Azərbaycanda xeyriyyəçiliyi

necə stimullaşdırmaq olar?

 

Ötən illərlə müqayisədə ölkəmizdə yardım əli uzadanların sayı sürətlə azalır

 

Ümumdünya İanə İndeksinin 2015-ci il üzrə açıqlanan nəticələrinə görə, Azərbaycan siyahıda 145 ölkə arasında 122-ci yerdə qərarlaşıb. Qeyd edək ki, bu indeks əhalinin ehtiyac içində olanlara necə yardım göstərdiyini ortaya qoyur. Böyük Britaniyanın xeyriyyə fondu kimi tanınan “Charities Aid Foundation” təşkilatının dəyərləndirməsinə görə, dünyada ən çox yardım əli uzadan Asiya ölkələridir.

Artıq ikinci ildir ki, siyahıya liderliyi əhalisinin 80 faizindən çoxu buddist olan, həm də “saflıqlar ölkəsi” adlandırılan Cənubi Asiya ölkəsi Myanmar edir. Sonrakı yerlərdə Amerika Birləşmiş Ştatları, Yeni Zelandiya, Kanada, Avstraliya gəlir. Hesabatda deyilir ki, builki reytinqdə müsəlman ölkələrində müsbətə doğru dəyişiklik var. Amma bu dəyişiklik daha çox Qırğızıstan və Qazaxıstanın hesabınadır. Bu ölkələr bir il öncə ilə müqayisədə müvafiq olaraq 65 və 45 pillə irəliləyiblər.

 

İlbəil daha da xəsisləşirik

 

Azərbaycan isə siyahıda geriləyənlərdəndir. Belə ki, 2014-cü ildə xeyriyyəçilik göstəricisinə görə ölkəmiz 87-ci yerdə, 2013-cü ildə 69-cu yerdə idisə, bu il 122-ci yerdə qərarlaşıb. Halbuki tarixə nəzər salsaq görərik ki, Azərbaycanda xeyriyyəçilik ənənəsi hələ XX əsrin əvvəllərindən olub. Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Musa Nağıyev kimi milyonçular bir sıra xeyriyyə işləri həyata keçiriblər; məsələn, Hacı Zeynalabdin Tağıyev insanlara, kasıblara əl tutub, bir çox binalar, Qızlar Seminariyası tikdirib, Bakıya Şollar suyu çəkdirib və s.

Təbii ki, bu gün Azərbaycanda yardım əli uzadanların sayı azalsa da, bu ələ ehtiyacı olanlar barədə bunu demək mümkün deyil. Çünki ən azından, sosial şəbəkələrdə, mətbuatda imkanlı insanlardan yardım uman, mərhəmət gözləyən xəstələr, əlil və köməksizlərlə bağlı müraciətlərin getdikcə artdığını görmək olar.

Bəs, görəsən, indiyədək Azərbaycanda xeyriyyəçiliklə məşğul olan neçə təşkilat dövlət qeydiyyatına alınıb? Bu istiqamətdə fəaliyyət göstərmək istəyən təşkilatların dövlət qeydiyyatına alınması üçün hansı prosedur tələb olunur? Aidiyyəti qurumlar neçə gün ərzində təşkilatın dövlət qeydiyyatına alınmaqla bağlı müraciətinə cavab verməlidir? Bu qurumlar mövcud fəaliyyətləri barədə Ədliyyə Nazirliyinə hesabat təqdim edirlərmi? Ümumiyyətlə, ölkəmizdə xeyriyyəçilik fəaliyyətini stimullaşdırmaq üçün hansı addımların atılmasına ehtiyac var?

Yeri gəlmişkən, Azərbaycanda “Xeyriyyəçilik haqqında qanunun qəbulu uzun müddətdir müzakirə olunmaqdadır. Ekspertlər düşünürlər ki, ölkədə xeyriyyəçilik fəaliyyəti də qanunla tənzimlənməlidir. Mütəxəssislərin fikrincə, Azərbaycan da bu məsələdə beynəlxalq təcrübədən yararlana bilər, məsələn, xeyriyyəçiliklə bağlı layihələr vergidən azad edə bilər. Milli QHT Forumunun prezidenti Rauf Zeynihesab edir ki, Azərbaycanda xeyriyyəçilik fəaliyyətinin stimullaşdırılması üçün bəzi addımların atılmasına ehtiyac var. Onun sözlərinə görə, təmsil etdiyi qurum tərəfindən Milli Məclisə “Xeyriyyəçilik haqqında” qanun layihəsi də təqdim edilib: “Qanun qəbul edilsə, hər hansı bir xeyriyyə əməli bu sənədlə tənzimlənəcək. Biz bu məsələdə beynəlxalq təcrübədən istifadə edə bilərik - xeyriyyəçiliklə bağlı layihələri vergidən azad etmək olar. Bu, həm özəl sektorun inkişafına yardım edər, onların xeyriyyəçiliyə marağını artırar, həm də bu sahədə şəffaflığa təmin verər”.

 

Qanun olsa, maraq artar

 

Mövzu ilə bağlı fikirlərini bölüşən İqtisadiSosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov isə bildirib ki, bir sıra inkişaf etmiş ölkələrdə bu məsələ korporativ sosial məsuliyyət deyilən ayrıca qanunla tənzimlənir: “Həmin ölkələrdə korporativ sosial məsuliyyət xeyriyəçiliyin bir forması kimi də təqdim edilir. Birmənalı olaraq korporativ məsuliyyət şirkətlərin sosial məsuliyyətliliyi ilə yanaşı xeyriyyə fəaliyyətini göstərən bir vasitədir. Bizdə belə bir qanun yoxdur. Buna görə, şirkətlərin və imkanlı şəxslərin sosial layihələri eləcə də, xeyriyə işini maliyyələşdirmək fəaliyyəti məhduddur”.

