Sağlam ailə güclü

dövlətin əsasıdır

 

Birmənalı deyə bilərik ki, ailə cəmiyyətin təməl daşıdır və onun özülü nə qədər möhkəmdirsə, cəmiyyət də bir o qədər güclü, sağlamdır. Ona görə də ailələrin hərtərəfli inkişafını təmin etmək üçün hər bir dövlətdə xüsusi proqramlar həyata keçirilir. Bu müstəvidə Azərbaycanda ailələrin vəziyyəti, onlara dövlət qayğısı nə yerdədir? Dövlət Statistika Komitəsinin məlumatında deyilir ki, Azərbaycanda boşanmaların sayı durmadan artır və hər 6-7 nikaha bir boşanma faktı düşür; məsələn, bu ilin hər rübündə ölkədə orta hesabla 2,8 min boşanma qeydə alınıb ki, bu da evlənənlərin 17,4 faizinə bərabərdir.

 

Kiçik cəmiyyət

 

Rəsmi tərifini versək, ailə özündə ictimai əlaqələrin bütün sistemlərini - nikah və qohumluq, hüquqi və siyasi, iqtisadi, etnik, psixoloji və emosional - birləşdirir. Məhz, bu amilin sayəsində ailə sosial birliyin ilkin elementi olduğu üçün şəxsiyyət-cəmiyyət münasibətlərinin vasitəçisi qismində çıxış edir.

Ailənin cəmiyyətin və dövlətin tərəqqisində oynadığı rol həmişə diqqətdə olub. Bir vaxtlar sosioloq Parsons deyirdi ki, ailə sosiumun sabitliyini təmin edən altsistemdir. Bütün bu fikirlərin ana fəlsəfəsini, şübhəsiz ki, ailənin cəmiyyətin və dövlətin təməli olması, fərdin şəxsiyyətə çevrilməsi kimi ideyalar təşkil edir. Amma indiki dövrdə klassik ailə modelinin müasirləşdiyini, ənənəvi dəyərlərdən uzaqlaşdığını görürük.

Qeyd edək ki, ailələrin davamlılığını və uzunömürlülüyünü təmin etmək üçün qeyri-hökumət təşkilatları da çox iş görməlidir. İndiyədək Azərbaycanda bir sıra uğurlu layihələr həyata keçirilib. Amma məsələ ondadır ki, problemin daha effektli həlli üçün həm dövlət qurumlarının, həm də QHT-lərin birgə fəaliyyət göstərməsi vacibdir. Yəni bir var hər bir dövlət və ya qeyri-dövlət qurumu məsələni ayrı-ayrılıqda araşdırıb çözür, bir də var, bu istiqamətdə bütün səylər birləşdirilir. Bu mənada, məsələ ilə bağlı xüsusi işçi qrupunun yaradılması zəruridir. Belə olanda keyfiyyət baxımından iş daha uğurlu alınar, həm də qeyri-hökumət təşkilatları ilə rəsmilər arasında bu sahədə olan fikir ayrılıqları ümumi müzakirələr nəticəsində aradan qalxa bilər. Bu isə heç şübhəsiz ki, demoqrafik problemlərin daha tez və keyfiyyətli həllinə stimul verəcək.

 

Dəyərlərdən uzaqlaşma

 

Müasir ailələr doğumun azalması, boşanmaların çoxalması, doğumdan imtina, ailəsiz uşaqların sayının artması və s. kimi problemlərin fonunda böhran yaşayır. Bunun da səbəbləri var. Tədqiqatçıların fikrincə, hazırda dünyada 52 faiz ailələrdə valideynlər və yaşlı nəslin nümayəndələrinin əksəriyyəti qismən, 5 faiz isə xalqın adət-ənənəsinə heç əməl etmir, digər tərəfdən, daimi olaraq, bu ənənələrin nəzərə alınmadığı ailələrin sayı 47 faizdir. Bunun təsiridir ki, artıq məktəblilərin 50 faizdən çoxu adət-ənənəyə sadiqliyi vacib saymır.

İnternetin də mənfi təsiri böyükdür. Araşdırmalar nəticəsində bəlli olub ki, ənənəvi, mental dəyərlərə söykənən ailə münasibətlərinə sosial şəbəkələrin qarışması ailədaxili münasibətlərə ləkə gətirir. Müşahidəçilər bildirirlər ki, qadın sosial şəbəkədə özünün marağında olan insanları tapır, ər də eyni məkanda öz istəyinə uyğun insanları axtarır. Bu tendensiya, eyni zamanda, ailənin digər üzvlərinə də sirayət edir. Beləliklə də, ailə məkan kimi qalır, amma daxilində olan dəyərlər dağılmağa başlayır. Ailə daxilində kiçikdən-böyüyə, böyükdən-kiçiyə olan münasibətlər istiqamətini dəyişir. Beləliklə, ailə milli mənəvi dəyərlərin daşıyıcısı funksiyasını get-gedə itirir. Mental dəyərlərə zidd olan bu proses çərçivəsində ailədə boşanmalara yol açılır. Adət-ənənələrin gündəlik yaşayış tərzimizdən silinməsi sonda ailələrin dağılması ilə nəticələnir. Bu proses respublikamızda da müşahidə olunur, amma Azərbaycan qədim xalq adət-ənənələri, milli-mənəvi dəyərləri əsasında formalaşmış dövlətdir.

