Azərbaycan qadınının

işgüzarlığı dünya mətbuatında

 

Beynəlxalq ekspertlərin fikrincə, ölkəmizdə qadınların nüfuzlu vəzifələrə yiyələnməsi Birləşmiş Ştatlarla müqayisədə daha sürətlə baş verir

 

AZƏRTAC-ın xəbərinə görə, Amerikada çıxan “Independent Journal Review” nəşrində beynəlxalq ekspert, əvvəllər “The Jerusalem Post” və “The Baltimore Jewish Times” qəzetlərinin redaktoru olmuş xanım Maayan Caffenin “Müsəlman ölkəsi olan Azərbaycanda qadınların nüfuzlu vəzifələrə yiyələnməsi Birləşmiş Ştatlarla müqayisədə daha sürətlə baş verir” sərlövhəli məqaləsi dərc edilib.

Müəllif qadınların parlament üzvləri seçilməsinin üstünlüyündən söhbət açaraq qeyd edir ki, dünyada ölkə parlamentinə seçilmiş şəxslər arasında qadınların sayının 33 faizdən çox olduğu cəmi bir neçə dövlət var. Parlamentlərarası İttifaqın hesabatına görə, ölkə parlamentində qadınların sayının ən az olduğu dövlətlər İran və Livan kimi müsəlman ölkələridir. Həmin ölkələrdə bu göstərici cəmi 3 faiz təşkil edir. İspandilli ölkələrin çoxunda isə parlament üzvləri arasında qadınların sayı yetərincə yüksəkdir; məsələn, Kubada bu göstərici 48,9 faizə, Meksikada 42,4 faizə, Ekvadorda 41,6 faizə bərabərdir. ABŞ parlamentində qadınların sayı 19,4 faiz təşkil edir. Qadınların parlamentə seçilməsi həmin ölkədə demokratiyanın inkişafı əlamətidir. M.Caffe yazır ki, belə ölkələrdən biri də Azərbaycandır. Burada parlament üzvlərinin, təxminən, 16 faizi qadındır.

Yeri gəlmişkən, 2015-ci ilin noyabr ayında keçirilmiş sonuncu parlament seçkilərindən sonra, bu ölkənin qanunvericilik orqanlarında qadınların sayı 17 faiz olub. Başqa sözlə, Azərbaycan parlamentində qadınların sayı 12 faiz artıb.

Məqalə müəllifi vurğulayır ki, Azərbaycanı çox vaxt tənqid edirlər, lakin qadınların imkanlarının genişləndirilməsi məsələsinə gəldikdə, Azərbaycandan öyrənməli məsələlər var. Bu il noyabr ayında seçicilər Azərbaycan parlamentinə 125 deputatı 767 namizəd arasından seçiblər. Avropa Parlamentinin üzvü Frans Obermayer qadınların ölkə parlamentinə seçilməsi və bu orqanda iştirakı üçün imkanların təmin edilməsi səylərini yüksək qiymətləndirib.

Azərbaycanın sosial-siyasi həyatında qadınların rolunun artması əhalisinin əksəriyyəti müsəlmanlar olan ölkəmizin mühüm uğurlarından biridir. Bu uğurlar qadınların ölkənin siyasi həyatına cəlb edilməsi sahəsində zəngin ənənələr əsasında qazanılıb.

Azərbaycan vətəndaşlarına ümumi səsvermə hüququ 1918-ci ildə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə verilib. O vaxtdan bir neçə qadın ən yüksək vəzifələr, o cümlədən, parlamentin vitse-spikeri və Mərkəzi Seçki Komissiyası sədrinin müavini, habelə nazir müavinləri vəzifələrində çalışıblar. İndiki administrasiyada bələdiyyələrdə rəhbər vəzifələrdə çalışan qadınların sayı 35,6 faiz artıb.

Beləliklə, Azərbaycanda qadınlar hökumətdə və digər mühüm hakimiyyət orqanlarında təmsil olunublar. Ölkə parlamentində və bələdiyyələrdə qadınların sayı artır. Maayan Caffe məqaləsini maraqlı bir fikirlə tamamlayır: müstəqillik tarixi 239 ilə bərabər olan Amerikanın qanunverici orqanında yerlərin yalnız 19,4 faizini qadınlar tutursa, bu o deməkdir ki, Azərbaycandan öyrənməli məsələlər var.

Yeri gəlmişkən, Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda ölkəmizin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,4 faizdir. Ümumi təhsil müəssisələrində müəllimlərin 76,6 faizi, orta ixtisas təhsil müəssisələrində 75,1 faizi, ali təhsil müəssisələrində 48,8 faizi, həkimlərin isə 64,9 faizi qadınlardır. Elmin inkişafında da qadınların müstəsna rolu var. Doktorantların 50 faizini, bütün elmi işçilərin isə 53,2 faizini qadınlar təşkil edir. Son 5 ildə tədqiqat və işləmələrlə məşğul olanlardan elmlər doktoru dərəcəsi olan qadınların sayı 1,9 dəfə, fəlsəfə doktoru dərəcəsi olan qadınların sayı isə 1,7 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvlərindən 11-i, akademiklərdən 3-ü qadındır. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 27,7 faiz, sahibkarlar arasında isə 19,0 faizdir.

