“Hamı rəsm çəkə bilər,

amma rəssam ola bilməz”

 

Hərənin həyata bir baxışı, bir dünyası var, o dünyanın içərisində ancaq özü görünür. Amma gənc rəssam Rəfiqə Hüseynovanın (Rəfiqə Ramizqızı) dünyası digərlərindən seçilir. Bu kiçik dünya sirlə, möcüzələrlə doludur. Bu dünyadan böylanıb-baxanda adam sanki özünü sehrli aləmdə, kainatda, kəhkəşanlıqda görür. “Sənətkar” rublikasının budəfəki qonağı tanınmış rəssam, Azərbaycan Rəssamlar İttifaqının gənc üzvü Rəfiqə Ramizqızıdır. Tanınmış rəssam Rəfiqə Ramizqızı “Həftə içi”nə keçdiyi sənət yolundan danışdı: “Mən Bakı şəhərində doğulub, boya-başa çatmışam. Hələ 2 yaşımdan rəssamlıq sənətini sevmişəm. Atam Ramiz Hüseynov rəssam olub.

Onun gözəl rəsm əsərləri var. Atam hər dəfə əlinə fırça alıb, kağız üzərində rəsm əsərləri işləyəndə böyük həvəslə onun əl işlərinə baxdıqca, bu sənətə qarşı məndə böyük həvəs yaranırdı. Atamın bir-birindən gözəl, bənzərsiz rəsm əsərlərinə tamaşa etdikcə, sanki portretdə olan o cizgilər məni özü ilə xəyallar dünyasına, sehrli bir aləmə aparırdı. İçimdən hisslər baş qaldırırdı, zərif, incə duyğularım kağız üzərində rəsmlərə çevrilirdi. Uşaqlıq illərində ən çox mənzərə tablolarına üstünlük verməklə öz dünyamı yaradırdım. Artıq birinci sinfə gedəndə şəkillər çəkirdim. Hələ orta məktəbdə oxuduğum illərdə çox vaxt tənha qalıb, özümə qapılırdım. Bu tənhalıqda dünyamın görünməyən tərəflərini fırçaların, boyaların dili ilə göstərməyə çalışırdım. Əvvəllər valideynlərim deyərdilər ki, bu, ötəri bir həvəsdir, keçib- gedəcək, Rəfiqə gələcəkdə başqa bir sənəti seçəcək. Amma hisslərim məni rəssamlıq dünyasına apardı və onuncu sinifdə oxuyanda ciddi rəsmlər çəkməyə başladım. Artıq həmin dövrdən rəssamlıq sənətini seçdimbu sənətə yiyələndim.

Hələ 2003-ci ildə Xəzər rayon 230 saylı tam orta məktəbin 10-cu sinfində oxuyarkən rayon, şəhər və respublikada keçirilən sərgi müsabiqələrində fəal iştirak etdim. Elə ilk diplomu da 2003-cü ildə aldım”.

Gənc rəssam deyir ki, 2003-cü ildə “2 Fevral – Azərbaycan Günü” münasibətilə Bakı şəhərində keçirilən sərgidə rəsm əsərləri digərlərindən fərqlənib: “Həmin sərgidə çəkdiyim uşaq portretində bir uşaq xəyalında onun gələcək obrazını yaratmışdım. Bu sənət əsərim sərgi iştirakçılarının daha çox xoşuna gəldiyinə görə, Bakı Şəhər Gənclər və Turizm Baş İdarəsinin fəxri fərmanına layiq görüldüm. Söz düşmüşkən deyim ki, ilk müəllimim atam olub. Bu sənət aləmində əldə etdiyim uğurlara görə atama minnətdaram”.

Müsahibimiz sənətində ən çox uğuru sərgilərdə qazandığını dedi. Onun sözlərinə görə, keçirilən sərgilərdə tanınmış, dünyaşöhrətli rəssamların əsərlərini görüb, onlarla əlaqələr qurub: “Tanınmış heykəltəraş, Xalq rəssamı Ömər Eldarovdan məsləhətlər alırdım. Bir sözlə, ondan bu sənətin sirrlərini öyrənirdim. Bu sənətə gəlməyimdə də Ömər Eldarovun xeyir-duasını aldım. 5 fərdi sərgim keçirilib. İlk fərdi sərgim 2003-cü ildə oxuduğum Bakı şəhər 230 saylı orta məktəbdə, sonra 2004-cü il təhsil aldığım Bakı Sənaye Pedaqoji Texnikumunda keçirilib. Yerdə qalan sərgilərimsə, dövlət səviyyəsində keçirilib. İkinci fərdi sərgimdə cəmiyyətdə artıq rəssam kimi tanınırdım. Diqqətinizə çatdırım ki, 2004-cü ildə Azərbaycan Dövlət Televiziyası, eləcə də digər televiziya kanalları məni bir rəssam kimi öz verilişinə dəvət etdilər və rəsm əsərlərimlə yaxından tanış olaraq efir vasitəsilə ictimaiyyətə çatdırdılar. Bir sözlə, fərdi sərgilərim respublikada geniş yer alıb. Hər növdə şəkil çəkirəm. Çəkdiyim əsərlərin içərisində portret, mənzərə, abstrakt rəsmlər, natürmort əsərləri yaradıcılığımın özəyini təşkil edir. Əsas üstünlüyü portretə verirəm. Ona görə ki, insanların daxili dünyaları onların üz cizgilərində olur”.