Ailələrin dağılmasında iqtisadi-sosial təsirdən də söz açılır, amma statistikaya nəzər saldıqda görürük ki, heç də bu amillərin rolu böyük deyil. Belə ki, 1990-1992-ci illərdə ailə quranların 16 faizi boşanıb. 1990-cı ildən 2000-ci ilədək ailə qurmaq istəyənlərin sayı azalıb, qurulmuş ailələrin dağılması isə 13-15 faiz arasında müşahidə olunub. 2000-2010-cu illər ərzində isə bağlanan nikahlar çoxalsa da, boşanmaların da sayı artıb. Göründüyü kimi, Azərbaycanın 90-cı illərin əvvəllərində yaşadığı böhranlar dövrü ilə müqayisədə bu gün sürətlə inkişaf etdiyi bir zamanda boşanmaların sayı artıb. Bu fakt bir daha sübut edir ki, Azərbaycanda ailələrin dağılmasının əsas səbəbi sosial-iqtisadi vəziyyət deyil, sadəcə, müasir ailələrin milli-dəyərlərdən imtina edərək, ümumbəşəri ideyalara sürətli transformasiya etməsidir.

Sosioloq Əhməd Qəşəmoğlu bildirir ki, bu gün ailələrdə get-gedə maddiyyat mənəvi dəyərləri sıxışdırır. Digər tərəfdən, bu fonda sosial şəbəkələrin fəaliyyəti də çox pis təsir göstərir. Onun sözlərinə görə, insanlarımız açıq-saçıqlığı, nə istəsələr etməyi müasirlik olaraq anlayır: «Bunlar tamamilə səhvdir. Aidiyyəti qurumlar tərəfindən ciddi fəaliyyət planı hazırlanmalıdır ki, ailələri xilas etmək mümkün olsun. İstənilən - siyasi, sosial, psixoloji, fəlsəfi tərəfdən müzakirə olunsa, Azərbaycan ailəsində yaxşı dəyərlər var idi. Təəssüf ki, biz bunun fərqində olmadıq. Get-gedə bu dəyərlər sıradan çıxmaqdadır".

 

Tələsən təndirə düşər...

 

Bu gün bir sıra bölgələrdə erkən nikahların bağlanması, maariflənmənin yüksək olmaması və s. səbəblərə görə də boşanma halları müşahidə olunmaqdadır. Ailə qurularkən fərdlərin yaşına diqqət vermək lazımdır. Çünki erkən nikahlar çox vaxt davamlı olmur. Belə ki, Dövlət Statistika Komitəsi ölkə ərazisində “Qızların erkən nikaha daxil olması və rəsmi nikahdankənar doğum hallarının öyrənilməsinə dair” statistik müayinə keçirib. Müayinə Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən erkən nikaha daxil olma və rəsmi nikahdan kənar doğum halları qeyd olunan evlərdə aparılıb və sorğu ilə 50 yaşadək 19 711 qadın əhatə olunub. Erkən yaşda ailə qurmuş qadınların 39 faizi şəhər, 61 faizi kənd sakinləridir, 18 yaşınadək ərə gedən qadınların 37 faizi öz istəyi ilə, 26 faizi valideynlərinin təzyiqi altında, 11 faizi ailənin maddi vəziyyətinin çətin olduğundan, 8 faizi ərinin maddi cəhətdən imkanlı olmasına, 6 faizi qaçırıldığına, 2 faizi hamilə olduğuna görə, qalan 10 faizi isə digər səbəblərdən erkən nikaha daxil olub.

Əlbəttə, total depopulyasiya dövrünü yaşayan Rusiya və digər Avropa ölkələri ilə müqayisədə Azərbaycan ailəsi hələ də möhkəmdir. Amma bu cür rəqəmlərin mövcudluğu müəyyən mənada gələcəyimiz üçün həyəcan siqnalı sayılmalıdır.

Boşanmalarda bir çox hallarda valideynlərin də günahı olur. Regional Psixologiya Mərkəzinin rəhbəri Dəyanət Rzayev deyir ki, bəzən oğlan bir qızı sevir, ailəsi isə onun həmin qızla ailə qurmasına imkan vermir: “Deyirlər ki, ailəmizə uyğun deyil. Gərək, sənin qayınatan imkanlı şəxs ola. Başqa bir səbəb isə yerli məsələsidir. Bəzi ailələr eyni şəhərdən, rayondan olmayan şəxslərlə övladlarına ailə qurmağa imkan vermirlər. Daimi münaqişə olan ailələrdə böyüyən uşaqlar isə ən çox zərər görən şəxslər olurlar. Onlar gələcəkdə ailələrində gördüklərini tətbiq etməyə başlayırlar. Ata əgər ananı döyürsə, uşaq da gələcəkdə yoldaşını döyəcək. Uşaqlar eynən valideynlərinin həyatını yaşayırlar".