Onun sözlərinə görə, korporativ sosial məsuliyyətin Azərbaycanda zəif olması bir sıra faktorlarla bağlıdır: “Əvvəla, şirkətlərin, sahibkarlıqla məşğul olanların, varlı insanların nəinki xeyriyəçilik fəaliyyətinə, hətta gəlirlərin əldə olunmasına yanaşması fərqlidir. İnkişaf etmiş ölkələrdə sahibkar əldə etdiyi gəlirin bir hissəsindən müəyyən qrupların sosial vəziyyətinin yaxşılaşdırılmasında istifadə edir. Bu məcburi xarakter də daşımır. Amma eyni zamanda bu orada qəbul edilmiş bir normadır. Azərbaycanda isə əksər sahibkar üçün əsas məqsəd gəlir əldə etməkdir. Onların cəmiyyət qarşısında maddi öhdəçiliyi yoxdur. Ona görə də Azərbaycanda sahibkarların gəlir əldə etməyə yanaşması inkişaf etmiş ölkədəki ilə müqayisədə daha zəifdir. Bu da onların xeyriyyəçiliyə və sosial məsuliyyətlə bağlı layihələrə vəsait ayırmalarına imkan vermir”.

Ekspert, həmçinin qeyd edib ki, inkişaf etmiş ölkələrin əksəriyyətində xeyriyyə məqsədi ilə ayrılan vəsait vergidən azad olunur və həmin şəxslər üçün vergi güzəştləri nəzərdə tutulur: «Təbii ki, eyni praktikanın Azərbaycanda tətbiq edilməsi olduqca vacibdir. Çünki bu məqsədlə ayrılan vəsaitlərin vergiyə cəlb edilməsi həm şirkətləri, həm də fərdi şəxsləri vəsait xərcləməyə stimullaşdırmır. Problem ondan ibarətdir ki, xeyriyyə məqsədi ilə vəsait xərcləyən zaman şirkət və ya vətəndaş həm vəsait xərcləyir, həm də xərclədiyi vəsaitə görə vergi ödəyir. Bu da o deməkdir ki, praktiki olaraq xeyriyyəçi iki dəfə xərcə düşmüş olur. Buna görə də vergi güzəştlərin tətbiq edilməsi, hüquqi bazanın təkmilləşdirilməsinə ehtiyac var. Sözsüz ki, təbliğati işləri də olduqca vacibdir. Xeyriyəçiliyin həm cəmiyyətə, həm də onu edən sahibkarlara, varlı insanlara əhəmiyyəti haqqında maarifləndirmə işləri aparılmalıdır”.

 

Müstəsna hallarda yoxlama

müddəti artırıla bilər

 

Mövzu ilə bağlı «Həftə içi» qəzetinin soğrusuna cavab olaraq, Ədliyyə Nazirliyi Hüquqi Şəxslər və Vətəndaşlıq Vəziyyəti İdarəsinin rəisi Rahim Rəhimov bildirib ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə ərizə ilə müraciət edilməlidir: «Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə bütün təsisçilər) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydada təsdiqlənir.Ərizəyə təsis sənədləri – hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi, həmin qurumun yaradılması və nizamnaməsinin təsdiq edilməsi haqqında qərar (qərarda hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçiləri tərəfindən onun təsis edilməsi niyyəti, birləşmə, ayrılma və bölünmə zamanı yeni hüquqi şəxs yaradılarkən yenidən təşkilin şərtləri, nizamnamənin təsdiq edilməsi, təyin edildiyi halda, qanuni təmsilçi və onun səlahiyyətləri, habelə təsisçilər tərəfindən zəruri hesab edilən digər məsələlər göstərilməli və bu qərar bütün təsisçilər tərəfindən imzalanmalıdır); dövlət rüsumunun ödənilməsi haqqında sənəd; təsisçi hüquqi şəxs olduqda - onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti; təsisçi fiziki şəxs olduqda – onun şəxsiyyətini təsdiq edən sənədin surəti;qeyri-hökumət təşkilatının təsisçisi (təsisçiləri) Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduqda – onların daimi yaşamaq hüququnu təsdiq edən sənəd; hüquqi şəxs statusu almaq istəyən qurumun hüquqi ünvanını təsdiq edən sənəd; qanuni təmsilçinin təyin edildiyi halda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti; fondlarda nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd; təsisçilərin əcnəbilər və ya xarici hüquqi şəxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinlərinin təyin olunması barədə sənədlər əlavə edilir».

İdarə rəisinin sözlərinə görə, dövlət qeydiyyatına alınması üçün ərizə və ona əlavə edilməli olan sənədlərin qanunvericilik aktlarına uyğunluğu Ədliyyə Nazirliyi tərəfindən 30 gün müddətində yoxlanılır: «Müstəsna hallarda yoxlama zamanı əlavə araşdırma aparılması zərurəti yarandıqda, bu müddət daha 30 günə qədər artırıla bilər. Həmçinin “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən, qeyri-hökumət təşkilatı illik maliyyə hesabatını hər il aprel ayının 1-dən gec olmayaraq, Maliyyə Nazirliyinə təqdim edir. Bu hesabatların forması, məzmunu və təqdim edilməsi qaydası Nazirlər Kabineti tərəfindən müəyyən edilir».

 

Sevinc

 

Həftə içi.- 2015.- 3 dekabr.- S.5.