Rəfiqə Ramizqızı deyir ki, bir sıra görkəmli şəxsiyyətlərin portretlərini yaradıb: Ulu öndər Heydər Əliyev, tanınmış oftalmoloq Zərifə xanım Əliyeva, Mustafa Kamal Atatürk, prezident İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva, Xomeyni, İran İslam Respublikasının Prezidenti Həsən Ruhani və digərlərinin yaratdığım portretlərim respublika sərgilərində geniş yer alaraq mükafata layiq görülüb. Ulu öndərin, Zərifə Əliyevanın, Prezident İlham Əliyevin və millət vəkili Mehriban xanım Əliyevanın portretləri indinin özündə də Bakı Baş Təhsil İdarəsində saxlanılır”.

Tanınmış rəssam deyir ki, rəssamın öz dünyası var. Rəssamlar daha çox xəyalpərəst və həssas olurlar. Bir sözlə, daim axtarışdadırlar. Rəssamlıq elə bir sənətdir ki, sonu görünmür, sirlərlə doludur. Bir əsər yaratmaq üçün şəxsə qarşı böyük simpatiya olmalıdır ki, onun daxili zənginliyini çəkdiyin rəsm əsərində üzə çıxara biləsən. İnsanın cizgilərində görünməyən tərəfi, ani-yaşantı baxışının qeyri-adiliyini fırçalarla, rəngli boyalarla üzə çıxarda biləsən: «Doğrusu, ən çox xoşladığım rəng mavidir. Amma rəsm əsərlərində qara rəngdən daha çox istifadə edirəm. Çünki həyatın özü və qaradır. Hər gecənin bir işıqlı səhəri olduğu kimi, çəkdiyimiz sənət əsərləri də o cür olmalıdır, yəni özünün ahəngliyi ilə seçilməlidir. Düzünü deyim ki, əsl rəssamın dəst-xətti olmalıdır, min əsərin içində onun əsəri seçilməlidir. Rəssamın əsərləri öz cazibədarlığı, diqqət çəkimliyi ilə fərqlənməlidir. Hamı rəsm çəkə bilər, amma rəssam ola bilməz. Hər bir sənət çətindir. Əgər sənəti sevərək yiyələniriksə, orada çətin heçyoxdur. Rəssam olmaq üçün ilk öncə istedadın, daxili dünyan zəngin olmalıdır. Ədəbi dildə desək, rəssam həm gözəl şair, həm də gözəl musiqiçi olmalıdır. Mən hər hansı gözəl musiqi əsərini dinləyəndə onun musiqi seli məni öz ağuşuna alıb, rəssamlıq dünyama aparır. Bu da bənzərsiz yeni bir əsərin yaranmasına gətirib çıxarır. Xatırladım ki, 80-ə yaxın sənət əsərim var. Çox əsərlər hədiyyə eləmişəm. Əsərlərim muzeylərdə, sərgi salonlarında saxlanılır. 20-dən çox fəxri diplommükafatlara layiq görülmüşəm. Əsərlərim içərisində “At və Pələng”i xırdaölçülü rəngli şüşələrlə işlədiyimə görə, sərgilərdə daha cox diqqət cəlb edir. Bu cür əsərləri hər rəssam işləyə bilmir. Gərək həm bacarığın, həm də güclü istedadın, peşəkarlığın olsun. Onu da vurğulayım ki, bir sıra ölkələrdə keçirilən beynəlxalq müsabiqələrdə ölkəmizi layiqincə təmsil etmişəm. Bu yaxınlarda respublikada keçirilən “İlin peşəkar gənci” müsabiqəsinə qatıldım. Ümidvaram ki, bu ada mən layiq görüləcəyəm. Gələn ilin fevral ayında İran İslam Respublikasında fərdi sərgim təşkil ediləcək. 23 əsərim həmin sərgidə nümayiş olunacaq”.

 

Qələndər Xaçınçaylı

 

Həftə içi.- 2015.- 5-7 dekabr.- S.7.