“Hər bir uğurum üçün
valideynlərimə
borcluyam”
Rodrigo Labardini: “Meksika-Azərbaycan əlaqələrini
ən yüksək səviyyəyə qaldırmaq
üçün əlimdən gələni edəcəyəm”.
Meksikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli
səfiri Rodrigo Labardinini təsvir etməyə, necə insan
olduğunu deməyə söz tapmıram - gərək
özünüz canlı ünsiyyətdə olasınız
bu mehriban və qonaqpərvər insanla. Hətta dilimizi də öyrənir və demək olar ki, xeyli
uğur qazanıb. O, cəmi altı
aydır Azərbaycandadır, amma gördüyü işlər altı ilə bərabərdir.
Deyir var qüvvəsini
toplayıb, səfirlikdəki komandasının dəstəyi
ilə ölkələrimiz arasında əvvəldən mövcud olan dostluq əlaqələrini ən yüksək
səviyyəyə qaldırmaq istəyir. Mən onun tükənməz işləmək həvəsini
təqdir etdim. Amma səfir
Labardini təvazökarlıqla bütün bu işləri
təkbaşına görmədiyini bildirdi.
Maraqlı olar deyə söhbətə elə
buradan başlamağa
qərar verdik.
- Bu təkcə mənim yox səfirliyin bütün əməkdaşlarının birgə səyi nəticəsində baş verir. Səfirliyin tərcüməçisi Günel xanımın sayəsində fəaliyyətimiz 4 dildə mediada yayılır. Əlbəttə, bütün bunlar Meksika-Azərbaycan əlaqələrinin inkişafına dair görülən işlərin bir hissəsidir. Hamımız dünyaya eyni gözlə baxmırıq, amma ümumi işimiz ölkələrarası əlaqələrin inkişafına yönəlib.
- Bura
gəlməzdən öncə nə işlə məşğul
idiniz? Belə görürəm ki, təcrübəniz böyükdür...
- İxtisasca hüquqşünasam. İki il ərzində Meksikanın nüfuzlu qurumlarından birində vəkil işləmişəm. Sonradan isə fəaliyyətimi Mərkəzi Bankda davam etdirmişəm. Diplomatik fəaliyyətə 1987-ci ildə Xarici İşlər Nazirliyində işə düzəlməklə start vermişəm. O vaxtdan müxtəlif vəzifələr tapşırılıb mənə. Məsələn, ABŞ-ın Nyu-Meksika ştatında konsul olmuşam, sonra isə fəaliyyətimi Kanadada - Ottavadakı səfirliyimizdə hüquqi və insan hüquqları sahəsində davam etdirmişəm. Fəaliyyət müddətimi tamamlayıb, Meksikaya qayıdandan sonra isə yenə də hüquqi, siyasi və narkomaniya ilə mübarizə şöbəsinin direktoru, daha sonra isə baş direktoru vəzifəsində çalışmışam. Amma bir müddətdən sonra məni yenidən xaricə - ABŞ-dakı səfirliyimizdə işləməyə göndərdilər. Sonrakı fəaliyyətim dövründə Meksikada insan hüquqları idarəsinə rəhbərlik etdim və çox keçmədi ki, Xarici İşlər Nazirliyinin insan hüquqları departamentində hüquq məsləhətçisi vəzifəsinə keçdim, buradan da dövlətimiz məni Nikaraquaya səfir göndərdi. İki il orada diplomatik korpusa rəhbərlik edəndən sonra isə, gördüyünüz kimi, artıq altı aydır Azərbaycandayam.
- İşinizə bu qədər məsuliyyətli, ürəklə yanaşırsınız – bu, nadir insanlarda özünü göstərir. Hardandır belə fəallıq, dinamik işləmək həvəsi sizdə?
