmatın inkişafına xüsusi diqqət ayrılır.

 

Paytaxtın Xəzər rayonunda şahmatın inkişafına xüsusi qayğı göstərilir. Bu sahədə Xəzər rayonu Şüvəlan qəsəbəsində fəaliyyət göstərən şəhid Əhməd Baxşıyev adına Bakı şəhər 38 nömrəli Texniki Yaradıcılıq Mərkəzi xüsusilə fərqlənir. Yaradıcılıq mərkəzində Rafiq Rəhimov, İlham Həsənov kimi təcrübəli şahmat müəllimləri çalışır.

Şəhid Əhməd Baxşıyev adına Bakı şəhər 38 saylı Texniki Yaradıcılıq Mərkəzinin direktoru Rafiq Rəhimov “Həftə içi”nə bildirdi ki, mərkəzin nəzdində fəaliyyət göstərən şahmat qrupunda 12 azyaşlı uşaq şahmatın sirlərinə yiyələnir. Onun sözlərinə görə, rayonda istedadlı uşaqlar çoxdur: “Onların sırasında 9 yaşlı Həbib Balayev, 7 yaşlı Aytən Həsənova və Yusif Maniyev qeyri-adiliyi, dünyaya baxışları və istedadları ilə digərlərindən fərqlənirlər. Həbib Balayev və Aytən Həsənova çox istedadlı uşaqlardır. Bir ildir ki, hər iki uşaq şahmatla məşğul olur. Əgər təhsillərini bu cür davam etdirsələr və öz üzərlərində işləsələr, gələcəyin ən böyük “krasmeystr”ləri ola bilərlər”.

Rafiq Rəhimovun sözlərinə görə, Xəzər rayonundaBilik” gününə həsr olunmuş yeniyetmələr arasında keçirilən şahmat yarışlarında 18 şahmatçı qüvvəsini sınayıb: “Həbib Balayev 1-ci, Yusif Maniyev 2-ci və Aytən Həsənova 3-cü yeri qazanıb. Bu il Zaqatala rayonunda keçirilən respublika olimpiya yarışlarında da fəal iştirak etmişik. İdmançılar arasında yaşca kiçik olan, 7 yaşlı Aytən Həsənova və 9 yaşlı Həbib Balayev həmin olimpiyada yarışlarında fəal iştirak edərək, uğur qazanıblar”.

Balaca şahmat ustalarının valideynləri ilə də söhbətləşdik. Həbib Balayevin anası Nurlanə Balayeva iki oğul anası olduğunu söylədi: “Ələsgər və Həbib – hər iki oğlum şahmatla məşğul olur və oğlanlarımla fəxr edirəm. Hər ikisininşahmat oyununa böyük həvəsi var. Çox ağıllı uşaqlardır. Həbib qeyri-adiliyi ilə seçilir, onun maraqlı xüsusiyyəti, baxışı var. Həbib dərslərini hazırladıqdan sonra, qalan boş vaxtlarında şahmatla məşğul olur. Oğlum çox istedadlıdır, qarşısına məqsəd qoyub ki, gələcəkdə böyük idmançı olacaq. Ona görə də bütün gücümü, həyatımı ona həsr edəcəyəm”.

Azyaşlı Həbib Balayev “Həftə içi”nə bildirdi ki, arzusu gələcəkdə “krasmeystolmaq və Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil etməkdir: “Mənim fikrimcə, şahmat özü bir siyasi oyundur. Şahmatı gözəl bilən, həm də gözəl sərkərdə ola bilər. Hər dəfə oyuna inamla, qələbə əzmi ilə çıxıram. Çünki şahmat mənim həyatımdır”.

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2015.- 1 dekabr.- S.8.