Mövzu ilə bağlı fikirlərini «Həftə içi”nə açıqlayan «Təmiz Dünya» ictimai birliyinin sədri Mehriban Zeynalova da hesab edir ki, son illər Azərbaycan cəmiyyətində qadınların ictimai fəallığının artırılması müşahidə olunur: «Amma bununla yanaşı, əksər qadınlarımızın müstəqillik problemi var. Bu problem təkcə düşüncə, davranışla deyil, ətraf mühit, cəmiyyət, ailə və qadının özü ilə bağlıdır. Nədənsə, kişilərdən fərqli olaraq qadın azadlığı ilə bağlı danışanda, dərhal məsuliyyət anlamı yada salınır. Axı qadın anadır, bacıdır, qızdır, həyat yoldaşıdır. O atanın, qardaşın, ərin, oğulun, kürəkənin, qudanın, əmioğlunun, xaloğulunun, bibioğlunun, hətta qonşu kişilərin də qarşısında davranışı ilə məsuliyyət daşıyır. Qəribə paradoks odur ki, qadına verilən azadlığın, mütləq şəkildə təhlükəli davranış mənbəyinə çevriləcəyi ilə bağlı qənaət, bütün sosial təbəqələrdən olan kişilərin rəyidir. Bu düşüncə tərzinin haradan qaynaqlandığını tapmaq çox çətindir. Fakt odur ki, ümumi düşüncə budur».

Mehriban Zeynalova bildirib ki, bəzi qadınlar müstəqilliyi iqtisadi azadlıqda görürlər və hansısa işdə çalışmaq xanımların özünə güvənini artırır: «Əksər qadınlar hesab edirlər ki, əgər o, iqtisadi cəhətdən müstəqil və azaddırsa, güclüdür. Amma düşünürəm ki, hətta təhsil və peşə karyerasında yüksəlmiş qadın belə azad deyil. Çünki Azərbaycan qadını özü-özünün ağası deyil. Bizdə kişilər qadın azadlığını dar mənada dəyərləndirir. Azadlıq onların düşüncəsinə görə ailədə qadının sərbəst şəkildə hərəkət etməsi, eyni zamanda, onlarla bərabər hüquqa malik olması deməkdir. Bu səbəbdən də onlar qadının azad olmasını qəbul etmək istəmir və qadın azadlığını özlərinə məxsus şəkildə əlindən almağa çalışır. Kişiyə görə qadının azadlığı, onun özbaşınalığı kimi dəyərləndirilə bilər. Qadının ağası yalnız kişi, yəni ya ata, ya qardaş, ya ər, ya da oğul ola bilər. Qadın özü öz ağası olarsa, bu artıq özbaşınalıqdır. Özbaşınalıq sırasına isə adətən qadının öz qazancını sərbəst istifadə etməsi, ərindən, atasından, qardaşından əvvəl danışması, gecə evə gec gəlməsi, icazəsiz hər hansı işə başlaması aiddir. Bu siyahını artırmaq da olar. Bütün bu qadağalar isə mövcuddur. İstənilən qadının həyatında bu qadağa mövcuddur. Bəzən qadınlar bunu qadağa kimi qəbul etmirlər. Çünki bu qadınlar gözünü açandan həmin qayda və normaları qeyri-ixtiyari qəbul edərək, onu həzm ediblər. Qadın heç vaxt, heç bir halda "özüm öz ağamam" demir. Bizim istənilən azad qadın, "evdə məsləhətləşim, qərarımı deyərəm" deməkdən çəkinmir».

QHT rəhbəri bildirib ki, həm cəmiyyətdə, həm ailədə qadınların müstəqilliyinin tam təmin olunması üçün bəzi stereotiplər aradan qaldırılmalıdır. Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyində kifayət qədər qadın hüquqlarına dair müddəalar var: “Hələ mən, qoşulduğumuz Beynəlxalq Konvensiyaları saymıram. Demək, qadının özünün öz ağası olması üçün qanunvericilik aktları heç də kifayət deyil. Doğrudur, bu, cəmiyyətdə, qadın və kişilərin hüquq bərabərliyini tənzimləyir. Amma azadlıq təkcə, bu deyil. Əgər qadınlar bu hüquqdan yalnız, çıxılmaz vəziyyətə düşəndə istifadə edirlərsə, demək, bu, gözlədiyimiz nəticə deyil. Qadının tam müstəqil olmasını istəyiriksə, bəzi stereotipləri aradan qaldırmalıyıq; məsələn, bu gün qadının özü də müstəqil olmaqdan qorxur. Qadın ona görə qorxur ki, o, azad olarsa, çoxlu qınaqla üzləşəcək. Kişi qadının azad olmasından qorxur ki, azad olarsa, onu bəyənməyəck”.

Məsələyə münasibət bildirən «Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin sədri Ülkər Abdullayeva deyir ki, Azərbaycanda lider qadın obrazı ilə bağlı təsəvvürlər tam formalaşarsa, bu yöndə daha böyük nailiyyətlər əldə etmək olar: "Sovet dövründə qadınlar üçün kvotalar sistemi vardı. O vaxt hansı qadının cəmiyyətin önündə olması sualına daha asan cavab tapılırdı. O məhz zəhmətkeş, çoxlu keçici və qırmızı bayraqlara layiq görülmüş qadın obrazı idi. Bu obrazı isə əsasən kolxozçu və fəhlə qadın formalaşdırırdı. Ən nümunəvi qadın ən çox süd sağan, ən çox pambıq və tütün becərən qadın idi. Amma sovet quruluşu dəyişincə, öncül qadın standartları da dəyişməyə başladı. 20 ildən artıq bir vaxt keçməsinə baxmayaraq, hələ də Azərbaycan cəmiyyətində öncül qadın, lider qadın obrazının necə olmalı olduğu barədə sistemli təsəvvürlər formalaşmayıb. Əslində isə 21-ci əsr Azərbaycan qadınının qarşısına çox böyük missiyalar qoyur. Azərbaycan qadınları bu irəli texnologiyalar, inkişaf və böyük irəliləyişlərin gözlənildiyi əsrdə öz yolunu və funksiyalarını müəyyənləşdirməlidir».

 

Sevinc

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

 

Həftə içi.- 2015.- 10 dekabr.- S.6.