- Mən hər bir uğurum üçün valideynlərimə borcluyam. Çünki onlar hər zaman mənim gələcəkdə karyera əldə etməyim üçün çalışıblar. Mən və bacı-qardaşlarım da həmişə istəmişik ki, onların uğurlarından daha yüksəyini qazanaq və müəyyən dərəcədə buna nail olmuşuq. Şəxsən diplomat olaraq dinamik fəaliyyət göstərməyim isə məhz Nikaraqua və Azərbaycanda səfir postunu tutmağımla bağlıdır. Niyə, çünki həm Nikaraqua, həm də Azərbaycan Meksika ilə əməkdaşlıq etmək baxımından çox böyük potensiala malikdir. Mən cənab Prezident İlham Əliyevə etimadnaməmi təqdim edərkən dedim ki, Meksika-Azərbaycan əlaqələrini ən yüksək səviyyəyə qaldırmaq üçün əlimdən gələni edəcəyəm. Bu mənada var qüvvəmlə çalışıram ki, verdiyim sözü yerinə yetirim, dövlətlərimiz və xalqlarımız arasında dostluq əlaqələrini daha da genişləndirim. Həyatımdan çox razıyam ki, məni məhz Azərbaycana gətirib çıxarıb.
- Əvvəllər
Azərbaycanla əlaqələriniz vardımı,
tanıyırdınızmı ölkəmizi? Baxıram, maşallah, ofisinizdən bütün
Bakı görünür, bəyəndinizmi
şəhərimizi?
- Bakıya gələndə sözün yaxşı mənasında təəccübləndim. Azərbaycanla bağlı məlumatlarım o qədər də çox deyildi. Amma “Əli və Nino” əsərini oxuyub, nələrisə öyrənməyə çalışmışdım xalqınız haqqında. Əminliklə deyirəm ki, ədəbiyyat xalqlarımızı bir-birinə tanıtmaqda əvəzsiz töhfə verib. “Əli və Nino” əsərində bu gün Bakının mərkəzində yerləşən və qədim tarixi özündə yaşadan İçərişəhərdən də bəhs olunmuşdu. Digər yandan isə son illər aparılan sürətli tikinti-quruculuq işləri paytaxtın ən müasir şəhərlər sırasında yer tutmasına şərait yaradıb. Yəni qədim və müasir dövrləri özündə yaşadan Bakı şəhərinə hər kəs gəlmək istəyər.
- Yeri
gəlmişkən, qədimliyi və müasirliyi
özündə birləşdirməsi baxımından Azərbaycan
və Meksika şəhərləri
arasında bənzərlik var...
- Tamamilə doğrudur. Ölkələrimizi minilliklərin mədəniyyəti birləşdirir. Məsələn, Meksikanın paytaxtı Mexiko şəhərində də Bakıdakı kimi qədimilik və müasirlik vəhdət təşkil edir. Orada da şəhərin mərkəzi hissəsi əsasən müstəmləkə dövründən qalma tarixi abidələrlə zəngindir, hansı ki, ətraf rayonlarda bir qayda olaraq ən müasir binalar tikilir, yeni infrastruktur yaradılır. Mən Şəkidə olanda Xan sarayını gördüm, baxdım ki, eyni mənzərə Meksikada da bəzi şəhərlərdə mövcuddur.
- Tarixi
və təbii zənginliklərimizin
oxşarlığından irəli gəlir ki,
siz də fəaliyyətinizdə mədəni
tədbirlərə geniş yer ayırırsınız...