"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirir ki, Azərbaycan ailəsindəki gərginlik müxtəlif problemlərə yol açır: «Bu gün ailə münaqişələrinin, boşanmaların sayı artır. Düzdür, nikaha daxil olanlarla müqayisədə boşananların o qədər də çox olmadığını söyləyənlər var. Məsələyə bir aspektdən yanaşılarsa, təbii ki, problem həll olunmamış qalacaq. Tutaq ki, 3 aya 3 min boşanma qeydə alınırsa, bu aya min boşanmadan xəbər verir. Əgər aylıq dinamika belə davam edərsə, deməli, il ərzində 12 min boşanma gözlənilir. Bu, ciddi cağırışdır. Əslində, boşanmaların əksəriyyətinin kökündə ailə quran şəxslərin ailəyə kifayət qədər ciddi yanaşmaması dayanır; məsələn, əksər evliliklər ənənəvi olaraq, sadəcə, "Toy olsun, evlənim"; "Hamı evlənir"; tək qalmaq qorxusu və s. digər psixoloji davranışdan qaynaqlanaraq qurulur. Yəni ailənin daimi və sabit qalmasını planlaşdıraraq özünə ömür-gün yoldaşı seçənlərin sayı faiz hesabı azdır. Bəs nə etməliyik, çıxış yolu çox sadədir. Xüsusilə nikaha daxil olan şəxslər üçün düşünmə dövrünün artırılması, VAAQ şöbələrində ərizə verən şəxslərlə mütəxəssislərin görüşlərinin təşkili – psixoloq, hüquqşünas, tibb personalının bu prosesə qoşulması nikahların sabitliyi üçün münbit şərait yarada bilər. Nəhayət, TV-lərdə müasir və milli ailə modelinin təbliği, müsbət nümunələrin əhaliyə çatdırılması günün vacib tələbidir. Ümumiyyətlə isə hesab edirəm ki, yeni ailə modelinin bir sıra məqamları ilə bağlı alimlər milli-mənəvi dəyərlərimizə söykənən yeni model hazırlamalı və onun həyata keçirilməsi üçün sosial işçilər, pxioloqlar bu işə cəlb olunmalıdır".

 

Dövlət ailələri qoruyur

 

Bu gün respublikamızda yaşayan ailələrdə bir sıra problemlər həllini gözləyir; məsələn, araşdırmalara əsasən, rəsmi şikayət ərizələrinin böyük qismi məhz ailələrdə nikahın pozulması nəticəsində yaranan problemlərlə bağlıdır. Diqqət edəndə görürük ki, bəzi gənclər araşdırmadan ailə qurur, az sonra isə anlayırlar ki, fikirləri və əxlaqi keyfiyyətləri ziddiyyətlidir. Bəziləri isə həyat yoldaşı seçimində yanlış meyarları əsas götürür və nəticədə peşman olurlar. Ona görə də evlənənlər bilməlidirlər ki, ailənin uğuru həyat yoldaşı seçimində yetərincə diqqətli olmaqdan asılıdır.

Fikrimizcə, ərlə-arvad arasında yaranan münaqişə yalnız nikahın pozulması ilə bitmir. Nəticədə, bu prosesin davamı olaraq nikahı pozulmuş valideynlər öz valideynləri, övladları və nəhayət, dövlət qarşısında yeni problemlər yaradırlar. Həm də ailələrdə yaranan münaqişə uşaqların da psixologiyasına mənfi təsir göstərir. Körpə doğulduğu gündən dərk etməlidir ki, valideynləri vahid ailənin tamhüquqlu üzvüdür. Təbiidir ki, nikahın pozulması problemi əhali artımının azalmasına səbəb olur və dövlətin gələcək inkişafına mane olan əlavə problemlər yaradır. Dövlətimizin daha da möhkəmlənməsi üçün sağlam uşaqların sayının artırılmasının böyük əhəmiyyəti var.

Cəmiyyətin hər bir üzvü əməli ilə ailələri narahat edən problemlərin həlli istiqamətində dövlətə yaxından köməklik etməlidir. İş yerlərində və yaşayış məntəqələrində müqəddəs ailələrin ənənələri, qayda-qanunları təbliğ olunmalıdır. Təbii ki, bu gün ailələrin möhkəm olması Azərbaycan dövlətinin marağındadır. Hazırda qüvvədə olan qanunlara əsasən aztəminatlı ailələrin ehtiyacları əsaslı surətdə ödənilir. Dünyaya göz açan Azərbaycan vətəndaşlarının xoşbəxt yaşamaları, böyümələri üçün hər bir tədbir görülür. Əmək haqlarının, pensiyaların və müavinətlərin artırılması, əhalinin sosial müdafiəsi istiqamətində aparılan ardıcıl siyasət son illər ölkədə həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsini təmin edib.

Məqalə "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün” hazırlanıb

 

Vüsal Tağıbəyli

 

Həftə içi.- 2015.- 10 dekabr.- S.4.