- Doğrudan da, biz indiyədək rəssamlıqla, “Mariaçi” musiqisi ilə bağlı tədbirlər, eləcə də Mezcal və Tekila festivalları keçirmişik. Təbiətin bizə verdiyi zənginliklərlə mədəniyyəti dərk eləməyə çalışırıq. Fikir verin: sizdə tərxun bitkisi var, bizdə də var, amma ona estraqon deyirik. Meksikada kimin ağlına gələrdi ki, ondan sərinləşdirici içki düzəldərlər, hansı ki, Azərbaycanda tərxundan əla limonad istehsal edilir. Meksikada isə bu bitkidən ancaq ədviyyat kimi istifadə olunur. Yaxud da, günlərin birində Yaşıl bazara getmişdim. Orada Meksika mətbəxində çox istifadə edilən yabanı tərəvəz növünü gördüm və məlum oldu ki, azərbaycanlılar ona pərpətöyün deyirlər. Siz ondan soyuq qəlyanaltı, biz isə isti yemək hazırlayırıq. Yəni bizi birləşdirən bir ortaq cəhət də dadlı yeməklərə münasibətdir. Xalqlarımız eşq-məhəbbətə verdikləri dəyərə görə də oxşardırlar. Sizdə “Leyli və Məcnun”, bizdə isə dram əsəri olan “Varlılar da ağlayır” buna sübutdur. Xalqlarımızı təbii sərvətlər, xüsusilə də neft və qazla zənginlik də birləşdirir. Hansı ki, biz bu sahədə əlaqələri genişləndirməyə çalışırıq.
- Mən elə bunu soruşmaq istəyirdim:
Meksika hər baxımdan nəhəngdir və
zəngindir. Azərbaycan isə müstəqilliyinə iyirmi ildir qovuşub
və yenicə inkişaf edir.
Bu mənada böyük
Meksika kiçik Azərbaycana
nə verə, nəyi bölüşə bilər?
- Azərbaycan, bəli, olduqca cavan dövlətdir. Amma müstəqilliyi qazanmaq üçün əl atdığı bütün vasitələr xalqı birləşdirib və özünə görə uğurlar qazandırıb. Deyə bilərəm ki, Azərbaycan iqtisadiyyatı son 12-15 il ərzində 34 faiz güclənib, bu da böyük göstəricidir. Biz Azərbaycanla nəyi bölüşə bilərik – təcrübəmizi. Çünki təcrübə keçmişdə buraxdığımız səhvləri üzə çıxarır. Biz Azərbaycana dost ölkə kimi yanaşırıq və ehtiyac yarandığı təqdirdə, ona təcrübələrimizdən çıxış edərək kömək etməyə hazırıq. Bizim də sizdən almaq istədiyimiz nələrsə var. Məsələn, Azərbaycanda iyirmi ildir “məhsulların bölünməsi müqaviləsi” mövcuddur. Meksikada isə bu işə yenicə başlanılıb. İstərdik bu məsələdə Azərbaycanın təcrübəsini bölüşək. Azərbaycan Avropa ilə Asiyanı, cənubla şimalı birləşdirən strateji nöqtədə yerləşir. Azərbaycan tərəfindən reallaşdırılan Bakı-Ceyhan neft kəməri, “Bakı-Tiflis-Qars” dəmir yolu xətti, hazırda reallaşması davam etdirilən “Cənub qaz dəhlizi” və onun tərkibindəki TAP, eləcə də TANAP layihələri diqqətəlayiqdir. Meksika da strateji mövqeyə sahibdir: şimaldakı ABŞ-ı Mərkəzi və Cənubi Amerika ilə birləşdirir. Meksika 1985-ci ildən acıq ticarət konvensiyasına daxildir, 1994-cü ildə isə Şimali Amerika açıq ticarət sazişinə qoşulmuşuq. Hazırda Meksika xarici ticarətinin 80 faizi ABŞ-ladır.
- Azərbaycanla nə
qədərdir?
- Çox azdır hələlik, məsələn, ötən il təxminən 2 milyon dollar həcmində olub. Amma ümid edirəm ki, 2015-ci ilin yekunlarında artım görəcəyik. Səfirliyimizin burada olması o deməkdir ki, Meksikanı daha çox tanıdaq, turizmi inkişaf etdirək, eləcə də Azərbaycanın Meksikada tanınmasına nail olaq. Meksika dünyanın 14-cü böyük iqtisadiyyatıdır. 2016-cı ildə Meksikada avtomobil istehsalı 4 milyona çatacaq. Bizdə dünyanın 19 vacib markası mövcuddur. ABŞ-ın avtomobil idxalında birinci yeri Meksika tutur. İkiqapılı soyuducu ilk dəfə bizdə istehsal olunub, pivə istehsalına görə Meksika ABŞ və Almaniyanı keçərək birinci yerə çıxıb, mobil telefon istehsalına görə dünyada üçüncü dövlətik. Yəni ən iri mobil telefon şirkətlərinin filialları bizdə mövcuddur. Eləcə də avtomobil istehsalı belədir. Ötən il Meksikada 350 min BMV istehsal olunub, gələn il “Honda”nın istehsalı 1 milyona çatacaq. Son 10 ildə Meksikada elektron və kosmik sənaye çox inkişaf edib və bu da öz növbəsində digər sahələrin irəli getməsinə şərait yaradıb. Bizdə ixrac bazarları yaxındır, həm də ucuz və bol işçi qüvvəsi var. Meksikanın geniş ərazisi kənd təsərrüfatına tam yararlıdır - ildə iki-üç dəfə məhsul götürülür. Hətta bizdə belə deyilir ki, dünyadakı hər iki pomidorun biri meksikanındır. Eləcə də qarğıdalı və şokoladın vətəni məhz Meksika sayılır.
- Meksika
tropik ölkə olduğundan
orada bütün növ bitkiləri yetişdirmək mümkündür...
- Dünyada mövcud olan flora-fauna növlərinin 15 faizi məhz Meksikada cəmlənib.
- Bildiyim
qədəri bu baxımdan Yukatan
yarımadası çox zəngindir...
- Düzdür, Yukatan da, ölkənin şimal rayonları da. Limon, portağal və çiyələk istehsalında biz çox böyük uğurlar qazanmışıq. Məhsulların böyük qismi bayaq da dediyim kimi, ABŞ-a, qalanı isə Avropa və digər bölgə ölkələrinə ixrac olunur. Təbii ki, Azərbaycanda qış aylarında pomidor və ya portağalın bol və ucuz olmasını təmin etmək üçün həmin məhsulları bura da gətirə bilərik.
- Bilirik
ki, Meksikada turizm çox inkişaf edib və Azərbaycanda
da bu sahəni möhkəmlətmək
üçün yaxşı imkanlar var. Bəlkə
kömək edəsiniz...
- Meksika dünyanın 10 ən çox turist cəlb edən ölkəsindən biridir. Məndəki məlumata görə, hər il Meksikaya 29 milyondan artıq turist gəlir. Bizdə Azərbaycan dilinə tərcüməsində “Sehrli kənd” deyilən şəhər və qəsəbələri var ki, onlarda füsunkar təbiət qədim, tarixi abidələrlə, çeşidli mədəniyyət və mətbəx nümunələri ilə vəhdət təşkil edir və turistlər bu bölgələri məmnuniyyətlə görmək istəyirlər. Yeri gəlmişkən, belə bölgələr Azərbaycanda da var və biz öz təcrübəmizi sizinlə bölüşməyə hazırıq. Əlbəttə, biz biznes turizmini inkişaf etdirmək üçün Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, eləcə də ayrı-ayrı turizm agentlikləri ilə danışıqlar aparırıq. Bu ona görə lazımdır ki, insanlar Meksikanın gözəlliklərini görməklə yanaşı, həm də bu ölkədə biznes qurmaq imkanlarını öyrənəcəklər. Yəni necə deyərlər, bir güllə ilə iki dovşanı vuracaqlar. Danışıqlarda müsbət nəticələr hiss olunur. Artıq iki ölkə iş adamlarının qarşılıqlı səfərləri nəzərdə tutulub. İdman sahəsində də geniş əməkdaşlıq potensialı mövcuddur. Ölkələrimizin hər biri müxtəlif sahələrdə uğurlar əldə edib və bu təcrübələri qarşılıqlı bölüşmək istərdik. Bir məlumatı da deyim ki, Azərbaycan boks üzrə yığma komandası Bakıda keçirilən Avropa Oyunlarından və Qətərdə təşkil olunmuş dünya birinciliyindən əvvəl məhz Meksikada məşq edib. Hazırda da Azərbaycan taekvandoçuları Meksikadadır. Onlar Qran-pri turnirinin son mərhələsində və Mexikoda keçiriləcək dünya birinciliyində güclərini sınayacaqlar. Yarışlar 5-8 dekabr tarixlərində olacaq.
- Əlaqələri
inkişaf etdirmək üçün
birgə müəssisələr yaradılmalı, Azərbaycanın
aqrar sahəsinə yatırım
qoyulmalıdır və sair. Bu sahədə nə kimi
planlarınız var?
- Biz Meksika ilə Azərbaycanı bir-birinə bağlayan 10 əsas ticarət sahəsini müzakirə etmişik. Artıq bizim bir sıra şirkətlər Azərbaycanda olub. Onlar daha çox dəniz məhsullarının satışını təşkil etmək istəyirlər. Biz Azərbaycana həm də ucuz, amma çox yüksək keyfiyyətli banan və ananas ixrac edə, bəzi mədəniyyət nümunələrini, məsələn, Mezcal və Tekila festivallarından da hiss elədiyiniz kimi, bu içkiləri Azərbaycan bazarına çıxara bilərik. Meksikada kosmik sənaye də yüksək inkişaf müstəvisinə qalxıb. Hazırda bizim orbitdə 8 peykimiz var ki, indiyədək 23 missiya həyata keçirib. Ümumiyyətlə, siz mətbuat mənsubları müxtəlif universitetlərdə, nazirlik və digər qurumlarda, eləcə də iş adamları ilə keçirdiyim görüşlərə nəzər salsanız görərsiniz ki, mən bütün sahələrdə ikitərəfli əlaqələri genişləndirməyə çalışıram.
- Bütün
qeyd etdiyiniz iqtisadi-ticari, elmi-mədəni sahələrdə
əlaqələri inkişaf etdirmək üçün siyasi
münasibətlərin əla olması lazımdır. Bu sahədə vəziyyət qaneedicidir?
- Siyasi əlaqələrimiz normaldır və durmadan inkişaf edir. O cümlədən, dövlət qurumlarının qarşılıqlı əməkdaşlığı güclənməkdədir. Hazırda çalışırıq ki, iki ölkənin dövlət və hökumət nümayəndələrinin qarşılıqlı səfərləri baş tutsun. Bilirsiniz ki, Meksika parlamenti Xarici Əlaqələr Komitəsinin rəhbəri xanım Qabriela Kuevas Azərbaycanda olub. Eləcə də Meksikanın “ProMexico” şirkətinin İstanbul ofisinin başçısı Xorxe Alberto Kruz Abaskal Bakıya gəlmişdi və bunun səbəbi “ProMexico” şirkəti rəhbərinin Azərbaycana səfərini təşkil etmək istəyidir.
- Sonda təklif edirəm ki, Meksika hökuməti Azərbaycanda
mədəniyyət mərkəzi açsın və zəngin
mədəni nümunələrinizlə xalqımız
rahatlıqla tanış olsun...
- Çox yaxşı olardı, amma bir sıra çətinliklər var. Bunun üçün maliyyə vəsaiti lazımdır. Amma indiyədək biz bu qədər mədəniyyət tədbiri keçirə bilmişiksə, deməli, mərkəzin açılması da mümkündür. Yeri gəlmişkən, növbəti həftə Bakıdakı Nizami Kinoteatrında Meksika kino həftəsi açılacaq və orada meksikalı rejissorların çəkdiyi beş məşhur film nümayiş ediləcək. Hansı ki, bundan öncə də Meksikada Azərbaycan kinoları nümayiş edilib.
Vüsal Tağıbəyli
Həftə içi.- 2015.- 3
dekabr.- S.4.